Modern.az

İranlı nazir Azərbaycanın inkişafının şahidi olduğunu deyir

İranlı nazir Azərbaycanın inkişafının şahidi olduğunu deyir

6 İyul 2010, 18:01

İyulun 6-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan İranın mədəniyyət və İslam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseynini qəbul edib.

Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-İran əlaqələrinin, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlığın davamlı inkişafı xalqlarımız arasındakı qədim dostluq və qardaşlığın göstəricisi kimi dəyərləndirilib.

Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycan-İran əməkdaşlığının perspektivlərinə ümidlə baxdığını söyləyib. O, iki ölkə arasındakı dövlət quruculuğu məsələlərində fərqlilikləri nəzərə alınmasını və ona hörmət prinsipləri ilə əməkdaşlığın dəstəklənməyə layiq olduğunu diqqətə çatdırıb, iranlı nazirin bu səfərinin mədəni əlaqələrimizin genişləndirilməsi və dini maarifləndirmə sahəsində səmərəli olacağını əlavə edib.

Seyid Məhəmməd Hüseyni söhbət zamanı deyib ki, o, ilk dəfə Bakıda 13 il əvvəl olub. Azərbaycanın inkişafının şahidi olduğunu vurğulayan nazir deyib: “İran xalqı Azərbaycan Respublikasının uğurlarında çox maraqlıdır. Heç bir qəzet-jurnal, radio-televiziya sözü ölkələrimiz arasındakı yaxşı münasibətlərə kölgə salmaq iqtidarında deyil. İslam mədəniyyət dinidir. Bunu insanlar arasında yaymaqda biz çoxillik təcrübəmizi bölüşməyə hazırıq”. Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi