Modern.az

"Yaxşı ki, Ermənistan Madrid prinsiplərini qəbul etmir"

"Yaxşı ki, Ermənistan Madrid prinsiplərini qəbul etmir"

9 İyul 2010, 18:55

Son günlər Dağlıq Qarabağ probleminin həlli prosesində  siyasi fəallığın artması müşahidə olunur. Öncə  ABŞ dövlət katibi Hillari Klinton Cənubi Qafqaz ölkələrinə səfər edərək münaqişənin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistanda rəsmi müzakirələr apardı. Xanım Klinton Azərbaycanda olarkən Dağlıq Qarabağ probleminin həllinə dair ümidverici fikir səsləndirməsə də bəzi mesajlar verdi. Onun səfərinin ardınca Azərbaycan prezidenti İlham Əliyev yenilənmiş "Madrid prinsipləri"nin detallarını açıqladı. Dövlət başçısı bildirdi ki, həmin prinsiplərə görə, ilkin mərhələdə beş rayonun qaytarılması, sonrakı mərhələdə-5 ildən sonra isə Laçın və Kəçlbəcər rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Dağlıq Qarabağla Ermənistan arasında dəhliz verilir. Azərbaycan yenilənmiş "Madrid prinsipləri"ni qəbul etsə də, Ermənistan buna razılaşmır. Prezident İlham Əliyevin sözlərinə görə, yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır. Məhz buna görə Azərbaycan danışıqlarda iştirak edir. Qeyd edilən məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin mövqeyi belədir:

- Qüdrət bəy, bu günlərdə yenilənmiş "Madrid prinsipləri"nin detallarını açıqlandı. Bu prinsiplər Azərbaycanın maraqlarına cavab verirmi?

- Öncə onu deyim ki, mən yenilənmiş "Madrid prinsipləri" ilə köhnə "Madrid prinsipləri" arasında elə bir fərq görmürəm. Bu prinsiplərin əsasında o durur ki, Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş torpaqlar azad edilir, Dağlıq Qarabağla Ermənistan arasında dəhliz yaradılır, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır, bundan sonra Dağlıq Qarabağın statusu müəyyənləşir. Bu, əvvəlki "Madrid prinsipləri"ndə də öz əksini tapmışdı. Orada ola bilsin ki, müddətlərlə bağlı fərq var. Əslinə qalsa, "Madrid prisipləri" Azərbaycanın istədiyi mərhələli həll variantı deyil. "Madrid prinsipləri" Dağlıq Qarabağın mərhələli, planlı şəkildə müstəqil dövlət yaradılması adı ilə həll variantı, yaxud Ermənistana verilməsidir. Söhbət ondan gedir ki, sonda Dağlıq Qarabağın statusu tərəflər üçün məcburi olan səsvermə yolu ilə, yəni bölgə əhalisinin səsverməsi yolu ilə müəyyən olunacaqsa, bu artıq Dağlıq Qarabağın faktiki olaraq itirilməsidir. Bu gün Azərbaycanda bir çoxları təəssüf ki, narahatlıqların bildirirlər ki, Ermənistan yenilənmiş "Madrid prinsipləri"ni qəbul etmir. Şəxsən mən bundan məmnunam. Ermənistanın bu prinsipləri qəbul etməməsi ümid yeri qoyur ki, bəlkə də gələcəkdə bu problem başqa formada öz həllini tapsın. Hər halda, Azərbaycan xalqı Ermənistanın yenilənmiş "Madrid prinsipləri"ni qəbul etməməsinə sevinməlidir. Sual oluna bilər ki, ermənilər bu prinsipləri niyə qəbul etmir? Ola bilsin ki, ermənilər bunu çox istəyir. Amma münaqişənin həllində maraqlı olmayan Rusiya bunu istəmir. Ermənistan da bilir ki, Rusiyanın iradəsinə zidd qərar qəbul etsə, hansı nəticələrə gətirib çıxara bilər. Azərbaycan xalqı da bunun fərqində olmalıdır, elə fikirləşməməlidir ki, Ermənistan bunu qəbul etmirsə, deməli, Azərbaycanın xeyrinədir. Bu, həm də Azərbaycan ictimai fikrini aldatmaq üçün qurulmuş bir tələ də ola bilər. Azərbaycan cəmiyyəti düşünsün ki, bu Ermənistanın xeyrinə olsaydı, onu qəbul edərdi. Guya bütün beynəlxalq təzyiqlərdən sonra Ermənistan bunu qəbul edir. Azərbaycan xalqı da sakitləşir ki, bizim xeyrimizə olanı Ermənistana qəbul etdirdik. Bu, sırf düşünülmüş bir oyun da ola bilər. Belə bir sual da ortaya çıxır: "Ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyik"-, deyən Azərbaycan hökuməti ola bilməz ki, bunun Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət etdiyini görməsin və anlamasın. Mənə elə gəlir ki, Azərbaycan hökuməti bu məsələdə beynəlxalq birliyin mövqeyini bilir, xüsusilə də ABŞ-ın və Avropa Birliyinin Rusiya ilə birlikdə bölgədə oynadığı destruktiv rolu görür. Ona görə də Azərbaycan hökuməti xarici qüvvələrin seçkiqabağı yarada biləcəyi gərginliyi önləmək, onları qismən sakitləşdirmək taktikasından istifadə edir. Mənə elə gəlir ki, seçkidən sonra rəsmi Bakı "Madrid prinsipləri"ndən imtina edəcək. İmtina etməsə, bu həqiqətən Qarabağın itirilməsi deməkdir. İnanmıram ki, hansısa hökumət beş-altı rayonun qaytarılması müqabilində Dağlıq Qarabağın ermənilərə verilməsinə razı olsun. Ölkə rəhbərliyi  dəfələrlə deyib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Bəziləri bu cür qələmə vermək istəyirlər ki, hökumət bu plana rızılıq verməklə hakimiyyətinin ömrünü uzatmaq istəyir. Amma mən hesab edirəm ki, bu torpaqları verən hökumət üçün sonradan  onu qaytarmaq mümkünsüz olacaq. Beynəlxalq güclər isə sonradan həmin hökuməti də tarixə çevirəcəklər. Onlara lazımdır ki, bu çirkli işi kiminsə əli ilə həyata keçirsinlər və sonra həmin qüvvəni Azərbaycanın siyasi həyatından silsinlər. Bu, birmənalı şəkildə belədir.

- Əgər Azərbaycan yenilənmiş "Madrid  prinsipləri"ndən də imtina edəcəksə, o halda müharibədən başqa yol qalırmı?

- Mənim fikrimcə, indiki beynəlxalq şəraitdə Qarabağ probleminin danışıqlar yolu ilə ədalətli həlli yoxdur. Ya Azərbaycan sülh sazişi xatirinə Dağlıq Qarabağdan imtina etməli, ya da hərbi əməliyyatlara başlamılıdır. Ən azı Dağlıq Qarabağın ətrafındakı rayonların azad edilməsi üçün hərbi əməliyyatlar keçirilməlidir. Bundan sonra vəziyyətin ciddiliyini görən beynəlxalq qüvvələr Ermənistana təzyiq göstərə bilərlər ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq versin. Azərbaycan da Dağlıq Qarabağa geniş muxtariyyat statusu verməklə problemi doğrudan da sülh yolu ilə həll edə bilər. İllər ötdükcə Azərbaycan Dağlıq Qarabağdan daha da uzaqlaşır. Azərbaycanın təbii ehtiyatları və ixracı heç də bizim rəsmilərin dediyi qədər deyil. Xəzər dənizindəki bütün neft-qaz yataqları kəşf olunub. Azərbaycanın ixracı isə daha 15-20 il davam edə bilər. Münaqişə 15 il də davam edəcəksə, təbii ki, bu vaxt ərzində Azərbaycanın enerjiyə olan daxili tələbatı da artdıq və bu da Azərbaycanın mövqelərini daha da zəiflədəcək. İllər ötdükcə, başqa dövlətlərdə hakimiyətlər dəyişsə də maraqlar dəyişmir. Bu baxımdan, onların maddi imkanları da artır. Ona görə də Azərbaycan potensialını artırmalı və xalqı müharibəyə hazırlamalıdır. Öncə bəyanat verməlidir ki, ermənilərə maksimum bir il vaxt verir. Bu müddət başa çatdıqdan sonra əlverişli bir vaxtda Azərbaycan bəyan etməlidir ki, hərbi əməliyyatlar hələlik işğal altındakı ətraf rayonlarda həyata keçirilir. Baxmayaraq ki, Dağlıq Qarabağda hərbi xunta hakimiyyətdədir. Amma ermənilər ağıllanmasalar hərbi əməliyyatların ikinci mərhələsi həyata keçirilməlidir. Azərbaycanın başqa yolu yoxdur.

- ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərindən sonra prezident İlham Əliyevin yenilənmiş "Madrid prinsipləri"ni açıqlamasını siyasi ekspertlər təsadüf hesab etmirlər. Yəni, bu prinsiplərin Azərbaycan və ABŞ arasında razılaşdırılmış variant kimi təqdim olunmasına necə baxırsınız?

- Bu münaqişənin həllində ABŞ önəmli söz sahibi deyil. Əsas söz sahibi Rusiyadır. Azərbaycan da Ermənistandan daha çox, Rusiya ilə danışıqlar aparmalıdır. Azərbaycan suverenliyindən, ərazi bütövlüyündən imtina etməmək şərtilə  Rusiyanın maraqlarını nəzərə almalıdır. Ona görə də İlham Əliyevin Klintonla hansı məsələdə razılığa gəlməsi belə, münaqişənin həllinə təsir göstərən amil deyil. Ümumiyyətlə, Hillari Klintonun səfərinə Azərbaycanda iki istiqamətdə gözləntilər var idi. Birincisi, demokratiyanın genişləndirilməsi, ikincisi isə Dağlıq Qarağ probleminin həllinə olan ümidlə bağlı idi. Hesab edirəm ki, hər ikisində bizim insanların ümidləri puç oldu. Demokratik islahatlarla bağlı xanım Klintonun mövqeyi bundan ibarət oldu ki, onlar 234 ildir bu yolu gedirlər, hələ də demokratiyaya nail ola bilməyiblər. Belə bir rəy var idi ki, Hillari Klinton Azərbaycan hökumətini sürətli demokratik islahatlara çağıracaq. Amma onun "biz hələ demokratik cəmiyyət qura bilməmişik" açıqlaması Azərbayan hökumətində islahatlara stimul verməyən, həvəsi azaldan bir açıqlama idi.

Qarabağ məsələsi ilə bağlı onu dedi ki, biz kömək edə bilərik, Dağlıq Qarabağ məsələsini Azərbaycan və Ermənistan özləri həll etməlidirlər. Bu da ənənəvi, zorla sərhədlərin dəyişdirilməsinə xidmət edən, beynəlxalq hüquqa zidd bir mövqedir. Xüsusilə də buradan gedəndən sonra, Gürcüstanda verdiyi bəyanat göstərdi ki, Hillari Klinton Ermənistanı işğalçı dövlət kimi tanımaq istəmir. Abxaziyanın və Cənubi Osetiyanın arxasında Rusiya dayanıb onu işğalçı kimi tanıyır, amma Dağlıq Qarabağın arxasında Ermənistan dayanıb, hələ Rusiya amilini bir kənara qoyuram, Ermənistanı işğalçı kimi tanımır. Hecə ola bilər ki, qonşu dövlətlərdə birinin ərazisində bu işğal faktı kimi qiymətləndirilir, digərində isə münasibət fərqli olur? Xanım Klintonun Azərbaycana səfəri strateji hədəfləri baxımından heç də uğurlu olmadı. Səfərdən öncə bütün xalqı o ruhda kökləməyə çalışan insanlar, "Washington rost" qəzetində məqalə dərc olunandan sonra Bakıda 10-15 nəfərlə hay-küy salan qüvvər var idi ki, indi onlar da pərt olublar və bunu ört-basdır etmək üçün Hillari Klintonun çıxışlarından hansısa ifadələri tapıb vəziyyətdən çıxmağa çalışırlar. Fakt isə faktlığında qalır. Artıq 10-15 nəfərlik aksiyalara maraq göstərən yoxdur. Çünki "qonşuya ümid olan şamsız qalar", - deyirlər. Bu baxımdan xarici qüvvələrə ümidli olanlar qaranlıqda qaldılar. Hökumətimiz bilməlidir ki, Qarabağ məsələsində xaricə güvəndikcə qaranlıqda qalacaq, demokratiyanı da xarici qüvvələrə güvənib axtaranlar yenə eyni vəziyyətə düşəcəklər. Ona görə də istər Qarabağ probleminin həllinə, istərsə də demokratiyaya nail olmaq üçün yalnız xalqa bel bağlamaq lazımdır. Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi