Modern.az

Yeniyetmə məhkumlarla bağlı təhsil layihəsi davam etdirilmir

Yeniyetmə məhkumlarla bağlı təhsil layihəsi davam etdirilmir

7 İyul 2010, 15:52

Bu ilin sonlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində cəza çəkən yeniyetmə məhkumlar üçün Bakı İstintaq Təcridxanasının yanında, Kürdəxanı qəsəbəsində yeni cəzaçəkmə müəssisəsi inşa olunacaq. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəısi Mehman Sadıqov Modern.az-a deyib ki, son illər yeniyetmə məhkumların təhsili ilə bağlı müxtəlif istiqamətdə addımlar atılıb.

”Uşaq koloniyası” kimi tanınan Tərbiyə Müəssisəsində 14-17 yaşında olan 50-dək uşaq cəza çəkir. Onlar əsasən oğurluğa, quldurluğa, qəsdən adam öldürməyə, sağlamlığa qəsdən zərər vurmaya, soyğunçuluğa, narkotik maddə istifadəçisi olmağa görə tutulublar. Müəssisədə respublikanın bütün bölgələrindən uşaqlar var.

Bu uşaqlardan bəziləri cinayət törətmələrinə baxmayaraq, məktəblərdə yaxşı oxuyanlar sırasında olublar.

Ədliyyə və Təhsil nazirliklərinin razılığı ilə 2007-2008-ci tədris ilində Penitensiar Xidmətin tərbiyə müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayan 8 məhkum Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının texnikumlara keçirdiyi test imtahanlarında iştirak edib. Həmin il onların hamısı imtahanları uğurla verərək tələbə adını qazınmışdı. Lakin sonradan həmin məhkum tələbələrin təhsillə bağlı ciddi problemləri yarandı.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətindən saytımıza bildirilib ki, yeniyetmə məhbusların orta ixtisas məktəblərinə imtahan verməsi ilə bağlı 2008-ci ildə həyata keçirilən layihə sınaq layihəsi idi: “Onlar bir il müddətində texnikumlarda oxudular. Dərslər bir il cəzaçəkmə müəssisəsində keçirildi. Amma tədrisi bu şəkildə davam etdirmək mümkün olmadığına görə həmin şəxslərə I kursdan sonra təhsildən möhlət hüququ verildi ki, azad olunduqdan sonra təhsillərini azadlıqda davam etdirsinlər. Artıq azad olunub təhsillərini davam etdirənlər var”. Orta ixtisas məktəblərinə qiyabi daxil olan yeniyetmə məhkumlar cəzaçəkmə şəraitində saxlanıldıqlarına görə onlara təhsillərini normal qaydada davam etdirmələri üçün azadlıq lazımdır. Buna görə də Ədliyyə və Təhsil nazirlikləri arasında əldə olunan razılıq əsasında məhkum tələbələrə təhsildən möhlət hüququ verilib. Razılığa əsasən həmin şəxslər cəza müddətində təhsillərini davam etdirməyəcəklər. Onlar yalnız cəzalarını başa vurub azadlığa çıxandan sonra təhsillərini davam etdirə bilərlər.

Penitensiar Xidmətin mətbuat xidmətindən onu da bildiriblər ki, bu il yeniyetmə məhkumların orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirakı planlaşdırılmır.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəısi Mehman Sadıqov  deyib ki, Azərbaycanda məhbusların cəza çəkə-çəkə ali məktəbdə təhsil alma praktikası da yoxdur.  Tərbiyə müəssisəsində ümumi orta təhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəbi bitirən yeniyetmə məhkumlara azadlığa çıxanda attestat verilir. Penitensiar Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, cəzasını başa vuran keçmiş məhkumlardan bəziləri hazırda ali məktəblərdə təhsil alırlar.

 

2009-cu il ərzində 342-i yetkinlik yaşına çatmayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Yeniyetmə cinayətkarların bir qismi müxtəlif cəza növlərilə canlarını həbsxanaya düşməkdən qurtarsa da, bəziləri məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilir. Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi