Modern.az

Bu il meyvə bağlarından 680 min ton məhsul yığılması gözlənilir

Bu il meyvə bağlarından 680 min ton məhsul yığılması gözlənilir

Təhsil

13 İyul 2010, 23:30

Cari ilin məhsulu üçün keçən ilin payızında və bu ilin yazında 950 min hektar sahədə dənli və dənli-paxlalı bitkilər əkilib ki, ondan da 674,6 min hektarını buğda təşkil edib.Modern.az-ın məlumatına görə, bunu iyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında

kənd təsərrüfatı naziri İsmət Abasovun bildirib.

Nazir deyib ki, iyulun 12-nə olan vəziyyətə 802,7 min hektarda və ya ümumi sahənin 84 faizində biçin aparılıb və 1594,8 min ton məhsul istehsal edilib. Taxıl yığımı kampaniyasının mütəşəkkil keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qərargah və “qaynar telefon” xətti yaradılıb. Taxıl biçini mövsümündə “Aqrolizinq” ASC tərəfindən gətirilən 990 və digər mənbələrdən daxil olan 240 müasir tipli kombayn olmaqla, ümumilikdə 3 min 110 taxılyığan kombayndan istifadə edilir. Bu isə keçən ilin taxıl biçinində istifadə edilən yeni kombaynların sayından 236 ədəd çoxdur. “Hava şəraitinin kəskin dəyişməsi, aramsız yağışların yağması ayrı-ayrı sahələrin hava axını ilə daxil olan sarı və qonur pas xəstəlikləri ilə sirayətlənməsinə səbəb olmuşdur. Bu xəstəliklərin məhsul itkisinə vurduğu ziyanı minimuma endirmək məqsədilə müvafiq aqrotexniki tədbirlər kompleksləri həyata keçirilir. Qeyri-sabit iqlim şəraitinə baxmayaraq, bu il 99 min hektar bar verən meyvə-giləmeyvə bağlarından 680 min ton məhsul alınması gözlənilir. Aparılan araşdırmalara görə, bir sıra bölgələrin meyvə bağlarına, xüsusən çəyirdəklilərə xeyli ziyan dəymişdir. Bununla yanaşı, çəyirdəkli meyvələrdən fərqli olaraq tumlu, sitrus və subtropik meyvə və üzüm bağlarında vəziyyət qənaətbəxşdir”-deyə İ.Abasov bildirib. İ.Abasovun sözlərinə görə, 2010-cu ildə 375,7 min hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da keçən ildəkindən 18,6 min hektar çoxdur. O cümlədən, təxminən keçənilki səviyyədə - 66 min hektar sahədə kartof, 32,5 min hektar və ya keçən ildəkindən 1,3 min hektar çox bostan və 81,1 min hektar sahədə və ya keçən ildəkindən 1,2 min hektar çox tərəvəz bitkiləri əkilib. Yaşıl çay plantasiyalarından 450 ton yaşıl çay yarpağı istehsalı gözlənilir. İ.Abasov deyib ki, daşqınlar nəticəsində Kür və Araz çaylarının mənsəbinə yaxın rayonlarda təxminən 60 min 107 hektar əkin və örüş sahələrini su basıb ki, bunun da 26 min 255 hektarını payızlıq taxıl, 2 min 667 hektarını kartof, 2 min 400 hektarını tərəvəz, 710 hektarını bostan, 80 hektarını şəkər çuğunduru, 22 min 838 hektarını yonca və 3 min 735 hektarını örüş sahələri təşkil edir. Daşqına məruz qalmış Sabirabad rayonunun kəndlərində suyun içərisindən 307 baş iri və xırda buynuzlu heyvan və 24 min 153 başa qədər quşun cəsədləri çıxarılaraq baytarlıq-sanitariya tədbirlərinə uyğun zərərsizləşdirilib. “Hazırda təbii fəlakət zonasında saxlanılan heyvanlar arasında təhlükəli infeksion xəstəliklərə görə epizootik durum daim nəzarətdə saxlanılır”. Nazir deyib ki, Cənubi Qafqaz regionunda ilk dəfə olaraq ölkəmizdə süni mayalanma mərkəzi fəaliyyət göstərir. İndiyədək 500 nəfər süni mayalanma texniki hazırlanıb. Keçən il süni mayalanma yolu ilə 23 min baş, cari ilin 6 ayında isə 17 min sağlam bala alınıb. Bu üsulla alınmış inəklərin hər birindən orta hesabla 3000-3500 kiloqram süd sağılır. Bununla yanaşı, “Aqrolizinq” ASC tərəfindən Almaniyadan keçən il 770 baş cins damazlıq mal gətirilərək lizinq qaydasında satılıb. Bu işin davam etdirilməsi üçün cari ilə ayrılmış 3 milyon manat vəsait hesabına 902 baş cins damazlıq düyə gətirilməsi üçün müqavilə bağlanıb, indiyədək 287 baş heyvan gətirilib və lizinq qaydasında satılıb. Qalan heyvanların gətirilməsi payız aylarına planlaşdırılır. Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!