Modern.az

Dillər Universitetində rumın dili tədris oluna bilər

Dillər Universitetində rumın dili tədris oluna bilər

1 İyul 2010, 16:00

İyulun 1-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolae Ureke ilə görüşüb. Görüşdə Rumıniya ilə Azərbaycan arasında mədəni, elmi əlaqələr, Rumıniya universitetləri ilə əlaqələrin yaradılması haqda fikir mübadiləsi aparılıb.  ADU-nun Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın verdiyi məlumata görə, Nikolae Ureke mədəni və elmi əlaqələrin inkişafının vacibliyini bildirərək əlaqələrin genişləndirilməsi məqsədi ilə Dillər Universitetində rumın dili kafedrasının açılması barədə fikirlərini bildirib. Səfir Azərbaycanda universitetlər içərisində böyük nüfuza malik Azərbaycan Dillər Universitetində belə bir kafedranın yaradılmasını məqsədəuyğun hesab etdiyini önə çəkib. 

Səməd Seyidov bu təklifi müsbət dəyərləndirərək bildirib ki, bu sahədə Dillər Universitetində geniş təcrübə mövcuddur və hazırda universitetdə roman-german dil qrupuna aid olan bir sıra dillər tədris olunur.

Rumıniya universitetləri ilə əlaqələrin qurulmasından razılığını bildirən rektor Səməd Seyidov, həmçinin Rumın dili Mərkəzinin yaradılmasının mümkünlüyünü də ifadə edib. O bildirib ki, bu yaxınlarda ADU-da Avstriya kitabxanasının açılışında Avstriya XİN başçısı, İndoneziya Araşdırmalar Mərkəzinin açılışında isə İndoneziyanın İranda və Azərbaycanda akkreditə olunmuş səfiri iştirak edib: “ABŞ, Qərbi Avropa ölkələri ilə yanaşı, Çin, Koreya universitetləri ilə ADU uğurlu əməkdaşlıq edir”.

Səməd Seyidov gələcəkdə rumın dili mütəxəssislərinin Dillər Universitetində müəllim kimi fəaliyyət göstərmələrinin mümkünlüyünü deyib. O, bildirib ki, dil daşıyıcıları ilə birbaşa ünsiyyət tələbələrin bilik səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu istiqamətdə Norveç, Koreya, Fransız, Alman, İspan və İtalyan dili müəllimləri birbaşa dilin tədrisində iştirak edirlər.

Universitetdə filoloji, pedaqoji, tərcümə, eyni zamanda regionşünaslıq və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin hazırlandığını deyən rektor, rumın dilinin müvafiq fakültələr üzrə tədrisi ilə yanaşı, ölkənin siyasi həyatı, beynəlxalq münasibətləri, iqtisadiyyatı, mədəniyyətinin də tədrisinin mümkünlüyünü söyləyib.

Səfir Nikolae Ureke Rumıniyanın universitetləri ilə Dillər Universiteti arasında əməkdaşlığın qarşılıqlı əlaqələrin genişlənməsi baxımından təhsil, elm və mədəniyyət sahəsində öz töhfəsini verəcəyinə əminliyini bildirib. O deyib ki, rumın dilinin tədrisi bu sahədə mühüm bir addım olacaq və əlaqələrin inkişafına xidmət edəcək.

       İkitərəfli əlaqələrin yaradılması üçün universitetlərarası mütəxəssis mübadiləsinin həyata keçirilməsinin də vacibliyi vurğulanıb.

 

Modern.az

                   

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir