Modern.az

Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycan üçün nə vəd edir?

Ümumdünya Ticarət Təşkilatına üzvlük  Azərbaycan üçün nə vəd edir?

Qarabağ

6 İyul 2010, 14:53

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün gecikməsi son günlər əsas müzakirə mövzularından birinə çevrilib. Qeyd edək ki, quruma üzvülüklə bağlı yaradılan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki,  ÜTT-yə üzvlük istiqamətində aparılan danışıqlar çərçivəsində xidmətlər üzrə təkliflər  artıq təqdim edilib. Məhsullar üzrə yenilənmiş təkliflərin təqdim olunması gözlənilir. Əgər ölkələr istəsələr, onlarla xidmətlər üzrə ayrıca danışıqlar aparıla bilər. Bəs bu quruma üzvlük bizə nə verəcək?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin  eksperti Kənan Kərimzadənin  fikrincə,  uzunmüddətdə dünya iqtisadiyyatına inteqrasiya etməyi qarşısına məqsəd qoyan  kiçik ölkələr üçün təşkilata üzvlük böyük əhəmiyyət kəsb edir. Təşkilatın əsas məqsədinin beynəlxalq ticarətin liberallaşmasını dəstəkləməklə yaranan ticari problemləri həll etmək və dünya iqtisadiyyatının inkişafına töfhə vermək olduğunu vurğulayan K.Kərimzadə ÜTT-yə üzvlüyün alternativsiz olduğunu deyir:
“ÜTT-yə üzvlük ölkələr arasında olan imkanlar bərabərsizliyini müəyyən mənada aradan qaldıraraq  hamının ticarətdən faydalanmasını mümkün edir. Belə ki, əhali tərəfindən istehlak edilən mal və xidmətlərin qiymətlərində baş verən ucuzlaşma son nəticədə yaşam xərclərini azaltmaqla insanlara daha çox istehlak etmək, yaxud yaranan əlavə vəsaiti yığıma yönəltmək imkanı yaradır. Bundan əlavə, xidmətlərin qiymətinin azalması müxtəlif sektorlarda rəqabət qabiliyyətinin artmasını mümkün edir”.  

K.Kərimzadə bildirir ki, ÜTT yə üzvlük bazara rəqabət gətirmək və  qiymətlərin ucuzlaşması  ilə yanaşı xidmətdən istifadənin keyfiyyətinə də təsir göstərir: “Məsələn,  Çinin təşkilata üzvlüyündən sonra  ölkənin mobil sektoruna yeni kompaniyalar daxil oldu və   telefon danışığı xərcləri 30 % azaldı. Rabitədə xidmətlərinin  keyfiyyətində dəyişiklik baş verdi”.  

Mütəxəssisin sözlərinə görə, baryersiz ticarət korrupsiya və inhisarçılığın düşmənidir: “ Əslində əksər hallarda kiçik ölkələrin təşkilata üzvlüyündəki ləngimələr məhz inhisarçıların hökümət üzərində təzyiqləri və korrupsiya amili ilə bağlıdır. Azad ticarət ölkəyə idxal edilən məhsullar üzərində təkəlçilikdən qurtulmaq və hər kəsin idxaldan faydalana bilməsi imkanları yaradır. İnhisarçılığın sıxışdırılmasl ilə ölkəyə gətirilən məhsulların çeşidlərinin çoxalması daha aşağı qiymətlə daha çox seçim imkanını yaradır. Hansıki nəticədə idxaldan əldə edilən fayda artır”.  

Ekspert deyir ki, inkişaf etməkdə olan ölkələrin ticarət əməliyyatlarındakı boşluqlar və bəzi institutların korrupsioner fəaliyyəti ticarətdə şəffaflıq, hesabatlılıq məsələlərini sual altına qoyur. İki ticarət edən ölkənin ixrac və idxal hesabatlarında rəqəmlərdə olan fərqliliyi müəyyən qism vəsaitin gömrük sistemindən və dövlət büdcəsindən yayındırılmasına şərait yaradır: “Qeydiyyatdan keçməyən malların ölkə ərazisinə keçməsi dövlət büdcəsi üçün potensial itki mənbəyidir. Təşkilata üzvlük ticarət zamanı sənədləşmə prosedurlarına çox önəm verməklə şəffaflıq və hesabatlılıqla  yarana biləcək hallara aydınlıq gətirir”. 

O da məlum olur ki, təşkilata üzvlük xarici investisiyaların həcmində birbaşa artıma gətirib çıxarır:  “Kiçik ölkələrdə investisiya mühitinin yaradılması, sığorta və bank sektorlarının inkişafı və inamın yaradılması sahəsindəki problemlər, o cümlədən qanunvericilik bazasına tez tez ediən dəyişiklliklər investorların sərmayə qoymaq üçün seçimlərini digər ölkələrə yönəltmələrinə şərait  yaradır. Ümumdünya Ticarət Təşkilatı  islahatları və qanunları maliyyə sektorunun liberallaşmasını təmin etməklə, xarici inverstorlar üçün əlverişli investisiya mühiti yaradır. O cümlədən  maliyyə sektoruna dövlət müdaxiləsini azaltmaqla özəl sektorda fəaliyyət göstərmək təşəbbüsü doğurur ki, bu da son nəticədə xarici investisiyaların ölkə iqtisadiyyatına axınını gücləndirir”.


  Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər