Modern.az

Parlament jurnalistləri deputat Əli Hüseynovu necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Əli Hüseynovu necə xarakterizə edirlər?

6 İyul 2010, 18:21

st1:*{behavior:url(#ieooui) }

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Əli Hüseynov barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?   Əli Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir. 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən seçilib. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

 

“525-ci qəzet”-in əməkdaşı Kamil Həmzəoğlu: “Əli Hüseynov parlamentin, ümumiyyətlə, son illər Azərbaycan siyasətinin ən savadlı, ən intellektual, ən sakit və ən abırlı nümayəndələrindəndir. Onun bir siyasətçi, parlamentari və hüquqşünas kimi fəaliyyətinə söz ola bilməz. Həmçinin Əli müəllimi parlamentin aktiv üzvlərindən, ən fəal komitə sədrlərindən saymaq olar. Ancaq bununla belə, Əli Hüseynov jurnalistlərlə münasibətlərin qurulmasında  maraqlı görünmür. Xüsusən də 2004-2005-ci illərdən bu yana. Düzdür, sonuncu dəfə mətbuat nümayəndələrindən yalnız mən onunla─ təxminən 2007-ci ilin ortalarında həm “525” üçün, həm də “1news” üçün müsahibə götürmüşəm və bu zaman bir daha onun savadına, intellektinə heyran olmuşam. Kənardan kosmopolit insan təsiri bağışlasa da, xüsusilə onun milli - mənəvi dəyərlərimizlə, adət - ənənələrimizlə, tarixi keçmişimizlə bağlı bilgiləri, fikirləri mənə ləzzət verib, lakin bir daha qeyd edirəm ki, Əli müəllim nədənsə, son illər jurnalistlərlə öz arasında böyük bir məsafə saxlamağa çalışır. İstərdim ki, Əli müəllim nəhayət jurnalistlərlə arasında olan  bu baryeri qaldırsın və ona ünvanlanmış sualları cavablandırsın. Hesab edirəm ki, bundan bir siyasətçi, bir parlamentari kimi həm onun özü qazanar, həm də ki, cəmiyyətimiz. Eyni zamanda mən çox istərdim və arzu edərdim ki, Əli müəllim 3-cü dəfə parlamentə seçilsin və ən azı birinci vitse-spiker postunda əyləşsin. Buna onun tam haqqı çatır”.

 

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Əli Hüseynovun Milli Məclisdə komitə sədri kimi çıxışlarını nəzərə almasaq, onun passiv deputatlardan heç bir fərqi yoxdur. Dövlət quruculuğu və hüquq siyasəti komitəsində müzakirəyə çıxarılan qanunların Prezident Administrasiyasından daxil olduğunu nəzərə aldıqda, Əli Hüseynovun qanun yaradıcılığında da böyük əziyyət çəkmədiyi görünür. Seçicilərindən eşitdiyimə görə, onu Yevlax və Mingəçevirdə yalnız dövlət əhəmiyyətli tədbirlərdə görmək olar. Jurnalistlərdən kənar gəzir. Özünü yekəxana aparır”.

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Milli Məclisdə özünü təsdiqləmiş millət vəkillərindən və komitə sədrlərindən biridir. Parlamentdə onun yeri hər zaman görünür. Xüsusilə də hüquqi məsələlərlə bağlı Milli Məclisdə avtoritet kimi qəbul olunur. Ancaq jurnalistlərlə münasibəti qaneedici deyil. Jurnalistlər ondan çox çətinliklə müsahibə alırlar. Seçiciləri ilə necə işləməsi barədə məlumatsızam. Ümumiyyətlə bu istiqamətdə xoşagələn bir görüntüyə rast gəlməmişəm. Növbəti parlamentdə onu görmək istərdim, ancaq jurnalistlərlə münasibətlərini tənzimlənməsi şərtilə”.

 

“Media forum” saytının əməkdaşı İmdad Əlizadə: “Milli Məclisin ən savadlı deputatlarındandır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri və Avropa Şurası Parlament Assembleyasında nümayəndə heyətimizin üzvüdür. Çox yaxşı hüquqşünasdır. İstənilən bir məsələ ilə bağlı öz sözünü deyə bilir. Təəssüf ki, jurnalistlərlə münasibəti və əlaqələri sıx deyil. Çox nadir hallarda çətinliklə ondan açıqlama almaq olur. Arzu edərdim ki, jurnalistlərlə münasibətlərini daha da yaxşı etsin. Mən bilirəm ki, o, hüquq və dövlət quruculuğu ilə bağlı istənilən sualı cavablandırmaq iqtidarındadır. Bunu onun natiq və savadlı olmasında görürəm”.

 

 

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Əli Hüseynov sırf peşəkardır. Məncə, onun kimi peşəkar hüquqşünaslara Milli Məclisdə ehtiyac var. Bu, Milli Məclisin işinin daha da yaxşı təşkil olunmasına təsir göstərərdi. Jurnalistlərlə münasibəti pis deyil. Mən heç bir jurnalistdən eşitməmişəm ki, ondan narazılıq etsin. Həmişə onun haqqında xoş sözlər deyilib. Seçiciləri ilə necə işləməsi barədə məlumatsızam”.

 

“Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “Savadlı hüquqşünas və çox maraqlı bir sima kimi tanıyıram. Ancaq hiss olunur ki, jurnalistlərə müsahibə verməyə həvəsli deyil. Seçiciləri ilə necə işləməsi barədə heç nə deyə bilmərəm”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Milli Məclisdə qanunların müzakirəsində aktiv fəaliyyəti göz önündədir. Bunu danmaq mümkün deyil. Ancaq bir neçə il əvvəlki Əli Hüseynovla indiki arasında çox fərq var. Bunu onun mətbuata münasibəti baxınmından deyirəm. Fikrimcə, ona müstəqil mətbuat nümayəndələri ilə açıq ünsiyyətə girməyə qadağan ediblər. Bunu öz təcrübəmə əsasən deyirəm. Seçiciləri ilə necə işləməsindən xəbərsizəm. Ona görə də bu barədə bir söz deyə bilmərəm”.

 

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Əli Hüseynov mətbuata qapalı komitə sədrlərindəndir. Nə vaxtsa hansısa məsələ ilə bağlı parlamentdə açıqlama verdiyinin şahidi olmamışam. Parlamentdəki ən mühüm qanunların qəbul edildiyi komitənin sədri olduğunu nəzərə alsaq, çox jurnalistləri özündən narazı salır. İştirak etdiyi tədbirlər, gördüyü işlər, təqdim etdiyi layihələr barədə danışmağa həvəsli deyil. Yalnız bir neçə media nümayəndəsi ilə əlaqəsi var. Amma çox savadlı hüquqşünasdır, opponentlərinin qarşısına arqumentsiz çıxmır. Özünə qarşı səslənən ittihamlara da təmkinlə yanaşır. Özünəməxsus dünyagörüşü, bəzi dəyərlərə fərqli yanaşmaları var.  Seçiciləri ilə işi barədə məlumatım yoxdur. Ara-sıra mətbuatda yevlaxlıların ondan narazılıq etdiyi haqqında yazılar oxumuşam. Amma bilirəm ki, hüquq-mühafizə orqanları, məhkəmədən şikayətli olan vətəndaşların bir çox problemlərinin həllinə yardımçı olur”.

 

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfiqar Hüseynzadə: “Şəxsi tanışlığım olmasa da, kənardan müşahidələrimə əsaslanaraq onun kifayət qədər savadlı, bacarıqlı bir şəxs olduğunu söyləyə bilərəm. Bir sözlə, onu yerində olan, parlamentimizi urvata mindirən az sayda deputatlardan biri kimi xarakterizə edirəm, ancaq şəxsi keyfiyyətləri barədə məlumatsızam”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Hüquq məsələləri və dövlət quruculuğu sahəsində çox yaxşı qanun layihələri hazırlayır. Səmimi millət vəkilidir. Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkilləri arasında ən yaxşısıdır. İstərdim onun kimi gənc millət vəkilləri parlamentdə daha çox olsun. Jurnalistlərlə münasibəti normaldır. Seçiciləri ilə necə işləməsi barədə xəbərim yoxdur.  Çünki onun fəaliyyətini ancaq parlamentdə görürəm”.

 

 

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Əli Hüseynov Milli Məclisdə deputat həmkarlarından savadlılığı ilə fərqlənir. Onun rəhbərlik etdiyi komitə çox vacib sənədləri müzakirəyə çıxardığında demək olar ki, Əli Hüseynov hər iclasda çıxış edir. Əli Hüseynovun ən böyük istedadı onun istədiyi məsələni ətrafındakılara həqiqət kimi təqdim edib, inandıra bilməsidir. Ancaq jurnalistlərə münasibəti qaneedici deyil. Ondan müsahibə götürmək çox müşkül məsələdir. Seçicilərlə necə işləməsinə gəlincə, bu məsələdən xəbərim yoxdur. Ancaq yaxın vaxtlarda saytımızın əməkdaşı Əli Hüseynovun dairəsindən reportaj hazırlayacaq. Yəqin onda hər şey məlum olacaq”.

 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Kaprizli millət vəkilidir. Jurnalistlərə açıq deyil. Bir dəfə ona hüquq siyasəti ilə bağlı sual verdim, cavabı belə oldu: “Mən düşünmürəm ki, mən bu suala cavab verə bilərəm”. Məncə, jurnalistləri başından etmək üçün onun istifadə etdiyi bir metoddur. Fəaliyyətinə gəlincə, demək istərdim ki, çox savadlı, perspektivli millət vəkilidir. Qanunverici təşəbbüslərlə çıxışlar edib. Seçiciləri ilə işləməsi barədə məlumatsızam. Onun hansı dairədən seçildiyini də  indiyə kimi bilmirəm. Ümumilikdə onu müsbət xarakterizə edərdim, ancaq mətbuatdan qaçmağı olmasa”.

 

 

Günay MUSAYEVA

 

P.S. Parlament jurnalistlərinüin bəziləri məzuniyyətdə olduğu üçün onların fikirlərini öyrənə bilmədik.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir