Məşhur müğənni Cenifer Lopes Şimali Kıprıs Türk Cümhuriyyətində (ŞKTC) nəzərdə tutulmuş konsert proqramından imtina edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Porto-Rika əsilli müğənni ŞKTC-də iyulun 24-də dəyəri 220 milyon dollar olan Cratos Premium otelinin açılışı münasibəti ilə nəzərdə tutulan konsertindən son anda vaz keçib.
Adanın yunan icması Lopesə elektron poçtla bir həftə ərzində 7 mindən artıq məktub göndərərək onu könsertdən daşınmağa vadar ediblər. Yunanlar Lopesin Türkiyə əsgərinin adaya daxil olmasının ildönümü günü ŞKTC-də konsert proqram ilə çıxış etməsinə etiraz ediblər.
Lopes ŞKTC-yə əri və əkiz uşaqları ilə gəlməli və 3 gün burada qalmalı, özünün 41 yaşını da adada qeyd etməli idi. 80 nəfərlik heyətlə ŞKTC-yə gəlməli olan Lopesin konsertinin bir çox ölkələrdə canlı yayımlanması nəzərdə tutulmuşdu.