Modern.az

Deputatlar sosial şəbəkələrdən necə istifadə edirlər? - “Heyf ki, 5 minlik dostluq limitim dolub” - SORĞU

Deputatlar sosial şəbəkələrdən necə istifadə edirlər? - “Heyf ki, 5 minlik dostluq limitim dolub” - SORĞU

21 İyun 2016, 16:43


Sürətli inkişaf dövründə internetdən istifadə qaçılmazdır. İnternet bəziləri üçün görəcəyi işin bir hissəsidir, bəziləri isə sırf şəxsi maraqlarına görə internetdən istifadə edir. Sosial şəbəkələrdə demək olar yaşı 7-dən 77-yə qədər olan hər kəsə rast gəlmək mümkündür. Bir çoxları sosial şəbəkələrdən istifadəni bekarçılıq adlandırsalar da, özləri də hiss etmədən həmin şəbəkələrin sakinlərinə çevriliblər. Maraqlıdır, deputatlar hansı sosial şəbəkələrdən istifadə edir və internetə gün ərzində neçə saat sərf edirlər?

Modern.az deputatlarla növbəti sorğunu təqdim edir.

Facebook sosial şəbəkəsində profili olduğunu deyən Musa Quliyev orada o qədər də aktivlik göstərmədiyini vurğulayıb: “Bu məkanda sosial-ictimai məsələlərin müzakirəsindən çox dedi-qodular ortaya çıxarılır. Mənasız, əhəmiyyətsiz, şou xarakterli məsələlər qaldırılır. Ona görə fəal iştirak etmirəm. Facebook-a daxil olan zaman yalnız dostlarımla yazışıram. Məni maraqlandıran məsələləri müzakirə edirik. Dostlarımın sayı 4 mindir. Dostluq istəkləri çox gəlir, təbii olaraq hamısını qəbul etmirəm. Mesajlara gəldikdə, insanların əksəriyyəti daha çox şəxsi problemlərilə bağlı müraciət edirlər. Hər hansı xəstəlilərinin müalicəsi, iş məsələləri, hər hansı çətinliklərin həllində kömək istəyənlər olur. Hamısını cavablandırmağa çalışıram. Bəzən mənasız təkliflərlə narahat edənlər də olur, onlara cavab yazmağa lüzum görmürəm”.

Günün ən azı bir saatını  internetə həsr edən Hadi Rəcəbli hər hansı sosial şəbəkədən istifadə etmir: “Saytlara girib informasiya alıram. Lakin sosial şəbəkələrdə yoxam. Çünki orada çoxlu eybəcərliklərlə, mənəviyyatsızlıqlarla məşğul olurlar. Bu səbəbdən sosial şəbəkələrdən uzağam. Bəzi saytların sahibləri işçilərə maaş verir, ancaq yazıların altında yalançı şərhlər yazırlar. Bunu mən bilirəm və belə adamlara nifrət edirəm. Kənardan verilən şərhləri dərc etmirlər, amma nalayiq fikri o saat yerləşdirirlər. Şəxsi maraqları üstün tutaraq insanları təhqir edirlər. Mən belə saytlara, insanlara acıyıram və nifrət edirəm. Modern.az və əməkdaşlarını çox sevirəm. Çünki, onlar oxucu tutmaq üçün iyrənc vasitələrə əl atmırlar. Düz yolunu tutub gedir, sadəcə və sadəcə informasiya yaymaqla məşğuldur. Fürsətdən istifadə edib rəhbərlik başda olmaqla hər birinizə təşəkkür edirəm”.

Musa Qasımlı da deyir ki, indiki dövrdə, ümumiyyətlə, internetsiz yaşamaq mümkün deyil: “Bu baxımdan vaxt məsələsi problem yaradır. İnternetdən sırf informasiya almaq məqsədilə istifadə edirəm. Həmin informasiyaları isə saytlardan oxuyuram. Facebook-da profilim olsa da, orada aktiv deyiləm. Çünki zaman ayıra bilmirəm. İnternet mənim üçün informasiya almaq, dünya hadisələrindən xəbər tutmaq üçündür”.

İndiki həyatını internetsiz təsəvvür edə bilməyən Zahid Oruc bildirir ki, sosial şəbəkələr dünyanın informasiya məkanında xüsusi bir yer tutmaqdadır:
“Onların əhatə dairəsi o qədər böyüyür ki, indi açıq şəkildə onun televiziyalar, çap mediası ilə müqayisə olunmayacaq dərəcədə üstünlüyü görünür. Əgər dövlət başçılarının da xüsusi akkauntları yaradılırsa və onun bütün fəaliyyətilə Facebook, Twitter, Contact və digər şəbəkədə əks olunursa, deməli onlar da həmin şəbəkələrin vacibliyini bilirlər. Mən sosial şəbəkələrdən yalnız Facebook sistemində varam. Orada da aktiv şəkildə yalnız siyasi fikirlərimi, baxışlarımı paylaşıram. Bundan kənarda hər kəsin mövqeyini normal sayıram. Amma heç zaman şəxsi məqamların, əhval-ruhiyyə tezislərinin, başqa xarakterli məsələlərin əks olunmasının tərəfdarı deyiləm. Bütünlükdə internetdən istifadə günümün 2 saatını alır. Bu, təbii ki, müxtəlif fasilələrlə baş verir. Onu deyə bilərəm ki, 5 minlik dostluq limitim dolub, 2 mindən artıq izləyicim var. Artıq istəyən şəxslər mənə dostluq da göndərə bilmirlər, çünki limit dolub. Gündəlik olaraq insanlardan mesajlar alıram. Onların 95 faizi sosial problemlər, qayğılar, dərdlərlə bağlı olur. Yerdə qalan mesajlar isə siyasi və digər məsələlərlə əlaqəlidir. Hər bir mesajı cavablandırıram. Mənə aid məsələlərin həllinə çalışır, mənim həllini edə bilməyəcəyim məsələlərdə isə insanları başqa səmtə yönləndirirəm”.

Qətiyyən sosial şəbəkələrdən istifadə etmədiyini deyən  Bəxtiyar Sadıqov vaxtın qıtlığından şikayətlənib: “Əvvəla, vaxtım yoxdur. Gündəlik informasiyalar yazıram, tədbirlərə görə vaxtım məhduddur. Əlbəttə, müəyən mənada vaxt tapmaq olar. Amma sosial şəbəkələrdə azadlıq həddindən artıqdır. Bu cür “azadlıq”, “sərbəstlik” məni qane eləmir. Elə şeylər var ki, yazılası deyil, bir-birni təhqir edirlər, nalayiq ifadələr işlədirlər. Buna görə sosial şəbəkələri sevmirəm. Kimsə yaxın dostunun hər hansı sirrini bilir, araları dəyən kimi status yazır, onun sirlərini açıqlayıb aləmə car çəkir. Sosial şəbəkələrdə etik normalar pozulur, mentalitetimiz qorunmadan, həddən çox sərbəstlik və azadlıq olur. Ona görə qəbul etmirəm, heç vaxt da ora üzv olmayacam”.

Fəzail Ağamalı bildirir ki, internetdən sırf informasiya almaq üçün istiafadə edir: “Heç bir sosial şəbəkədə yoxam, olmaq fikrim də yoxdur”.

Sosial şəbəkələrdən istifadə etməyənlər sırasında Jalə Əliyeva da var: “Vaxt çox məhduddur. İnformasiyanı kimlərinsə vasitəsilə deyil, birinci qaynaqdan-informasiya agentliklərinin özündən almağa üstünlük verirəm. Yalnız informasiya almaqdan ötrü internetdən istifadə edirəm. Heç bir sosial şəbəkədə profilim yoxdur”.

Məlahət İbrahimqızı deyir ki, sosial şəbəkələrdən istifadə etsə də, oranın aktiv istifadıçisi deyil: “Həm Facebook, həm də Twitter-dən istifadə edirəm. Yaxın günlərdə facebook səhifəmi müvəqqəti olaraq bağladım. Ad günüm ərəfəsi idi, fikirləşdim ki, hamı təbrik edəcək, yazışmalar, filan... Axı, mən elə də böyük şəxs deyiləm ki, ad günüm haqqında müzakirələr getsin. Daha çox gündəlik informasiyalar almaq üçün internetdən istifadə edirəm, çünki günümüzün ayrılmaz hissəsidir. İnsanlar müəyyən məsələlərlə bağlı çoxlu mesajlar yazırlar, açığı facebooku sevmirəm. Bəzən ciddi bir mövzunun müzakirəsi gedir, təsadüfi adamlar qoşulur və mövzunun ciddiliyi itir. Bu baxımdan twitter daha əlverişlidir. Təxminən 4 minə qədər facebook dostum var, düşünürəm ki, çox azdır. Bizim 40 min seçicimiz varsa, onların 10 mini facebookdan istifadə edirsə, əlbəttə, 4 min dost azdır”.  

Flora Qasımova  deyir ki,  internetdən yalnız informasiya almaq məqsədilə istifadə edir: “Adını çəkdiyiniz yerlərdə yoxam. Vaxtım da yoxdur, həm də oralar məni maraqlandırmır. Məni yalnız xəbərlər maraqlandırır, onları da internet saytlarından alıram”.

Rövşən Rzayev də sosial şəbəkə istifadəçilərindəndir. “Gündəlik olaraq işlərimiz internetlə bağlıdır. Günün əksər vaxtı komputerin arxasında, internetdə keçiririk. Facebook-da səhifəm olsa da, mütəmadi istifadə etmirəm. Ancaq daxil olub baxa bilirəm, istifadə etmirəm. Həm də mənim üçün maraqlı deyil. Yəqin 10 nəfərə yaxın dostum var, dəqiq bilmirəm”.

Soosial şəbəkələrdə olmağı bekarçlıq adlandıran Aqil Abbas hər hansı sosial şəbəkədə olmadığını vurğulayıb: “Sosial şəbəkələrdə olmamağımın əsas səbəbi vaxt qıtlığıdır, həm də oradakı insanların öz imzaları ilə qoşulmamalarıdır. Əgər həqiqtən insanlar öz imzası ilə qoşularsa, müsbət baxıram. Bəziləri özləri üçün cürbəcür adlar qoyurlar. Mən belə şeyləri bəyənmirəm”.

Fazil Mustafanın sözlərinə görə,  bütün günümüz sosial şəbəkələrdə keçir: “İnformasiyaları demək olar ki, internet vasitəsilə alırıq. Facebook-da gündəlik olaraq yazılarımı yerləşdirirəm, yazışmalar olur. Demək olar ki, aktiv Facebook iştirakçısıyam. Yalnız Facebook-dan istifadə edirəm. Dostların sayı 5 mindir. Dost qəbul etmək imkanım yoxdur, çünki Facebook-un imkan verdiyi limit çoxdan dolub. Əlavə səhifəm var, dostluğumda olmayan insanlar da asanlıqla oradakı müzakirələrə qoşula bilirlər. Hər gün yüzlərlə insan inboxa yazır. Ən çox iş, sosial problemlərinin həllində köməklik etməyimi istəyirlər. Əksəriyyətinə cavab verməyə çalşıram. Absurd, mənasız suallara, mənim səlahiyyətimdə olmayan məsələlərə təbii ki, cavab vermirəm, səlahiyyətimə aid olmadığını bildirirəm. Düşünürəm ki, narazı qalan olmur”.

Gülşən RAUFQIZI

 

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!