Modern.az

Rejissor Cənnət Səlimova ermənilərə simpatiya bəsləməkdə ittiham olunur

Rejissor Cənnət Səlimova ermənilərə simpatiya bəsləməkdə ittiham olunur

13 İyul 2010, 19:38

Dövlət Gənclər, Gənc Tamaşaçılar və Dövlət Kamera teatrları Gənc Tamaşaçılar Teatrında birləşəndən sonra yaradıcı heyət arasında yaranan ədavət daha da qızışıb. Bu teatrların birləşdiyi səhnənin arxasında yeni qalmaqal yaranıb. Bu barədə Modern.az-a adı çəkilən teatrın aktyorları məlumat veriblər.

Aktyorlar bildiriblər ki, hələ teatr mövsümünün əvvəlində Cənnət Səlimova baş rejissor təyin ediləndə aktyor heyətinə deyib ki, “mənim vaxtım azdır, gəlin məni yola verin, dörd tamaşanı təhvil verək, onları məndən tələb edirlər”: “O, öz tamaşalarını nəzərdə tuturdu. Dedi ki, teatr mövsümü onun tamaşaları ilə açılsın, sonra hamı sərbəst yaradıcılığı davam etdirsin. Biz də həvəsləndik.  Onda Gənclər Teatrından bir aktyor ona təklif etdi ki, Gənc Tamaşaçılar Teatırının “Pəricadu” tamaşasını qoyursunuzsa, Gənclər Teatırından da bir tamaşa qoyulsun. Cənnət Səlimova isə dedi ki, “olmaz”".

Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanov Modern.az-a deyib ki, həmin vaxt bütün yaradıcı heyət susub və C.Səlimovaya dəstək verməyi qərara alıb. “O dörd tamaşanı təhvil verdik. Ondan sonra bədii şuranın üzvlərini kənarlaşdırdılar və Cənnət Səlimova əlavə olaraq özünün 10 tamaşasını siyahıya saldı.
İyun ayında Simferepol şəhərində festival oldu. Həmin festivala da Cənnət Səlimovanın öz tamaşası “Ezop” göndərildi”.

A.Salmanov deyir ki, həmin festivalda iştirak edən tamaşalar haqqında dərc olunan afişanı Azərbaycana da göndəriblər və Bakıda ona baxan aktyorlar əsəb gərginliyi keçiriblər: “Orada Xerson, İstanbul, Simferepol və digər teatrların fəaliyyəti, yaradıcılığı, repertuarı barədə geniş məlumat verilmişdi. Gənc Tamaşaçılar Teatırı haqqında isə sadəcə yazılmışdı, bu teatr Kamera və Dövlət Gənclər teatırı ilə birləşərək birgə fəaliyyət göstərir. Onda mən Cənnət Səlimovaya öz etirazımı bildirdim ki, niyə bizim teatr haqqında bircə bu “erməni-budaq” cümləsi yazılmalıdır? Sən 80 il fəaliyyəti olan bir teatırın üstündən niyə xətt çəkirsən? Qayıdıb mənə nə desə yaxşıdı, dedi ki, “mən böyük erməni xalqının qarşısında baş əyirəm”. Bu sözü düz üç dəfə təkrarladı. Sonra da dedi ki, “məni bura qoyublar, mən nə istəyirəm onu da eliyəcəyəm”. Bütün kollektiv ona etiraz elədi. Aktyorlar Vaqif Əsədov, Ağalar İdrisoğlu, Nicat Kazımov, Qurban İsmayılov, ümumiyyətlə orada kim vardı, hamı öz etirazını bildirdi.
Onun həmin sözləri teatrın bədii şurasının protokolunda da qeyd edilib. Bizim bədi şuranın katibi Rafiq Rəhimli Cənnət Səlimovanın sözlərini mobil telefonun diktafonuna yazıb”.

Ağaxan Salmanov deyib ki, erməni xalqına belə simpatiya bəsləyən bir rejissorun Gənc Tamaşaçılar Teatrında işləməyə haqqı yoxdur.
Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Cənnət Səlimovanın da mövqeyini öyrənmək istəyib, amma onunla əlaqə yarada bilməyib.


Mail Ağaxanov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı