Modern.az

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə döyülən əsgərin dalağını çıxarıblar

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə döyülən əsgərin dalağını çıxarıblar

2 İyul 2010, 16:56

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) tapşırığına əsasən, Aparatın əməkdaşları  iyulun 2-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan əsgər Musayev Röyal Etibar oğlu ilə görüşüblər. Modern.az-ın məlumatına görə, bu barədə Ombudsman aparatının mətbuat xidmətindən xəbər verilib.

Görüş zamanı R.Musayev 1992-ci il aprelin 15-də Tovuz rayon Qovlar qəsəbəsində anadan olduğunu və 19 aprel 2010-cu il tarixdə Tovuz Rayon Hərbi Komissarlığından xidmətə çağırıldığını, H.Əliyev adına Ali Hərbi Məktəbin mühafizə bölüyündə qulluq etdiyini bildirib. O, 12 iyun 2010-cu il tarixdə növbədə olarkən Ali Hərbi Dənizçilik Məktəbinin 3 əsgəri tərəfindən döyüldüyünü söyləyib.
R.Musayev 18 iyul 2010-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına qəbul edilərkən yıxıldığını söyləyib  və bir neçə gündən sonra həkimlərə həqiqəti etiraf edərək döyüldüyünü bildirib. Hərbi prokurorluğun müstəntiqi ondan izahat alarkən R.Musayev izahatında döyüldüyünü qeyd edib.

R.Musayevin müalicə aldığı hospitalın müştərək zədələnmələr bölməsinin rəisi Zirəddin Abbasovla söhbət zamanı o, əsgərin hospitala qəbul edildikdən sonra dalağının partlaması ilə əlaqədar bu orqanın çıxarıldığını və hazırda vəziyyətinin normal olduğunu bildirib. 
Ombudsman E.Süleymanova Baş Prokurorun müavini, Hərbi Prokurora müraciət edərək qeyd olunan halların araşdırılmasını, aparılan istintaqı şəxsi nəzarətə götürməyi, nizamnamədənkənar münasibətlərə yol vermiş hərbçilərin qanunvericiliyə uyğun olaraq, törətdiyi əmələ görə məsuliyyətə cəlb edilmələrini xahiş edib.

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi