Modern.az

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın qurultayı keçiriləcək

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın qurultayı keçiriləcək

12 İyul 2010, 18:41

Şuşa Rayon İcra Hakimiyyəti “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi üçün tikilən yeni qərargaha köçüb. İcmanın İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev “Media forum” saytına açıqlamasında deyib ki, yeni qərargahda Dağlıq Qarabağın azərbaycanlı icmasının və Şuşa Rayon İcra Hakimiyyətinin fəaliyyət göstərməsi üçün hər cür şərait var.

Rövşən Rzayev hesab edir ki, qərargahla təmin olunması icmanın fəaliyyətinə müsbət təsir göstərəcək: “Biz iclaslarımızı, tədbirlərimizi keçirən zaman heç bir problemlə üzləşməyəcəyik. Qonaqları rahat qəbul edə biləcəyik. Qərargahla təmin olunmaq Dağlıq Qarabağın azərbaycanlı icmasına dövlətin göstərdiyi böyük diqqət və qayğıdır. Biz çox razıyıq ki, dövlət həm qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırır, həm də icma müasir qərargahla təmin olunur”.

Rövşən Rzayevin sözlərinə görə, icma dünyanın bir çox ölkəsində Dağlıq Qarabağla bağlı işləyən insanlarla təmas quracaq: “Biz istəyirik ki, onlar da yaşadıqları ölkələrdə, həmin dövlətlərin parlamentlərində bizim məsələlərimizi qaldırsınlar. Mayın 20-də Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi haqda çox mühüm bir qərar qəbul edib. Digər bir necə təşkilat və ölkədə də belə qərarlar olub. Qalan ölkələrdə də belə qərarların qəbul edilməsi üçün həm Ermənistanın Azərbaycana qarşı təcavüzü, ərazilərimizin işğal olunması, həm də Xocalı faciəsi ilə bağlı təşviqat işini gücləndirəcəyik”.

Bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gələndə icma üzvləri onlarla yeni qərargahda görüşəcəklər. Rövşən Rzayev uzun fasilədən sonra həmsədrlərin bölgəyə sonuncu səfəri zamanı icma üzvləri ilə görüşdüyünü xatırladıb: “Görüş çox yüksək səviyyədə keçdi. Bizi bir məsələ narahat edirdi. Bu da ondan ibarət idi ki, ABŞ-dan olan həmsədr Robert Bradtkenin Xankəndində erməni icmasının rəhbəri Bako Saakyana prezident deməsi haqda məlumat yayılmışdı. Mən görüşdə həmsədrə bu haqda sual verdim. O isə cavab verdi ki, belə bir söz deməyib, bu, tərcümənin problemidir. Həmsədrlər belə bir prezident tanımırlar”.

Rövşən Rzayev onu da bildirib ki, icmanın “Garabakh-az.com” ünvanlı saytı olacaq. Sayt yaxın vaxtda istifadəçilərin ixtiyarına veriləcək: “Qərargahın olması saytın daha effektli işləməsinə imkan yaradacaq. Eyni zamanda, icma qurultaya hazırlaşır. Qurultayın yaxın vaxtda keçirilməsi nəzərdə tutulur”.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahı iyulun 6-da Bakıda prezident İlham Əliyevin iştirakı ilə açılıb. Qərargah dördmərtəbəli binada yerləşir. Otaqlar informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və digər müşavirə otaqları da var.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir