Modern.az

“Məşhur tələbə yoldaşım” - “Şahmarın ölüm xəbərini sükan arxasında eşidəndə, qəzaya uğradım” - LAYİHƏ

“Məşhur tələbə yoldaşım” - “Şahmarın ölüm xəbərini sükan arxasında eşidəndə, qəzaya uğradım” - LAYİHƏ

12 İyul 2014, 13:12

“Həsən Əbluc onun qəbri üstündə möhkəm ağladı, dedi ki, “darıxma, qardaşım, mən də tezliklə gələcəm” və iki ildən sonra rəhmətə getdi...”


Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.

Modern.az saytı “Məşhur tələbə yoldaşım” layihəsinə davam edir. Layihəmizin budəfəki buraxılışı aktyor, rejissor, ssenari müəllifi, 1992-ci ildə 49 yaşında xərçəng xəstəliyindən vəfat etmiş, ancaq bu gün də çəkildiyi, səsləndirdiyi filmlərlə evimizin qonağı olan Şahmar Ələkbərova həsr olunub. Şahmar Ələkbərov haqqında onun dostu, tələbə yoldaşı, teatr və kino aktyoru Tariyel Qasımov danışır: 

“Dost olduğumuza görə üçümüz də sənədlərimizi İncəsənət İnstitutuna verdik”

“1963-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini qəbul olunmuşam. Bir kursda 20 nəfər – 10 qız, 10 oğlan olmuşuq. Şahmar Ələkəbərov, Həsən Əbluc, Səfurə İbrahimova, Nurəngiz Gün, Bayram Hacıyev, Yalçın Rzazadə ilə bir kursda oxumuşuq. İçimizdə ən istedadlımız Şahmar Ələkbərov olub, yəni bütüm müəllimlər inanırdılar ki, o gələcəkdə böyük bir aktyor olacaq. Amma həmin kursdan Yalçın Rzazadə kimi müğənni, Həsən Əbluc kimi gözəl aktyor, Səfurə İbrahimova kimi gözəl aktrisa çıxıb. Mən də onların içində olmuşam.
Şahmar Ələkbərov indiki Goranboy rayonunda doğulub, sonra Gəncəyə köçüblər. Sonra gəlib Bakıda orta məktəbi qurtarıb. Şahmar, mən, Həsən (Həsən Əbluc) dost olmuşuq. Biz tanış olanda hələ İncəsənət İnstitutunda oxumurduq. Mən Bədən Tərbiyəsi İnstitutunda, Həsən Politexnik İnstitutunda, Şahmar isə 10-cu sinifdə oxuya-oxuya Lütfi Məmmədbəyovun dram dərnəyinə gəlirdik, sonra ora xalq teatrı oldu. Orada tanış olmuşuq və dost olduğumuza görə qərara gəldik ki, aktyorluğa gedək. Üçümüz də sənədlərimizi Teatr İnstitutuna verdik və qəbul olduq. Dostluğumuz oradan başlayıb.

İkinci kursu qurtarıb, üçüncü kursa keçmişdik. Hamı tətilə çıxmışdı. Mən Ağstafa rayonundan olduğum üçün rayona, kəndimizə gəlmişdim. Biz yay vaxtı yaylağa gedirdik, anam, uşaqlar yaylaqda idi. Amma mən nədənsə kənddə qalmışdım. Aradan bir 10 gün keçmişdi ki, bir də gördüm, Həsən Əbluc, Şahmar Ələkbərov və müəllimimiz Məlik Dadaşov bizim kəndə gəldilər. Atam onları qarşıladı, hamımızı yaylağa göndərdi. Yaylaqda dincələn vaxtı meşədə bir erməni dəlləyinə rast gəldik və  Şahmar, Həsən, mən qərara gəldik ki, başımızı keçəl qırxdıraq.
İstəyirdik instituta gələndə uşaqlardan fərqlənək ki, biz kənddə, yaylaqda olmuşuq, başımız da keçəldi. Mən onların ikisindən də yaşda böyük idim. Bizdə ən kiçiyi Şahmar idi. Yəni Şahmar Həsəndən bir-iki yaş, Həsən də məndən bir dörd yaş kiçik idi. Ən böyüyü mən idim. Dedim ki, ən kiçiyimiz kimdirsə, o qırxdırsın başını. Şahmar dedi: “Niyə, yol böyüyündür. Əvvəlcə böyük qırxıdırsın”. Yəni mən qırxdırmalıyam da. Mən də oturdum başımı keçəl qırxdırdım. Məndən sonra Həsən gəlirdi, Həsən də başını keçəl qırxdırdı. Növbə Şahmara çatanda bir də gördük Şahmar meşəliyə doğru qaçır. “Adə, hara qaçırsan?”. O başını qırxdırmaq istəmədi və qırxdırmadı da. Yəni məni də, Həsəni də aldatmışdı. Sonra bizim yanımıza gəlib dedi, “ayə, sizi instituta qəbul etməyəcəklər. İnstitut keçəl-küçəl yeri deyil”. Yəni mən saçlı oğlanam, siz keçəlsiniz. Şahmar o vaxt belə bir zarafat etmişdi”.

“Atam aktyorluğa getdiyimi biləndə mənimlə əlaqəni kəsdi”

“Şahmar Ələkbərov çox sakit, mədəni oğlan idi. Özü də çox yaxşı oxuyurdu. Eyni zamanda böyük sənətkar idi. Aktyorluqda heç kim ona çata bilmirdi. Aktyor var, teatrda yaxşı rollar oynaya bilər, amma kinoda çəkilə bilmir. Aktyor var, kinoda şedevr yaradır, teatrda iki addım yeriyə bilmir. Amma Şahmar həm teatr, həm kino aktyoru kimi dahi bir insan idi, vəssalam. Mən onu deyə bilərəm. O, adi bir insan, sadə bir aktyor, amma istedadlı bir aktyor idi. Həm də yaxşı dost idi. Atam biləndə ki, mən Bədən Tərbiyəsi İnstitutunu atıb aktyorluğa gəlmişəm, Teatr İnstitutuna girmişəm, mənimlə əlaqəni kəsdi. Yəni mənə pul göndərmədi. Şahmar gördü ki, rayondan gəlmişəm, vəziyyətim ağırdır, götürdü məni evlərinə apardı, anasına dedi, Tariyelin atası ondan küsüb, pul göndərmir, yəni bunun imkanı yoxdur və 4 il mən onların evində qalaraq institutu oxuyub qurtarmışam.

Şahmar institutu qurtaran kimi hərbi xidmətə getdi. Getməmişdən əvvəl anasına demişdi ki, “mama, mən əsgər gedirəm, qoy Tariyel evdə qalsın ha”. Anası da məni buraxmadı. Yəni mamaşa (Şahmarın anası olduğuna görə ona mamaşa deyirdim) tək qaldığına görə mən orada qaldım. Hətta evləndim və Şahmar əsgərlikdən qayıdana qədər ailəmlə o evdə yaşadım. Şahmar gələndən sonra isə başqa yerə kirayə keçdim”.

““Sahilsiz gecə” filminə görə onu qınadılar”

“Həqiqətən, Şahmar xəstə olandan sonra daha çox işləyirdi, elə bil hiss edirdi ki, gedəcək. İstəyirdi ki, xalqına, tamaşaçılarına yadigar nəsə qoysun. O, rejissorluq etdiyi “Sahilsiz gecə”, “Qəzəlxan” filmləri üçün məni çağırıb, deyib ki, “Qasımov, (Şahmar həmişə məni soyadımla çağırırdı. Çünki mən yaşda ondan böyük idim) bax, bu ssenaridir, oxu, hansı rolu ürəyin istəyir götür, oyna”. Və mən hər iki filmdə oynamışam. Şahmar o filmləri çəkərkən xərçəng xəstəliyinə yoluxmuşdu və ağrılarla, müalicə ala-ala filmlər üzərində işləyirdi.

“Sahilsiz gecə” filminə görə onu qınadılar. (“Sahilsiz gecə” filmi Zibeydə adlı bir əxlaqsız qadının həyatından bəhs edir). Ancaq “Sahilsiz gecə”ni Şahmar yazmamışdı ki, onu (“Toyuğun Diri Qalması” povesti ) Elçin Əfəndiyev kimi tanınmış bir yazıçı yazmışdı. Şahmar Elçin Əfəndiyevin yazdığı ssenari əsasında kino çəkmişdi. Quruluşçu rejissor Şahmar idi deyə, ona irad tuturdular ki, bu nə mövzudur, fahişədən kino çəkirsən? Amma sonra məlum oldu ki, çox aktual bir mövzudur, həyatda belə şeylər var. Biz indi yalandan nəyisə gizlədirik, istəmirik, amma belə şeylər var. Əksinə, o ibrət dərsi olmalıdır. Şahmarın çəkdiyi film tamaşaçıya çox şey deyə bilərdi ki, belə olma, vəssəlam. O filmin çəkilişləri vaxtı Şahmara baxa bilmirdim, xəstəydi, ürəyim ağrıyırdı. Yəni demək istəyirəm, “Sahilsiz gecə”ni çox əziyyət çəkə-çəkə çəkib, amma həqiqətən gözəl film alınıb”.



“Şahmarla dostluğumuz o vəfat edənə qədər davam etdi”

“Şahmar çox ailəcanlı idi, ailəsini o qədər sevirdi. Həmişə ailənin başında idi. Əkiz qızlarını həyatı qədər sevirdi. Çünki o iki qızın ikisi də gözəl idi. Şahmar o vaxtkı “Abşeron” mehmanxanasının restoranında əkizlərin ikisinin də toyunu bir gündə etmişdi. Özü elə etmişdi. Ola bilərdi biri gec ərə gedərdi, toyunu görməzdi. Amma o elə etdi ki, ikisi də eyni gündə ailə həyatı qurdular.

Şahmarla olan dostluğumuz o vəfat edənə qədər davam etdi. Şahmar da, Həsən də dostlarına çox sadiq adamlar idi. Şahmar istəmirdi ki, hətta ən yaxın dostları olan biz onu xəstə vəziyyətdə görək, yaxşı deyildi. Dostları onun elə tez getməyinə yanır, tökülür. Heç kim istəməzdi, hətta tamaşaçıları danışdıranda, Şahmar haqqında söhbət gedəndə, onların üzündəki ifadədən kədərləri hiss olunur ki, yəni heyf elə bir sənətkardan tez gedib. Biz də ürəkdən yanırıq, heyf belə bir dostumuz həyatdan çox tez getdi. Şahmar kimi gözəl insan, gözəl dost... Allah rəhmət etsin.

Məncə, Şahmar sağlığında yetərincə qiymətləndirildi. Çünki çox vaxtında həm əməkdar artist, həm xalq artisti adını alıb. Baxmayaraq ki, müəyyən səbəblərə görə “Azdrama” dan çıxıb kinostudiyaya getdi, amma o böyük istedad idi. Mən o səbəbləri açıb deməyəcəm. Demək istəyirəm ki, Şahmar teatrda çox işlər görə bilərdi, amma teatrda az oldu.

Şahmar Ələkbərov unudulmazdır. Çünki onun çəkildiyi filmlər ekranda gedir. Mən də müsahibələrimdə demişəm ki, Şahmarla, Həsənlə dost olmuşuq. Hətta bizim gənc tamaşaçılar da onu həyatda, ya canlı səhnədə görməsələr də, mənə rast gələn kimi o saat Şahmarı da yada salırlar ki, Şahmar Ələkbərov kimi böyük aktyorla dost olmusuz. Yəni Şahmar həmişə xatırlanır. O heç vaxt yaddan çıxmayacaq. Nə qədər ki, Azərbaycan kinoları ekranda gedəcək, Şahmar da həmişə yaşayacaq.

Onun ölüm xəbərini eşidəndə maşınla gəlirdim. Həyəcanlı olduğumdan maşını vurdum. Çox böyük qəza olmadı, sonra özüm maşını təmir etməyə apardım. Yas yerinə gəldim, Şahmarın evi kinostudiyanın yanında idi. Oradan da qəbiristanlığa gedib dəfn etmişik. Bizim yarımız getmişdi... Mənim yaxşı yadımdadır, Şahmarı qəbrə qoyub üstünü örtəndə Həsən Əbluc onun qəbri üstündə möhkəm ağladı və dedi ki, “darıxma, qardaşım, mən də tezliklə gələcəm”. Və iki ildən sonra Həsən Əbluc rəhmətə getdi”.





Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır