Modern.az

Dünya siyasətinin seks qalmaqalları - III HİSSƏ

Dünya siyasətinin seks qalmaqalları - III HİSSƏ

21 İyun 2014, 13:03

Siyasət aləmi üçün qalmaqallar nadir hadisə sayılmır. Cəmiyyətin ən nümunəvi nümayəndələri olaraq görünməyə çalışan siyasət adamlarının adları mətbuat xronikalarından göründüyü kimi, tez-tez seçki saxtakarlığı, maliyyə fırıldaqları, korrupsiya və s. neqativ epizodlarda səslənir. Bəzən isə ailəcanlı görünərək ənənəvi ailə institutunu qorumağa çağırış edən siyasətçilər öz ehtiraslarını boğa bilməyərək, xanımına xəyanət edə bilirlər. Onların gizli münasibətləri mətbuata məlum olduqdan sonra isə həm şəxsi həyatda, həm də siyasi karyerada eniş baş verir.
Modern.az saytı dünya siyasətinin ən diqqətçəkən seks qalmaqallarını təqdim edir.

Vatslav Klaus



Çexiya tarixinin ən nüfuzlu prezidenti sayılır. 2003-cü ildən 2013-cü ilə qədər 10 il ərzində ölkəyə rəhbərlik edən Klaus digər ölkələrdə daha çox Çili prezidenti ilə görüş zamanı protokol qələmini “oğurlaması” ilə məşhurlaşmışdı. Ölkəsində böyük reytinqə malik prezident 2008-ci ildə seks qalmaqalı ilə də üzləşmişdi.

Qalmaqal Çexiya qəzetlərindən birinin 66 yaşlı Vatslav Klaus və naməlum qadının bahalı Praqa mehmanxanalarından birindən çıxan zaman görüntülənməsi ilə başlamışdı. Sonradan qadının prezident təyyarəsində stüardessa kimi çalışan 25 yaşlı Petra Bednarova olduğu müəyyən edildi. Lakin inkar taktikası seçən əksər siyasətçilərdən fərqli olaraq o zamanlar  prezident müdafiə olunmadı. Xalqa jurnalistlər vasitəsilə müraciət edən Vatslav Klaus gənc məşuqəsinin olmasına görə Çexiyas xalqından və 40 ildir evli olduğu həyat yoldaşından üzr istədi. Maraqlıdır ki, qalmaqaldan sonra onun reytinqi növbəti yüksəliş dövrünü yaşadı. Sosial sorğular zamanı çexlər yaşlı prezidentlərinin cinsi aktivliyindən məmnun qaldıqlarını bildirmişdilər.

Klausun həyat yoldaşı da onu əfv etdi. 2013-cü ilin martında Vatslav Klaus öz postunu populyarlığının zirvəsində tərk etdi.

Devid Petreus


Bəzən seks qalmaqalları öz nizam-intizamı və sərtliyi ilə seçilən yüksək rütbəli hərbçilərdən də yan keçmir. Bu mənada Amerikalı general Devid Petreusun hərbi və siyasi karyerasına son qoyan seks qalmaqalını nümunə çəkmək olar. 2007-ci ilin fevralından 2008-ci ilin sentyabrına qədər İraqdakı çoxmillətli koalisiya qüvvələrinə rəhbərlik edən, 2010-2011-ci illərdə Əfqanıstandakı NATO qoşunlarının komandanı olan Deviq Houell Petreus ən məşhur amerikalı generallardan sayılırdı.

O, 2011-ci ilin sentyabrında karyerasında növbəti sıçrayış etdi. Prezident Barak Obama Petreusu dünyanın ən nüfuzlu kəşfiyyat xidməti olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli sürüldü. Lakin 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa verdi. Federal Təhqiqatlar Bürosunun araşdırmaları zamanı MKİ direktorunun nikadankənar münasibətlərdə olması müəyyən olundu.

59 yaşlı Devid Petreus öz şəxsi bioqrafı, 49 yaşlı jurnalist Pola Broudell ilə gizli sevgi münasibətlərində idi. Bundan başqa, keçmiş hərbçi Broudelin kompüterində ABŞ-da yalnız Petreus daxil olmaqla məhdud sayda şəxsin bildiyi məxfi sənədlər aşkar olundu.

Mətbuatın hadisəni işıqlandırması qarşısında Devid Petreus könüllü olaraq vəzifəsindən ayrıldı. O, istefasından sonra yaydığı ilk müraciətdə ailəsindən və dostlarından üzr istədi və bu münasibətlərin bir səhv olduğunu etiraf elədi. Siyasi və hərbi karyerasına birdəfəlik son qoyulan Petreusun şəxsi həyatda bəxti gətirdi. 2 ortaq övladları olan həyat yoldaşı Holli Petreus (Noulton) ərindən ayrılmadı.

Mark Senford


ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Mark Senfordun həyat yoldaşına xəyanəti isə böyük qalmaqal yaratmaması ilə bağlıdır. 2003-cü ildən ştatın sükanı arxasına keçən Senford nümunəvi ailə başçısı hesab olunurdu. Həyat yoldaşı Cenni Senford və 4 övladı ilə yaşayan qubernator həm də ambisiyalı siyasətçi kimi tanınırdı. Ənənəvi ailə modelini müdafiə edən, aborta və cinsi azlıqlara qarşı çıxışlar edən qubernator buna qədər uzun müddət Konqresə ştatın əsas təmsilçisi olmuşdu. Lakin 2009-cu ilin iyununda Mark Senford onu tanıyan hər kəsi təəccübləndirən açıqlama ilə çıxış edir.

O, etiraf edir ki, 8 il ərzində Mariya Belen Şapur adlı argentinalı qadınla sevgili olub. Senford soyuqqanlı şəkildə əlavə edir ki, məzuniyyətdə olduğu 5 gün ərzində Argentinada sevgilisi ilə vaxt keçirib.

“Mən etdiyim bir səhv idi. Vəssalam”, – deyə siyasətçi rahat bir şəkildə etdiyi səhvi boynuna alır. Qısamüddətli tənqidlər səngiyəndən sonra Senford yenə də öz qubernator səlahiyyətlərini icra edir və 2011-ci ildə səlahiyyət müddətinin bitməsi səbəbi ilə postundan tərk edir. O, xəyanət etirafından sonra ailəsinin bütövlüyün də qoruyub saxlaya bildi.               

Ənvər İbrahim


Malayziyanın keçmiş baş naziri, hazırda ölkə müxalifətinin lideri olan Ənvər İbrahim də seks qalmaqallarında adı çəkilən siyasətçilərdən hesab olunur. 1993-cü ildən 1998-ci ilə qədər baş nazir olan İbrahim postunu tərk etdiyi il korrupsiya və homoseksual əlaqələr ittiham ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Homoseksual əlaqənin cinayət epizodu sayıldığı Malayziyada bəzi hüquq müdafiəçiləri bu ittihamların siyasi böhtan adlandırmışdılar.

2004-cü ildə məhkəmə bu ittihamları onun üzərindən götürdü.

Yenidən siyasi fəaliyyətə qayıdan Ənvər İbrahim Malayziya 1957-ci ildə müstəqillik qazandıqdan sonra iqtidarı əldən verməyən “Xalq Cəbhəsi” koalisiyasının əsas siyasi rəqibi hesab olunurdu. 2008-ci ildə növbəti parlament seçkiləri öncəsi o yenidən “homoseksual əlaqələrdə olma” ittihamı ilə məsuliyyətə cəlb olunur. İstintaq onu öz köməkçisi ilə əlaqədə ittiham edirdi.

2012-ci ilin iyununda məhkəmə keçmiş baş nazirə qarşı irəli sürülən ittihamları əsassız hesab edərək onu azad edir. Lakin 2014-cü ildə Malayziya apelyasiya məhkəməsi onu homoseksual münasibətlərdə təqsirkar bilərək 5 il müddətinə azadlıqdan məhrum edir. Dindar ölkə kimi tanınan Malayziyada Ənvər İbrahim hələ də ən populyar siyasətçilərdən hesab olunur.

Vüqar İsmayılov    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır