Modern.az

Fəxriyyə Xələfovanın anası akademik seçildi - DOSYE

Fəxriyyə Xələfovanın anası akademik seçildi - DOSYE

1 İyul 2014, 23:43

İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilən alimlər sırasında kimya elmləri doktoru, professor Rəfiqə Əliyeva da var.
Modern.az saytının məlumatına görə, AMEA-nın yeni həqiqi üzvləri sırasına daxil olan Rəfiqə Əliyevanı Azərbaycanın ən məşhur simaları ilə qohumluq telləri bağlayır.
Belə ki, kimya elmləri bölməsindən AMEA-ya həqiqi üzv seçilmiş Rəfiqə Əliyeva məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır. O, Azərbaycan baş nazirinin keçmiş müavini, sabiq deputat, mərhum Rafiq Xələfovun həyat yoldaşıdır.
Ən əsası, Rəfiqə Əlirza qızı Əliyeva Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin bacısı, ölkənin hazırki prezidenti İlham Əliyevin bibisidir.

Akademik Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib, 1970-ci ildə kimya sahəsi üzrə namizədlik,1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

R.Əliyeva hazırda Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edir. O, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvüdür.

Xatırladaq ki, R.Əliyeva buna qədər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi.

Bir çox elmi məqalə, monoqrafiya, patent, dərs vəsaiti və kitabların müəllifi olan Rəfiqə Əliyeva 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik edib. 
“Şöhrət” ordenli əməkdar elm xadim R.Əliyeva müxtəlif mükafatlara layiq görülüb.

Modern.az olaraq Rəfiqə Əliyevanı akademik seçilməsi münasibətilə təbrik edirik.

Qeyd etdiyimiz kimi, Rəfiqə xanım Azərbaycan baş nazirinin keçmiş müavini, sabiq deputat, mərhum Rafiq Xələfovun həyat yoldaşıdır

Rafiq Xələfov 1979-1989-cu illərdə Azərbaycanda avtomobil yollarının istismarı və tikintisi naziri vəzifəsində işləyib. Məhz həmin illərdə Azərbaycanda avtomobil yollarının şəbəkəsi tam formalaşıb. R.Xələfov 1989-1993-cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri, baş nazirin müşaviri işləyib. 1993-cü ildən başlayaraq "Xalq üçün mallar" Dövlət Konserninin idarə heyətinin sədri vəzifəsində çalışıb. 1997-ci ildə baş nazirin müavini təyin edilib. Eyni zamanda iki çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1998-ci ildə 59 yaşında dünyasını dəyişib.



A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi