Modern.az

Böyük savaşın kitabını yazan qadın

Böyük savaşın kitabını yazan qadın

3 İyul 2010, 18:07

“Qələmlə, qılıncın gördüyü işdən daha çox iş görmək mümkündür.”

                                                                            Harriyet  Biçer-Stou

... 199 il əvvəl, iyunun 14-də dünyaya başqa uşaqlardan fərqlənməyən tərzdə bir qızcığaz göz açdı. Amma illər keçəndən sonra o hamıdan fəqlənəcəkdi. O, dünyada yeni inqilabi dəyişikliyin əsasını qoyacaqdı. Özü də silahla yox, qələmlə… O, dünyanın eybəcər simasını dəyişəcək bir inqilabi dəyişikliyə imza atacaqdı. Elə bir dəyişikliyə ki, yüzillər sonra belə insanlar onu hörmətlə, minnətdarlıq hissi ilə yad edəcəkdilər. Adını tarixə əbədi yazmış və qadının əslində nələrə qadir olduğunu hələ əsr yarım əvvəl dünyaya sübut edən bu qadın Hariyyet Biçer Stou idi.

O, fiziki baxımdan diqqətçəkən deyildi. Elə o səbəbdən də ABŞ Prezidenti Avraam Linkoln onunla görüşəndə təəccübünü belə ifadə eləmişdi: “Demək, bu böyük savaşı başladan kitabı yazan kiçik qadın sizsiniz!” Prezident “Tom dayının koması”ndan bəhs edirdi.

... Sözün əsil mənasında bugünkü Amerika və amerikalılar ona çox şey borcludur. Çünki məhz bu qadın ilk dəfə öz əsərində Amerikadakı köləlik rejimini kəskin tənqid etdi, bu sistemin saxlanılmasının həm qaradərili, həm də ağdərili adamlar üçün ləkə olduğunu açıq mətnlə yazdı. O, bunu həyatını riskə qoyaraq etdi. Harriyet Biçer-Stou Linkolnun “böyük savaş” adlandırdığı prosesi təkbaşına başladı.

Yalnız bir qadın! Fiziki cəhətdən güclü olmasa da, cəsarəti, hünəri, daxili gücü, qorxmazlığı, mənəviyyatı, ədalət hissi, insanlara sevgisi ilə dövrünün kişiləri ilə müqayisədə irəli gedib köləliyə qarşı açıq mübarizəyə səsləyən əsərləri məhz O yazdı. Ona qarşı ittihamlar irəli sürdülər, qorxutmağa çalışdılar, təhdidlər aldı, amma yazdı. Özü ağdərili olsa da, köləlik rejiminə qarşı mübarizənin önündə getdi. O, “hər şeydən öncə İnsan” dedi.

“Tom dayının koması”

“...Öz azadlığınızın qədrini bilin, sədaqətli, namuslu olmağa çalışın, bizim Tom dayı kimi!..”

Harriyet Biçer-Stou məşhur əsərini bu cümlə ilə bitirir. Bu kitab dövründə 3 milyon nüsxədən artıq satıldı. Əsər teatr tamaşalarının və şouların mövzusuna çevrilərək, sürətlə hər tərəfə yayıldı. Bu əsərin təsiri altında Amerikanın şimalında köləliyə qarşı mübarizə başladı. Köləliyin saxlanılmasının tərəfdarı olan Amerikanın cənub bölgələrində isə əsər etirazlara səbəb oldu. Amerikanın cənub və şimal əyalətləri arasında yaşanan vətəndaş müharibəsi köləliyin ləğvi ilə nəticələndi.

Hariyyet öz əsərlər ilə Amerikada köləliyin ləğv edilməsi və yeni, demokratik dövrün təməlinin qoyulmasının səbəbkarlarından oldu. Amma onun əsərləri təkcə Amerika ilə məhdudlaşmadı, həm də dünyada köləlik sisteminin ləğv edilməsini gündəmə gətirdi, bu sistemin tamamilə ortadan qaldırılmasına təkan oldu. O, dünyanı saran bu müsbət alovun qığılcımı ola bildi. Bununla da Harriyet Biçer, özünün də dediyi kimi, qələmi ilə qılıncın görə bilmədiyi böyük zəfərə imza atdı.

Harriyet Biçer kim idi?

Harriyet Biçer 1811-ci il iyunun 14-də ABŞ-ın Konnektikut ştatında dindar ailədə anadan olmuşdu. Atası Liman Biçer məşhur və nüfuzlu vaiz, teoloq və “Amerikan İncil Cəmiyyəti”nin banisi idi. O, köləlik əleyhinə fəaliyyətlərdə də aktiv rol oynayırdı. Harriyetin anası da çox dindar qadın idi. Harriyet yaxşı təhsil almışdı, latın, italyan və fransız dillərində danışa bilirdi. Amma o, utancaq, öz daxili aləmində yaşamağı xoşlayan uşaq idi. On üç yaşında atasının din barəsində söhbətlərinə qulaq asdıqdan sonra Harriyet həyatını Hz. İsaya həsr etməyi qərara aldı. Bu, onun həyatının sonrakı dövrlərini müəyyənləşdirən qərar oldu.

Kiçik yaşlarından etibarən Tanrı ilə arasında xüsusi rabitə qurdu: “Yaxşı bir insan olub Tanrıya xidmət etmək” istəyirdi. Fəqət bunu necə edəcəkdi? Sadəcə “yaxşı” olmaq kifayət etməzdi, başqaları üçün də nə isə eləmək lazım idi. Yaşadığı coğrafiya – köləlik sisteminin ölkədəki qaradərililərə qan uddurduğu Amerika – onun fəaliyyəti üçün çox əlverişli idi. Yazmaq xoşuna gəlirdi və istedadlı idi. Demək ki, qələmindən silah kimi istifadə edərək “pisliyə” qarşı döyüşə bilərdi.

1833-cü ildə Harriyet “Aylıq Qərb jurnalı”nda ("Western Monthly Magazine") hekayə yarışması haqqında elanı oxudu. Yazıçı olmağı arzu edən Harriyet bir hekayəsini redaksiyaya göndərdi. Amma heç gözləmədiyi halda müsabiqədə birinci yeri tutdu. Əslində Harriyet bu müvəffəqiyyətdən sonra ürəkləndi və davamlı yazmağa başladı. 1836-cı ildə 25 yaşında, quldarlıq əleyhdarı professor, eyni zamanda rahib olan Kelvin Stou ilə ailə qurdu. Buna görə bir müddət yazmağa fasilə verdi. Bu evlilikdən onların 7 uşaqları oldu. Kelvin ilə Harriyetin izdivacları uğurlu alınmışdı, çətin vaxtlarda onlar bir-birlərinə dəstək ola bilmişdilər. Həyatları boyu onlar bir çox çətinliklə qarşılaşdılar. Uşaqlarından birini kiçik yaşda itirdilər, maddi çətinliklər də onları əldən salırdı. Buna baxmayaraq, onlar bir-birilərinə dayaq olmağı və çətinliklərə sinə gərməyi bacardılar.

Harriyet əri haqqında deyirdi: "Əgər sən mənim çox sevdiyim həyat yoldaşım olmasaydın, səni yenə də sevərdim". Harriyet uşaq böyütməyi müqəddəs fədakarlıq və Tanrıya xidmət etmək kimi qiymətləndirirdi.

Hariyyetin həyat yoldaşının ailəni dolandırmaqda çətinlik çəkdiyini gördüyü üçün yenidən yazmağa başlamışdı. O, dini qəzet və jurnallara ailə həyatı haqqında hekayələr yazmağa başladı. Eyni zamanda Kelvin, həyat yoldaşını yazıçılığa həvəsləndirir, Amerika və İngiltərədə Harriyetin ədəbiyyat agenti kimi fəaliyyət göstərərək ona kömək edirdi. Onların Ohayodakı evi Kanadaya köçmək istəyən qaçqın qulların baş çəkdikləri “dayanacaq”lardan biri olmuşdu.

Hariyyetin yazıları dərhal diqqəti cəlb edərdi, qonorarı ailənin maddi durumunu da yaxşılaşdırmışdı. Harriyet daha iri həcmli əsərlər yazmağa başladı. Bu işdə onun ən böyük dayağı və ilhamvericisi yenə də əri idi.

1850-ci ildə əhalisinin sayı 23 milyon nəfər olan Amerikada əhalinin 10% - ni yəni 2,3 milyon nəfərini kölə qaradərililər təşkil edirdi. Hələ XIX yüzilin 30-cu illərindən Amerikada köləliyə qarşı mübarizə başlamışdı. Bu mübarizənin taleyini isə Harriyetin yazdığı və bütün Amerikanı sarsıdacaq "Tom dayının koması" kitabı həll edəcəkdi. O, əsərində ağdərililərin kölələrinə qarşı yaxşı rəftar etməsi barədə yaradılmış əfsanəni darmadağın etdi. "Tom dayının koması"nın qələmə alındığı illərdə Amerikada ağasından qaçan kölələr təqib edilərək ələ keçirilir və onlara amansız işgəncələr verilirdi.

Harriyyet məhz bu gerçəkləri yazırdı. Ətrafında isə onu dəstəkləyənlər də vardı. “Əlimdən sənin kimi yazmaq gəlsəydi, köləliyin nə qədər böyük ləkə olduğunu bütün millətə çatdırmaq üçün nə isə edərdim”. Bu sətirləri qardaşı arvadı ona məktubunda yazmışdı. Sonralar özü yazacaqdı ki, bu məktub onun qələmə möhkəm sarılmasında böyük rol oynadı.

Harriyyet köləliyi ifşa edən bu əsərini yazmağa başlayanda kiçik uşağı Çarlz Eduard hələ ana südü ilə qidalanırdı və gecələr anasının yanında yatırdı. Bu səbəbdən Harriyyet gündüz ev işləri görərkən süjetini qurduğu əsərini gecələr vərəqə köçürürdü. 25 il sonra kiçik oğluna yazdığı məktubunda yazıçı əsərinin yazılma prosesini belə təsvir edirdi: “Xalqımızın qullara rəva gördüyü haqsızlıq və vəhşilik müqabilində ürəyim kədərdən paralanırdı. Bəzi gecələr sən yanımda yatıb yuxuladığın vaxt, uşaqları əllərindən alınan qul anaları fikirləşirdim və gözlərimdən alov kimi yaşlar axırdı.”

1851-ci ildə Harriyyet əsərinin birinci hissəsini bitirdi, Vaşinqtonda nəşr edilən, o dövrün köləlik əleyhdarı qəzetlərindən olan “Milli era” ("National Era") qəzetinə göndərdi. Əsər üç ay boyu qəzetdə hissə-hissə nəşr olunmalıydı. Harriyyet romanını kitab kimi nəşr etdirsə belə, onun sayəsində pul və şöhrət qazanacağına inanmırdı. Bostondakı böyük nəşriyyatlardan biri, güney ştatlarındakı satış rəqəmlərinin aşağı düşməsindən çəkinərək Harriyetin kitabını nəşr eləmək barədə təklifi rədd etmişdi. Əsərin dövri mətbuatda dərc edilməsi ilə kifayətlənməyə razı olduğu əsnada Harriyet, risk etməyə hazır olan gənc bir naşir tapdı. “Köləliyə qarşı müharibə” mövzusu, bu sistemə nifrət bəslənən quzeydə belə çox da rəğbət görən bir mövzu deyildi. Bütün bunlara baxmayaraq “Tom dayının koması” əsəri 1852-ci ildə kitab rəflərində yerini tutdu.

Bir günə 3 min nüsxə

Yeni roman satışa çıxarıldığı gün üç min ədəd satıldı. Amma kitaba maraq böyük idi. Ona görə də 300 min ədəd təkrar nüsxə çap edildi. Amma bu da yetmədi, dünyanın hər yerindən kitab üçün sifarişlər gəlirdi. Nəşriyyat gecə- gündüz bu romanı çap etməklə məşğul olurdu. Az sonra kitabın tirajı üç milyona çatdı. Kitab dünyanın 50-dən çox dilinə tərcümə olundu.

Harriyet, “Tom dayının koması” romanını “Qaçaq qullar haqqında” qanun qüvvəyə mindikdən sonra yazmışdı və bu, Amerika ədəbiyyatı tarixində qəhrəmanı zənci olan ilk əsər idi! Harriyet əsərində quldarlıq sistemini kəskin tənqid edir, bu sistemdən yararlanan və ya bu sistemi xoş qarşılayan ağdərililərin, əxlaq dəyərlərini (daha doğrusu, əxlaqsızlıqlarını, dəyərsizliklərini) tədricən itirdiklərini göstərirdi. Köləliyin ləğvi üçün ağdərili amerikalı dostlarını (xüsusən də quzeyliləri) qaçan qulları qaytarmamağa və onlara hörmətlə yanaşmağa dəvət edirdi.

Kitabın nəşrindən sonra, köləlik tərəfdarları da əks hücuma keçdilər. Onlar, kitabda təsvir edilən hadisələrin uydurma olduğunu deyirdilər. Bu cəfəngiyatlar Harriyeti əsəbiləşdirdi və o, “Tom dayının komasının açarı” adlı başqa bir əsər də yazdı. Kitabı yazarkən istifadə etdiyi həqiqi hadisələri və sənədləri göstərdi. Topladığı çox sayda sənədin arasında quldarlıq tərəfdarı güney qəzetlərindən biri olan “Naşvil” qəzetinin 22 oktyabr 1852-ci il tarixli sayında dərc edilən belə bir elan da vardı: “Satılır: 10 yaşından 18 yaşınadək yaxşı yetişmiş qızlar; 24 yaşında qadın; çox qəşəng 3 uşağı olan 25 yaşında, bir çox işə yarayan qadın. Müraciət üçün: Uilyam Qlouer.”

“Tom dayının koması”ndan sonra Harriyet, 1856-cı ildə quldarlıq əleyhinə ikinci önəmli əsəri olan “Dred” povestini yazdı və qısa müddətdə Amerikanın ən çox pul qazanan və ən ünlü yazıçılarından biri oldu.

Harriyet, hər kəsin möhkəm zənn etdiyi köləlik qalasının divarında qələmi ilə böyük bir yarıq açmış və “Quldarlıq insan heysiyyətinə ziddir və ləğv edilməlidiri” düşüncəsini milyonlarla adamın zehninə yeritmişdi. Onun bu şərəfli və cəsarətli cəhdi nəticəsiz qalmadı.

Bu əsərdən sonra Amerikada köləliyə qarşı yeni savaş başladı. 1854-cü ildə köləliyə qarşı mübarizə geniş vüsət aldı və ölkədə Respublikaçılar Partiyası yaradıldı. 1860-cı ildə köləlik əleyhdarı olan Avraam Linkolnun başçılıq etdiyi bu partiya hakimiyyətə gəldi və köləliyi qoruyub saxlamaq istəyən güney bölgələrlə müharibə şimal bölgələrin qələbəsi ilə başa çatdı, köləlik rəsmən ləğv edildi. Harriyet bu qələbədən sonra Linkoln ilə görüşdü.

Vətəndaş müharibəsi başa çatandan sonra Harriyet Biçer-Stounun ailəsi bir müddət Floridada yaşadı. O burada qadınların səs vermə haqqını müdafiə edənlərə qoşuldu. Harriyet ”Qəlb və ev” ("Heart and Home") adlı jurnalda qadınların haqlarını müdafiə edən baş məqalələr yazdı. Qadınların bütün sahələrdə uğurlar qazanacağını bəyan edən Hariyyet Biçer onlara qarşı müəyyən sahələrdə qoyulan məhdudiyyətlərin qaldırılması tələbi ilə çıxışlar edirdi. Harriyet, qadınların Allahın və təbiətin onlara bəxş etdiyi bütün qabiliyyətlərdən istifadə etmək haqları olduğunu və onlardan faydalanmalarının vacibliyini müdafiə edirdi. .

Harriyet, Floridada çox qalmadı və qalan ömrünü keçirmək üçün Konnektikut Hartforda qayıtdı. Burada qadınları önə çıxaran “Müqəddəs tarixdə qadın” ("Woman in Sacred History") adlı əsərini qələmə aldı.

Yazıçı 1896-cı ildə 85 yaşında vəfat etdi. Massaçusets ştatının Andover şəhərində Filips Akademiyasının həyətində dəfn edildi.

Harriyyetdən... bugünkü Amerikaya

Bir əsr yarım bundan öncə Harriyet Biçer-Stou "Tom dayının koması"nda yazırdı ki, nə vaxtsa Allah daxili aləminin genişliyinə görə hansısa xalqı ən yüksək səviyyəyə qaldırsa, bu yəqin ki, qaradərililər olacaq. Ağ dərili yazıçı bu yolla qaradərililərin sədaqətinə, onların həlimliyinə heyranlığını ifadə edirdi. Bu yolla o, bir çoxlarının qaradərililərə baxışlarını dəyişməyə, onlara da ağdərililər kimi münasibət göstərilməsinə çalışırdı.

Yadımdadır Amerika səfərlərimdən birində bələdçimə görmək istədiyim yerlər arasında Hariyyet Biçerin qəbrinin olduğunu deyəndə dərhal təəccüblə üzümə baxmışdı, sonra isə “yaxşı fikirdir” deyərək kömək edəcəyinə söz vermişdi. Mən onun qəbrini ziyarət etdim. O ziyarətdən qayıdanda küçədə çox gözəl geyinmiş, önəmli bir iş sahibi olduğu hər halından bəlli olan qaradərili xanımla rastlaşdıq. Zarafatla bələdçimə “Harriyetin ruhu bu mənzərədən mütləq sevinir” dedim. O, da təbəssümlə “mütləq” deyə cavab verdi. O zaman hələ Amerikada qaradərilinin bu ölkənin prezident ola biləcəyi ilə bağlı müzakirələr belə yox idi. Amerikanın bugünkü mənzərəsinə baxanda amerikalıların Hariyyet Biçer Stou adlı bu qadına çox şey borclu olduqlarına bir daha əmin olursan. Amma tək amerikalılarmı? O, bütün Dünyanın köləlik kimi eybəcər bir ifadədən xilas olmasına kömək etdi, bu hərəkatın başlanmasına təkan oldu.

Aqibəti mübarək yazıçı

Xanım Biçer-Stou otuzdan artıq kitab yazmışdı. Ən müxtəlif janrlarda əsərlərin müəllifi, uşaq kitablarıyla birlikdə, hekayə, roman və bioqrafiya yazarlığı sahəsində də qələmini sınamışdı. Bəzi tədqiqatçılar Yeni İngiltərədəki həyatı təsvir etdiyi “Nazirlərin qayğısı” və “Köhnə şəhərin adamları” adlı kitablarını onun ən yaxşı əsərləri hesab edirlər. Bu əsərlərində H. Biçer-Stou, dövrünün həyat tərzini çox ətraflı təsvir etmişdi. İctimai həyat barəsindəki tərifləri, özəlliklə də əsərlərində yer verdiyi kiçik xarakterlər, yazıçının fərqli mədəniyyətlərlə təmas qurmaq bacarığını göstərir. O, realist yazıçı idi. Dünyada bir çox məşhur yazıçılar məhz onun təsiri altında yazmışdılar.

Bu əsərlər də onun qələminin məhsuludur: “Xarici torpaqların günəşli xatirələri” (“Sunny memories of foreign lands”/1854), “Sam-Lawsonun ailə daşları” (“Sam-Lawson’s fireside stones” /1871), ”Mənim həyat yoldaşım və mən“ (“My wife and I” /1872), “Köhnə şəhər insanları” (“Old-town folks” /1871), “Palmetto tərk edir” (“Palmetto leaves” /1873), “Sahibin addımları” (“Footsteps of the master”/1876), ”İtin missiyası“ (“A dog’s mission”/1881)...

Bilmirəm hansınısa oxumusuzmu? Ancaq adların Sənə bir şeylər pıçıldadığın bilirəm, əziz Oxucu. Çünki əsər adı da insan adı kimidir. Gərək fiziki övladına da, mənəvi övladına da yaxşı (–yaraşan!) ad qoyasan! Amma heç şübhəsiz yaxşı ad yaxşı əsərə qoyular! Yaxşı əsəri isə ... ilk növbədə, yazmaq lazımdır! Əsər öz adını doğuracaq (doğruldacaq!), həm öz adını, həm də yazarının adını yaşadacaq! Nə xoş aqibətdir, özün vəfat etdikdən sonra da yetim qalmayan əsərlər qoyub getmək !..

Elə Harriyet Biçer kimi! Mən bu mübarək aqibətli yazıçı haqqında yazımı onun öz sözləri ilə bitirmək istəyirəm. “...Öz azadlığınızın qədrini bilin, sədaqətli, namuslu olmağa çalışın, bizim Tom dayı kimi!..”          

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir