Modern.az

Azay Quliyevin ATƏT PA-dakı təkidi nəticəsiz qalmayıb

Azay Quliyevin ATƏT PA-dakı təkidi nəticəsiz qalmayıb

Parlament

8 İyul 2010, 22:05

Xəbər verildiyi kimi, Norveçin Oslo şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) on doqquzuncu illik sessiyası keçirilir. Tədbirdə Azərbaycan Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir. 
Sessiyada “Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə” mövzusu ətrafında müzakirələr aparılıb.
Assambleyanın komitələrində keçirilən iclaslarda yekunda qəbul olunacaq bəyannamə layihəsi müzakirə edilərkən Azərbaycan nümayəndə heyətinin təkidi ilə sənədə yeni müddəa salınıb.
İclasın üçüncü günündə qurumun təhlükəsizlik və siyasi, iqtisadi, elm, texnologiya və ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlər komitələrində ATƏT-in gələcək fəaliyyəti, təşkilatda islahatların aparılması, eləcə də sözügedən mövzu üzrə müzakirələr aparılıb, yekunda qəbul olunacaq bəyannamə ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.
 
Assambleyanın təhlükəsizlik və siyasi məsələlər komitəsinin iclasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev İtaliyadan olan məruzəçi Rikkardo Miqliorinin mövzu ilə bağlı məruzəsində ATƏT-in əhatə etdiyi regionlarda beynəlxalq aləmin tanımadığı ərazilər sırasında Ermənistanın işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun qeyd olunmasını təkid edib.
A.Quliyev bildirib ki, ermənilərin işğal altında saxladığı bu ərazilər nəzarətdən kənardadır, regionun sülh və sabitliyinə böyük təhlükə yaratmaqla yanaşı, müxtəlif transmilli cinayətlər, narkotik vasitələrin yetişdirilməsi, tranziti üçün istifadə olunur. Bu, ATƏT bölgəsinin təhlükəsizliyini böyük sual altına qoyur.
Azərbaycan nümayəndə heyətinin digər üzvlərinin də çıxışından sonra Dağlıq Qarabağ da daxil olmaqla nəzarətdən kənarda qalan və ATƏT regionunun təhlükəsizliyini sual altında qoyan bütün münaqişə zonaları yeni müddəa ilə bəyannamə layihəsində əksini tapıb.
Deputatlar assambleyanın qəbul etdiyi bütün sənədlərdə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin əksini tapmasının vacibliyini önə çəkiblər.
İyulun 9-da keçiriləcək iclasda nümayəndə heyətimizin üzvləri çıxışlarında Ermənistanın ATƏT və digər nüfuzlu beynəlxalq qurumların qəbul etdikləri mühüm sənədləri yerinə yetirməsi üçün təsir vasitələrindən istifadə olunmasının, qətnamə və qərarların icrasının vacibliyini müzakirə edəcəklər.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir