Modern.az

Məndə qalan Şuşa

Məndə qalan Şuşa

5 İyul 2010, 19:23

Oxumağı-yazmağı bacarmadığım yaşdaydım. Bütün balacalar kimi məndə də böyüklərin söhbətlərini dinləmək marağı vardı. Bir dəfə Xuramanın özünü Xəznə qayasından (Xəzinə qayası) atmağı barədə eşitmiş və möhkəmcə qorxmuşdum...

Sonralar Şuşada Cıdır düzündən Xəznə qayasına çox baxdım. Hər dəfə də vahimə ilə. Qəribədir ki, indi də yada salanda mənə elə gəlir, o tanış hiss - qorxu hardasa yaxınlıqda, həndəvərimdədir.

Böyüyəndən, məktəbə gedəndən sonra anladım ki, söhbət Səməd Vurğunun “Vaqif” əsərindən gedirmiş. Yəni, çox güman, o vaxt böyüklər bu əsər barədə danışırmış. Amma bu epizod mənim yaddaşıma həmişəlik ilişib qalıb. Şuşa ilə bağlı qəlbimdəki həzin xatirələrdən biri kimi. Şuşa yadıma düşən kimi - son vaxtlar, demək olar, hər gün xatırlayram - Xəznə qayası da yadıma düşür. Elə bilirəm ki, məcazi anlamda da olsa, Xəznə də yol gözləyir: yeni qurbanların - xəyanətkarların, günahkarların yolunu.

***

O illərdə, anamın təbirincə desəm, “o gözəl illərdə” hər yay yaylağa - Şuşaya gedərdik. Hər dəfə eyni evi kirayələyərdik. Molla Pənah Vaqifin heykəlindən və bazardan yuxarıda yerləşən - küçənin adı yadımda deyil - bu ev artıq bizimçün doğmalaşmışdı. Qurban kişinin evi. İkimərtəbəli, yaraşıqlı böyük bir ev idi. Biz ikinci mərtəbədə qalırdıq. Burda bizdən başqa bir kirayənişin ailə də vardı. Aşağı mərtəbədə isə ev sahibi öz ailəsi ilə qalırdı. O biri kirayənişinin mənimlə həmyaşıd olan oğlu girəvəyə salan kimi məni vurur, ya da oyuncaqlarımı əlimdən alırdı. Üzünü xatırlaya bilmirəm. Kök, o qədər kök ki, yeriməyə də çətinlik çəkən bir oğlan uşağının silueti gəlir gözümün önünə. Anası da hündürboy, şişman qadınıydı. Bir dəfə yenə də oğlu saçlarımdan yapışmışdı. Anam məni uşağın cəngindən almağa çalışarkən acıqlı-acıqlı gəlib oğlunu çəkib aparmışdı. Anlaya bilməmişdim ki, oğluna acığı tutub, yoxsa bizə?

Qurban kişinin Afət adlı qızı da xatirimdədir. Hündürboylu, gözəgəlimli bu yeniyetmə qızla yanaşı dayananda özümə həddən ziyadə cılız görünmüşdüm, deyəsən. Çünki “niyə mən də belə ucaboy deyiləm” deyə üzüldüyüm də dumanlı şəkildə yadıma gəlir.

***

Bunları niyə xatırlayıram? Son vaxtlar Şuşada keçirdiyimiz ayların, günlərin, saatların bütün təfərrüatlarını yada salmaq, elə bil Şuşanı yaddaşımda bərpa eləmək, geri qaytarmaq istəyirəm. Bəzən saatlarla gözlərimi yumub ən xırda, ən əhəmiyyətsiz sayıla biləcək epizodları xatırlamağa cəhd göstərirəm. Mağazadan üçkünc kağız qutuda süd almağımız, sonra boşalmış qutuları zibil qabından götürüb içinə balaca həşəratları yığmağımız, o həşəratlardan qorxmağım, həmyaşıdlarımın qorxaqlığıma gülmələri... sanki dünən baş verib. Sanki dünəniydi, nəyəsə acıqlanıb gəlinciklərimin - atam Aranda qalırdı, həftəsonu bizi yoxlamağa gələndə mütləq mənə və bacıma nəsə bir oyuncaq alıb gətirirdi - qol-qıçını kəsib ikinci mərtəbədən yerə atmağımı, qonşu uşaqların həmin kəsik “baş”ları, “qol” və “qıç”ları səliqə ilə yerinə bağlayıb oyuncaqlarımla həvəslə oynamalarını, onlara və gəlinciklərimə həsədlə baxmağımı xatırladıqca mənə elə gəlir, elə Şuşadayam, elə uşağam və bu dəqiqə anamın səsini eşidəcəyəm: “Üstünü bulama, bacının əlindən tut...”

***

Xalq artisti Firəngiz Mütəllibovagillə münasibətimiz olduğunu isə sonralar qardaşlarımdan eşitdim.Televiziyada hansısa tamaşada gənc aktrisanı görəndə heyrətlənmişdilər: Bəhər müəllimin qızı. Böyük qardaşım həvəslə Firəngizlə voleybol oynamağından danışardı. Mənsə xatırlamıram. Əslində Şuşa ilə bağlı yaddaşımda çox az şey qalıb. Cıdır düzünə getməyimiz yadımdadı. Şəkil çəkdirməyimiz. Bir şəkildə elə küskün pozada durmuşam ki, elə bil məni silah gücünə fotoaparatın qarşısında dayanmağa məcbur ediblər.

Amma buna yüzdə yüz əminəm: Cıdır düzü uşaqlıqda da ən sevdiyim yeriydi.

İllər şəkillərə də təsirsiz ötüşmür. Onlar da yaşlaşır. Rəngləri saralır. Amma nə yaxşı, bu şəkillər var. Adam baxır, xeyli sakitləşir. Düşünürsən ki, gedə bilməsən də, görə bilməsən də, orda səndən nələrsə var, sənə aid nələrsə var.

Çox şey var.

Hər şey var...

***

Bir dəfə anamla bazara getmişdik. Mürəbbəlik böyürtkən almağa. Böyük bir vedrə dolusu böyürtkən aldıq. Həmişə bazara gedib gəldiyimiz küçənin solundakı dar səki ilə geri qayıdırdıq. Səkinin ortasında enişlə yoxuşu tənzimləyən dar bir pilləkən vardı. Pilləkəni qalxırdıq ki, anamın ayağı burxuldu, yerə yıxıldı. Əlindəki vedrə də aşdı. Böyürtkən yerə səpələndi. Dördümüzün də - qardaşlarımın, kiçik bacımın və mənim əyilərək anamın yarasına necə baxmağımız, ufuldamağımız, sonra isə heç nə olmamış kimi, yerə dağılan böyürtkənləri toplamağa can atmağımız, ha çalışsaq da, vedrəmizin dolmamağı gözümün qabağındadı.

Vedrəmiz dolmasa da, o gün gözümüz və qarnımız doydu. Bir əlimizi vedrəyə atırdıqsa da, bir əlimiz ağzımızdaydı...

Həmin gün anamın dizləri əməlli-başlı əzilmişdi. Amma mənim fikrim vedrədəydi. Gözləyirdim ki, anam indicə bizi sorğu-suala çəkəcək: vedrəmiz aşandan sonra böyürtkənlərimiz niyə azaldı? Guya yerdə nə vardısa, toplamışdıq, vedrəyə yığmışdıq. Amma evə niyə ala-yarımçıq vedrəylə qayıtmalı olduq?

Mənə elə gəlir, bizim evdə toza-torpağa bulaşmış o böyürtkənlərdən bişirilən mürəbbədən daha dadlısı olmadı. Nə əvvəl, nə də sonra...

***

Axşamçağı Şuşa əhlinin “İstirahət evi” adıyla məşhur olan meydançaya toplaşmağının da bir ayrı ləzzəti vardı. Çalğıçılar, şaqraq musiqi, rəqs, xanəndələr... Əsl “musiqi akademiyası”ydı. Qadınlar təkcə musiqiyə qulaq asmağa gəlmirdi bura, aydın məsələydi, duzlu-məzəli, maraqlı söhbətlərin, qeybətlərin də məkanıydı bura: bütün Şuşa burada müzakirəyə çıxarılar, məişət məzmunlu bir sıra önəmli qərarlar burada alınardı. Oğlanlar burda qız bəyənər, qız-gəlinlər qızılı-qırmızı donlarını geyib burda göstərərdilər.

Sümüyə düşən rəqslər olanda tamaşaçılar da ayağa qalxıb rəqqasələrə qoşular, rəqs edər, yallı gedərdilər. Bir dəfə gənc qızların səhnədə rəqs elədiyini görüb mən də həvəslənərək onlara qoşulmaq istəmişdim. Amma görünür, hərəkətərimin nahamvarlığı konsertmeystrin gözündən yayınmamışdı. Əlini-qolunu ölçə-ölçə işarə etmişdi ki, səhnəni tərk eləyim. Pisikmiş halda anamın yanına qaçmışdım. Yaman utanırdım. Yaxşı ki, böyüklərin başı söhbətə qarışmışdı, mənim həyəcanımdan xəbərləri olmadı.

Amma konsertmeystr də haqsız deyidi. O vaxtdan otuz il keçəndən sonra da gözəl rəqs etməyi öyrənəmmədim. ***

İlk sevgiyə də burda şahidlik eləmişdim. Bu, yəqin ki, mənim uşaq qəlbimin sevgi haqqında ilk təsəvvürüydü. Oğlanlardan biri qonşuluğumuzdakı yeniyetmə qızlardan birindən gözünü çəkmədiyinə və “İstirahət evi”ndən evə qayıdanda dəstəmizi qarabaqara izlədiyinə görə bəlli olmuşdu ki, bu oğlan bizim qızı “istəyir”. Oğlanın kimliyi araşdırılmışdı və bəlli olmuşdu ki, nə qalalıdı, nə şuşalı. Gəlmədi, ağdamlıdı.

O gündən sonra o oğlan məhləmizin ətrafında çox dolaşdı. Hər axşamçağı başmaq seyrinə çıxan dəstəmizi çox izlədi. Və bir gün deyəsən, qızımızın könlünü aldı.

Axşam gəzintilərimizin sayı artmağa başladı, məhlənin gənc qızları biz uşaqlara həmişə olduğundan daha çox diqqət göstərməyə başladılar. Bizi də hər gün özləriylə gəzməyə apardılar.

İndi anlayıram ki, əslində biz bir bəhanə imişik. Sevgililər üçün məsum bir bəhanə. Çünki artıq o gözəl oğlan bizi kənardan izləmirdi. Yaxınlaşırdı, dəstəmizə qatılırdı, nədənsə danışırdı, sevdiyi qız və rəfiqələri maraqla ona qulaq asır, danışıb gülürdülər.

***

Görüşlərimizin birində o oğlan mənə bir nişan bağışlamışdı. Evə qayıdandan sonra qardaşlarımdan öyrənmişdim ki, adını unutduğum o yaraşıqlının - bəlkə də onun adını heç yerli-dibli bilməmişdim - öz əli ilə yaxama bağladığı bu qırmızı sancaq oktyabryat nişanıdı. Niyə mənə məhz bu nişanı vermişdi? Ola bilsin, tezliklə oktyabryat olacağıma işarə etmək istəmişdi. Ya da ola bilsin, özü komsomolçu imiş. Bir komsomolçu bir uşağın könlünü daha necə ala bilərdi ki...

O nişanı qiymətli bir hədiyyə kimi uzun müddət saxladım...

O oğlansa uşaqlıq xəyallarımın bəlkə də həmişəlik qəhrəmanı oldu.

Uzun müddət mənə elə gəlmişdi ki, dünyanın ən yaraşıqlı, ən ağıllı, ən sevimli, ən güclü, ən cəsur dəliqanlıları məhz Ağdamda doğulur!

Və aradan illər keçəndən sonra - baxmayaraq ki, artıq böyümüşdüm - Qarabağ müharibəsinin qanlı-qadalı günlərinin birində Ağdam işğal olunanda təsəvvürlərim də alt-üst olmuşdu. Sadəlövhcəsinə düşünmüşdüm: Ağdam da təslim ola bilər? Bu, necə baş vermişdi, bəs Ağdamın “ən ağıllı, ən güclü, ən cəsur” dəliqanlıları hardaydı? Doğrudan, hardaydı onlar? Ermənilər onların hamısını qırıb-çatıbmı almışdı Ağdamı, yoxsa?..

Ermənilər bu igidləri necə məğlub etmişdilər? Bu, mümkünmüydü?

Daha heç nəyə təəccüblənmirəm.

Daha dünyanın ən yaraşıqlı, ən cəsur, ən ağıllı oğlanlarını da hərbi geyimdə təsəvvür eləmirəm. Eləyə bilmirəm. Hərdən mənə elə gəlir, ermənilər Şuşayla bahəm Şuşada keçən uşaqlığımı, Şuşayla bağlı xatirələrimi də işğal eləyiblər. Oğurlayıblar. Ermənilərə əslində Şuşa yox, bizim Şuşada keçən uşaqlığımız, Şuşayla bağlı xatirələrimiz, dünya haqqında ilk təsəvvürlərimiz, ilk sevgi tarixçələrimiz, ilk zümzüməmiz, ilk pıçıltımız, ilk şerimiz lazımdı. Ona görə qaytarmaq istəmirlər Şuşanı.

Bu şəhərin fəlsəfəsindən, mistikasından ayırmaq, qoparmaq istəyirlər bizi...

***

Qarabağda vəziyyətin daha həmişəki kimi olmadığını da ilk öncə böyüklərin söhbətlərindən anladım. 1988-ci ildə Əsgəranda ermənilərin iki azərbaycanlını qətlə yetirməsi Qarabağın yuxarısında ermənilərlə azərbaycanlılar arasında münasibətlərin düşmənçilik həddinə çatmasının ilk qanlı siqnalı oldu.

Müharibə başlandı...

Biz daha yayda yaylağa - Şuşaya gedəmmədik.

Topxanada Ağaclarımızı qırdılar.

Sonra Adamlarımızı qırdılar.

Şuşa yaxınlığındakı Malıbəyli işğal olundu. Bu kənddə yaşayan qohumlarımız ayaqyalın, başıaçıq kəndimizə pənah gətirəndə, anam qırmızı zərli örtüyü yükün üstündən yerə salıb qonaq-qara üçün əziələyə-əzizləyə saxladığı ipək üzlü yorğanlarımızı malıbəylilərə paylayanda başa düşdüm ki, müharibə həm də budu: insan böyüyüb boya-başa çatdığı, daşının-divarının üstündə əsdiyi evinə həsrət qalır.

Gözləyir ki, sığındığı evdə nə vaxt qazan asılcaq, süfrə açılacaq və o da əlini həmişə ərklə uzatdığı süfrəyə artıq çəkinə-çəkinə, qısıla-qısıla uzadacaq, əti-ətini yeyəcək...

Müharibə həm də buydu: kimin qorxaq, kimin cəsarətli olması bütün elə bəlli olurdu. Malıbəyli köçkünləri həmkəndliləri Cəsarət adlı oğlanın cəsarətindən, igidliyindən, onun axıradək doğma kənd uğrunda kişi kimi döyüşməsindən, kənddəkilərin gözü qarşısında kişi kimi ölməsindən fəxarətlə danışırdılar və mən düşünürdüm: Qəhrəmanlığın bir adı da elə Cəsarətdir!

Malıbəyli işğal altındaydı və mən dəhşətlə gözümüzün önündə baş verənləri izləyirdim: ermənilər Şuşaya bir addım da yaxınlaşmışdılar.

Amma o vaxt kimin ağlına gələrdi ki, Şuşanın yerləşdiyi yüksəkliyə ermənilərin əli çata bilər...

***

Bu epizodu da heç unuda bilmirəm. Kəndimizə pənah gətirən malıbəylilər arasında bir müəllim vardı. O günlərdə vacib bir iş üçün Ağdamdan Şuşaya gedərkən son anda qorxduğunu etiraf edərək helikopterdən aşağı enmişdi. Şuşaya getməmişdi. Helikopterdə onun şagirdləri də varmış. Buna görə də qohum-əqrəba onu qınayırdı ki, qaçqınçılıq-köçkünçülük qurtarandan sonra - buna necə də inanırdılar - jurnalı əlinə götürüb sinif otağına girəndə o uşaqların - şagirdlərinin üzünə necə baxacaqsan?

Az sonra xəbər yayıldı ki, ermənilər həmin helikopteri vurublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır