Modern.az

Azərbaycan türmələrində dustaqlar hansı işləri görürlər?

Azərbaycan türmələrində dustaqlar hansı işləri görürlər?

2 İyul 2010, 18:21

Ölüm cəsazının tətbiq edilmədiyi bütün ölkələrdə ciddi qanun pozucularına qarşı cəza eynidir-azadlıqdan məhrumetmə. Məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrindəki şərait və cəza çəkənlərə qarşı münasibət isə müxtəlifdir. Azərbaycandakı cəzaçəkmə yerlərindəki vəziyyətlə də bağlı birmənalı fikirlər səsləndirilmir. Onlarda saxlanma şəraiti, məhkumlarla rəftar həm yerli, həm də beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqət mərkəzindədir.. 

Avropa Penitensar Qaydalarına görə, Avropa Şurasına üzv dövlətlər cəzaçəkmə müəssisələrində ayrı-seçkiliyə, insan hüquqlarının pozulmasına, ləyaqəti alçaldan davranışa və cəzalara yol verilməməli, təmizliyi qorumalı, məhkumların sağlamlıqlarını təhlükədə qoymamalıdırlar. Bir sözlə, azadlıqdan məhrumetmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxın olmalıdır.

Azərbaycanda azadlıqdan məhrum edilənlərin saxlanılması üçün 20-dən çox müxtəlif rejimli cəzaçəkmə müəssisələri var. Bu müəssisələrdə 13 cəza növünün icrası həyata keçirilir. Cəzaçəkmə yerlərindən bəzilərinin şəraiti Avropa Penitensar Qaydalarına uyğun deyil. Hazırda 1, 2, 5, 6, 10, 12, 13, 14, 16 saylı ümumi rejimli, 4, 9 saylı qarışıq rejimli, 7, 11, 15, 17 ciddi rejimli, 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisələri, Binə qəsəbəsində vərəmli məhkumlar üçün müalicə müəssisəsi, Nizami rayonunda qarışıq rejimli müalicə müəssisəsi, Xətai rayonunda tərbiyə müəssisəsi, Qaradağ rayonunda Qobustan Həbsxanası fəaliyyətdə olan əsas cəzaçəkmə yerləri sayılır.

Şərait yaxşılaşdırılır

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqovun sözlərinə görə, ölkəmizdə təcridxanaların və cəzaçəkmə müəssisələrinin fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ciddi işlər görülməkdədir. O, bildirib ki, son illər məhkum edilmiş şəxslərin saxlanılması, onların islahı, mühafizəsi istiqamətində görülən tədbirlər cəzaçəkmə müəssisələrində vəziyyətin yaxşılaşmasına səbəb olub. Penitensiar Xidmət cəzasəkmə yerlərində vicdan və din azadlıqlarına təminat verilməsi sahəsində də problem olmadəğını bəyan edib. Cəzaçəkmə yerlərində məhkumlarla rəftara ciddi nəzarət edildiyi vurğulanır. M.Sadıqovun sözlərinə görə, son illər yeni cəzaçəkmə müəssisələri və təcridxanaların inşası Avropa Penitensiar Qaydalarına uyğun həyata keçirilir. Son illər Naxçıvanda yeni qarışıq tipli cəzaçəkmə müəssisəsi, Bakıda istintaq təcridxanası istifadəyə verilib, Şəki və Lənkəranda, Paytaxtın Umakı qəsəbəsində yeni həbsxanaların inşası davam etdirilir. Avropa Penitensiar Qaydalarında əsas tösiyyələrindən biri cəzaçəkmə yerlərində hər bir məhkuma 4 kvadrat mer sahənin düşməsindən ibarətdir. Azərbaycanda yeni istifadəyə verilmiş və tikilməkdə olan cəzaçəkmə yerlərinin komplekslərində bütün bu tövsiyyələrin nəzərə alındığı bildirilir. M. Sadıqovun sözlərinə görə müxtəlif beynəlxalq ekspertlər cəzaçəkmə müəssisələrinə baş çəkirlər, monitorinq aparırlar və mövcud durumu  çox yüksək qiymətləndirilər.

Bütün cəzaçəkmə müəssisələrinin köçürülməsinə gəlincə,  M.Sadıqov bildirib ki, bunun üçün yeni cəzaçəkmə müəssisələri tikilməlidir. “Qadın məhkumlar üçün və yeniyetmə məhkumlar üçün Bakı İstintaq Təcridxanasının yanında, Kürdəxanı qəsəbəsində yer ayrılıb. Orada layihə smeta işləri aparılır və bu il inşasına başlanılacaq”.

Cəzaçəkmə müəssisələrinin nöqsanları

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəsmiləri cəzaçəkmə yerlərində bəzi problemlərin olduğunu gizlətmir, onların aradan qaldırılması istiqamətində mütamadi tədbirlərin görüldüyünü deyirlər.

Lakin bəzi hüquq müdafiəçiləri həbsxanalardakı vəziyyətin heç də rəsmilərin dediyi qədər yaxşı olmadığını iddia edirlər.

Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova deyir ki, ən pis vəziyyət ömürlük məhkumların cəza çəkdiyi Qobustan Qapalı Həbsxanasındadır. Onun sözlərinə görə, bu həbsxanada məhbusların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulur, onlar müxtəlif təzyiqlərə məruz qalır, informasiya blokadasında saxlanılırlar.

İşgənələr Əleyhinə Komitənin sədri Elçin Behbudovun sözlərinə görə isə bəzi cəzaçəkmə yerlərindən gələn xoşagəlməz xəbərlər son illər penitensiar xidmət sahəsində görülən müsbət işlərə kölgə salır. Faktlar da cəzaçəkmə yerlərində qanunsuzluqların olduğunu təsdiqləyir. Ədliyyə Nazirliy Penitensiar Xdmətin 2009-cu ildəki fəaliyyətin yekunlarına dair əməliyyat şurasında qurumun rəisi Nazim Ələkbərov  bilidirmişdi ki, fəaliyyətlərində ciddi pozuntulara yol verdiklərinə görə, 11 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisləri ədliyyə orqanlarından xaric ediliblər.  6, 11, 12, 14 saylı cəzaçəkmə müəssisələrinin, 3, 7, 10, 11 saylı xüsusi müəssisələrin, Mühafizə alayının bir sıra bölüklərinin fəaliyyətlərində də ciddi nöqsan və pozuntular aşkar edilib, bu qurumların rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

Ölkə həbsxanalarında ayrı-ayrı vaxtlarda məhbusların incidilməsinə etiraz əlaməti olaraq qiyamlar da baş verib. Məsələn, 1996-cı ilin mayında 7 saylı müəssisədə bir qrup dustaq saxlanma şəraitinin pis olmasına, həbsxana rəhbərliyinin onlarla rəftarına etiraz olaraq qiyam qaldırmışdı. 2005-ci ilin fevralında isə 11 saylı cəzaçəkmə müəssisəsində qidalanma və pis rəftara etiraz edən dustaqların qiyamı olmuşdu.

Beynəlxalq təşkilatların mütamadi olaraq açıqladıqları hesabatlarda Azərbaycandakı cəzaçəkmə üməssisələrində rüşvətxorluq hallarının, mövcud olmasından, intiharların tez-tez qeydə alınmasından da narahatlıq ifadə olunur.

Türmələrdə işsizlik

 

  

Azərbaycandakı cəzaçəkmə yerləri üçün xarakterik olan hallardan biri də məhkumların işsizliyi ilə bağlıdır.

Keçmiş sovet dövründən fərqli olaraq indi çox az həbsxanada məhbuslar üçün iş yeri var. İşsizlik isə dustaqlar üçün böyük problemdir. Keçmiş məhbus Etibar Mürsəlov deyir ki, cəza dövründə işləyən dustaq özünü xoşbəxt məhbus sayır: «Çünki işləyəndə vaxt tez keçir, baş qarışıq olur, gözünü açanda bir də görürsən ki, «srok»un yarısı arxada qalıb». E.Mürsəlovun sözlərinə görə, işsizlik dustaqları müxtəlif əl işlərilə məşğul olamağa məcbur edir. Onlar ağac və sümükdən müxtəlif suvenirlər, təsbehlər, nərdtaxtalar, albomlar düzəldirlər. Müsahibimizin sözlərinə görə, məhbusların hansısa bir işlə məşğul olmaları onların həyata münasibətini də müsbət tərəfdən dəyişir, aqressivlikləri azalır, ruh düşkünlüyü aradan qalxır, əmək vərdişləri bərpa olunur: «təəsüf ki, həbsxanalarda işsizlik var. Bu da lazımsız söhbətlərə, mübuhisələrə səbəb olur». Qadın məhkumlar xalça toxuyur, kişilər isə mebel yığırlar Kişi məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrindən fərqli olaraq qadınların olduğu 4 saylı cəzaçəkmə yerində xalçaçılıq, tikişçilik üçün şəraitin yaradılması dustaqların ürəyincədir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov:  “Qadın məhkumlar xalçaçılıqla məşğul olurlar. Qadınlar üçün cəzaçəkmə müəssisəsində xalçaçılıq seximiz var. “Azərxalça” Birliyi ilə biz yaxın əməkdaşlıq edirik. Onların mütəxəssisləri bizim məhkum qadınlara xalça toxumağı öyrədir. Məhkum qadınlar müxtəlif həcmli çox yaxşı xalçalar toxuyurlar. Bununla yanaşı, bizim digər cəzaçəkmə müəsssisələrində istehsalat sahələri mövcuddur ki, orada həm mebel dəstələri, tikiş məhsulları, çarpayılar, həm də stolüstü şahmat, nərd  hazırlanır. Eyni zamanda cəzaçəkmə müəssisələrinin  bir neçəsində tikiş sexləri var ki, məhkumlar orada da çalışır”.

Mehman Sadıqov cəzaçəkmə müəssisələrində məhkumların böyük bir qisminin işsiz olduğunu gizlətmir: “Bunun da əsas obyektiv səbəbləri odur ki, vaxti ilə cəzaçəkmə müəssisələrində mövcud olan istehsalat sahələri koorperativ şəkildə işləyirdi. SSRİ dağılandan sonra bir sıra iqtisadi əlaqələr pozuldu. Bundan sonra bir çox cəzaçəkmə müəssisələrində istehsalat sahələri bağlandı. Eyni zamanda, istifadə olunan avadanlıq həm mənəvi, həm fiziki baxımdan köhnəlib. Ona görə də orada hər hansı bir yüksək səviyyəli məhsulların buraxılmasından söz gedə bilməz. Məhkumları ictimai faydalı işlərə cəlb etmək bizim əsas problemlərimizdən biridir”.

Günəmuzd işləyən məhkumlar

M.Sadıqov məhkumların isizlik probleminin həlli üçün son illər zəruri tədbirlərin keçirildiyini söyləyib: “İş adamlar ilə danışıqlar aparırıq, müxtəlif yeni istehsalat sahələri açılır və çalışırıq məhkumları daha çox sayda işə cəlb edək. Onu qeyd edim ki, məkhumların hazırladıqları məhsullar satıldıqdan sonra o pul onların hesabına köçürülür. Onlar günəmuzd işləyirlər. Əmək haqları onların şəxsi hesabına köçürülür. Onlar  şəxsi hesabdan qanunvericiliklə nəzərdə tutulmuş miqdarda ilkin tələbat mallarını alınması üçün istifadə edə bilər, eyni zamanda azadlıqdan çıxdıqdan sonra həmin nağd pul onların özlərinə verilir”. Statatistika

 

Statistik göstəricilərə görə, Azərbaycanda 1992-ci ildə əhalinin hər 100 min nəfərinə düşən məhkumların sayı 390 olmuşdusa, bundan sonra həyata keçirilən humanizm siyasəti nəticəsində bu rəqəm getdikcə azalıb. İndi Azərbaycanda hər 100 min nəfərə düşən məhkumların sayı 190-dan aşağıdır. Rəsmi statistikaya görə, Azərbaycandakı cəzaçəkmə yerlərində 13 mindən çox məhkum cəza çəkir.

  

Təhminə Paşayeva Adəm Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır