Modern.az

Bakıdan Quzey Azərbaycanla Güney Azərbaycanın sərhəddinə yürüş

Bakıdan Quzey Azərbaycanla Güney Azərbaycanın sərhəddinə yürüş

5 İyul 2010, 11:30

İyulun 3-də Dünya Azərbaycanlıları Konqresi (DAK) Babək Xürrəmidin doğum günü münasibətilə Cənubi Azərbaycanla Şimali Azərbaycanın sərhəddində yürüş təşkil etdi. Bakıdan Yardımlı rayonu ərazisinə yollanan yürüş qrupunda biz də vardıq. Ümumiyyətlə, jurnalistlərin də iştirak etdiyi bu tədbirə 100-dən çox iştirakçı qatılmışdı.

Yürüş iştirakçılarının olduğu avtobuslar “Azneft” meydanından yola düşəndə DAK katibliyinin rəhbəri Samir Əsədli yarızarafat-yarıgerçək dedi ki, Yardımlıdakı Topxana yüksəkliyinə qalxmayınca, heç kimə dili ağzında yansa belə, bir qutum su verilməyəcək. Avtobusdakılar bunu ciddi qəbul edərək sürücüdən xahiş etdilər ki, yolda bir yerdə saxlasın, özləri üçün əlüstü yemək, su alsınlar. Avtobusumuz Salyanın Yenikənd kəndindəki restoranın qarşısında dayananda hamının gözləri güldü. “Urra!” sədaları ilə avtobuslardan yerə tökülüşən yürüş iştirakçıları elə bildilər ki, qonaqlıq-filan olacaq. Amma üzlərdəki şadyanalıq bir neçə dəqiqə çəkdi. Çünki dedilər ki, yeyib-içmək üçün deyil, havamızı dəyişmək üçün düşmüşük. Yenidən hamı avtobusa... İsti idi, çox isti...

Nəhayət Yardımlıya çatdıq. Acı və şirin söhbətlərlə dolu olan yol macəramız Sırıq kəndində sırınıb, qurtardı. DAK-ın həmsədri Sabir Rüstəmxanlı da burdaydı. Hamı onunla hal-əhval tutub, yürüş hazırlığına başladı. Az sonra yürüş iştirakçıları Azərbaycan bayraqlarına bürünüb Topxana yüksəkliyinə istiqamətləndi...

Yarım saatdan sonra Topxana yüksəkliyinə çatdıq. Sabir Rüstəmxanlı bizə yürüş üçün məhz bu yeri seçmələrinin səbəbini də açıqladı. Dedi ki, Topxanadan Cənubi Azərbaycanın 15-dək kəndini görmək mümkündür. Həmçinin də onların bizi görmək şansı var. Yürüş iştirakçıları Cənubi Azərbaycanın kəndlərinə maraqla baxır, şəkillər çəkdirirdilər. Topxana yüksəkliyində dayanan bizlər üçrəngli Azərbaycan bayraqlarını dalğalandırmaqla Günyey Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan cənublu soydaşlarımızla həmrəy olduğumuzu nümayiş etdirdik. DAK həmsədri  Sabir Rüstəmxanlı çıxış edərək bu yürüşün davamlı olaraq 5 ildir ki, keçirildiyini dedi: “Hər il iyulun birinci ongünlüyündə İran rejiminin ciddi təhlükəsizlik tədbirləri görməsinə baxmayaraq, Güney Azərbaycanda Babəkin doğum günü ilə əlaqədar Kəleybər şəhərində yerləşən Bəzz qalasına yürüş həyata keçirilir. DAK da həmin yürüşçülərə mənəvi  dəstək məqsədilə Azərbaycan Respublikası ərazisində eyni tədbiri gerçəkləşdirir. Artıq bu tədbirlər ənənəyə çevrilib”.

Tədbirdə həmçinin  DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK İdarə Heyətinin üzvləri Səftər Rəhimli, Vaqif Arzumanlı və başqaları çıxış etdilər. Daha sonra Topxanada kollektiv xatirə şəkili çəkdirib, geri döndük.

Yaxşı təəssüratla geri qayıtdıq. Üstəlik yolda Yardımlının məşhur şəlaləsinə baş çəkməyimiz ovqatımızı bir qədər də qaldırdı. Təbii ki, yürüş iştirakçılarının geri dönərkən yüksək əhval-ruhiyyədə olmasına həm də yoldakı istirahət məkanlarından birində dayanıb aclıq və susuzluq şakərini öldürmələri səbəb olmuşdu.

 

Günay MUSAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir