Modern.az

“Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz”

“Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz”

13 İyul 2010, 19:56

“Azərbaycan heç vaxt Dağlıq Qarabağa bu regionu respublikanın qalan hissəsindən ayıran status verməyəcək və münaqişənin nizamlanması üzrə vasitəçilər bu mövqeni dəstəkləyirlər”.  Modern.az xəbər verir ki, bu barədə Azərbaycan prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısında respublikanın sosial-iqtisadi inkişafına həsr olunmuş iclasında bəyan edib.

“Həqiqət və həmsədrlərin təklifləri bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, Ermənistanın işğalçı qoşunları işğal edilmiş bütün rayonlardan çıxarılmalı, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar”, - deyə dövlət başçısı bildirib.

 “Dağlıq Qarabağın gələcək statusuna gəldikdə isə, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz və bu, danışıqların ayrılmaz hissəsidir”, - deyə prezident vurğulayb.

O qeyd edib ki, nə ermənilər, nə qondarma Qarabağ separatçıları, nə də üçüncü tərəf birtərəfli qaydada Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz və Azərbaycan xalqı və dövləti bu regionu ölkənin qalan hissəsindən ayıran status verməyəcək.

Prezident bəyan edib ki, danışıqlar masasındakı sənəd açıq şəkildə Dağlıq Qarabağın statusu ilə bağlı bütün məsələləri əks etdirir.

Prezident qeyd edib ki,  Qarabağ nizamlanmasında son söz Azərbaycan xalqının olacaq, ölkənin ərazi bütövlüyü isə heç zaman danışıqlar mövzusu olmayacaq.

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın hərbi gücü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində həlledici rol oynaya bilər.

“Biz hər zaman torpaqlarımızı işğalçılardan azad etməyə hazır olmalıyıq və mən tam əminəm ki, bu gün Azərbaycan belə imkanlara malikdir”, - deyə dövlət başçısı bildirib.

“Biz hərbi gücümüzü son dərəcə artırmışıq və artırmaqda davam edəcəyik, bizim maliyyə imkanlarımız buna şərait yaradır. Bu maliyyə imkanlarını biz, Azərbaycan xalqı, siyasətimiz yaradıb”, - deyə dövlət başçısı əlavə edib.

Azərbaycanın hərbi potensialının artdığını bəyan edən İlham Əliyev qeyd edib ki, hazırda ölkənin hərbi xərcləri 2 milyard. 150 milyon.dollar  təşkil edir. “Bu, bizə Azərbaycana ən müasir texnika və silah gətirməyə, ölkədə güclü müdafiə sənayesi yaratmağa imkan verir və biz qısa vaxt ərzində buna nail ola bilmişik”, – deyə prezident vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi