Modern.az

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi jurnalistlərin mənzil məsələsinə yönəlsin, yönəlməsin?

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi jurnalistlərin mənzil məsələsinə yönəlsin, yönəlməsin?

31 Avqust 2009, 19:13

KİV rəhbərlərinin münasibəti

Son zamanlar gündəmdə olan mövzulardan biri də evsiz jurnalistlərin mənzillə təmin olunmasıdır. Bununla bağlı səslənən bəzi təkliflərdə Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu gələcəkdə qəzetlərə ayıracağı vəsaitin jurnalistlərin mənzil məsələsinə yönəldiləcəyi ehtimal edilir. Prezident Admnistrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da, bu yaxınlarda verdiyi açıqlamada bunun mümkün olacağını qeyd edib. Onun sözlərinə görə, KİV rəhbərləri məsələ ilə bağlı ortaq fikrə gəlsələr, bu istiqamətdə müəyyən tədbirlər görülə bilər. Artıq «Jurnalist» Mənzil Tikiniti Kooperativi (MTK) 2010-cu ildə KİV-ə Dövlət Dəstəyi Fondunun media orqanlarına ayıracağı vəsaitin mənzilsiz jurnalistlərin probleminin həllinə yönəldilməsi təklifilə çıxış edib. Bəzi media kapitanlarının bu təklifə münasibətlərini öyrənməyə çalışdıq.

Jurnalistlərin cəmiyyətin ən kasıb təbəqəsi olduğunu vurğulayın «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid onların sosial problemlərinin həllinə diqqət ayrılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, cüzi əmək haqqı ilə jurnalistlərin özlərinə mənzil alması xülyadır: «Fikrimcə, jurnalistlərin sosial probleminin, eləcə də mənzil məsələsinin həll edilməsinə dövlət xüsusi diqqət ayırmalıdır. Mən jurnalistlərin ən xırda problemlərinin belə həllini istəyirəm. Hətta 2001-ci ildə ulu öndər Heydər Əliyevlə görüşdə çıxışım zamanı jurnalistlərin mənzil problemini diqqətə gətirmişdim. Bu məsələ indi də aktuallığını itirməyib. Dövlətimizin iqtisadi gücü artıb. Məhz bundan istifadə edərək, vətənpərvər jurnalistlərin mənzillə təmin edilməsini həyata keçirmək olar. Şəhərin müxtəlif ərazilərində torpaq sahəsinin ayrılaraq evsiz jurnalistlər üçün mənzillərin tikilməsinə tərəfdaram». R.Məcidin qənaətincə, KİV-lərə Dövlət Dəstəyi Fondunun növbəti il üçün qəzetlərə yardım məqsədilə ayıracağı vəsaitin məbləği artırılmalıdır.

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov mənzilsiz jurnalistlərə mənzillərin verilib-verilməməsilə bağlı indidən hansısa fikirin söylnməsinin yersiz olduğunu qeyd edib. O, hesab edir ki, məsələ ilə bağlı müəyyən araşdırmaların aparılmasına ehtiyac var. MŞ sədri jurnalistlərin sosial problemlərini daim diqqətdə saxladıqlarını söyləyərək, məsələ ilə bağlı Şuranın xüsusi komissiyasının fəaliyyət göstərdiyini də əlavə edib: «Fikrimcə, yaxın zamanlarda mənzilsiz jurnalistlərin probleminin həll edilməsi mümkün deyil. Fond yeni yaradıldığı üçün xeyli güclənməlidir ki, bu məsələləri həll etmək gücü qazansın. Mənzil probleminin həll edilməsi gələcəyin məsələsidir. Biz Mətbuat Şurası olaraq müəyyən təkliflər üzərində işləyirik. Hesab edirəm ki, mənzillə bağlı optimal variant jurnalist şəhərciyinin salınmasıdır».

«Üç Nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı bu təklifə normal yanaşdığını bildirib. Onun sözlərinə görə, jurnalistlərin mənzil probleminin həll edilməsi istiqamətində müəyyən addımların atılması zəruridir. X.Hidayətqızı redaktorların razılığa gələcyi təqdirdə özünün bu məsələdə istənilən addımı atmağa hazır olduğunu deyib: «Jurnalistlərin sosial problemlərinin olması heç kəsə sirr deyil. İlk növbədə hər şey redaktorların ümumi fikrə gəlməsindən və ayrılacaq vəsaitdən aslıdır. Təbii ki, az vəsaitlə mənzilsiz jurnalistlərin bu problemini həll etmək olmaz. Sonuncu dəfə media orqanlarına yardım məqsədilə Fond tərəfindən 10 min manat vəsait ayrıldı. Bir çox baş redaktorlar ya həmin pulu jurnalistlərə vermədi, ya da az bir hissəsini verdi. Əgər redaktorlar ümumi fikrə gəlsə, mən ayrılacaq pulu da jurnalistlərin sosial probleminin həllinə yönəltməyə hazıram. Biz peşəkar jurnalistləri məhz elə onların sosial durumunun, maddi vəziyyətinin yaxşı olmaması üzündən itiririk. Peşəkar jurnalistlərin media orqanlarından uzaqlaşmasını istəmiriksə, ilk olaraq onların maddi durumunu, sosial vəziyyətini yaxşılaşdırmağa çalışmalıyıq».

APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı hər bir jurnalistin mənzilinin olmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, jurnalistlərin maddi vəziyyəti yüksək səviyyəyə çatdırılmalıdır ki, onlar mənzil məsələsini özləri həll etmək gücündə olsun. V.Mahirqızının fikrincə, mənzil məsələsini həll etmək üçün Fond tərəfindən media orqanlarına ayrılacaq vəsaitin lazımi səviyyədə olması vacibdir: «Biz redaktorlar sosial vəziyyəti, maddi durumu yaxşı olmayan jurnalistlərdən keyfiyyətli iş tələb edə bilmərik. Əgər mənzilsiz jurnalistlərin bu problemini həll etmək mümkündürsə, mən buna hər cür dəstəyi verməyə hazıram. Fikricə, yalnız müxbir heyətinin mənzil problemini həl etmək lazımdır. Redaktorlar hər bir halda özünə mənzil ala biləcək. Yaxşı olardı ki, mənzili olmayan jurnalistlərə hansısa dövlət qurumları, şirkətlər tərəfindən hədiyyə kimi evlər paylansın. Bizim öz imkanlarımız daxilində gördüyümüz işlərin nəticəsi olaraq demək olar ki, artıq agentliyimizdə mənzilsiz jurnalistlərin sayı minimuma endirilb. İstərdim ki, digər media rəhbərləri də, imkan daxilində bu məsələyə diqqət ayırsınlar».

«Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan hesab edir ki, KİV-lərə Dövlət Dəstəyi Fondunun ayırdığı vəsaitin jurnalistlərin mənzil məsələsinin həllinə yönəldilməsi effekt verməz. Onun düşüncəsinə görə, ayrılan bu məbləğlə jurnalistlərin mənzil problemini həll etmək mümkün deyil: «Yaxşı olar ki, dövlət özü bu problemi öhdəsinə götürərək həll etsin. Çünki mənzilsiz jurnalistlərimizin sayı kifayət qədərdir. Jurnalistlərin sosial vəziyyəti, maddi durumu mətbuatın işinin keyfiyyətinə mane olur. Təbii ki, bu qədər problemi olan jurnalist işinə tam diqqət ayıra bilməz. Bir sözlə, jurnalistlərin mənzil probleminin həll açarı dövlətin əlindədir».

«Aynı», «Zerkala» qəzetinin baş redaktoru Elçin Şıxlı Fondun ayıracağı vəsaitlə jurnalistlərin mənzil probleminin həllinin mümkünsüz olduğunu qeyd edib: «Jurnalistlərin bu probleminin həll olunmasına tam razıyam. Əgər Fondun ayıracağı 10 min manat jurnalistlərin mənzil məsələsini həll edə bilərsə, mən bu məbləği məmnuniyyətlə verərəm. Amma bütün bunlar hamısı böş söhbətlərdir. Çünki bu məsələdə tam başqa bir mexanizm işləməlidir. Əgər jurnalistə adi kreditlər verilmirsə, hansı mənzil məsələsindən söhbət gedə bilər? Jurnalistlər üçün xüsusi bank yaradılarsa və ya jurnalistlərə ipoteka kreditləri verilərsə, bəlkə o zaman mənzil problemi həll edilə bilər»

 

Aqil LƏTİFOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir