Modern.az

Ayrılıqda qovuşma olmaya bilər

Ayrılıqda qovuşma olmaya bilər

Media

30 İyun 2010, 16:51
BÜLƏNT UĞURUN VİDA MESAJI  

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Bülənt Uğur vəzifə müddətinin bitməsinə görə 2010-cu il iyulun 2-də Azərbaycandan gedəcək. Bu günlə bağlı müşavir azərbaycanlı jurnalistlər üçün vida məktubu yazıb. Həmin məktubu olduğu kimi təqdim edirik.  

- 2005-ci ilin may ayının 2-də başladığım Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi vəzifəm, 5 ili keçən bir müddətin sonunda nəhayət, 2010-cu ilin iyul ayının 2-də başa çatacaq və 2010-cu il iyul ayının 3-də qurumum olan Mətbuat Yayım və İnformasiya Baş İdarəsində yeni bir vəzifəyə təyin edilmək üzrə Türkiyəyə dönəcəyəm. Əslində ayrılıq kəliməsi doğru bir kəlimə deyil. Çünki bir vətənimdən digərinə bir vəzifəni yerinə yetirməyə gəldiyim kimi, indi də bir vətənimdən digər vətənimə başqa bir vəzifəni yerinə yetirməyə gedəcəyəm. Ayrılıqda qovuşma olmaya bilər. Amma mən Azərbaycanı ürəyimdə, beynimdə aparıram. Həm də içimdə hər zaman var olmuş olan sevgini böyüdərək. Yəni fiziki olaraq ayrı olsam belə, qəlbən həmişə yanınızdayam.  

Hər Türkiyə vətəndaşı, “Azərbaycan” və ya “azərbaycanlı” deyəndə içində sevgi dolu bir istilik hissi duyur. Mənim hislərim də bundan fərqli deyil. Mən Almaz İldırımın orada məskunlaşaraq, yüzlərlə, minlərlə gənci yetişdirdiyi və adsız gölünə Xəzər adını verdirdiyi Elazığ şəhərinin insanıyam. Məndən başqa davranış da gözlənilməməliydi. Diliylə, adət və ənənələriylə sanki kiçik bir Azərbaycan olan mənim şəhərimdən bura gələndə, özümü illərcə qibtə etdiyim ingilislər kimi hiss etmişdim. İngilislər dünyanın hansı ölkəsinə getsə, necə öz dilinde danışaraq anlaşa bilirsə, mən də dünyada tək bir ölkədə hiss edə biləcəyim bu hisslərə qapıldım.  

Azərbaycandakı fəaliyyətim müddətində yalnız Türkiyə üçün deyil, Azərbaycan üçün də çalışdım. Azərbaycan mətbuatı ilə əlaqədar məsələlərdə əlimdən gələni etdim. İki ölkə mətbuatının müxtəlif məsələlərdə əməkdaşlıq etməsi, Türkiyənin Azərbaycanda, Azərbaycanın da Türkiyədə daha yaxşı tanınması istiqamətində mətbuatın üzərinə düşən bütün məsələlərdə ən ön sıralarda olmağa çalışdım. Azərbaycanda inkişaf etməkdə olan medianın önünü açmağa çalışdım. Amma bütün bunları təkbaşına edə bilməzdim. Bax, burada sizlər, siz dəyərli media rəhbərləri və nümayəndələri kömək  göstərdi. O qədər gözəl dostluqlar qurduq, birlikdə o qədər gözəl işlər gördük ki, bu sözləri ifadə edərkən belə, hissə qapılmaqdan uzaqlaşa bilmirəm. Bir-birimizi heç qırmadıq, hər zaman hörmət və sevgiylə ünsiyyətimizi davam etdirdik. Sizlərə dərin təşəkkürü özümə borc bilirəm.  

Nəticədə icra etdiyimiz bir vəzifədir. Necə ki məndən əvvəlki insanlar bu gözəl divarı hörmək üçün səy göstəriblər, mən də gəlib üzərinə bir kərpic daha qoydum. Bir xoş iz buraxa bildimsə və yaddaşlarda faydalı işlər görən insan olaraq qala bildimsə, çox xoşbəxtəm. Məndən sonrakı yoldaşlarımın da eyni şəkildə səy göstərəcəklərinə və daha yaxşı işlərə imza atacaqlarına inanır və əgər qəbul etsəniz, bir dostunuz olaraq sizlərdən, dəstək və əməkdaşlığınızı onlarla da davam etdirmənizi xahiş edirəm.              
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir