Modern.az

Eldəniz Elgünün 40-ı çıxdı

Eldəniz Elgünün 40-ı çıxdı

31 İyul 2014, 21:00

Mahir QABİLOĞLU

Hayıf ondan, “Heyf ”

Bu başlığı oxuyanda bəziniz heyfsləndi. “Hayıf ondan” dediniz. Cavan idi. Uşaqları da balaca. Üstəlik əlavə də elədiniz ki, “vallah xəbərim olmayıb. Bilsəydim hökmən başsağlığına gedərdim. Yaydır da... Burda olmamışam yəqin. Saytlar da yazmayıb e bu haqda. Axı, tanınmış jurnalistdir. Nə əcəb?!”.

Bəziləri isə sevinəcək. “Axır ki” deyib dərindən köks ötürəcək və “arvad yadındadır da nələr yazırdı məndən, hamısı da düz. Komissiya-komissiya dalıyca düzülürdü. Hər gün “tərlədirdilər” məni. Pul da götürmürdü ki, ağzını bağlayım” deyəcəklər. Amma bir yandan da heyfslənəcəklər. “Xəbər tutsaydım hökmən yasına gedərdim. Ən böyük arzum idi ki, onun halvasını yeyim. Heyf. Arzum ürəyimdə qaldı” əlavə edəcəklər.

Başladığım yazıya elə buradaca nöqtə qoymaq olardı. Bu, dostum Eldənizin xarakterinin bütöv açması idi. Yekun vursam belə deyərdim: Eldəniz dostuna dost, düşməninə düşməndir.

“40”

Zarafatım və girişim çox kobud alınsa da bunları yazmağa məcbur idim. Düzdür, siz başqa cürə başa düşdünüz. Amma Eldəniz Elgünün həqiqətən də 40-ı çıxdı. 41-inə qədəm qoydu.

İnsanın bu həyatda bir neçə dəfə qırxı çıxır. Anadan olanda, qız ərə gedəndən sonra, qadın doğandan sonra, yaşayıb 40 yaşına çatanda və ən nəhayət dünyasını dəyişdikdə. Yəqin ki, bu rəqəmdə nəsə var. Olmasaydı uzun əsrlərdən, nəsillərdən gəlib bizə çatmazdı. Bütün qırxları canla-başla keçiririk, qeyd edirik. Amma nədənsə 40 yaşı keçirməyi heç kim istəmir. 45-ə saxlayırlar. Amma inandırım sizi ki, boş sözdür. Özüm, daha doğrusu atam sınaqdan çıxarıb:

Haşiyə: Mən və yoldaşım Sevinc 40 yaşına çatmışdıq. Atam da yubileylərə hazırlaşırdı. Özü də ayrı-ayrılıqda. Qonaqları da çağırmışdı. Sevinc hey etiraz edirdi. “Qırx yaşı qeyd eləmirlər”. Atam da belə deyimlərə-zada inanmadığı üçün “əla ziyafət təşkil elə, vəssalam” deyərək durmuşdu. Nəhayət yoldaşımın 40 yaşını qeyd elədik. Qonaqlar, gəldi getdi.

- Hə, gəlin, gördün nə yaxşı keçdi? Sən isə deyiridin ki, 40-ı keçirmək olmaz. Heç nə olmadı ki... Özü də ki, nə qədər qabağa düşdük.

- Necə yəni qabağa düşdük?

- 40-la cüməaxşamını birləşdirdik.

Ağlımıza da gəlməzdi ki, atam bu məqamı tuta bilərdi. Demə həmin gün həftənin dörcüncü gününə - cüməaxşamına düşübmüş. (Son)

İndi mən də sağam, yoldaşım da heç nə olmayıb. Artıq 50-yə hazırlaşırıq. Bunu ele-belə yazdım. Birdən Eldəniz qeyd eləməz, 40-ı bəhanə gətirər.

SAAT

İndi deyəcəksiniz ki, axı 40 yaş nədir ki, hələ durub bunu qeyd edəsən. Üstəlik bir məqalə də yazıb aləmə car çəkəsən. Mən də elə düşünürdüm. Amma hər bir yazının meydana gəlməsinə bir qığılcım bəs edir.

Çoxdan Modern.az saytında səhifəyə qoyulmasına baxmayaraq “Rauf Arifoğluyla foto-söhbət”ə bugünlərdə baxdım. Ordakı dörd şəkil məni yaman tutdu. İkisi türmədə İqbal Ağazadə və Pənah Hüseynlə çəkdirdiyi, biri Həccdən qayıtdığı vaxt çəkdirdiyi, o biri də Azərbaycanın Avropa Şurasına qəbulla bağlı müzakirələrdə çəkdirdiyi şəkillər. Düzdür bu şəkillərin sayı çox da ola bilərdi. Bəzi tarixi məqamları da özüm göz önündən keçirdim.

Cəmiyyət, dövlət böyük saata bənzəyir. Bu saatın əqrəblərini hərəkətə gətirən isə içindəki xırdaca elementlər, vintlər, pərlərdir. Bəziləri, əksəriyyəti tərsinə fırlanır, amma saatın əqrəbləri elə saat əqrəbi istiqamətində - düzünə yoluna davam edir. Bu vintlər saatın, həyatımızın hərəkətverici qüvvələridirlər. Hərdən xarab olurlar, yollarını azırlar, türməyə salınırlar, bərpaya – tövbəyə ehtiyac duyanda Həccə də gedirlər, əsgərliyə də göndərilirlər. Düz yola qayıdanları da olur, qayıtmayanları da. Amma 1988-ci ildən başlayaraq Azərbaycanda vint rolunu oynayan bu cavanları, gəncləri yaşadan tək bir amal olub – Azərbaycanın müstəqilliyi, sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi. Saatın düzgün işləməsində xırda detal olan bu şəxslər artıq 40-ı haqlayıblar. Bu illərdə hansı mərhumiyyətlərdən keçmələrinə baxmayaraq müqəddəs amallarına sadiq qalıblar. Onların çoxu cəmiyyətə məlum deyillər. Ona görə də belələrinə “Papaq altında yatan oğlanlar” deyirlər.

Nə isə qayıdım mətləbə. Rauf Arifoğluyla foto-söhbətə baxdım. Və Eldəniz Elgünün 40 yaşına bu yazını yazmağa qərar verdim. Çünki bu saatın xırda vintlərindən biri də məhz odur.

İLK TANIŞLIQ

Biriylə tanış olanda milli mentalitetimizə uyğun olaraq soruşuruq – “Hardansan?” Bəzi söz başa düşməyənlər hardansa, kimdənsə eşitdiklərini tutuquşu kimi təkrar edirlər – “Azərbaycanlıyam”. Onda sualın birini də verirəm. Mən axı soruşmadım milliyyətin nədir, mən soruşdum ki, hardansan, kökün, əsl-nəcabətin hardandır? Dağ havası udmusanmı, yoxsa aran? Bulaq suyu içmisənmi, yoxsa çay? Axı hər el-obanın, kəndin öz adət-ənənələri, öz mentaliteti var. Baxmayaraq ki, vahid Azərbaycan ailəsiyik.

İlk tanışlıqda Eldənizə də bu sualı verdim. “Mən Qanlıdanam. Göycənin Qanlı kəndindən” dedi. Düzü qorxdum. Deməli bu kəndin camaatında nəsə var ki, el-oba bu kəndə o adı verib. Amma ona da arxayın oldum ki, Eldəniz təmiz dağ havası, saf bulaq suyu içib. Nə olsun ki, kəndlərinin adı Qanlıdır.

Bu özünü çox gözlətmədi. Eldəniz gündəmə elə vurhavurla gəldi. Binəqədi rayonunda çəkilişdə olarkən ANS-in müxbiri kimi icra başçısı İnqilab Nadirovun sürücüsü ilə əlbəyaxaya çıxdı.

Ondan əvvəl gənc Eldəniz AzTV-də, azad mətbuatda çalışmışdı. Jurnalist kimi ilk müəllimi Gəray Fəzli olmuşdu. Jurnalistikaya bu gəlişi isə maddi ehtiyacdan doğmuşdu. Orta məktəbdə oxuyarkən sinifdə Yeni il gecəsi, o vaxtkı dillə desək “veçer” təşkil olunur. 10-cu sinif şagirdləri də müəyyən məbləğdən yığmağa qərar verirlər. O cümlədən Eldəniz də. Bəs pulu hardan alsın? Bakıda yenicə məskunlaşan ailədə restoranda keçiriləcək veçerə veriləcək pul hardaydı? Ona görə də Eldəniz Gəray Fəzlinin baş redaktoru olduğu qəzetə gedir. Kuryer işə düzəlir. Sonra isə onun qələmini də yoxlayırlar. Uğurlu alınır. Beləcə uzun jurnalistika yolunun əsası qoyulur.


HEYDƏR ƏLİYEV VƏ JURNALİSTLƏR

Heç kimə sirr deyil ki, Heydər Əliyev mətbuata və televiziyaya böyük önəm verirdi. Bunun mən AzTV-nin “Xəbərlər” redaksiyasında işlədiyim 11 il ərzində şahidi olmuşam. Hər xırda detala belə böyük diqqətlə yanaşan böyük Heydər Əliyevin sayəsində biz nəinki sözə, hər vergülə, nöqtəyə də diqqətlə yanaşırdıq. Əgər Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin də mətbuata professional yanaşmasını nəzərə alsaq, o vaxt bu sahədə işləmək hər adamın işi deyildi. Xüsusilə də qəzet, jurnal, radio və ən nəhayət televiziyanın rəhbər strukturlarında.

O dövrdə yeni yaranan “Space” televiziyasının informasiya xidmətinin başına 27 yaşlı Eldəniz Elgünün gətirilməsi , baş redaktor, baş direktor, daha sonra sədr müavini təyin edilməsi onun siyasi cəhətdən yetkin, məmur kimisə bacarıqlı olmasından xəbər verirdi.

QƏLƏM

AzTV-də işləyirdim. Artıq Arif Alışanov sədr keçmişdi. Doğma saydığım AzTV haqqında mətbuatda gedən mənfi, (bəlkə də düzgün, ya da qərəzli) tənqidi materiallar məni də narahat edirdi. Bu kələfin ucunu axtaran zaman, yenidən Eldənizlə yaxınlaşdım.

Comərdcəsinə elə ilk görüşdə “Arif Alışanov qardaşım Şöhrət Eldənizi işdən çıxarıb. Əcəb eləyib. Qəbul edirəm. Müdirdir, özü bilər. Mən də müdir olmuşam. Kimlə işləməyimə özüm qərar vermişəm. Amma sonra bir məclisdə bu addımını qabardaraq məni təhqir edib. Onların yanında üzr istəsin – “savaşımı qurtarım” - qələmi qoyum yerə”.

Daha başqa söz demədim. İnsan ilk növbədə öz ailəsini – atasını, anasını, bacı və qardaşlarını sevməlidir. Əgər belə deyilsə bu gün Eldənizin mənə qarşı gözəl münasibətinin doğruluğuna, səmimiyyətinə mən də heç vaxt inanmazdım.

Belə bir misal var: “Yetimə hay verən çox olar, pay verən az”. Bunu müasir dövrlə uyğunlaşdırsam başqa cür alınar: “Yetimə hay verən də yoxdur, paydan söhbət gedə bilməz”. Atam öləndən sonra əsəblərim də pozğunluq yarandı, yəni ki, depressiyaya düşdüm. Bunun altını indi də çəkirəm. Həyata həmişə Qabilin gözüylə baxan, ona gözünü dikən, çətin anlarda üstünə qaçan, arxası olan mən indi tək qalmışdım. Həyata öz gözlərimlə baxmalı, artıq mənə gözünü dikən ailəmə arxa olmalıydım. Qərarları da tək çıxarmalıydım. Tək qaldığım ilk aylarda mənə çox adam ürək-dirək verdi. Hətta konkret olaraq iş də təklif elədilər. “Xalq Qəzeti”, İTV, “Space” –dən. İnanıram ki, özüm də müraciət etsəydim mətbuat sahəsində digərləri də iş baxımdan mənə etiraz etməzdilər. Amma o dövrdə demə mən indi çox dəbdə olan psixoloji dayağa daha çox ehtiyac duyurmuşam. Eldənizlə ikinci yaxınlığım məni yaşadığım depressiyadan çıxarmağa kömək oldu. Gənc, amma həyatın müxtəlif ziq-zaqlarından keçib gələn 33 yaşlı uşaq 41 yaşlı mənə çox şeyləri başa saldı. Özü də böyük hövsələylə, yavaş-yavaş. Azərbaycanlılara məxsus heç bir paxıllığa, siyasi xəsisliyə varmadan.


ELDƏNİZ, MƏN VƏ DOSTLAR SAĞ OLSUN

2012-ci ilin sonunda həyatımda demə yeni mərhələ başlayıbmış - yaradıcılıq. Demə bunun adı publisistikaymış. Etiraf edim ki, bilmirdim. Amma yazırdım. İctimai-siyasi həyatdakı mövzulara çox toxunurdum. Amma çapa vermirdim. Cəmi iki yerə - "Azadlıq" radiosunun saytına və "Kulis.az" saytına üç yazı təqdim etmişdim. 2013-cü il isə prezident seçkiləri iliydi. Mənə düzgün məsləhət verən birinə, amma yazılarıma həvəslə, ürəklə yanaşa biləcək insana, insanlara ehtiyacım vardı. Eldəniz Elgün yadıma düşdü. Axtarıb tapdım. “Unikal” qəzetində baş redaktorun müavini idi. Onun üzünə qəzetin baş redaktoru Asəf Rzayevlə, iş yoldaşları Hüseyn, Fərzuq, Zaurla tanış oldum. Mehriban kiçik bir kollektivdir. “O dünyadan Elşad Abdullayevə məktub”, “Ramiz Mehdiyev dünən və bu gün”, “Köçürənlər və köçürülənlər” yazılarını Eldənizə verdim. Oxudu. O saat "Gunxeber.com" saytının rəhbəri Zabil Müqabiloğluya müraciət etdi. O da sağ olsun səhifəyə yerləşdirdi. Beləcə Eldənizlə üçüncü tanışlığımız başladı.


Yaradıcılığıma mərhum dostum İbrahim Ömərov da qoşuldu. Adlarını “senzura” qoymuşdum. Əgər hər ikisi desəydilər ki, “yazı yaxşıdır”, əminliklə, ürəyim sakit sayta göndərirdim. Əlbəttə ki, Tağı Türkün tanış etdiyi Modern.az-ın rəhbərləri Elşad Eyvazlıyla Əfqan Qafarlının da gözündən düzəldilməsi lazım olan ən xırda detallar da qaçmırdı.

Beləcə bir il yarıma Eldəniz mənim üzə çıxardığım 200-dən yuxarı yazımın ilk oxucusuna, tənqidçisinə çevrildi. Oxuyub "brak" etdiyi yazılarımın sayını isə demirəm. Utanıram, axı.

Eldəniz təkcə yazılarımı oxumurdu. Bədii yaradıcılığa, yəni ki, publisitik yazılardan hekayəyə keçməyə də o məni ruhlandırdı. Ən sonuncu isə bədii tərcümə. Görüşlərin birində dedim ki, Eldəniz, Leyla xanım Əliyevanın bir şeirini oxumuşam. Çox gözəl yazıb. Adı da “Gedim bir az ağlayım”dır. Yaman tutub məni. Az qalmışdı ki, tərcümə etməyə başlayım. Dedi ki, elə də. Day nəyi gözləyirsən? Dedim ki, axı şair deyiləm, ömründə şeir yazmamışam. Cavabı tutarlı oldu: “Publisistik yazılar da yazmamışdın, hekayə də. Özünü sınadın, alındı. İndi də özünü sına”. Cəhd elədim, tərcümə etdim. Oxuyub qəti rəy vermədi. “Əkbərə də göztər, o məndən yaxşı bilər” dedi. Beləcə qiymət verənlərim sırasına məni ustad oğlu deyə çağıran, tanınmış şair Əkbər Qoşalı da qoşuldu. Özünün zərif, dəqiq redaktələri, məsləhətləriylə.

BU QƏDƏR

Bir il yarımdır ki, Eldənizlə mütəmadi əlaqə saxlayırıq. Demək olar ki, hər gün. Çay içirik. Yeyib-içirik. Bu söhbətlərdə nə qədər yazılarım yaranıb. Eldəniz özünün “Erməni psixologiyası” kitabını yazıb başa çatdırıb. Beləcə gəlib 40-a çıxıb. Böyük yaş deyil. Amma bildiklərinin, gördüklərinin, keçdiklərinin, yaşadıqlarının müqabilində ona 60 yaş verərdim. Amma bircə dənə pis xasiyyəti var. Allah heç kimi onun qələminin altına salmasın. Heç düşmənimə də arzu eləmirəm.

A, indi yadıma düşdü. Bütün bunları yazdım ki, Eldəniz qorxmayıb 40 yaşını ürəklə qeyd eləsin. Yadımdan çıxmışdı ki, içkini tullayıb. Onunla da bir məclisdə oturdun, yemədin-içmədin, day nə ləzzəti? Bu qırxın, o biri qırxdan nə fərqi?

Eldənizi təbrik edirəm. 40-ı mübarək. Yenə də jurnalistika sahəsindədir. Psixoloqdur. Çox söhbətlər edirik, gerçəkliklərə varırıq, deyinirik, gileylənirik, ötən günlərə heyfslənirik. Amma Eldəniz Elgündə bir şey dəyişmir. Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə məhəbbət və sədaqət.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir