Modern.az

“Hamısını edənlər vəzifəli azərbaycanlılardır...”

“Hamısını edənlər vəzifəli azərbaycanlılardır...”

12 İyul 2010, 10:58

Əli Babayev: “Azərbaycanlılar hakimiyyətə yalnız seçki zamanı lazım olur”

Gürcüstanda gürcülərdən sonra sayca ikinci millət azərbaycanlılardır. 209 kənddə azərbaycanlılar yaşayır, həmin yaşayış məntəqələrindən 171-i tamamilə soydaşlarımızdan ibarətdir. “Gürcüstan vətənimizdir və Gürcüstan dövlətçiliyinə xidmət edirik” deyən Gürcüstan Azəbaycanlıları Konqresinin sədri Əli Babayevin sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü uğrunda rus və erməni əsgərləri ilə vuruşda azərbaycanlılar da iştirak edib, aralarında şəhid olanlar da var. Müharibədə iştirak etməyənlər isə yurdundan-yuvasından didərgin düşən gürcülərə həm mənəvi, həm də maddi yardım göstəriblər. Amma hələ də Gürcüstanın həm yuxarı, həm də aşağı dairələrində azərbaycan türklərinə qara millət kimi baxırlar. Əli Babayevlə müsahibəmiz də bunu göstərdi. Məlum oldu ki, azərbaycanlılar hakimiyyətə yalnız seçki zamanı lazım olur.

“...hər cür maxinasiya azərbaycanlılar yaşayan bölgələrdə olur”

- May ayının 30-da Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirildi. seçkidən bir aydan çox vaxt keçib. Azərbaycanlılar yaşayan bölgələrdə irəliyə doğru addım atılırmı?

- Seçkidən 2 ay qabaq demişdim ki, “həmən hamam, həmən kisəci” olacaq, heç nə dəyişməyəcək. Hakimiyyət seçkidə cidii işlədi. Nəticədə azərbaycanlılar yaşayan bölgələrdə alternativsiz seçki oldu. Müxalifət partiyasından olan namizədlər belə  hökumət adamları idi. Seçki komissiyalarırının üzvləri də formal idi. Seçkidə erməni karuselləri, insanları zorla seçkyiyə aparmaq adi hal almışdı. Təqaüdçülər, dövlətdən sosial yardım alanları qorxuzdurdular ki, seçkiyə gəlməsələr, yardımları kəsiləcək.

- Bunu kimlər edirdi? Hakimiyyətin yerlərdəki nümayəndələrimi?....

- Bunu respublikanın prezidenti etmirdi. Hamısını edən kreslosundan ötəri illər boyu millətimizə qamçı vuran vəzifəli azərbaycanlılar idi. O azərbaycanlılar ki, hakimiyyətin qullarıdı, rahat yaşamaqdan, öz ailəsindən, vəzifəsindən ötəri hər şeyə razıdırlar. Ətraflarında soydaşlarının necə yaşaması isə onlar üçün heç bir önəm daşımır. Seçkidən sonra monitorinq keçirdik, camaatla da danışdıq. Bu, demokratiyadan tamam uzaq seçki idi.

- Gürcüstanın paytaxtı Tiflisdə də insanlar narahat idi ki, azərbaycanlılar yaşayan bölgələrdə seçkilər demokratik keçirilməyəcək...

- Haqlıdırlar. Bu, həmişə belə olub. Gürcüstan siyasətçilərində də belə bir fikir yaranıb ki, azərbaycanlılar həmişə iqtidarın qulu olub. Seçki zamanı azərbaycanlılardan istifadə edirlər. Çünki azərbaycanlılar yaşayan bölgələr böyük səs faizinə malikdir. Qamsaxurdiyanin da, Şevardnadzenin də, Saakaşvilinin də vaxtında ən çox azərbaycanlılardan istifadə ediblər. Qorxutma, saxtakarlıq, hər cür maxinasiya azərbaycanlılar yaşayan bölgələrdə olur. Seçkidən sonra isə azərbaycanlılar heç kimə lazım olmur, problemləri də olduğu kimi qalır.

 

“Sənsən bizim ağamız, padşahımız, dərdimizin dərmanı” 

- Amma televiziya ekranlarından Borçalı camaatının Saakaşvilidən razı olduğu görünür...

- O yalnız görüntüdü. Saakaşvili həmin regionlara gedəndə əvəlcədən ssenari hazırlanır. Vəzifədə olanların 4-5 nəfər yaxın adamı çıxıb məddahlıq edir ki, “sənsən bizim ağamız, padşahımız, dərdimizin dərmanı”. Düzdür, Saakaşvili gələndən sonra böyük islahatlar oldu, ölkədə qanun-qayda yaradıldı. Amma bu, təkcə azərbaycanlılar üçün deyil, bütün Gürcüstan üçün lazım idi. Keçirilən islahatlardan bir çoxu isə millətimizə ziyan vurdu. Təhsil sahəsindəki dəyişiklikləri misal çəkə bilərəm. Azərbaycan dilinin inkişafı baxımından problem yarandı. Bütün məktəblərin gürcü dilinə keçməsi faktiki olaraq Azəırbaycan dilinin məhv olmasına aparan amillərdən biridir. Məktəblər gürcü dilinə keçiriılir deyə, azərbaycanlı müəllimlər arasında diskriminasiya oldu.

- Axı universitetlərdə azərbaycanlılar üçün şərait yaradıldı. Azərbaycanlı abituriyentlər imtahanlarını azərbaycanca verə bilərlər. Qəbul olunduqdan sonra gürcü dilindən hazırlığa gedib təhsillərini davam etdirəcəklər.

- Bu eksperimentdi. Hələ sonunu gözləyək. Əslində kənardan hər şey gözəl görünür. Amma faktlar başqa şey deyir. 20 ildir ki, Gürcüstan müstəqildir. Amma milliyyətcə azərbaycanlı olan heç bir Gürcüstan vətəndaşı təhsil almaq üçün xaricə yollanmayıb. Hansı ki, xaricdə təhsil alanlar qayıdandan sonra Prezident Aparatında, nazirliklərdə işləyirlər. Yəni indiyədək bir azərbaycanlı tapılmadı ki, xaricdə təhsil almağa göndərilsin? Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) bu yöndə bizə köməklik göstərir. Həm maddi, həm də mənəvi baxımdan həmişə bizimlədir. Məhz DİDK tərəfindən bu il 20 nəfər Şimali Kipr universitetlərində təhsil almaq üşün göndərildi. Növbəti illərdə isə Komitə Gürcüstan azərbaycanlılarının digər ölkələrdə təhsil almasına yardımçı olacaq. Azərbaycan prezidentinə də Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Azərbaycan universitetlərində təhsil almasına təmin yaratması üçün müraciət etmişik. İnanırıq kmi, İlham Əliyev cənabları da bu işə müsbət yanaşacaq.

 

Gürcüstanlı azərbaycanlılar gürcü dilini bilmir, yoxsa...

 

- Gürcüstan azərbaycanlılarının gürcü dilini bilmədiyindən onların dövlət vəzifələrinə təyin edilmədiyi deyilir. Doğrudanmı Gürcüstanda gürcü dilini bilən kadrlar yoxdur?

- Gürcüstanda 56 min gürcüdilli azərbaycanlı var ki, onlarln da əksəriyyəti ali təhsillidir. Amma cəmi 0,01 faiz azərbaycanlı işlə təmin edilib. Tiflisin dövlət orqanlarında, hökumət sistemində, nazirliklərin heç birində, meriyada azəbaycanlı yoxdur. Bələdiyyədə də cəmi 5-6 nəfər azərbaycanlı tapmaq olar. Amma erməni və digər millətlərin nümayəndələri sadaladığım orqanlarda kifayət qədərdir. Təkcə Tiflisdə 19 minə yaxın azərbaycanlı var ki, onların da 80-90 faizi rus, gürcü, Azərbaycan dillərini bilir. 7 dil bilən azərbaycanlı da var. Amma onlara dövlət orqanlarında işləmək üçün imkan yaradılmır. Hətta azərbaycanlılar yaşayan bölgələrdə mədəniyyət ocaqlarının rəhbərləri də gürcülərdir. Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrı açılan gündən bədii rəhbəri gürcüdür. Marneulinin, Qardabani mədəniyyət mərkəzlərinin direktorıları gürcüdü. Bakıda İncəsənət Universitetini qurtarıb Gürcüstana qayıdan həmyerlilərimiz isə işsiz qalıblar. Erməni teatrlarında isə rəhbərlər ermənidir, ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya idarəetmə strukturlarında, prokuroturada, digər sahələrdə ermənilər işləyir. Yalandan da deyirlər ki, Borçalıda kadr yoxdur, araşdırma aparsınlar, kardrdan çox kadr var.

Gürcüstanda 45-dən Azərbaycan şirkəti olsa da...

- Əli müəllim, deyək ki, dövlət işlərinə işçiləri Gürcüstan hökuməti təyin edir. Apardığımız kiçik araşdırma nəticəsində bəlli oldu ki, Gürcüstandakı iş adamlarının müəssisələrində çalışanların, xüsusilə də rəhbər işçilərin əksəriyyəti gürcüdür. Azərbaycanlılar barmaqla sayılacaq dərəcədə azdır.

- Son illər Azərbaycan investorları Gürcüstana böyük investisiyalar qoydu. Amma Gürcüstan azərbaycanlıları bundan xeyir götürə bilmədi. Bununla bağlı azərbaycanlı iş adamlarına müraciət edəndə də deyirlər ki, “bizim nə günahımız, deyirlər belə edin, elə edin”. Bakı-Tiflis-Qars dəmiryolu azərbaycanlılar yaşayan rayonlardan - Bolnisi, Marneulidən keçir. Heç olmasa bu layihə azərbaycanlıların kompakt yaşadığı ərazilərdən keçdiyindən azərbaycanlılar işləsin. Yaxud “SOCAR” Gürcüstan enerji kampaniyasının 600-dən çox işçisinin heç 30 faizi də azərbaycanlı deyil. Gürcüstanda ümumilikdə 45-dən çox Azərbaycan şirkəti var, onların bəzisində heç 10 faiz azərbaycanlı işçi yoxdu. Gürcülərin kampaniyalarında isə bir nəfər azərbaycanlı tapmaq müşküldür. Nə olar ki, bizim də iş adamları əvvəlcə acından ölən həmyerlilərini işə götürsünlər.

- Bəlkə Azərbaycan şirkətlərinə Gürcüstan hökuməti tərəfindən basqılar var?

- Necə olur ki, Gürcüstandakı yunanlar, yəhudi, erməni şirkətlərində işləyənlərin yarıdan çoxu öz millətlərinin nümayandələridir. Onlara basqı olmur, azərbaycanlılara olur?

 

Torpaq bolgüsü azərbaycanlıları torpaqsız qoydu

 

- Belə çıxır ki, azərbaycanlıların gəliri yalnız əkin-biçindən çıxır. Amma torpaq bölgüsündə də onlara pay çatmadı.

- Torpaq bölgüsü zamanı Borşalı əhalisinin 70-80 faizi torpaqsız qaldı. Buna görə də indi azərbaycanlılar torpağı olanların torpağını icarəyə götürüb təsərrüfatla məşğul olurlar.

- Amma Rusiya-Gürcüstan müharibəsindən sonra həmyerlilərimiz becərdikləri məhsulu Rusiyaya apara bilmirlər. Azərbaycan gömrüyündən isə mal keçirmık müşküldür. Bəs təsərrüfatla məşğul olanlar məhsullarını necə satırlar?

- Ucuz qiymətə elə qapılarındaca alverçilərə satmaq məcburiyyətində qalırlar. Ya da iş ardınca Türkiyə, Belorusiya, Rusiya, Azərbaycan, Orta Asiya respublikalarına üz tuturlar.

 

Qafqazın şeyxi Gürcüstana gedəndə nə edir?

- Dini sahədə vəziyyət necədir? İslam dininin nümayəndələri kimi azərbaycanlılar diskriminasiyaya məruz qalmırlar ki?

- Borçalıdakı 57 məscidin biri də dövlət qeydiyyatına alınmayıb. Tiflisdəki 13 məsciddən isə yalnız biri qalıb. Gürcüstanda azərbaycanlılara məxsus məscidlərdən yalnız Tiflisdəki bu məscid qeydiyyatdadır. Bir də Acarada, Adigendə mehseti türklərinin 2 məscidi qeydiyyatdadır. Niyə yəhudilərin sinaqoqları, ermənilərin kilsələri qeydiyyatdan keçir, məscidlər isə qeydiyyata alınmır. Amma erməni kilsəsinin yenidən qurulması üçün yaxınlarda Gürcüstan hökuməti 28 min lari (14 min manat- L.M.) ayırıb. Hətta bəzi keşişlər əhalisinin 100 faizi müsəlman olan regionlarda belə məscid tikməyə icazə vermirlər.

- Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Hacı Allahşükür Paşazadəylə görüşüb sözünüzü demisinizmi? Allahşükür Paşazadə bir neçə dəfə Tiflisdə olub. Hətta Gürcüstanın dini lideri, ölkə prezidenti ilə də  görüşüb. Yəqin ki, bu problemləri də qaldırıb.

- Təəssüflər olsun ki, bununla bağlı heç bir danışıq olmayıb. Əks təqdirdə bu problem həllini tapardı. Ümumiyyətlə, QMİ ilə Gürcüstan müsəlmanlarının münasibəti çox zəifdir. Gərək bu problemi Şeyxülislamla katolikos patriarxı II İlya həll edə. Özü də münasibətləri çox yaxşıdır. II İlya hər Azərbaycana gedəndə mütləq Qax-Balakəndəki  kilsələrə baş çəkir. Amma Qafqazın şeyxi bura gələndə bir dənə də məscidə girmir. Bu da bizi narahat edir. Burada azərbaycanlılardan başqa, acarlar, mehseti türkləri və digər müsəlman milətlər də var. Amma bizim dini liderimiz yoxdur.

 

Lalə Musaqızı Gürcüstan, Tiflis

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi