Modern.az

BAMF-da gənclərlə görüş keçirilib

BAMF-da gənclərlə görüş keçirilib

12 İyul 2010, 16:38

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Abşeron Sosial Layihəsinin iştirakçısı olan  gənclərlə görüş keçirilib. Layihənin rəhbəri Bakı Dövlət Universitetinin müəllimi Lalə Bayramova gənclərə məlumat verib ki, görüşün əsas məqsədi Azərbaycanın istedadlı gənclərinin həqiqətən lazımlı biliklər ala bilməsinə yönəlmiş elmi informasiyaya sahib olmasını istiqamətləndirməkdir.  Abşeron Sosial Layihəsinin iştirakçısı olan hər bir gənc ən azı 3 dildə sərbəst danışmalı; analitik təfəkkür və yaradıcı potensial ilə yanaşı, həm də informasiya texnologiyaları sahəsində mükəmməl bacarıqlara malik olmalıdır”.

 

L.Bayramova layihə çərçivəsində tez-tez görüş və dəyirmi masaların təşkil olunduğunu qeyd

edərək, bu tədbirlərdə gənclərin cəmiyyətdə nüfuzu ilə seçilən şəxsiyyətlərlə fikir mübadiləsinə zəmin yarandığını bildirib.

 

BAMF sədri Umud Rəhimoğlu gənclərə ilk növbədə rəhbərlik etdiyi təşkilat haqqında qısa məlumat verib: “BAMF  Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər, yaradıcı ziyalılar və xalq diplomatları tərəfindən yaradılmış  müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır və  1992-ci ildə dövlət qeydiyyatına alınıb. BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Əsas məqsədimiz Azərbaycanda media və vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır”. Görüşdə gənclərin nəzərini cəlb edən bir sıra mühüm məsələlər - hazırda Ermənistan işğalı altında olan torpaqlarımızın ekoloji vəziyyəti,  Azərbaycanın müxtəlif təbii landşaftlarında nəzərə çarpan antropogen xarakterli transformasiyalar, məmləkətimizin və dünyanın iqtisadiyyatının davamlı inkişafı ilə bağlı təbii komplekslərdə təzahür edən dəyişikliklər, təbii və mədəni irsin mühafizəsi kimi mühüm aspektlər ətrafında fikir mübadiləsi aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Görüşdə iştirak edən BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kabirin çıxış da tələbələr tərəfindən maraqla qarşılanıb. BAMF-ın proqramlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa tədbirdə çıxış edib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir