Modern.az

"Atəşkəsin pozulması erməni ordusunun zəifliyini üzə çıxardı"

"Atəşkəsin pozulması erməni ordusunun zəifliyini üzə çıxardı"

6 İyul 2010, 13:12

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) iyun ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə ötən ay dünyada baş verən ən mühüm hadisələri təhlil edib.

M.Əhmədoğlu deyib ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı ciddi və kəskin sanksiyalar nəzərdə tutan qətnamə qəbul etməsindən sonra Türkiyə və Braziliyanın birgə səyi ilə Tehranda imzalanmış müqavilə öz əhəmiyyətini itirib: "İran əleyhinə qətnamənin qəbul edilməsində Rusiya, ABŞ və Fransanın mühüm rolu oldu. BMT Təhlükəsizlik Şurasının qətnamə qəbul etməsinə, İranın Türkiyə və Braziliyanın səyi ilə müqavilə imzalamasına baxmayaraq, rəsmi Tehran uranın 20 faizədək zənginləşdirilməsi prosesini dayandırmayıb. İran indiyə kimi 17 kq uranı 20 faizə qədər zənginləşdirib".

SİTM sədri iyun ayında Mərkəzi Asiya regionunda baş verən hadisələri təhlil edərkən daha çox Qırğızıstan haqda danışıb. Politoloq deyib ki, Qırğızıstanın cənubunda proseslərin səngiməməsi ilk növbədə əhalinin talançılıq psixologiyasına malik olması ilə bağlıdır. Onun sözlərinə görə, İranın bu regionda aktivləşməsi tərəflər arasındakı qarşıdurma meyllərini daha da gücləndirib.

M.Əhmədoğlu Qafqazda cərəyan edən ictimai-siyasi hadisələrdən danışarkən diqqəti Ermənistanın hərbi-siyasi-diplomatik müstəvidə üzləşdiyi məğlubiyyətə yönəldib. SİTM sədri deyib ki, ötən ay Dağlıq Qarabağda atəşkəsin pozulması nəticəsində erməni ordusunun zəif cəhətləri üzə çıxıb: "Ermənilər iddia edirlər ki, Azərbaycan iyun ayında 220 dəfə atəşkəsi pozub. Artıq erməni ordusunun üzləşdiyi itkiləri gizlətmək mümkün deyil. Cəmi bir neçə gün ərzində ermənilər Füzuli istiqamətində 1, Ağdam istiqamətində isə 4 hərbçi itiriblər. Bu müddət ərzində biri ölümcül olmaqla dörd erməni hərbçisi yaralanıb. Erməni ordusunun məğlubedilməzliyi haqda cəfəngiyyatlara artıq bu ölkənin prezidenti, müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi də inanmır".

Azərbaycana gəlincə, politoloq deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rəsmi Bakının mövqeyindəki dəyişikliklərin konturları aydınlaşır. Onun sözlərinə görə, Azərbaycan münaqişənin tənzimlənməsində müstəqil, hücumçu və qətiyyətli mövqe tutur: "Sankt-Peterburq görüşünədək və bu görüşdən sonra baş verənlər Azərbaycanın mövqeyində yeni paradiqmanın olduğunu göstərdi. Ölkə prezidenti Ermənistanın təcavüzünün davamlı şəkildə olduğunu dilə gətirdi. Çünki ermənilər "baş tutmuş fakt" və ya "effektiv idarəçilik" vəziyyətlərindən istifadə edərək, Dağlıq Qarabağın müstəqilliyini tədricən qanuniləşdirmək yolunu tutublar. Ermənilərin pullu ideoloqları, xüsusilə əvvəlllər ATƏT-in Minsk Qrupuna Rusiya tərəfindən rəhbərlik etmiş V.Kazmirovun təbliğatının əsas istiqaməti BMT Nizamnaməsinin 51-ci maddəsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə tətbiqinin qeyri-mümkünlüyünü əsaslandırmağa yönəlmişdi. Guya müharibə olub, artıq qurtarıb, aktiv faza arxadadır və 51-ci maddə tətbiq oluna bilməz. Prezident İlham Əliyev işğalın davamı məsələsini ona görə gündəmə gətirir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə etmək hüququna malik olduğunu unutmasın".

M.Əhmədoğlunun fikrincə, hərbi doktrinanın qəbulu ölkəmizin müharibəyə hazırlaşdığının mühüm göstəricisidir.

Sonda SİTM sədri Gürcüstan haqda da danışıb. Politoloq deyib ki, son vaxtlar bu ölkədə sosial-iqtisadi vəziyyətin pisləşdiyi müşahidə olunur: "Gürcüstanın 3,5 milyard dollar xarici borcu var. Ölkənin qızıl-valyuta ehtiyatı isə təxminən 2 milyard dollardır. "Freedom House" təşkilatının yaydığı hesabatda deyilir ki, hazırda Gürcüstanda korrupsiyanın vəziyyəti E.Şevarnadzenin dövründə olduğu kimidir". 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi