Modern.az

Deputat Azay Quliyev ATƏT PA sessiyasında məruzəçini fakt qarşısında qoydu

Deputat Azay Quliyev ATƏT PA sessiyasında məruzəçini fakt qarşısında qoydu

Parlament

7 İyul 2010, 23:22

Xəbər verildiyi kimi Norveçin Oslo şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) on doqquzuncu illik sessiyası öz işinə başlayıb. Tədbirdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.  Oslodan qhtxeber.az saytına verilən məlumata görə sessiyada “Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə” mövzusu ətrafında müzakirələr aparılıb. ATƏT PA-nın sədri Joao Soareşin, Baş katib Spenser Oliverin məruzələri dinlənilib, quruma üzv dövlətlər arasında bu sahədə əməkdaşlıq barədə danışılıb. 
“Qanun aliliyi: transmilli cinayət və korrupsiya ilə mübarizə” mövzusunda 1-ci Komitə üçün hesabatın müzakirəsində Milli Məclisin deputatı Azay Quliyev çıxış edib. Həmin çıxışın mətnini oxucuların diqqətinə təqdim edirik: 

Hörmətli sədr!

Əvvəla, icazə verin məruzəçi cənab Miqliorinin hərtərəfli və maraqlı hesabatına görə ona təşəkkür edim. Hesabat kifayət qədər faydalı və praktikdir. Ancaq hesabata istinad edərək cənab Miqlioridən bir müşahidəsi və ya məsələ ilə bağlı çıxardığı nəticəyə aydınlıq gətirməsini istərdim. Siz qeyd edirsiniz:
“ATƏT-in əhatə etdiyi regionlarda beynəlxalq aləm tərəfindən tanınmayan bir ərazi mövcuddur ki, beynəlxalq səviyyəli nəzarət təmin edilmədiyinə görə orada ticarətin qadağan olunmuş bütün növləri üçün münbit zəmin yaranmışdır. Bu bölgə Transdnestriyadır ki, o həm Moldovanın ərazi bütövlüyü üçün siyasi problemdir, həm də bütün ATƏT bölgəsinin təhlükəsizliyini böyük sual altına qoyur. Bu problem mütləq həll olunmalıdır.”
Bu nəticə doğrudur və mən onunla razılaşıram.
 
Ancaq bildiyiniz kimi, Transdnestriya bu situasiyada olan yeganə ATƏT bölgəsi deyil. Məsələn, 17 ildir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonu Ermənistanın işğalı altındadır. İşğal altında olan və beynəlxalq aləm tərəfindən tanınmayan bu ərazilər də, həmçinin, nəzarətdən kənardadır. Azərbaycanın işğal altında olan və nəzarətsiz qalan torpaqları regionun sülh və sabitliyinə böyük təhlükə təşkil etməklə yanaşı, müxtəlif transmilli cinayətlər üçün istifadə edilir. Buna görə də mən soruşmaq istərdim: niyə məruzəçi cənab Miqliori Azərbaycanın işğal edilmiş əraziləri olan Dağlıq Qarabağ və ətraf 7 rayonu nəzarətsiz bölgə kimi hesabata salmamışdır? Bundan başqa, mən hesab edirəm ki, mövcud münaqişənin həllində ATƏT vasitəçiliyə səlahiyyətli bir qurum olduğuna görə bu fakt ATƏT-in Parlament Assambleyasının bütün mümkün və müvafiq qətnamələrində əks olunmalıdır. Biz bu həqiqəti, reallığı qəbul etməliyik. Ümid edirəm ki, bizim Komitə bu məsələ ilə bağlı özünün doğru qərarını verəcəkdir. 
Diqqətinizə görə minnətdaram.

Qeyd edək ki, səfər zamanı deputatlarımız ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, Elm, texnologiya və ətraf mühit daimi komitələrinin iclaslarında da iştirak edəcəklər. Tədbir çərçivəsində qurumun rəhbər orqanlarına seçkilərlə əlaqədar təşkilati məsələlərə də baxılacaq. Səfər iyulun 11-də başa çatacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!