Modern.az

"Beş rayon dərhal, iki rayon – Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır"

"Beş rayon dərhal, iki rayon – Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır"

Ölkə

7 İyul 2010, 11:57

Azərbaycan Prezidenti İlham Əliyev “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi idarə heyətinin üzvləri ilə görüşündə münaqişə ilə bağlı müxtəlif fikirlər söyləyib:
"Ermənistanda fikirləşirlər ki, vaxt keçdikcə onların mövqeyi güclənir. Bu, səhv bir yanaşmadır. Onların bütün sahələrdə mövqeləri zəifləyir. Sadəcə dünya ermənilərinin güclü mövqelərə malik olması bugünkü bu status-kvonun saxlanmasını təmin edir. Hələ ki, təmin edir. Amma status-kvo əbədi, uzunmüddətli ola bilməz".

Dövlət başçısı bəyan edib ki, atəşkəs rejimi olsa da, hərbi əməliyyatlar istisna deyil:
“Bu gün o bölgədə sülhməramlı qüvvələr yoxdur, erməni əsgəri, Azərbaycan əsgəri var. Onların arasında bəzən məsafə 40-50 metrdir. Heç kim zəmanət verə bilməz ki, orada xoşagəlməz hadisə baş verməyəcək. Azərbaycan xalqı nə vaxta qədər dözməlidir? Nə vaxta qədər bu ədalətsizliklə barışmalıdır? O vaxt ki, Ermənistan ilə Azərbaycan arasında hərbi balans var idi, bunu müəyyən mənada izah etmək olardı. Amma bu gün bu hərbi balans yoxdur. Biz bunu yaxşı bilirik”.

Prezident İlham Əliyev bildirib ki, beynəlxalq təşkilatların qərarları məsələnin istənilən yolla həlli üçün əsasdır: “Çünki beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən pozulmasına baxmayaraq, onları heç kim inkar etmir. Yəni dünya birliyi və beynəlxalq aləm beynəlxalq hüquq normaları əsasında formalaşıbdır və fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatı, digər təşkilatlar - yəni bu təşkilatların nizamnaməsi, məramı ədalət, demokratiya, hüquq normaları üzərində qurulubdur və istənilən formada münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Əgər Azərbaycan görsə ki, sülh prosesi artıq tükənib, heç bir ümid yoxdur və müharibə yoluna üstünlük verərsə, yenə də beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Çünki Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Biz istəyirik ki, ərazi bütövlüyümüz dinc yolla, danışıqlar yolu ilə bərpa olunsun. Ancaq hələ ki, bu, mümkün deyil”.

Bununla bərabər, dövlət başçısı hesab edir ki, Azərbaycan diplomatik səyləri bundan sonra da davam etdirməlidir. O ki qaldı münaqişənin həllinə, İlham Əliyev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir, edəcək və danışıqlarda Azərbaycanın ərazi bütövlüyü heç vaxt şübhə altına qoyulmayıb:
“Bu gün Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır. Məhz buna görə Azərbaycan bu danışıqlarda iştirak edir və konstruktivlik nümayiş etdirir. Çünki biz bütün dövrlərdə çalışmışıq və buna nail olmuşuq ki, Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır, münaqişə həllini bunun əsasında tapmalıdır. Bu gün həmsədr ölkələr öz fikirlərini bəlkə də daha da açıq şəkildə ortaya qoyurlar. Bir vacib məsələ vurğulanır ki, məsələ öz həllini Helsinki prinsipləri əsasında tapmalıdır. Nədir bu Helsinki prinsipləri? Yəqin ki, indi bunu məsələ ilə məşğul olanlar yaxşı bilirlər. Burada əsas prinsip ərazi bütövlüyüdür. Xalqların öz müqəddəratını təyinetmə, müəyyənetmə prinsipləri də vardır. Ancaq o prinsiplər ölkələrin ərazi bütövlüyünə zərbə vurmamalıdır, onunla ziddiyyət təşkil etməməlidir. Xalqların özünüidarəetmə və öz müqəddəratını müəyyənetmə imkanları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Budur Helsinki prinsiplərinin mahiyyəti və mənası. Bunun əsasında həmsədr ölkələr tərəfindən işlənilmiş təkliflər ortaya qoyulub və Azərbaycan müəyyən istisnalarla bu təklifləri qəbul edir. Bunlar nədən ibarətdir? Bir daha mən bu barədə məlumat vermək istəyirəm. İlk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır. Beş rayon dərhal, iki rayon - Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə beş il müddət nəzərdə tutulub. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir və Azərbaycan bu təkliflərlə də razılaşıb. Çünki bu, münaqişənin həlli üçün vacib olan məsələdir. Çünki bütün təhlükəsizlik təminatları verilməlidir”.

İlham Əliyevin sözlərinə görə, rəsmi Bakı Dağlıq Qarabağda etnik təmizləmə siyasəti aparmaq niyyətində deyil və Azərbaycan xalqı heç vaxt belə çirkin əməllərə əl atmayıb: “Ona görə Dağlıq Qarabağla Ermənistan arasında mövcud yol necə fəaliyyət göstərib, elə də fəaliyyət göstərməlidir və hesab edirəm ki, bu təklif qəbul oluna bilər. Təhlükəsizlik zəmanəti verilməlidir. Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir və hesab edirəm ki, burada da bizim üçün heç bir təhlükə yoxdur. Çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı kontingent bu funksiyanı o vaxta qədər yerinə yetirəcək ki, artıq bütün tərəflər təhlükəsizlik tədbirlərini öz üzərinə götürəcək.
Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur. Bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaq. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz yerlərinə qayıtmalıdırlar. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar və üç həmsədr ölkənin bu yaxınlarda verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Yəni bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən prinsiplərdir və beləliklə, məsələnin həlli üçün yeganə variant ola bilər. Bir daha demək istəyirəm ki, Azərbaycan müəyyən istisnalarla bu əsas prinsipləri qəbul edib və biz Ermənistandan da eyni yanaşmanı gözləyirik. Halbuki bizə çatan məlumat o qədər də müsbət deyil. Görünür ki, Ermənistan tərəfi öz taktikasını davam etməyə üstünlük verir. Yəni ki, onlar münaqişəni maksimum imkanları daxilində maksimum müddətdə uzatmaq və işğalı davam etdirmək istəyirlər”.

Azərbaycanın dövlət başçısı bəyan edib ki, Azərbaycan tərəfi, əlbəttə ki, bununla heç vaxt razı ola bilməz: “Biz uzun illərdir ki, danışıqlarda iştirak edirik, konstruktivlik nümayiş etdiririk. Müxtəlif dövrlərdə Ermənistan tərəfi danışıqları pozub və Ermənistanda baş verən hadisələr danışıqların gedişatına mənfi təsir göstərib. Ermənistan parlamentində terror aktları, Ermənistanda 1990-cı illərin sonunda dövlət çevrilişi və digər cinayətlər münaqişənin həll olunması üçün əsas problem yaradıb. Biz isə həmişə konstruktivlik nümayiş etdirmişik. Bu gün də konstruktivlik nümayiş etdiririk və bu prinsipləri bütövlükdə qəbul edirik. Münaqişə bu prinsiplər əsasında həllini taparsa, mən hesab edirəm ki, Azərbaycanın maraqları tam şəkildə təmin olunacaq. Birinci, Azərbaycan vətəndaşları Dağlıq Qarabağın ətrafında yerləşən bütün bölgələrə qayıdacaqlar. Son illər ərzində Azərbaycan əhalisi artıbdır və əlbəttə ki, o bölgədə demoqrafik vəziyyət qısa müddət ərzində bizim maraqlarımızı tam şəkildə təmin edəcək. Dağlıq Qarabağa, Şuşaya Azərbaycan əhalisinin qayıtması mütləq olmalıdır. Yəqin ki, buna bir qədər çox vaxt lazım olacaq. Ancaq bunsuz bu münaqişə öz həllini tapa bilməz və Azərbaycan bütün imkanlardan istifadə edəcək ki, buna maksimum tez bir zamanda nail ola bilsin”.

İlham Əliyev hesab edir ki, sülhün yaranması, kommunikasiyaların açılması, bölgədə gedən proseslərə müsbət təsir göstərəcək: “Bu gün sirr deyil ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti bizim xeyrimizə dəyişibdir. Biz buna nail ola bilmişik. İstənilən sahədə Azərbaycan Ermənistandan qat-qat üstündür. İqtisadi potensial cəhətdən Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 7-8 dəfə böyükdür. Demoqrafik potensial da Azərbaycanın mövqelərini gücləndirir. Bu gün Azərbaycanın əhalisi 9 milyondur. Ermənistan əhalisi qeyri-rəsmi məlumatlara, amma dəqiq mənbələrə görə 1 milyon 800 min nəfər ətrafındadır. Bu gün bizdə olan məlumata görə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 60 minə yaxın, yəni bir rayonun əhalisi qədər əhali vardır. İqtisadiyyat, coğrafi vəziyyət, demoqrafiya, ordu quruculuğu, sənaye potensialı, geosiyasi vəziyyət və Azərbaycanın bölgədəki, dünyadakı mövqelərinin gücləndirilməsi - bütün bu amillər mövqeyimizi gücləndirir və məqsədə çatmaq üçün bizə imkanlar yaradacaq”.

Prezident İlham Əliyevin sözlərinə görə, son 5-6 il ərzində yuxarıda söylədiyim prinsiplər əsasında Praqa prosesi adlandırdığımız danışıqlar formatı formalaşıb: “Bu gün biz bu prosesin məntiqi sonuna, yaxud da, vacib mərhələsinin məntiqi sonuna yaxınlaşmışıq ki, artıq dekabr ayında Madrid prinsipləri əsasında yenilənmiş təkliflər verildi. Bir tərəf - Azərbaycan tərəfi prinsip etibarilə bu təkliflərlə razıdır. Digər tərəf ya razı deyil, ya da hələ ki, vaxt uzatmaqla məşğuldur. Əgər qarşı tərəf - Ermənistan bu təkliflərə müsbət reaksiya verməsə, onda danışıqların bu formatda davam etdirilməsində heç bir məna yoxdur. Əgər danışıqların bu formatda davam etdirilməsi mümkün olmayacaqsa, o zaman ümumiyyətlə, sülh prosesi haqqında danışmağa dəyməz. Çünki bu günə qədər müxtəlif variantlar müzakirə olunmuşdur, müxtəlif düsturlar əsasında təkliflər verilmişdir. Ancaq nəticə yoxdur. Praqa prosesi adlandırdığımız format, mən hesab edirəm ki, son şansdır. Ermənistan üçün son şansdır ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın və beləliklə, öz gələcəyini, təhlükəsizliyini təmin etsin, daha qorxu içində yaşamasın”. Dövlət başçısı hesab edir ki, bu mərhələ həlledicidir.  

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı