Modern.az

Sözdə və kağız üzərində gender

Sözdə və kağız üzərində gender

Qarabağ

12 İyul 2010, 18:49
 Və yaxud niyə bərabərləşə bilmirik?   



«Gender bizim nəyimizə lazımdır. Cəmiyyətdə qadının öz, kişinin öz yeri var». İdarəçilik Akademiyasının magistri Semral Həsənov deyir ki, gender bərabərliyi barədə deyilənlərin hamısı sadəcə mifdir. Qadın cəmiyyətdə heç vaxt kişinin mövqeyinə çata bilməz. Qərar qəbulunda, idarəetmədə qadınların sayı ona görə az deyil ki, kişilər buna imkan vermir. Əksinə, bu səviyyəyə çatan qadınlar çox azdır. Azərbaycan Şərqdə qadına seçmək və seçilmək hüququ verən ilk respublikadır. Ölkə konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bir sıra qanun və qərarlar qəbul edib, bəzi beynəlxalq konvensiyalara qoşulub. Amma görünən odur ki, cəmiyyətdə qadınlara yanaşma bir o qədər də dəyişməyib. Bu yanaşmanın nəticəsidir ki, hazırda Azərbaycanda bütün sahələrdə, o cümlədən idarəetmədə, qərar qəbulunda, biznes fəaliyyətində kişilər qadınları böyük faizlə üstələyir. Deməli, təkcə hüquqi bazanın olması kifayət etmir. Onda maraqlı sual yaranır: Qadının önə çıxa bilməsi, özünü təsdiqləməsi üçün daha nələr etmək lazımdır? Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyir ki, kişilər cəmiyyətdə hər şeyi əllərinə alıblar, hətta qadın kişindən ağıllı olsa da onun önə çıxmasına imkan vermirlər. «Azərbaycanda qadınlar layiq olduqları yeri tuta bilməyiblər. Ölkədə bir nəfər belə qadın nazir yoxdur. Rektor qadın da demək olar yox səviyyəsindədir.  


İCRA BAŞÇISI NƏ BÖYÜK VƏZİFƏDİR Kİ…


qadın bunun öhdəsindən gələ bilməsin. Əksinə qadınlar daha işgüzar, bacarıqlıdırlar. Hər şeydən öncə isə qadın  rüşvət götürmür, bəlkə min, 10 min qadından biri rüşvət ala ya almaya. Qadın ailəsini necə dolandırırsa, rayonu da, rəhbərlik etdiyi digər strukturu da elə idarə edəcək. Sadəcə kişilərin hegemonluğu qoymur ki, qadınlar yuxarı pilləyə qalxsınlar. Gender bərabərliyi o vaxt olacaq ki, qadınla kişi qərar qəbulunda bərabər hüquqlu olacaqlar». N.Cəfəroğlu deyir ki, bəzi yerlərdə, məsələn,  məktəblərdə, xəstəxanalarda qadınlar say baxımından kişiləri üstələyir: «Amma bu rəhbər vəzifələrə aid deyil. Məktəb direktorlarının və xəstəxanaların baş həkimlərinin böyük əksəriyyəti kişilərdir. Qadın jurnalistlər də çoxdur, amma redaktorlar, baş redaktorlar demək olar ki, əks cinsin nümayəndələridir. Məgər APA pis işləyir, rəhbəri qadındır, heç kişilərdən geri qalmır».

Azərbaycan 1995-ci ildə BMT-nin «Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ fomalarının ləğv edilməsi haqqında»Konvensiyasını, 2001-ci ildə isə ona aid Fakültətiv Protokolu ratfikasiya edib. 2000-ci ildə prezident dövlət qadın siyasətinin həyata keçirilməsi üzrə fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faiziin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Ölkədə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında  Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar- fokal mərkəzlər fəaliyyət göstərir. Eyni zamanda 16 rayonun icra hakimiyyəti orqanlarının tərkibində gender problemləri üzrə şöbələr yaradılıb. 2006-cı ildə gender bərabərliyi haqqında qanun qəbul edilib. Ölkə əhalisinin 52 faizə yaxınını da qadınlar təşkil edir. Bütün bu tədbirlərə baxmayaraq 2008-ci ildə keçirilmiş Beynəlxalq İqtisadi Forumun nəticələrinə görə Azərbaycan qadın və kişilərin hüquq bərabərliyinin səviyyəsinə görə dünya ölkələri arasında 61-ci yeri tutub. Ötən illərin göstəricilərinə görə isə ölkə iki pillə yuxarıda qərar tutub. Amma bu da qanedici səviyyə deyil. Maraqlıdır ki, ölkədə gender bərabərliyinin təmini üçün görülən işlərdən, xüsusilə də regionlarda qadınlar  o qədər də xəbərdar deyillər. Bu yaxınlarda Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi(GBQT) milli gender mexanizminin monitorinqini aparıb. Ölkənin bir sıra cənub, şimal və mərkəzi hissəsində yerləşən rayonlarda yaşayan qadınlar arasında keçirilən sorğunun nəticələrindən məlum olub ki, prezidentin dövlət qadın siyasətinin həyata keçirilməsi barədə  fərmandan qadınların 48 faizinin xəbəri var. Sorğuda iştirak edən

QADINLARIN 1 FAİZ GENDER BƏRABƏRLİYİ HAQQINDA MƏLUMATLIDIR 

GBQT-nin monitorinqi göstərib ki, regionlarda qadınların 19,2 faizi ictimai həyatda iştirak edir. Bunlar da əsasən yaşlı nəslin nümayəndələridir. Gənclər parlamentində cəmi bir qız iştirak edir, bələdiyyə üzvlərinin də əksəriyyəti yaşlı nəsildir. Qadınların 76,2 faizi əmindir ki, milli adət-ənələrə görə kişilərin hüquqları daha çoxdur. «Nə qədər ki, bölgələrdə gender bərabərliyinin təmin olunması üzrə vəzifələr bu işə məsul olanlar üçün formal xarakter daşıyır, gender bərabərliyinin mexanizmləri də lazımi səviyyədə fəaliyyət göstərə bilməyəcək»,- GBQT-nin icraçı direktoru Ülviyyə Məmmədova belə hesab edir. Amma onun sözlərinə görə, yalnız bölgələrdə deyil, ümumilikdə nazirik və komitələrdə də  gender siyasətinin həyata keçirilməsinə cavabdeh olan dövlət strukturları virtual cəhətdən əlçatmazdırlar: «Yalnız iki nazirlikdə gender siyasətinə nazir müavinləri nəzarət edir. Bunlar  Mədəniyyət və Turizm Nazirliyində Sevda Məmmədəliyeva. Təhsil Nazirliyində İradə Hüseynovadır.  16 nazirlik və dövlət komitəsində fokal mərkəzləri kadrlar şöbəsinin müdirləri və ya əməkdaşları, bəzi hallarda ümumi şöbələrin əməkdaşarı təmsil edirlər. Bu cür vəziyyət Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları və s. nazirliklərdə nəzərə çarpır». Məmmədova deyir ki, fokal mərkəz əməkdaşlarının gender sahəsindəki fəaliyyətlərinin motivasiyası üçün dövlət büdcəsindən heç bir vəsait ayrılmır, gender problemlərinə dekorativ, formal yanaşma da daha çox bununla izah olunur. Başqa bir problem isə bir çox fokal mərkəz nümayəndələrinin elementar gender biliklərinin olmamasıdır. Onların hazırlığı üçün vəsait də ayrılmır.  

«AİLƏDƏ MƏSULİYYƏT BÖLÜŞDÜRÜLMƏLİDİR»
 

Sorğu göstərib ki, qadınlar işləməyin tərəfdarıdırlar. «Amma qadınların evlə bağlılığı, ana olaraq məsuliyyətlərinin daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir ki, qabağa getsinlər. Biz düşünmürük ki, kişi üzərinə daha çox məsuliyyət götürməlidir. Sadəcə ailədə məsuliyyət bölüşdürülməlidir. Biz iş mexanizmimizi dəyişməyi düşünürük, çünki həmişə deyirik, ancaq qadınlar eşidir, kişilər qəbul etmir. Kişilərin maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin. Yalnız qadınlarla effektiv iş görmək olmur. Mentalitetə qayıtsaq, qadının rolu ondan ibarətdir ki, kişiyə, ailəsinə qulluq etsin. Amma bunun ifrat dərəcədə qəbul edilməsi doğru deyil». Hüquqşünas İradə Cavadova da hesab edir ki, qadının sırf kariyera baxımından ucalmasında obyektiv və subyektiv səbəblər var. «Qadınlar daha çox ailəyə bağlı olurlar. Qadın uşağa baxmağa məcbur olur, elementar olaraq yaxşı bağçaların olmaması da qadına kariyera baxımıdan problemlər yaradır. Analıq məzuniyyəti qadın üçün praktika baxımından itirilmiş zaman sayılır və onun təkminləşməsi üçün  kurslar da demək olar yoxdur. İşə götürən ehtiyat edir ki, qadın analıq məzuniyyətinə çıxacaq, ona ödəmələr olacaq». Xatırladaq ki, Azərbaycanda  31 icra başçısı müavini qadındır, 14 qadın millət vəkili var. Parlamentin vitse spikeri və komitə sədrlərindən biri, iki dövlət komitəsinin rəhbəri-Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi-qadındır, 3 nazir müavini, MSK-nın 16 üzvündən 4-ü, 125 DSK sədrindən 3-ü qadındır. Daxili İşlər Nazirliyi strukturlarında 615 qadın çalışır, onların 219-nun  zabit rütbəsi var. Zabit rütbəsi olan 19 nəfər rəhbər vəzifə sahibidir. Cavadova təsdiqləyir ki, bir sıra sahələrdə olduğu kimi hüquq mühafizə orqanlarında qadınların işləməsi nədənsə birmənalı qarşılanmır. Amma  

HÜQUQŞÜNAS KİŞİ QADIN CİNSİNƏ BÖLÜNMƏMƏLİDİR  

Bəzən hüquq mühafizə orqanında deyirlər ki, qadın istintaqçı, əməliyyatçı ola bilməz. Çünki gecə vaxtı meyitxanaya, hadisə yerinə çıxa bilməz. Qadından isə soruşan yoxdur ki, çıxa bilər ya yox. Əgər kişi istintaqçı qadına sırf peşəkar kimi baxırsa, burda heç bir problem ola bilməz. Yol polisində qadın işləmir, bunun səbəbi də işin ağırlığı ilə izah olunur. Yola nəzarət etmək,  cərimə yazmaq  çətin deyil axı. Dövlət yol polisində qadın şöbə müdiri yoxdur. Səbəb isə sadədir: Çünki yol polisi rüşvət alır, qadınsa buna getməz. Cavadova deyir   

QADINLAR QANUNSUZ HƏRƏKƏTLƏRƏ GETMƏKDƏN ÇƏKİNİRLƏR
 

«Rayon polis idarələrində rəis qadın yoxdur. Düşünürəm ki, qadın polis rəisləri olsa işgəncə halları da baş verməz. Gömrük Komitəsində də xanımlar yoxdu. Məgər orda daş daşıyırlar?!  Vergilər Nazirliyidə şöbə müdirləri, vergi departamenti rəisi, vergi cinayətləri üzrə departamentin 120 nəfər işçisi hamısı kişilərdir. Bizdə 4 rəqəmli telefonu olan rəhbər qadınların sayı belə həddən artıq azdır.  Hakim qadınlar var, amma sədr yoxdur. Regionlarda qadın vəkillər demək olar fəaliyyət göstərmir. Qadın məişət zoakılığı, insan alverinə, işdə  seksual qısnamalara məruz qalanda vəkil kişiyə müraciət etməkdən çəkinir, vəkil qadın da olmadığıdan problemini həll edə bilmir». Xatırladaq ki, Azərbaycanda «Gender bərabərliyinin təminatları haqqında» qanun cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan edir və ölkənin hüquq təcrübəsində ilk dəfə olaraq bu qanunda ayrı-seçkilik anlayışı tətbiq edilir.  Qanunda deyilir ki, cinsi mənsubiyyətə görə, ayrı-seçkilik, seksual qısnamalar, cinsi mənsubiyyətə görə fərq qoyma, hansısı istisnalar və ya  üstünlük verilməsi, cinsi mənsubiyyətə görə haqların sıxışdırılması və inkar edilməsidir. (Maddə 2.0.4) İnzibati Xətalar Məcəlləsinin  60.1 maddəsində isə seksual qısnamaya məruz qalmış və öz idarə rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsini qadağan edən düzəlişlər edilib. Ədliyə Nazirliyi bununla mübarizənin mütləq olması haqqında hakimlər, hüquq mühafizə orqanlarının əməkdaşları, vəkillər üçün hazırlıq kürsu təşkil edir. Rəsmi statistikaya görə, 2006-cı ildən indiyə kimi iş yerində seksual qısnamalarla əlaqəli heç bir məhkəməyə müraciət qeydə alınmayıb. Bununla bağlı real məsuliyyətə cəlbetmə halları yoxdur. Cavadova isə deyir ki, rəsmi statistika olmasa da, kariyera baxımından ucalmaq istəyərkən  

QADINLAR SEKSUAL QISNAMALARLA ÜZLƏŞİRLƏR
 

«Belə faktlar var və bu çox böyük problemdir. Bu zaman çoxları işdən azad olunmağa daha meyilli olurlar. Bizə bununa bağlı bir neçə müraciət olub, amma qadınlar bunu KİV-ə çıxarmaq istəmirlər. Çünki onda ümumiyyətlə, işlərini itirirlər. Heç bir işə götürən problemli qadın istəmir». Cavadova deyir ki, seksual qısnamalar həm dövlət strukturlarında, həm özəl strukturlarda baş verir. Bir çox dövlət strukturlarında kameralardan istfadə olunur, amma qadınlar seksual qısnamalara məruz qaldıqlarını sübut edə bilmirlər. Cavadova hesab edir ki, qanunvericilikdə belə hallara qarşı çox ciddi sanksiyalar olmalıdır.  Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya, Hüquq İnstitutunun şöbə müdiri, genderşünas Əli Abbasov isə deyir ki, qadınlar gərək istənilən işdə qadın obrazlarını itirməsinlər. Onun sözlərinə görə,  

«QADINLARIN ÇOXU ÖZLƏRİNİ DÖVLƏT ORQANLARINDA KİŞİ KİMİ APARIRLAR»

Əsas odur ki, qadınlar qadın problemləri ilə məşğul olsunlar. Parlamentə, dövlət orqanına qadın obrazını gətirsinlər. Qadınlar dövlət işinə gələndə özlərini kişi kimi aparırlar, başlayırlar güc göstərməyə. Burada böyük inkişaf olmalıdır».
Abbasov deyir qadınların bütün dövlət strukturlarında, qərar qəbulunda iştirakı üçün lazımi hüquqi baza mövcuddur. Amma bu gün gender bərabərliyi təmin olunmayıb. Onun fikrincə,  problemlərin aradan qaldırılmasında təhsilin, tədrisin, maarifləndirmənin böyük rolu var və  bu sahədə inkişafı artırmaq lazımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə deyir ki, dövləti qadın və kişilər idarəetməlidir. Bunun üçün imkan var, sadəcə cəmiyyətdə gedən prosesləri görüb, onları düzgün isitiqamətləndirmək lazımdır. «Sonuncu bələdiyyə seçkilərində qadınlar 26 faiz yer qazanıblar. Hesab edirəm ki, bu naliyyəti qadınlarımız parlament seçkilərində də təkrarlayacaqlar». Qəhrəmanova hesab edir ki, qadın düşüncəsi ilə kişi düşüncəsinin bir araya gəlməsi ağıllı qərarın qəbulu ilə nəticələnir.  Millət vəkili Gültəkin Hacıbəyli isə qadının cəmiyyətdəki mövqeyinin qanedici olmadığını deyir. O hesab edir ki bütün sahələrdə qadının rolu gücləndirilməlidir. «Azərbaycan qadını cəmiyyətdə layiq olduğu səviyyədə özünü realizə edə bilməyibsə, bunu etiraf etməliyik. De-yuri reallıqlarla de-fakto hüquqlar arasında uçurum var. Amma problem tək Azərbaycanda deyil, Avropa Şurasına üzv bütün 47 ölkədə mövcuddur. Ona görə qurum bu məsələni özünün prioritetlərindən birinə çevirib. Qadınları müdafiə etməyin ən yaxşı yolu onları gücləndirmək, səlahiyyətləndirməkdir. Onların səlahiyyətləndirilməsi isə seçkilərdə fəal iştiraklarından keçir». Psixoloq Azad İsazadə isə hesab edir ki, gender bərabərliyi ilk növbədə ailənin içində pozulur. «Digər tərəfdən gender bərabərliyindən danışarkən hansı mühütdə böyüdüyümüzü yaddan çıxarmamalıyıq. Biz bəzi şeyləri norma kimi qəbul edirik. Məsələn, deyirik ki, nənəm, anam belə olubsa, deməli, mən də belə olmalıyam». Psixoloq düşünür ki, xanımlar özləri də müqavimət göstərməli və cəmiyyətdə layiq olduqları mövqeyə çatmalıdırlar: «Amma əksinə, sanki vəziyyət çoxlarını qane edir. İkincisi, bu hüquqi savadsızlıqla bağlıdır, qadınlar öz haqlarını bilmirlər».  

KEÇİD MƏRHƏLƏSİ ÜÇÜN KVOTA
 

Qadınların bəziləri hesab edirlər ki, bərabərliyə nail olmaq üçün keçid mərhələsi bütün strukturlarda qadınlara 30 faiz kvota ayrılmalıdır. Skandanaviya ölkələrinin təcrübəsini misal göstərən Cəfəroğlu deyir ki, bu heç də demokratiya, insan haqları pozuntusu deyil. «Əgər kvota olarsa, onda qadınlarımız nəyə qadir olduqlarını göstərərlər». Cavadova da müvəqqəti kvotanın tətbiqinin tərəfdarıdır. Deyir ki, vaxtilə belə bir tövsiyə irəli sürüblər, amma bu kişilər tərəfindən qısqanclıqla qarşılanıb. İsazadə isə kvota tətbiqi ilə problemin həll olunmayacağını deyir. «Bəlkə keçid mərhələsi üçün ola bilər, amma işdə cinsə görə yox,  qabiliyyətə görə seçim edilməlidir. Başqa tərəfdən, elə işlər var, qadınlara yaramır. Tutalım, hərbi xidmət məsələsi və s. Biz qadınlarımızı qorumalıyıq». Psixoloq deyir ki, gender bərabərliyini sadəcə bayraq kimi götürüb qabağa getmək də mümkün deyil, çünki onda biz ümumilikdə bu prosesə ziyan vurmuş olarıq.  

BEYNƏLXALQ TƏCRÜBƏ
 

Gender bərabərliyinin təmini üçün son illər bir çox ölkələrdə hökumətlər tərəfindən müxtəlif addımlar atılıb. Gender bərabərliyi qanununa görə Böyük Britaniyada, İspaniyada, Çexiyada, Almaniyada  nazirlər, dövlət, idarə təmsilçiləri iki ildən bir gender bərabərliyi üzrə nazirə hesabat verirlər. Nazirin özünün də hesabatı olur və bu internetdə yerləşdirilir. Sloveniyada isə gender bərabərliyi üzrə şura kişilərə və qadınlara qarşı bərabər münasibətin pozulması barədə şikayətləri qəbul edərək qərar çıxarır. Şuraya hər bir ölkə vətəndaşı müraciət edə bilər. Polşada isə gender vəzifələrinin həyata keçirilməsi təkcə dövlət strukturlarına yox, ictimai funksiyaları yerinə yetirən fərdi şəxslərə, ictimai təşkilatlara da aid edilir. Albaniyada milli mexanizm Nazirlər Kabineti səviyyəsinə qaldırılıb. Yəqin buna görədir ki, artıq xüsusilə Avropada gender bərabərliyi ilə bağlı müəyyən uğurlar əldə olunub. Azərbaycanda genderlə bağlı nə parlamentə, nə baş nazirə xüsusi hesabat təqdim edilmir. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərkibində  gender məsələləri şöbəsi fəaliyyət göstərir. Şöbə rəhbəri ilə əlaqə yaratmaq mümkün olmasa da, «bütün suallarınıza cavab alacaqsınız»deyə 2010-cu ilin birinci yarsının hesabatını təqdim etdilər. Lakin hesabatda bayram tədbirləri və ordakı çıxışlardan başqa heç nə yox idi… Görünən isə budur ki, Azərbaycanda gender bərabərliyi yalnız sözdə, bir də kağız üzərində mövcuddur…

Pərvanə SULTANOVA   


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!