Modern.az

Qarabağ İctimai Forumundan yeni xəbər

Qarabağ İctimai Forumundan yeni xəbər

5 İyul 2010, 17:33

Xəbər verildiyi kimi, iyunun 24-dən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılması üçün vətəndaş cəmiyyəti institutlarının güclərinin birləşdirilməsi və təşəbbüslərinin dəstəklənməsi məqsədi ilə Azərbaycanın bir qrup aparıcı qeyri hökumət təşkilatının rəhbərləri, tanınmış ziyalıları, millət vəkilləri bir araya gələrək Qarabağ İctimai Forumu (QİF) adlı yeni bir qurum yaradıblar. Qurum növbəlilik əsasında ildə bir dəfə seçilən sədr tərəfindən idarə olunacaq. QİF-in ilk sədri  Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu seçilib. Yeni yaradılan qurumun fəaliyyəti ilə bağlı Umud Rəhimoğlu deyib ki, toplantıdan dərhal sonra QİF-in qəbul olunmuş əsasnaməsinə olunan təkliflər və redaktə xarakterli işlər tamamlanaraq qurumun yaradıcısı olan bütün QHT-lərə və şəxslərə göndərilib. O, QİF-in fəaliyyət planının da artıq müzakirə üçün hazır olduğunu deyib: “Bildiyiniz kimi, iyunun 24-də əlavələr və düzəlişlər nəzərə alınmaqla Qarabağ İctimai Forumunun əsasnaməsi qəbul olundu. Toplantıdan dərhal sonra əsasnaməyə təklif olunan düzəlişlər edilərək Forumun yaradıcısı olan QHT-lərə və şəxslərə göndərilib. Bununla yanaşı Qarabağ İctimai Forumunun fəaliyyət planı tərəfimizdən hazırlanıb. Fəaliyyət planında ilkin olaraq ilin sonuna qədər görüləcək işlər nəzərdə tutulub. Qarabağ İctimai Forumunun qurucularının təşəbbüslərinə uyğun olaraq əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında, Xarici İşlər nazirliyində, Dağlıq Qarabağın Azərbaycanlı İcmasında və sairə aidiyyatlı təşkilatlarda görüşlər planlaşdırılır”.

 

U.Rəhimoğlu vətəndaş cəmiyyəti institutlarının Qarabağ  məsələsi ilə bağlı apardığı təbliğat işinə QHT-lərin və ictimaiyyətin münasibətini öyrənmək üçün sorğu keçiriləcəyini də qeyd edib: “Biz ikinci toplantıda qərara almışdıq ki, vətəndaş cəmiyyəti institutlarının Qarabağ  məsələsi ilə bağlı apardığı təbliğat işinə QHT-lərin və ictimaiyyətin münasibətini öyrənək. Cəmiyyətin narahatçılığını müəyyənləşdirək. Yəni bilmək istəyirik ki, cəmiyyət görülən işlər barədə nə düşünür. Əvvəlcə onların rəyini öyrənərək əsaslı bir araşdırma aparmaq niyyətindəyik. Bunu üçün Foruma daxil olan təşkilatların və şəxslərin iştirakı ilə sorğu blankı hazırlanıb. Yaxın günlərdə Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində vətəndaş cəmiyyətinin rəyini öyrənmək üçün ölkəmizdə fəaliyyət göstərən QHT-lər və müstəqil ekspertlər arasında sorğuya başlayacağıq”. 

ABŞ Dövlət katibinin Azərbaycan və Ermənistana səfərinə də toxunan  U.Rəhimoğlu xanım Klintonun Yerevanda verdiyi açıqlamasına münasibət bildirib: “ABŞ-ın Dövlət katibi məsələnin Helsinki prinsipləri - güc tətbiq etməmək, ərazi toxunulmazlığı və xalqların öz müqəddəratını müəyyən etməsi əsasında çözülməsinə tərəfdar olduqlarını deyib. O bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistana sülhə nail olmaqda kömək etməyə hazırdır. Təəssüf ki, əvvəlki sələfləri kimi, Hillari Klinton da işğalçı Ermənistana Azərbaycan ərazilərini qeyd-şərtsiz çıxarılmasını tələb etməyib. Əvəzində isə yenə də məsələyə ikili standartlardan yanaşaraq təcavüzə məruz qalan Azərbaycanı işğalçı Ermənistanla eyni səviyyədə tutub. Bir çox məqamlarda isə aşağılayıb. Hillari Klintonun regiona səfəri ABŞ-ın birbaşa Dağlıq Qarabağın separatçı qurumuna 10 milyon dollar yardım ayırması ilə müşayət olunub. Biz hesab edirik ki, Qarabağ probleminin həllinin dalana dirənməsinin başlıca səbəbi ABŞ-ın, Fransanın, Rusiyanın, o cümlədən digər böyük dövlətlərin, beynəlxalq qurumların Ermənistana işğalçılıq siyasətinə son qoyması ilə bağlı sərt mövqe nümayiş etdirməməsi olub. Nə qədər ki, dünyanın aparıcı dövlətləri Ermənistanın üzünə işğalçı olduğu deməyəcək və buna görə  onlara qarşı müxtəlif sanksiyalar tətbiq edilməyəcək, təəssüflər olsun ki, problemin həlli uzanacaq, aparılan çoxtərəfli danışıqların faydası olmayacaq”. Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı