Modern.az

Azərbaycanın hüquq-mühafizə orqanlarında qadınlara qarşı diskriminasiya var

Azərbaycanın hüquq-mühafizə orqanlarında qadınlara qarşı diskriminasiya var

30 İyun 2010, 19:04

        Polis orqanlarında qadınların işləməsinə marağın artması üçün təbliğat aparılmalıdır-ekspertlər

Azərbaycan qadınlar və kişilər arasındakı bərabərliyin səviyyəsinə görə 134 ölkə arasında 90-cı yerdədir. Dünya İqtisadi Forumunun 2009-cu  il üçün illik hesabatında bu haqda məlumat verilir.      Azərbaycan  2007-ci ildə eyni hesabatda 59-cu, 2008-ci ildə isə 61-ci yeri tutub.

Qlobal Gender Fərqi İndeksində ilk 4 yeri İslandiya, Finlandiya, Norveç və İsveç tutub. Siyahıda Ermənistan Azərbaycandan bir pillə aşağıda - 91-ci yerdədir. Azərbaycanın digər qonşuları İran 128-ci, Türkiyə isə 129-cudur.

Həmin hesabatda Azərbaycan ümumilikdə 4 əsas kriteriya – iqtisadi fəallıq, təhsil, səhiyyə və siyasətdə qadınların roluna görə 0.663 balla qiymətləndirilib. 0 göstəricisi tam bərabərsizliyi, 1 isə qadın və kişilər arasında tam bərabər imkanları əks etdirir. Əgər göstərici 1-dən artıqdırsa, o zaman bərabərlik qadınların xeyrinə pozulmuş sayılır, başqa sözlə, bərabərsizliklə üzləşən kişilərdir.

Forumun məlumatına görə, hazırda dünyada qadınlar və kişilər arasında siyasi hüquqlar və iqtisadi fəaliyyətə görə bərabərsizliyin aradan qaldırılması çox zəif gedir. Azərbaycanın qadınlar və kişilər arasındakı bərabərsizliyin səviyyəsinə görə bu sırada yer alması ölkədə uzun illər ərzində idarəetmə fəaliyyətinin kişilərin əlində cəmləşməsi ilə əlaqədardır. 

Son illər bununla bağlı stereotipləri bir qədər sarsıtmaq mümkün olsa da, problem hələ də qalır. Dövlət qurumlarında, idarə və müəssisələrdə kişilər əksəriyyət təşkil edir, eyni zamanda qadınlar kişilərə nisbətən rəhbər vəzifələrdə olduqca az təmsil olunurlar, bu səbəbdən onların qərarların qəbuluna təsiri azdır. Amma cəmiyyətdə qadının rolu, onların inkişafa təsiri danılmaz fakt olaraq qalır. Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Bundan əlavə, qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti 2000-ci il martın 6-da "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman verib. Bu fərmandan sonra nazirlik, komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılıb. Lakin bu istiqamətdə müəyyən işlər görülsə də, hələ də qadınlar hakimiyyət orqanlarında və rəhbər vəzifələrdə az təmsil olunurlar. Ekspertlər qadınların idarəetmə strukturlarında az təmsil olunmasını bir neçə səbəblə əlaqələndirirlər. Səbəblər sırasında cəmiyyətdə kişi və qadın işlərinin bölünməsi, qadınlar üçün onları əhatə edən stereotipləri, əxlaq normalarını yarmağın çətin olması və s. yer alır. Onlar hesab edirlər ki, məcburi qaydalar müəyyən edən belə qanunların qəbulu ilə cəmiyyətdəki stereotipləri yarmaq və qadınların fəallaşdırılması üçün uyğun tədbirlər görmək zəruridir. Ekspertlər qadınların yüksək vəzifələrdə yer tuta bilməməsinin səbəbini əlverişli şəraitin olmaması ilə əlaqələndirir və hesab edirlər ki, bunun üçün əlverişli şərait və bərabər imkanlar yaradılmayıb. Dünya İqtisadi Formunun ötən illə bağlı hesabatında qeyd olunur ki, qadınların iqtisadi fəallığına görə Azərbaycan 134 ölkə arasında 32-ci, eyni işi görən qadınların kişilərə nisbətən aldığı maaş fərqinə görə 14-cü, adambaşına düşən milli gəlirdə qadınların payına görə 31-ci, qadınların vəzifə tutmaq imkanlarına görə isə 118-ci yerdədir. Azərbaycandan olan ekspertlər deyir ki, qadınların daha çox iqtisadi hüquqları pozulur. İşəgötürənlər kişilərə üstünlük verirlər, çünki qadın məişət qayğıları ilə bağlı olaraq işdən daha çox yayına bilər. Nəticədə isə qadınlar özləri istəməsələr də, evdar qadın olurlar və cəmiyyətin həyatında fəal iştirakdan kənarda qalırlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda kişilər praktiki olaraq bütün sahələrdə üstünlük təşkil edirlər, qadınlarımızın qərar qəbul olunmasındakı iştirakı qaneedici səviyyədə deyil. Onun fikrincə, Azərbaycan üçün qeyri-bərabərliyin yaratdığı problemlər xüsusən aktualdır, çünki ənənəvi olaraq burada müəyyən "patriarxal" münasibətlərə meyl var və qadınların işləməsi, siyasətə cəlb olunması əksər hallarda neqativ reaksiyaya səbəb olur.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət  Komitəsi Azərbaycanda gender bərabərliyi ilə bağlı problemləri bu sahədə mövcud olan stereotiplər, qadın sahibkarlığının inkişaf etdirilməsində maneələrin olması, erkən nikahların qızların gələcək həyatına mənfi təsiri, erkən nikahlar nəticəsində qızların təhsilinin yarımçıq qoymaları, qadınların siyasi və ictimai qərar-qəbuletmə prosesində aşağı səviyyədə təmsil olunması və qadınlara qarşı zorakılığın olması səbəbləri ilə əlaqələndirir.

 

Dünyada dövlət başçılarının 8 faizi qadınlardır     Dünya liderlərinin 8 faizindən az bir qismini qadınlar təşkil edir. Hazırda dünyada 14 prezident və ya baş nazir olan lider qadın var.  BMT-nin qadınların siyasətdə rolu ilə bağlı bölməsi və Beynəlxalq Parlamentlər Birliyinin 2008-ci ildə açıqladığı məlumatda qeyd olunur ki, qadınların siyasətdə rolu artsa da, bu proses çox ləng gedir. İndi dünyada deputatların cəmi 17-18%-i qadındır, nazirliklərin 16%-ni qadınlar idarə edir. Parlament spikerlərinin 10%-i, dövlət başçılarınınsa 8%-i qadınlardır. Üç il əvvəllə müqayisədə indi parlamentdə qadınların sayı çox olan ölkələrin sayı artıb. 20-yə qədər ölkədə parlamentdəkilərin 30%-i qadındır. Deputatların 40%-i qadın olan ölkələrin sayı daha çoxdur. İsveç parlamentində qadınların çəkisi 47, Finlandiyada 41 faiz təşkil edir.

Ən çox qadın naziri olan ölkə də Finlandiya hesab edilir. Burada nazirlərin yarıdan çoxu qadındır.

 

Qadınların siyasi hakimiyyətdə təmsilçiliyinə gəldikdə isə, Azərbaycan 134 ölkə arasında ancaq 119-cu ola bilib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanda 3 nazir müavini, iki komitə sədri və iki müavin, Naxçıvan MR-in sədr müavini, Azərbaycanın və Naxçıvan MR-in Ombudsmanları qadındır.

 

31 yerli icra hakimiyyəti başçısının müavini qadınlardır. Qadın millət vəkillərinin sayı isə 14 nəfərdir, bu isə parlamentin 11%-i deməkdir. Parlament sədrinin 3 müavinindən 1-i, komissiya sədrlərindən biri qadındır.

Azərbaycanda nazir qadın yoxdur. Səksənədək rayon icra hakimiyyəti başçısı arasında da qadın yoxdur.

Azərbaycanda 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində iştirak edən qadınların sayı 4%-ə qədər idisə, son seçkilərdə onların sayı 26,5%-ə yüksəlib.

Dövlət qulluğunda 8096, dövlət sektorunda – 480 minə yaxın, qeyri-dövlət sektorunda isə 1 milyon 500 minə yaxın 6 min qadın çalışır.

Respublikada qadın məsələləri sahəsində 70-dən artıq qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.

 

Təhsil imkanlarına gəldikdə isə, Azərbaycan Gender Fərqi İndeksində qadınların ümumi savadlılıq səviyyəsinə görə dünyada 60-cı, ibtidai təhsil almaq imkanına görə 103-cü, orta təhsildə 97-ci, ali təhsil imkanına görə isə 96-cı sıradadır. Hesabata görə, ibtidai sinif müəllimlərinin 87, orta siniflərdə 66, ali məktəblərdə isə 40 faizi qadınlardır. Dünya İqtisadi Forumu 2009-cu il üçün hazırladığı Qlobal Gender Fərqi İndeksində Azərbaycan qadınlarının kişilərlə müqayisədə səhiyyə imkanları 0.93 balla qiymətləndirilib və bu göstərici üzrə siyahıda axırdan 3-cüdür (132-ci yer). Qadınların hakimiyyət orqanlarında iştirak kvotalarının müəyyənləşməsi zəruridirmi?  

BMT-nin qadınların vəziyyətini yaxşılaşdırmaq üçün 1991-ci ildə verdiyi tövsiyələrdə qadınlarla bağlı 30 % kvota dövlət orqanlarının demokratikləşdirilməsi üçün minimal göstərici sayılıb. Norveçdə qadınların hakimiyyət orqanlarında iştirak kvotası azı 30 %, İsveç parlamentində 51% müəyyən olunub.

Bir qrup ekspert kvotanın müəyyən edilməsinin tərəfdarı deyil. Qadınların iştirak kvotalarının müəyyən olunmasını bir çoxları qadınları aşağılayıcı tədbir kimi qiymətləndirir. Onların fikrincə, işə qəbul üçün seçilmə meyarı hansı cinsə mənsubluq deyil, savad, qabiliyyət olmalıdır.

Bu fikirlə razılaşmayan ekspertlər isə hesab edirlər ki, kvotanın qoyulması ilkin dövrlərdə çətinliklər yaratsa da, sonradan istənilən nəticəni verə bilər.

Ombudsman Elmira Süleymanova dövlət hakimiyyətində iştirak kvotasının müəyyənləşdirilməsinin tərəfdarı deyil.

"Kvotanın əleyhinəyəm. Təsəvvür edin ki, hansısa sahədə bizim peşəkar qadınların sayı çoxdur. Təbii ki, onlar həmin sahədə çox təmsil olunacaqlar. Hansı sahədə peşəkarlar azdırsa, o sahəyə kvota tətbiq edilsə, ora qeyri-peşəkarlar cəlb olunacaq. Biz əksər sahələrdə qadınların çalışmasına maraqlı olmalıyıq".  

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da kvotanın müəyyənləşməsinin tərəfdarı deyil. O bildirib ki, demokratik cəmiyyətdə daha çox bərabər imkanlardan danışmaq yerinə düşərdi. Onun fikrincə, əgər gender bərabərliyindən danışırıqsa, kişi və qadınlara bərabər imkanlar yaradılmalı və hakimiyyət orqanlarında kimin təmsil olunacağı cinsi mənsubiyyətə görə deyil, həmin insanın peşə səriştəsinə, əxlaqi keyfiyyətlərinə, dünyagörüşünə, biliklərinə görə müəyyən olunmalıdır.      Azərbaycanda qadınlara qarşı daha çox hüquq-mühafizə orqanlarında diskriminasiya var     Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ekspertlər hesab edirlər ki, Azərbaycanda qadınlara qarşı daha çox hüquq-mühafizə orqanlarında diskriminasiya var.  Ötən ilin məlumatına görə, daxili işlər orqanlarında 615 qadın əməkdaş çalışır. Onlardan 219-u zabit, 386-sı sıravi və orta rəis heyətinə daxildi. Qadın zabitlərdən 80 nəfəri hüquqşünasdı. Onlardan 19-u xidməti fəaliyyətində irəli çəkilərək rəhbər vəzifələrə təyin olunub. Rəhbər vəzifələrdə çalışan qadın əməkdaşların arasında idarə rəisinin müavini, idarə rəisinin köməkçisi, kafedra, poliklinika, şöbə və bölmə rəisləri var. DİN-dən bildirilib ki, rayonlarda daxili işlər orqanları əməkdaşları sırasında qadınlar çox azdır. Nazirlikdən o da bildirilib ki, əvvəlki illərlə müqayisədə ötən il orqanlara işə götürülən qadınların sayı artıb. Məhkəmə Hüquq Şurasından isə bildiriblər ki, hakimlərin 12 faizi qadındır. 5 hakim isə məhkəmə və kollegiya sədrləridir. Vəkillər Kollegiyasının 700-dən artıq üzvündən 105-i qadındır. Onlardan 6-sı hüquq məsləhətxanasının, 1-i isə vəkillər bürosunun sədridir. Ədliyyə orqanlarında 876 xanım çalışır. Onlardan 88-i vəzifədədir. Vəzifədə olanlar arasında Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrinin rəisləri, notariuslar, şöbə rəisləri də var.

Azərbaycanda "Qadın Hüquqşünaslar" layihəsi üzrə 2007-ci ildə keçirilən monitorinqin nəticəsində qadın hüquqşünasların peşə fəaliyyətinə və ictimai fəallığına mane olan səbəblər müəyyənləşdirilib.

2007-ci ilin ikinci yarımilində aparılan monitorinq zamanı müəyyən edilib ki, ölkədə müvafiq infrastruktur sahələrinin dağılması nəticəsində qadın hüquqşünasların bir çoxu professional fəaliyyətlərinə son qoymaq məcburiyyətində qalıb.

 

Dövlət qulluğunda və özəl sektorda çalışan hüquqşünas qadınların bir çoxu analıq məzuniyyətindən və sosial məzuniyyətlərdən sonra iş yerlərini itirməli olur. Baxmayaraq ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən, hamilə və üç yaşınadək uşağı olan qadınların işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsi qadağandır.

 

Özəl sektorda isə ümumiyyətlə, sosial məzuniyyətdən sonra əvvəlki işə bərpa olunmaq əksər halda mümkün olmur.     "Hər polis idarəsində, şöbəsində, prokurorluqda ən azı bir xanım işləməlidir"     Mövcud adət-ənənə bir çox hüquqşünas vəzifələrində qadınların çalışmasının qarşısını alır. Polis, gömrük, vergi orqanlarında qadın hüquqşünasların bəzi vəzifələr üzrə işləmələrini çətinləşdirən səbəblərdən biri də adət-ənənələrlə bağlıdır. Ekspertlər hesab edirlər ki, bu diskriminasiyanın aradan qaldırılması üçün hüquq-mühafizə orqanları strukturun kvotasını hazırlamalı və hər bir strukturda qadınların çalışmasına imkan verilməlidir.

Hüquqşünas Əlövsət Əliyev isə bildirib ki, hüquq-mühafizə orqanlarının rəhbərlərindən xanımları şöbə və idarələrə rəhbər təyin etmələri tələb olunmalıdır. Onun fikrincə, hər polis idarəsində, şöbəsində, prokurorluqda ən azı bir xanım işləməlidir.    «Ərazi polis orqanlarının 80 faizində qadınlar çalışmır. Əgər cinayət törətməkdə şübhəli bilinən bir qadın prokurorluğa, polis bölməsinə gətirilirsə, onun üstündə axtarış aparılmalıdır. Amma bunu etməyə qadın-polis tapılmır. Bu, qadın hüquqlarının pozulmasıdır",-ekspert bildirib.

Onun sözlərinə görə, polisdə qadın əməkdaşların olmaması zorakılığa, qanunsuzlauğa məruz qalmış qadınların hüquq-mühafizə orqanlarına müraciət etməsini əngəlləyir.

Millət vəkili Gülər Əhmədovanın fikrincə, polis orqanlarına işəməyə qadınların marağının artması üçün təbliğat aparılmalıdır.

O hesab edir ki, sahə müfəttişləri arasında da qadınların sayını artırmaq lazımdır.

"Çünki çox hallarda qadınlara qarşı zorakılıq olduqda belə onlar polis orqanlarına müraciət etməkdən qorxurlar və yaxud, bir kişidən digərinə şikayət etməyin düzgün qəbul olunmayacağından çəkinirlər. Təbii ki, burada psixoloji amil də rol oynayır, odur ki, sahə müfəttişi vəzifəsində çalışan qadınların sayının artması bu problemin də müəyyən qədər çözülməsinə səbəb ola bilər",-millət vəkili deyib.

 

Ombudsman E.Süleymanova qadınların hakimiyyət orqanlarında iştirakının ilbəil artırılmasını vacib sayır.

"Bəzi ailələrdə maddi vəziyyəti yaxşı olan kişilər hesab edirlər ki, yoldaşının işləməsi izafidir. Xüsusən rayonlarda xanımlara işləməyə icazə verilmir. Söhbət qadının nə qazanacağından getmir. Qadın işləməklə yalnız pul qazanmır, həm də özünün potensialını gerçəkləşdirir, biliyi, bacarığı artır. Bunun da uşaqların tərbiyəsində rolu var. Azərbaycan ailəsinin möhkəmlənməsi sütunlarından biri də qadının idarəetməyə cəlb edilməsidir", - Ombudsman vurğulayıb.

Könül Zərbalıyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir