Modern.az

BDU MDB-nin Nanotexnologiya Mərkəzi ilə əməkdaşlıq edəcək

BDU MDB-nin Nanotexnologiya Mərkəzi ilə əməkdaşlıq edəcək

5 İyul 2010, 17:45

BDU-nun rektoru, akademik Abel Məhərrəmov MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun direktor müavini Aleksandr Ruzayevi qəbul edib.

Universitetin Mətbuat və informasiya şöbəsinin rəhbəri

Pərvanə İbrahimova Modern.az-a bildirib ki, Abel Məhərrəmov nanotexnologiya istiqamətində ilk rəsmi dövlət proqramının ABŞ-da qəbul olunduğunu və 2001-2004-cü illər üçün həmin sahənin inkişafına 3,5 milyard dollar vəsait ayrıldığını diqqətə çatdırıb. Qeyd edib ki, nanotexnologiyanın sənayedə tətbiqi üçün 2015-ci ildə vəsaitin həcmi trilyon dollarlarla ölçüləcək. Hazırda nanotexnologiyanın inkişafı üzrə Milli Proqramın dünyanın 62 ölkəsində qəbul edildiyini bildirən rektor, eyni zamanda, nanotexnologiyaların innovasiya imkanlarından bəhs edib, universitetdə yaradılmış Nanotexnologiya Mərkəzinin fəaliyyətindən danışıb. Aleksandr Ruzayev və BDU-nun kafedra müdiri Məmmədəli Ramazanov da nanotexnologiya ilə bağlı maraqlı fikirlər səsləndiriblər.

Sonda BDU ilə MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında ikitərəfli elmi simpoziumlar, seminarlar və konfranslar təşkil etmək, nanotexnologiya sahəsində birgə beynəlxalq proqramlarda və layihələrdə iştirak etmək, birgə təhsil proqramlarını həyata keçirmək, bu sahədə innovasiya və elm investisiyalarının inkişafı üçün şərait yaratmağı nəzərdə tutan memorandum imzalanıb. Memorandumda həmçinin Azərbaycanda innovasiya layihələrinin formalaşmasında informasiya bazalarının yaradılması, onlara maliyyə mənbələri tapmaq üçün vəsait cəlb etmək, elmi-tədqiqat işlərinin, innovasiyanın və təhsilin səviyyəsini artırmaq, tədqiqatçıların BDU-nun maddi-texniki bazasından və Mərkəzin kollektiv istifadə mərkəzlərində sərbəst işləmək imkanının yaradılması nəzərdə tutulub. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi