18 noyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Ağrılı və qürurlu yaddaş
Ağrılı və qürurlu yaddaş
23.07.2014, 09:17

Firuzə Nadir

Yaxud  Azərbaycanın Ağ Damı... 

 “Yaddaş bizi heç kəsin qova bilməyəcəyi yeganə cənnətdir”. Nə yaxşı, Qarabağla – o müqəddəs torpaqla bağlı cənnətimiz – yaddaşımız var. Əgər bu gün övladlarımızın əlindən tutub Ağdama apara bilmiriksə, onun min bir gözəlliklərini göstərib öyünə bilmiriksə, o yaddaşa qalır əlacımız, o yaddaş gəlir karımıza.Hələlik, bəli, hələlik gözəl və vüqarlı şəhərimiz, dinc və məğrur insanların yurdu, havası, suyu, torpağı da muğam oxuyan, gül qoxuyan Ağdamla bağlı yaddaşımız ovudur bizi: AĞRILI VƏ QÜRURLU YADDAŞIMIZ...

Qarabağın aranı ilə dağlıq hissəsinin əsas qapısı olan bu şəhər tək Qarabağın yox, Azərbaycanın AĞ DAMI idi! Hər səhər Günəşə boylanan, onun parlaq şəfəqləri ilə oyanan, fərasətli, qonaqpərvər insanları ilə bəxtəvər olan şəhəri! Bu şəhərin sakinlərinin gözü öz doğma ocağında idi, heç kimin çəpərindən boylanmazdılar, heç kimin bostanına daş atmazdılar, heç kimin toyuğuna “kiş” deməzdilər, heç kimin torpağına göz dikməzdilər. Gələnə qucaq açardılar, ürək açardılar, süfrə açardılar, gedəni hörmətlə, pay-püşlə yola salardılar. Amma bu şəhər qədim tarixi, varı-dövləti, sərvətləri, mədəniyyəti, musiqisi, yüksəlişi ilə yadellilərin gözlərini qamaşdırırdı. Fürsət gözləyənlər çox idi. Və onlar günlərin birində bu dinc, bu gözəl şəhərə də müharibə gətirdilər. Bu müharibə taladı, xarabalığa çevirdi bu şəhəri! Ağ damlı yaraşıqlı evləri alt-üst elədi. Ağdamlıları isti ocağından didərgin saldı. 6 min ağdamlının qapısını “qara kağız”la döydü, 6 min ağdamlı anaya igid oğlunun əvəzinə “qara tabut” gətirdi...

 Ağdam haqqında hazırladığımız filmlə bağlı yenidən yaddaşımı vərəqlədim, yaddaşları vərəqlədim. Bu dəfə xəyalən yox, özüm getdim Ağdama, mənim üçün dünyanın ən gözəl, ən müqəddəs məkanı olan Ağdama. Amma evimizə gedə bilmədim, işğaldan müdafiə olunan kəndlərdən o yana keçə bilmədim. Dilqəm cəsarəti tapmadım özümdə... Torpağımızın, havamızın ətri dəydi burnuma, doyunca ciyərlərimə çəkdim. Göz yaddaşımda donub qalan qolu-budaqlı, atlas yarpaqlı tut ağacının kölgəsində hiss etdim özümü. O tut ağacı ki, təkcə bal kimi meyvəsi, bin-bərəkəti ilə yox, hər gün dibində zümzümə edən sarı samovarın nəğməsi ilə də həyatımızın bir parçası idi. Yaz aylarında təbiətin min bir gözəlliyinə şərik çıxan həyətimizi dörd dolandım sanki. Bu həyət xatirimdə hələ də öz ətrini saxlayan yaz çiçəyinə bənzəyir, ömürlük yadımdan çıxan deyil. O gözəllik, o müqəddəslik, o paklıq, o təmizlik, bir də Atamın nurani çöhrəsi, Anamın mələk siması gəldi gözümün önünə... Nə isə. Yox, bu dəfə onlardan danışmayacağam... Bu dəfə bir mövzumuz var: Azərbaycanın AĞ DAMI...     

Unudulmayacaq dünən...


Ağdam sovet dövründə, nəinki Qarabağın, Azərbaycanın böyük elmi, iqtisadi potensiala malik iri şəhərlərindən biri idi. İldə üç dəfə məhsul verən qara münbit torpaqlı rayon daha çox kənd təsərrüfatı ilə öndə idi: bununla bağlı ikicə faktı yada salacağam, o vaxtlar heç bir rayon taxılçılıqda Ağdamı üstələyə bilmirdi, rayonun 20 nəfər Sosialist Əməyi Qəhrəmanı vardı...

Ağdamın təhsil ocaqları, xüsusilə ötən əsrin ortalarında fəaliyyətə başlayan iki illik Müəllimlər İnstitutu, Kənd təsərrüfütı, Tibb və Musiqi texnikumlarında bütün ətraf rayonlar üçün kadrlar hazırlanırdı. Ağdam Azərbaycana görkəmli dövlət, elm, mədəniyət xadimləri bəxş etmişdi: Xudu Məmmədov, Adilə Namazova, Rəşid və Ziyəddin Göyüşovlar... Sıranı o qədər uzatmaq olar ki. Azərbaycan Müsəlman Ordusunun qurucularından biri, ağdamlı Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev Azərbaycan Respublikasının təltif etdiyi ilk milli ordu generalı olub...

Ağdam, həm də Qarabağın mədəni mərkəzi, musiqi beşiyi idi. O, Azərbaycan mədəniyyət və incəsənətinə də parlaq simalar bəxş edib: Qurban Pirimov, Sara Qədimova, Arif Babayev, Əbülfət Əliyev, Qədir Rüstəmov, Ramiz Quliyev, Ceyhun Mirzəyev, Mənsum İbrahimov... 1952-ci ildə yaranan “Şur” ansamblı Qarabağın səs muzeyi hesab olunurdu. Musiqimizin parlaq simalarının çoxu böyük sənətə məhz “Şur”dan ayaq açıb. Rayonun daha bir məşhur musiqi kollektivi 1971-ci ildə Ağdam Pioner və Məktəblilər Evində yaranan, keçmiş SSRİ-ni də heyran edən “Qarabağ bülbülləri”i idi. Ansamblın Moskvadakı çıxışını dinləyən portuqaliyalı diplomat Antonio Duarte demişdi: “İndiyəcən elə bilirdim ki, dünyada musiqinin beşiyi İtaliyadır. Sizin bu uşaqları dinlədikdən sonra cəsarətlə deyirəm ki, Azərbaycan başdan-başa nəğmələr diyarıdır.” 20-ci əsrin 80-ci illəri Ağdamın mədəni inkişafının “qızıl dövr”ü hesab olunur. Ölkədə böyük əks-səda doğuran”Natəvan” qızlar bayramı, “Xarı bülbül” beynəlxalq musiqi festivalları da, məhz həmin illərin payına düşür...


Ağdamın hər abidəsi, hər kəndi, hər küçəsi, hər məhəlləsi özünəməxsus idi. Elə yerlər vardı ki, rayonun rəmzi, simvolu idi: Seyidli kəndindən olan HacıMahmud ağanın təşəbbüsü və maliyə dəstəyi, Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə 1870-ci ildə tikilən qoşa minarəli məscid belə simvollardan idi. Qarabağ xanı Pənahəli xanın, Xan qızı, şairə Xurşidbanı Natəvanın və oğlunun məzarları qorunan İmarət sonralar beynəlxalq əhəmiyyətli tədbirlərin meydanına çevrilmişdi. Şəhərin mərkəzində, el arasında “od dəyirmanı” kimi tanınan qədim malikanədə yaradılan Ağdam Çörək muzeyi SSRİ-də birinci, dünyada ikinci idi. Bu muzeyə ilkziyarətim, hətta oradakı ayrı-ayrı eksponatlar indiyəcən “gözümün önündə”dir. O vaxt hazırladığım verilişdə onların hər birindən söhbət açmışdım. Məni ən çox heyrətləndirən isə Leninqrad mühasirəsinin iştirakçısı olan bir rus qadınının ən ağır zamanda belə yeməyib saxladığı, kömürlənmiş 150 qramlıq çörək payını gətirib muzeyə verməsi olmuşdu. 20-ci yüzilliyə aid, Şərq üslubunda tikilən 3 mərtəbəli, ağ dəmir günbəzli “Çay evi” isə daha unikal bir abidə idi. Bu bənzərsiz tikilinin layihəsini Mərzili kəndindən olan, ingilis alimi Con Bernalın “canlı və cansız təbiəti birləşdirən böyük alim” adlandırdığı görkəmli kristalloqraf alim, “Tikdim ki, izim qala” bayatısının da müəllifi olan Xudu Məmmədov vermişdi. (Yeri gəlmişkən, tələbə yoldaşım Möhtərəm Rəcəbova ilə hələ o vaxt “Lenin yolu” qəzetində təcrübədə olarkən Xudu Məmmədov, şair Şahmar Əkbərzadə ilə Şuşaya, Turşsudakı yay pioner düşərgəsinə səfərimiz, bu səfərdən hazırladığımız reportaj da yaddaşımın ən əziz xatirələrdəndir.) Qarağacı qəbristanlığı ağdamlılar üçün çox müqəddəs bir məkan idi. Onlar əzizlərini etibar etdikləri bu məzarlığı evlərindən, həyət-bacalarından da abad, səliqə-sahmanlı saxlayırdılar, qoruyurdular. Ağdam bazarı qədimliyi, bolluğu, ən əsası, “Nə istəsən, bu bazarda taparsan” məşhurluğu qazanan, bütün respublikada yaxşı mənada, ad çıxaran bir bazar idı. Və s. və i... AĞDAM sadalamaqla bitən deyil. AĞDAM sadalamaqla tükənən deyil. Adamın inanmağı gəlmir ki, indi həmin yerlər ancaq “yaddaş”dır – heç zaman unudulmayacaq yaddaş. Bu yaddaş səni ağrıtsa da, onunla barışmaq istəməsən də, reallıqdır, acıdan-acı reallıq...

Ağdamın bir özəlliyi də onun sakinləri ilə bağlıdır. işgüzarlığı, zəhmətsevərliyi, fərasəti, məğrurluğu ilə seçilən ağdamlılar harada olsalar, min bir zəhmət hesabına özləri üçün gün-güzəran yarada bilirdilər. İşğaldan əvvəlki illərdə rayonda, onun kəndlərində tikilən müasir evlər, imarətlər, saraylar rayona gələnlərin diqqətini çəkirdi. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bir fikrini xatırlayıram. YAP-ın qərargahında keçirilən mətbuat konfransında Əli müəllim bir jurnalistin “Necə olur ki, məcburi köçkünlər villa tikirlər, bahalı maşınlarda gəzirlər?” sualına belə cavab vermişdi: “...50-ci illərdə biz Ağdam bazarına bazarlığa gedərdik, mən hələ o vaxt orda villalar görmüşdüm, Ağdamın abad evlərini, hasarlarını, çox bahalı darvazalarını görmüşdüm. Yəni ağdamlılar hələ o dövrdə çox yaxşı yaşayırdılar, onlar işləməyi, zəhmətləri hesabına yaxşı yaşamağı bacaran insanlardır...”



Fəlakət gətirən işğal...

Ermənilərin dinc torpağımıza gətirdiyi müharibə Ağdamın da cah-cəlalına, gəlhagəlli və bəxtəvər günlərinə son qoydu. 1988-ci ildə erməni seperatçılarının Dağlıq Qarabağda yenidən fəallaşmasına, fevralın 20-də Xankəndidə “Qarabağ Ermənistanındır” şüarı ilə qanunsuz mitinq keçirmələrinə ilk olaraq Ağdam etiraz səsini ucaldır. Ağdamlılar fevralın 22-də rayonun mərkəzinə toplaşır, Xankəndinə üz tuturlar. Və Ağdam Əsgəran istiqamətində ilk şəhidlərini verir: Əli Hacıyev və Bəxtiyar Quliyevi. Bu iki gənc, həm də Azərbaycanın Qarabağ savaşında verdiyi ilk şəhidlər idi...

O da heç kimə sirr deyil ki, müharibənin ilk günlərindən ən böyük ağırlıq Ağdamın üzərinə düşdü. Qeyrətli oğullar heç bir çağırış olmadan ayağa qalxdılar, Milli Ordumuzun ilk könüllü hərbi hissələri yarandı. Bu hissələr az vaxtda xalqın güvənc yerinə çevrildi. Xocalı soyqırımının ağırlığını da daha çox ağdamlılar çəkdi... Kəsəsi, Ağdam 6 il ermənilərin qarşısında mərdliklə dayandı. Ağdamlılar igid oğulların canı-qanı bahasına öz doğma yurdlarını sonadək qorudular, öz yurdları uğrunda şəhid olmağı bacardılar! Hətta sakinlər şəhərə yağan “Qrad” mərmilərinin altında işlədilər, heç kim şəhərdən çıxmaq haqqında düşünmədi. Lakin 1993-cü ilin gərgin yayında ulu öndər Heydər Əliyev Azərbaycanı naşı, xain siyasi qüvvələrin sürüklədiyi fəlakətdən xilas etmək qətiyyətli tədbirlər gördüyü bir vaxtda xəyanətkarlar Ağdamı müdafiəsiz qoydular. İyulun 23-də rayonun ərazisinin xeyli hissəsi işğal olundu...

O vaxt Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, Fövqəladə Hallar Komissiyasının sədri, Respublika Ali Sovetinin deputatıolan Həmzə Əliyevin yaddaşı: “Erməni təcavüzü başlayandan ağdamlılar işi elə qurmuşdular ki, nəinki erməni, heç onların havadarları da Ağdama girə bilməzdi. Mən də səlahiyyətlərim çərçivəsində çalışırdım ki, hər şey qaydasında olsun. Lakin müəyyən qüvvələr buna mane olurdu. Nə mənada? Biz özünümüdafiə dəstələri təşkil etdik və erməni kəndlərinə yaxın yerdə yerləşdirdik. Aidiyyəti təşkilatlara dəfələrlə müraciət etdik ki, bizə, camaata kömək edin, təhlükə var, lakin bu təhlükə nəzərə alınmadı. Elə “Baxarıq, görərik...” Beləcə, Ağdam laqeydliyin qurbanı oldu. Ağdamı ağdamlılar vermədi, ağdamlılar bir nəfər kimi ölərdilər, Ağdamı verməzdilər...”

Millət vəkili Bəxtiyar Əliyev: “Düşmənlərimiz Ağdamı xüsusi hədəf seçmişdilər və Ağdamı hökmən məhv etmək istəyirdilər. Şübhəsiz ki, burada xarici qüvvələrin bilavasitə əli, rolu var idi. Bu ssenarilər, hətta deyərdim ki, o vaxtkı SSRİ-də deyil, SSRİ-dən kənarda yazılmış ssenarilər idi. O zaman Ağdamın əhalisinin sayı 160 mindən artıq idi. Bu, bütöv Dağlıq Qarabağın əhalisindən çox idi. Təsəvvür edin, bu, necə böyük, möhtəşəm rayon idi. Necə ola bilərdi ki, o, işğal olunsun. Və işğaldan sonra, hətta İkinci Dünya müharibəsi dövründə dinc bir şəhər bu qədər vandallıqla məhv edilməmişdi. Ağdamın daşı daş üstündə qalmayıb. Bu, onu göstərir ki, ermənilərin və bu gün Ermənistanda olan hakimiyyətin bir siyasəti var – etnik təmizləmə, soyqırımı həyata keçirmək...”

Ağdam uğrunda savaşda minlərlə gənc o vaxt çoxlarına əfsanə kimi görünən qəhrəmanlıqlardan keçib. Hansının adını çəkim? Onları biri-birindən ayırmaq günahdır, məncə. Hətta mən düşünürəm ki, Ağdamdan didərgin düşən, Ağdam həsrətinə dözməyərək bu dünyadan nigaran köçən hər bir ağdamlı şəhiddir – o yurdun, o torpağın şəhidi...



...Orta məktəbdə oxuyanda “Lenin yolu” qəzetində tez-tez yazılarım çıxardı. Bu qəzetləri də, aldığım kiçik məbləğli qonorarı da (amma bunlar mənə çox dəyərli idi) poçtalyonumuz Rəhbər gətirərdi. Nədənsə hamı bu balacaboy, arıq, qaradinməz oğlana əzizləyə-əzizləyə “Ması” deyərdi. Özü də Ması filmlərdə gördüyümüz poçtalyonlar kimi velosipedlə gəzməzdi. Payi-piyada düşərdi yolun ağına. Bir xasiyyəti də vardı onun. Heç kimin darvazasını döyməzdi, zəngini çalmazdı. Hamını ucadan adıyla çağırardı. Növbə bizə çatanda isə nə atamı, nə də qardaşımı çağırardı, məni səsləyərdi. Yəqin ona görə ki, mənə qəzet, pul gətirirdi. Onun hər gəlişinə sevinərdim. Axı o, qəzetləri hamıya paylayardı, hamı oxuyardı mənim yazılarımı. Hələ Rəhbərə şeir də yazmışdım: “Sevinc paylayan insan.” Rəhbər mənim nəzərimdə dünyanın ən çox sevinc paylayan, ən xeyirxah insanı idi. O, hamının ən çox yolu gözlənilən qonağıydı. Qocaların təqaüdünü gətirərdi və s. Amma camaat ən çox əsgərlərdən məktub alanda sevinərdi. İndi heç Rəhbərdən xəbərim yoxdu, onu xatırlamaqda isə məqsədim var. İşğalın ilk illərində bir yazımda da Rəhbəri yada salmışdım: “Görəsən, Rəhbər hansı çadır şəhərciyinə sığınıb, gün-güzəranı necədir, yenə məktub paylayırmı? İndi necə, kiminsə gözündə ümid çırağına dönə bilirmi? Məktub demişkən, görəsən, çadır şəhərciklərinə əsgər məktubları gəlirmi? Bu məktublar necə qarşılanır? Əgər Rəhbər bu gün də poçtalyondursa, “qara kağız”ları sahiblərinə necə çatdırır? Əgər poçtalyon deyilsə, görən, xəbəri varmı ki, təkcə 6 min ağdamlı qapısına “qara kağız” gəlib? Və bu gün, görəsən, 6 min ailəyə “qara kağız” gətirən poçtalyona şeir yazmaq olarmı?...                   

16 nəfər ağdamlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 21 nəfər “Azərbaycan bayrağı” ordeni, 7 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 21 nəfər “Hərbi xidmətlərə” görə medalları ilə təltif olunub...

Yazıçı, millət vəkili Aqil Abbas: “Ağdamda 6 minə yaxın adam şəhid olub. Söhbət təkcə ağdamlılardan getmir ha. Mən dəfələrlə demişəm, bir lənkəranlı, bir naxçıvanlı, bir gəncəli, qazaxlı, qubalı, bakılı gəlib Ağdamda döyüşüb, Ağdamda şəhid olubsa, onlar hamısı ağdamlıdır, mənnən çox onlar ağdamlıdır. Bir misal deyim: Lənkərandan bir uşaq şəhid olmuşdu. Atası gəldi, adətən, şəhidləri aparırdılar öz kəndlərində dəfn etməyə. Atası gəldi, aparmadı uşağının meyidini, dedi, şəhid harda olubsa, orda da dəfn olunur, Ağdamda dəfn elədi və oğlunun silahını götürüb getdi səngərə, getdi vuruşmağa – oğlunun yerinə. Bu millət budu ey. İndi millətə deyirlər kimsə qaçdı, filan elədi, yox, güc məsələsi var idi, dünyaynan savaşırdı Azərbaycan. Və müharibə, savaş bitməyib. Bu gün əgər savaşı başlayarsa, Azərbaycan İrəvanacan gedər, heç onun qarşısında keçmiş güclər də dayana bilməz. Ağdam 6 min yox, 60 min də şəhid verər, gedib azad edər torpağını. “Dolu” romanımda ad yoxdu, mən qəhrəman oğullarımızı ümumiləşdirmişəm, onların ruhunu incitmədim. Romanda, yaxud həmən adda filmdə göstərmək istəmişəm ki, insanlar öldülər, şəhid oldular, amma təslim olmadılar. Bu millətin oğlanları həmən o Komandir kimi, Drakon kimi, Pələng kimi, onnarın arxadaşları kimi sabah yenə son damla qanına qədər vuruşub torpağı azad etməyə hazırdı...“

“Azərbaycan bayrağı” ordenli keçmiş döyüşçü Baxşeyiş Hətəmli də elə Aqil Abbasın sözünə qüvvət verir: “Bu gün Ağdamda minlərlə Qarabağ qazisi var, onların hər biri hər an torpaqların azad olunması uğrunda savaşa, döyüşə hazırdır...”

Erməni vandallığı...

İşğal nəticəsində Ağdamın 1094 kvadrat km sahəsinin 846,7 kvadrat km-i, yəni 77,4%-i, bir şəhər, bir qəsəbə, 82 kəndi Ermənistan tərəfindən işğal olunub, bütün tarixi abidələr, maddi-mədəniyyət nümunələri məhv edilib. Təəssüf ki, ermənilərin talançılığı indi də davam edir, gah Ağdamın adını dəyişib Tiqranakert qoyur, gah məhv etdikləri şəhərdə muzey açır, gah da saxta dəlillər düzəldərək guya bu yerlərdə vaxtilə ermənilərin yaşadığını söyləyirlər.

BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz hər birimizin narahatlığını dilə gətirir: “Ağdamdakı abidələr təkcə Azərbaycanın qədim dövrünü yox, dünyanın bir parçası olan Qafqazın tarixini öyrənmək baxımından çox əhəmiyyətlidir, bu abidələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir. Onların çoxu YUNESKO tərəfindən qorunan abidələrdir. Bu gün dünya haqlı olaraq İkinci Dünya müharibəsində alman faşizminə qarşı ikinci cəbhənin açılmasına qarşı Normandiyada qoşunların çıxması gününü təntənəli şəkildə qeyd edir. Amma erməni faşizmi alman faşizmindən qat-qat təhlükəlidir. Alman faşistlərı işğal etdikləri yerlərdə, heç olmasa, maddi-mədəniyyət abidələrini dağıtmamışdılar, insanların yaşayış evlərinə toxunmamışdılar, erməni faşizmi isə Azərbaycan xalqına məxsusluğunu sübut edə bilən bütün maddi-mədəniyyət abidələrini məhv edirlər, onların başlıca təhlükəliliyi burasındadır.”

Ağdamın bu günü...

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova ilə yol yoldaşıyam, rayona birgə gedirik. Sovet dövründə uzun illər kolxoz sədri işləyib, cəsur, hünərli, “şir ürəkli” qadınların canlı timsalıdır. Ağdamın çətin günlərində ön cəbhədə olub, qanlı döyüşlərin iştirakçısıdır, Qarabağ müharibəsi veteranıdır. Nədənsə, o mənə məşhur ağdamlı Xuraman Abbasovanı xatırladır. Arzu xanım iş-gücü, zəhməti ilə bu dövlətə, bu xalqa, bu torpağa sədaqətini yetərincə təsdiq edib. Dövlət də ona dəyər verib, məsul vəzifəyə təyin edib. Hər gün insanların arasındadır, onların qayğılarından halıdır. Yol boyu telefonu susmur, ölkəmizin hər yerindən məcburi köçkünlər zəng edirlər. Hər kəsi səbrlə dinləyir, kiminə toxtaqlıq verir, kiminin problemini həll etmək üçün tez aidiyyəti qurumlara zəng vurur. Arzu xanım özü də köçkünlük dərdi yaşayır. “Kolanıdanam, Soltanbud təpəsindən baxanda görünür, uşaqlığım, gəncliyim orada keçib, evim-eşiyim orada qalıb. Biz ağdamlıları yandıran budur, əlimiz evimizə çatmır, insanlar Ağdam həsrətilə dünyadan köçür. İnanın, Ağdamdan sonra qəbir üstünə gedə bilmirəm. Ermənilər Qarağacı qəbristanlığındakı qəbirlərimizi də dağıdıblar. İndi qorxuram qəbir üstünə getməyə, elə bilirəm əzizlərimin ruhu məndən inciyər, onları ziyarət edə bilmirəm axı. Dövlətimizin yaratdığı şərait hər birimizin ürəyincədir, amma doğma evimizi unutdura bilmir. Bu gün 58 rayona səpələnmiş ağdamlıların ürəyi burdadır. Biz döyüşə hazırıq. Mən özüm də gedərəm, söz xatirinə demirəm,  övladlarımı da apararam.Torpaq övladdan da, anadan da irəlidir...”

Ağdamda gördüklərim yaddaşımı təzələyir. İndi Ağdam təkcə düşmən tapdağında qalan, narahat ruhların şəhəri deyil, həm də sabaha böyük inamla yeni Ağdam quran insanların şəhəridir. Rayonun inzibati mərkəzi sayılan Quzanlıda həyat qaynayır, hamı iş-gücündədir. Prezident İlham Əliyevin qayğısı Quzanlını artıq şəhərə çevirib. Erməni işğalından müdafiə olunmuş ərazidə yeni bir Ağdam qurulur. Prezident İlham Əliyevin Sərəncamı ilə məcburi köçkünlər üçün salınan 82 qəsəbənin 18-i Ağdamdadır, bir qəsəbə də tikilməkdədir. Yeni qəsəbələrdə 40 mindən çox ağdamlı məskunlaşıb, ümumilikdə rayon əhalisinin 90 mindən çoxu Ağdamda yaşayır. Prezidentin diqqət və qayğısı rayonundakı mənzərəni dəyişdirməklə yanaşı, ağdamlıları da yenidən bu gözəl yurda qaytarır. Özü də, qayıdanların çoxu gənclərdir, öz təşəbbüsləri ilə qayıdırlar Ağdama, görülən işlərdə fəallıq göstərirlər, burada ailə qururlar, evlənirlər, çünki talelərini bu torpaqdan kənarda təsəvvür edə bilmirlər. Bu, BÖYÜK AĞDAMA qayıtmaq istəyidir. Dövlət başçısı özü dörd dəfə Ağdama səfər edib. Xanımı Mehriban Əliyeva ilə 2010-cu il noyabrın 11-də Ağdama səfəri zamanı Prezident İlham Əliyevin dediyi “Ağdama qayıdandan sonra yenidən o gözəl tarixi şəhərimizi bərpa edəcəyik” fikri ağdamlıların sabaha ümidini daha da artırır.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Prezident İlham Əliyevin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə bu vəzifəyə təyin edilib. Ağdamın yetirməsidir, bu torpağın Azərbaycana verdiyi bacarıqlı kadrlardan biridir. Anadan olduğu Xıdırlı kəndi işğal altındadır. Bu kənd də, bu kəndin camaatı da Qarabağ müharibəsində erməni təcavüzünə qarşı mərdliklə sinə gərib. Raqub Məmmədovun fəaliyyəti az müddətdə Ağdamda böyük canlanmaya səbəb olub. Ölkə rəhbərinin qəbul etdiyi qərarlar rayonda sürətlə yerinə yetirilir, yollar abadlaşdırılır, yeni yollar, yeni parklar, xiyabanlar, seyrangahlar salınır, məktəblər, uşaq bağçaları tikilir, sakinlərin rifahının yaxşılaşdırılması üçün tədbirlər görülür. Ermənilərin viran etdiyi Ağdam “Çay evi” yenidən tikilir...

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov: “Ümummilli lider Heydər Əliyev ağdamlıları ağır vəziyyətdən xilas etdi. Müdrik rəhbərin müstəsna səyləri nəticəsində Ağdamın qalan ərazisi işğaldan etibarlı şəkildə müdafiə olundu. Ağdamlı köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görüldü. Ağdamlılar o böyük insanın qayğısı ilə özlərində təpər tapıb ayağa qalxmağı bacardılar. Camaatımız ulu öndərin qayğısını bu gün də minnətdarlıqla xatırlayır. Müdrik rəhbərin hələ 1998-ci il oktyabrın 8-də Ağdama səfəri zamanı söylədiyi “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!” fikri isə bu gün də bizim üçün bir çağırışdır. Ulu öndərin məcburi köçkünlərlə bağlı başladığı tədbirləri böyük diqqət və qayğı ilə davam etdirən Prezident İlham Əliyevin köçkünlərimizin problemlərinin həlli, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-qururculuq işlərinin genişləndirilməsi istiqamətində qəbul etdiyi qərarları isə insanlarımız ruh yüksəkliyi ilə qarşılayırlar. Bu, ağdamlıların əzmini artırır, ruhunu yüksəldir...”

Bəli, Ağdam sarayı yenidən ucalır. Hara ayaq bassan, yeniliklə üz-üzə qalırsan. Ağdam Rayon Mərkəzi Xəstəxanası, eləcə də Uşaq Xəstəxanasında gördüyün şəraitə sevinməyə bilmirsən. İndi bu tibb ocaqlarında, nəinki Ağdamdan, ətraf rayonlardan gələn insanlara da yüksək səviyyəli xidmət göstərilir. Quzanlıda yeni doğulan körpələr isə Tanrının minlərlə ağdamlı şəhidin əvəzinə göndərdiyi təsəllidir, bu yurdun sabahına inamıdır, məncə...

Akademik Adilə Namazovanın da ömür yolu Ağdamdan başlayıb. Seyidli kəndindəndir. O, bu torpağa şərəf gətirib. Azərbaycanın ilk qadın pediatr alimi, ölkəmizdə pediatriya elminin və məktəbinin yaradıcısıdır. AMEA-nın və Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Tibb Universitetinin kafedra müdiridir. Ulu öndər Heydər Əliyev onu “Şöhrət” ordeni, Prezident İlham Əliyev isə “Şərəf” ordeni ilə təltif edib. Adilə Namazova erməni millətçilərinin Qarabağla bağlı əsassız iddialarının ifşa edilməsində də bacardığı işi görüb. “O vaxt mən SSRİ xalq deputatı idim, orada çıxışlar edirdim. Düzdür, Qorbaçov çıxış etmək üçün ermənilərə daha çox imkan yaradırdı. Bir dəfə ermənilərdən söz düşəndə dedim ki, onlar 1828-ci il müqaviləsindən sonra köçürülüb Azərbaycan torpağına. Bu, ermənilərin, heç Qorbaçovun da xoşuna gəlmədi. Qorbaçov sədr olduğuna görə səsə qoydu ki, gəlin, bu çıxışı gizli hesab edək, yəni qəzetlərə verməyək, yoxsa bu, iki xalqın arasında münaqişənin qızışmasına səbəb olar. O iclasdan sonra ermənilər mənim başıma pul qoymuşdular... İndi də gedib-gəlirəm Quzanlıya, Seyidlinin ətrini oradan alıram. Quzanlı çox dəyişib. Prezident İlham Əliyevə minnətdaram ki, orada gözəl bir uşaq xəstəxanası tikdirib, o xəstəxanaya mənim adımı verib...”

Quzanlıda, eləcə də digər kəndlərdəki orta məktəblər, bağçalar heç paytaxtdakından fərqlənmir. Ağdamın mədəni mühiti də zəngindir. Ağdam Dövlət Dram teatrı, Ağdam Musiqi Kolleci Quzanlıda fəaliyyətini davam etdirir. Musiqi Kolleci 1957-ci ildə yaradılan Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinin varisidir. İşğaldan əvvəl bu musiqi ocağı, nəinki Ağdam, Qarabağ və ətraf rayonlarda, hətta keçmiş SSRİ-də məşhur olub, fortopiano, Xalq çalğı alətləri, Xor dirijorluğu, xanəndəlik, musiqi nəzəriyyəsi ixtisasları üzrə tələbələr hazırlayıb. Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayeva (Ağdam deyən kimi kövrəlir):“Fəxr edirəm ki, musiqi mədəniyyətimizə parlaq simalar bəxş edən Kollec fəaliyyətini çətin şəraitdə olsa da, davam etdirir. Bilirsiniz, yanan evi tikmək asandır, ən qorxulu şey mədəniyyətin məhv olmasıdır. Körpülər qırılarsa, onu təzədən bərpa etmək çətindir. Allaha şükürlər ki, o, qırılmadı, yaşadı...”

Şərqdə ilk muğam məktəbi də 1982-ci ildə Ağdamda yaranıb, Xan Şuşinskinin adını daşıyıb. Məktəbin Opera Studiyasının rəhbəri ustad xanəndə Şahmalı Kürdoğlu olub. Şahmalı Kürdoğlu 1992-ci il noyabrın 6-da 7 yaşlı oğlu ilə birgə Ağdamda öz həyətində ermənilərin atdığı qrad mərmisindən həlak olub – insanın qanını donduran bir faciədir. Ermənilərin dinc insanlara gətirdiyi fəlakətin sübutudur...

Məşhur “Şur” ansamblı da bərpa olunub. Ağdamlılar o böyük mədəniyyəti də ölməyə qoymurlar. 62 yaşlı ansambl səhnəyə yeni yetirmələri ilə gəlir. Bu bənzərsiz, bu sehirli səslər, bu doyumsuz ifalar iki addımlıqda bizim evimizdə oturan ermənilərə də çatır, yəqin ki. Və onlara çox şey deyir...

Qarabağ xaçaçılıq məktəbinin ənənələri də etibarla qorunur, Ağdam Xalçaçılıq İstehsalat Vahidliyi də fəaliyyətini dayandırmayıb. Vahidliyin direktoru, xalçanı beş barmağı kimi əzbər bilən, bir baxmaqla hər ilmənin, hər naxışın mənasını anlayan, xalça sərrafı Ceyran Əliyeva ulu nənələrimizin ipək, məxmər barmaqlarının yadigarı olan bu ecazkar sənəti yaşatmağı ilə qürur duyur. Gənc qızların bu sənətə vurğunluğuna sevinir, deyir ki, zəncir qırılmayacaq, bu sənət heç zaman ölməyəcək,Qarabağ xalçaçılığının şan-şöhrətini özünə qaytaracağıq.

Ağdamlı idmançılar da hər zaman olduğu kimi bu gün də ölkə idmanının inkişafına mühüm töhfələr verirlər. Ötən əsrin 60-cı illərində yaradılan “Qarabağ” futbol komandası respublika birinciliklərində iştirak edib. 1987-ci ildən yenidən “Qarabağ” adı ilə yoluna davam edib, bu gün də Ağdam futbol məktəbinin adına yeni uğurlar yazmaqdadır.

Ağdam futbol məktəbinin yetirməsi, hazırda AFFA-nın Qarabağ bölgəsi üzrə koordinatoru, Azərreylin vitse-prezidenti Elbrus Abbasov 1972-80-ci illərdə “Neftçi”də oynayıb, 1976-da SSRİ-nin “ən məhsuldar hücumçusu” olub. Ağdamın Qarabağ futbol klubunun yaranmasında xüsusi xidməti var, bir müddət komandaya məşqçilik edib. Beynəlxalq dərəcəli idman ustasıdır. Prezident ilham Əliyevin Sərəncamı ilə Quzanlıda tikilən Olimpiya İdman Kompleksində sabahın idmançılarının yetişdirilməsi üçün də böyük əmək sərf edir. Ceyhun Məmmədov, Mübariz İbrahimov, Fariz Məmmədov, Pərviz Abdullayev – onlar da Azərbaycan idmanına şərəf gətirən ağdamlı idmançılardır...  

Soltanbud təpəsi...

Quzanlının 5 kilometrliyində yerləşən tarixlər şahidi Soltanbud təpəsi. Bu təpədən işğal altında olan kəndlərimiz aydın görünür. Ağdamlılar, demək olar ki, bütün tədbirlərini burada keçirirlər. Gənclər bu təpəyə sancılan üçrəngli Azərbaycan bayrağının altından keçərək Şəhidlik abidəsinin qarşısında and içir, hərbi xidmətə yollanırlar. Ağdamın işğal günü ərəfəsində isə Ağdamsız doğulan ağdamlı uşaqlar toplaşmışdılar Soltanbud təpəsinə - əllərində ağappaq göyərçinlər. Torpaqlarına, yurd-yuvalarına, dünyaya sülh arzulayıb (hansı uşaq müharibə arzulayar ki...) göyərçinləri səmaya uçurdular – üzü Ağdama tərəf. 5-ci sinif şagirdi Vüqar Fərzalılı:“Ermənilər bizim kəndimizi zəbt ediblər. Özgənin kəndində çox qalmaq olmaz. Mənim bir arzum var: düşməni kəndimizdən qovmaq, kəndimizə sülh aparmaq...”

Sülh Azərbaycan dövlətinin də arzusudur. Bu arzunu Prezidenti İlham Əliyev 26 iyun 2014-cü il tarixdə - Silahlı Qüvvələr günündə bir daha bəyan etdi:“...Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. ...Heç kim heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayacaq və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik.”

Politoloq Hüseyn Bayramov: “Biz fəxr edirik ki, dünya miqyasında Azərbaycan xalqının sözünü deyən qüdrətli bir rəhbəri var. Hələ onun ilk Prezidentliyi dövründə, 2003-cü ildə BMT-nin TŞ-nın 59-cu sessiyasında o qədər cəsarətlə çıxış elədi, beynəlxaq təşkilatları ikili standartlara görə kəskin tənqid elədi, bu gün də həmin mövqeyindədir. Son çıxışlarında da dediyi “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmamışdır və olmayacaqdır” fikri onun kəskin mövqeyini göstərir. Üzümü bütün ağdamlılara tuturam, hər an torpağımızın, dədə-baba yurdumuzun düşmən tapdağından azad olması üçün hazır olmalıyıq. Biz öz evimizi, halal torpağımızı istəyirik. Niyə axı bizimlə bağlı çıxarılan qərarlar kağız üzərində qalmalıdır?..”



Paytaxtdan Ağdama gedən “700 ballıq” sevinc...

Ağdamın işğalından 21 il keçir... Bu yay paytaxtdan Ağdama iki şad xəbər getdi. Biri “700 ballıq sevinc” idi. Ali məktəblərə qəbul imtahanlarında Ağdam məktəblisi ölkə üzrə ən yüksək nəticə göstərən məzunlardan biri idi, 700 bal toplamışdı. Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə. O, düşmənlə təmas xəttinin iki addımlığında yerləşən kənd məktəbində təhsil alıb...

Digər bir ağdamlı gənc isə Bakıda ali təhsilini başa vurdu – fərqlənmə diplomu ilə. Qəzənfərli Şəban Ağa oğlu Heydər Əliyev adına Milli Təhlükəsizlik Akademiyasını bitirərək, qırmızı diplom apardı Ağdama. Hər iki fakt, həm də Azərbaycan dövlətinin bugünkü gücünün, qüdrətinin göstəricisidir. Və onu da diqtə edir ki, Ağdamın dünənkindən də parlaq sabahı hələ qabaqdadır...

Ağdam yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsini göstərən bir rəqəmi də söyləyim: bu il ağdamlı məktəblilərdən 50 nəfəri hərbi liseyə, 16 nəfəri Hərbi Akademiyaya sənəd verib...       

Dönüşümüz at belində olacaq... 

Ağdam Atçılıq zavodunda gördüklərim də göz yaddaşıma yeni bir mənzərə həkk etdi. Əfsanəvi Qarabağ atları – ölkəmizin nadir təbii sərvətlərindən biri olanbu atlar zaman-zaman təkcə gözəlliyi ilə deyil, vəfası, sədaqəti ilə də hər kəsi heyrətə salıb. Zavod 1949-cu ildə Ağdamın Eyvazxanbəyli kəndində yaradılıb. Burada yetişdirilən Zaman ləqəbli Qarabağ atı Sovet hökuməti tərəfindən dəyərli hədiyyə kimi İngiltərə kraliçası 2-ci Yelizavetaya göndərilir. Davamını zavodun direktoru,Əməkdar kənd təsərrüfatı işçisi Maarif Hüseynov deyəcək: “Qərib adlı mehtərimiz atı İngiltərəyə aparır, bir neçə gün də ona xidmət edib SSRİ-yə qayıdır. Az keçmir, at nasazlayır. Kraliçaya xəbər verirlər. Mütəxəssis gəlir, baxıb deyir ki, at öz vətənini istəyir... “Zaman”ı necə bəyənirlərsə, bir neçə il müddətində ondan 60-dan çox nəsil alırlar, çoxalır Qarabağ atı. İndi Almaniyada Qarabağ atını sevənlər cəmiyyəti var. Ümumiyyətlə, harada Qarabağ atı varsa, o, Ağdam Atçılıq zavodundan, Eyvazxanbəyli kəndindən bu atlardan törəyib çoxalan atlardır. İndi biz köçkünük, köçkünçülüyün nə olduğunu bilirik, inanın, atlar bizdən də yaxşı hiss edir bunu. Çaparlar deyir ki, Maarif müəllim, atları yönü Ağdama tərəf yığanda onlar daha həvəslə gedirlər...”

Qarabağ atlarının gözəlliyi, cazibədarlığı haqqında danışan Maarif müəllim tarixin yaddaşında qalan bir faktı da yada salır: Parisdə keçirilən sərgidən sonra Qarabağ atının rənginə valeh olan fransız qadınları saçlarını və şenyonlarını həmin atın rənginə oxşadaraq açıq qızılı-kürən rəngində boyadıblar və bu, sonradan dəb halını alıb...

Maarif müəllim danışdıqca mən üz-üzə qaldığım bu gözəlliyi göz yaddaşıma köçürürəm. Beynimdə isə bir fikir dolaşır: “Gözəl diyar! AZƏRBAYCANINAĞ DAMI! Daha səni yaddaş olmağa qoymarıq! Bu yaddaşı gerçəyə çevirəcəyik! Bu həsrət bitəcək! Mütləq sənə dönəcəyik: son dəfə və həmişəlik! Dönüşümüz isə at belində olacaq – əfsanəvi Qarabağ atlarının belində!..”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Leyla
01.08.2014, 18:57

Ömründə yangın görməyənlərin bu xəbəri artistcəsinə, imitasiyalarla çatdırdığı reallığı yaşayır Azərbaycan jurnalistikası. Amma bu yazını oxuyanda görürsən müəllif yanğın da görüb, lap elə ömrü də yanıb. Bu tarixi ağrısıyla, acısıyla, itgisiylə yaşamasına baxmayaraq peşəkarcasına araşdırıb qarış-qarış bildiyi Ağdamı... Amma lap elə bu gün 8 şəhid verməyimizə baxmayaraq, məni inandırdı ki, az qalıb Agdama!

Elxan
01.08.2014, 21:39

Özü dəyərli,sözü kəsərli Ağdamın qürur duya bildiyi bir neçə söz sahibindən biri olan gözəl insan Firuzə xanım, allah sizə can saqlığı versin. Yaşayıb, yaratmaqla bizləri sevindirməyi tanrı sizə və bizə qismət etsin inşallah. Bu yazınızla siz bir daha vətənə sədaqətinizi nümayiş etdirdiniz, Ağdamlı olub Ağdam haqqında belə rəvan yazını da məhz siz yaza blərdiniz. Var olun, Allah sizi qorusun!

Pərvanə İmanova
01.08.2014, 23:19

İnşallah tezliklə Firuzə xanimin bu arzusu çin olar. bizz tank üstündə səma şahinlərmizlə birlikdə Qarabağa yürüş edərik..

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

ARXİV