Modern.az

Yeddi Dövlət – Bir Millət Bayraq Meydanı açılıb

Yeddi Dövlət – Bir Millət Bayraq Meydanı açılıb

Təhsil

5 İyul 2010, 17:23



3 iyul tarixində Türkiyənin Bursa Yıldırım Bələdiyyəsinin önündə Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının təntənəli açılış mərasimi olub.
Modern.az-ın məlumatına görə, diplomatik korpus nümayəndələri, Bursa Yıldırım Bələdiyyəsi başqanı Özgen Keskin, Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyi başqanı İbrahim Demirtaş, Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət və çox sayda ictimai-siyasi xadimlərin qatılımı ilə gerçəkləşən tədbirdə öncə mehtər marşları səslənib, ardından da rəsmi çıxışlar edilməklə yeddi bağımsız Türk dövlətinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə və Türkmənistanın bayraqları göylərə çəkilib.

Bunun ardından da Bursa sakinlərinin geniş qatılımı ilə ünlü ozan Araz Elsəsin konserti verilib. Araz Elsəsin konserti daha bir ünlü sənətçi Orhan Hakalmazın konserti ilə davam etdirilib.
Bayraq meydanı açılış törənindəki açılış çıxışında Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət belə bir olayın Türk dövlətləri arasındakı integrasiyaya ciddi təsir edə biləcəyini söyləyib. Bir zamanlar bəlkə də xəyal edilməyəcək bir gerçəyin baş tutmasından məmnun olduğunu və bu olayın bütün Türk dünyasında arzu olunan hərəkətlənmələrə yol açacağını dilə gətirən Konsey başqanı bağımsız Türk dövlətlərinin sayının artacağı günün heç də uzaqda olmadığını bildirib.

“Biz bu gün yeddi bağımsız Türk dövlətinin bayrağını yüksəldirik. Heç şübhə etmirəm ki, yaxın zamanlarda bu yeddi rəqəmi on yeddi, ardından da iyirmi yeddi olacaq”, – deyə o, qeyd edib. Yıldırım Bələdiyyə başqanına və Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin başqanına təşəkkürünü bildirən Azər Həsrət onların bu təşəbbüsünün başqaları tərəfindən də dəstəklənəcəyinə ümid etdiyini deyib.

Qazaxıstanın Türkiyədəki səfirliyinin 3-cü katibi Nişangül Qaratay çıxışında xüsusi olaraq Türkiyə və Qazaxıstan arasındakı münasibətlərin inkişafı, digər Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi məsələlərinə ciddi önəm verdiklərinin altını cızıb.

Yıldırım Bələdiyyə başqanı Özgen Keskin isə öz çıxışında bu yöndə olan ilk addımın məhz onların bələdiyyəsinə müyəssər olmasından xüsusi qürur duyduqlarını söyləyib.

Digər çıxışçılar da bu olaydan yaşadıqları məmnuniyyətləri dilə gətiriblər. Bundan sonra yeddi Türk dövlətinin təmsilçiləri öz dövlətlərinin bayraqlarını göylərə yüksəldib.

 


Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür