Modern.az

RTV-nin baş redaktoru: “Biz regional televiziyaya yuxarıdan aşağıya baxışı məhv etdik” - MÜSAHİBƏ

RTV-nin baş redaktoru: “Biz regional televiziyaya yuxarıdan aşağıya baxışı məhv etdik” - MÜSAHİBƏ

Müsahibə

9 Avqust 2014, 12:49

Modern.az saytı “Gözdən iraq media” adlı yeni rubrika ilə regional televiziya radio və çap medianın tanıtımına başlayır. Bu rubrikada bölgə mediasının əsas simaları ilə daha yaxından tanış olacaqsınız. İlk tanışlığa Xaçmazda fəaliyyət göstərən “Regional” TV (RTV) başlayırıq. Region televiziyasının baş redaktoru Vəli Turan çalışdığı media orqanı və yaşadığı problemlər barədə Modern.az-a  danışır: 

- RTV 2007-ci il noyabr ayının 15-i yayıma başlayıb. Ölkənin şimal bölgəsində yayımlanan televiziya Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarını əhatə edir. Quba rayonunun Dağlı kəndi və Siyəzən rayonunda Gilgilçay qəsəbəsi ərazisində yerləşdirilən ən son model teleötürücülər regionda ən keyfiyyətli yayım həyata keçirməyə imkan verir. Buna paralel olaraq televiziyamız rtv.az saytı vasitəsilə “onlayn” yayım həyata keçirir. RTV-nin istehsal etdiyi veriliş və proqramların yayımı analoq və “onlayn” yayımla yanaşı, peyk vasitəsilə də dünyaya yayımlanır. 6 regional televiziyanın – RTV (Xaçmaz), CTV (Lənkəran), “Kanal S” (Şəki), “Kəpəz TV” (Gəncə), ELTV (Yevlax), TTV-nin (Tovuz) birgə təsisi olan “Region TV” vasitəsilə RTV-nin istehsalı olan 10 yaxın veriliş peyk vasitəsilə dünyaya yayımlanır.

TV-nin struktur quruluşu 5 departament və 1 xidmətdən ibarətdir.

RTV-də həftəlik yayımın həcmi 133 saatdır. Yayımın 70%-i televiziyanın öz istehsalı olan proqramlar, 30%-i isə ödəniş əsasında müəlliflik hüququ ilə əldə olunan film, konsert və müxtəlif proqramlardır. Bu gün “Regional” televiziyanın efirində öz istehsalı olan müxtəlif səpkili 22 proqram yayımlanır. Kanal hər səhər saat 07:00-da efirə start verir. Telekanalın xəbərlər xidməti fəaliyyətə başladığı gündən operativliyi və baş verənlərə obyektiv münasibəti ilə rəğbət qazanıb. Kollektiv uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı,  həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. Hazırda RTV-də 100-dən artıq şəxs çalışır.

- Proqram siyasətində hansı yöndə verilişlərə üstünlük verilir? Xəbər-informasiya, maarifləndirici və ya əyləncə?

- Televiziya ümumilikdə efiri medianın əsas funksiyalarına uyğun məlumatlandırıcı, maarifləndirici və əyləndirici proqramlarla zənginləşdirir. Proqram tərtibatında xəbər-informasiya və maarifləndirici xarakterli telelayihələrə üstünlük verilir. RTV tamaşaçı tələbini nəzərə almaqla yanaşı, proqram siyasətində sosial-ictimai verilişlərə xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu istiqamətdə uğur qazanmış kifayət qədər telelayihələrə imza atmışıq. RTV-də daha çox tamaşaçıların faydalana biləcəyi sosial, ictimai proqramlar yayımlanır.

- İnformasiya siyasətində üstünlük verdiyiniz dəyərlər hansılardır?

- “Regional” Televiziya efirə “Xəbər vaxtı” informasiya proqramı ilə start verib. İnformasiya buraxılışımızın ilk sloqanı “Regionda baş verənlərdən vaxtında xəbər tutmaq istəyirsinizsə, “Xəbər vaxtı”na baxın!” olub. Xəbər siyasətində RTV-nin diqqət etdiyi ən ciddi məqam xəbərin doğruluğu və operativlikdir. Regiona daha yaxın olduğumuzdan və eyni anda bir neçə xəbər komandası ilə çalışmaq imkanımızın olması üstünlüyümüzdür. Bu üstünlükdən istifadə edərək regionun informasiya məkanında operativliyimizi qoruya bilirik. Eyni zamanda bütün fəaliyyət sahələrində baş verənləri işıqlandırmaq imkanımız mövcuddur. Təsadüfi deyil ki, “Xəbər vaxtı” informasiya buraxılışı yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına görə “Media Açarı-2010” mükafatına layiq görülüb. Xatırladaq ki, RTV təsis olunduqdan bəri bu mükafatı qazanan ilk regional media qurumudur.

- Bölgə televiziyası yarandan gündən bu vaxta qədər hansı problemlər sizi izləyib?

- Bölgə televiziyası ifadəsi ilə razı deyiləm. Çünki televiziyanın, KİV-nin bölgə və paytaxt televiziyasına bölməyi düzgün hesab etmirəm. Çünki dünyanın bir çox aparıcı TV-i regionlarda yerləşir. Amma heç yerdə onları bölgə kanalı adlandırmırlar.

RTV fəaliyyətə başladığı ilk gündən televiziyaçılığa peşəkar yanaşmanı əsas prioritet seçib. Televiziyanın əsas məqsədi region televiziyaçılığına yuxarıdan aşağı baxışa son qoymaq olub. Təbii ki, buna nail olmaq o qədər asan başa gəlməyib. Bunun üçün biz komanda olaraq çox çalışmışıq. Ümid edirik ki, biz bu məqsədimizə nail olmuşuq. Hazırda tamaşaçıların region mediasına rəğbəti artıb. Bir sıra proqramlarımızla regionun ən sevimli kanalına çevrilməyi bacarmışıq.

Televiziya fəaliyyətə başladığı gündən məmur-jurnalist, vətəndaş-jurnalist münasibətlərinə peşəkar yanaşma göstərib. Hansı ki, bu məqamlar RTV-yə qədər ürəkaçan durumda deyildi. Televiziya yarandığı zamanlar bu tip çətinliklər mövcud idi. Bəzi “həmkarlarımız” bu sahə çox ucuzlaşdırmışdılar.

Təbii ki, televiziyanın fəaliyyətinin ilk rübündə ən ciddi çətinliklərdən biri də yerli kadrların çatışmazlığı ilə əlaqəli idi. İlk günlərdə təsəvvür edin bəzi hallarda bir neçə işi bir nəfər görürdü. Çünki bu işləri görə bilən kadrlarımız yox idi. İşləmək istəyən gənclər müraciət edirdilər. Amma onlara işi öyrətmək vaxt tələb olunur. Efir isə gözləmir. Biz həmin vaxtlarda Azərbaycan tele məkanında çalışan bu regiondan olan peşəkarlarla əməkdaşlıq etməyə başladıq. Onların bir neçəsi ilə uğurlu telelayihələrimiz olub.

Bilirsiz, ümumiyyətlə Azərbaycan televiziya məkanında peşəkar kadrların sayı o qədər də çox deyil. Regionlarda isə peşəkar televiziya mütəxəssisləri barmaqla sayıla biləcək qədərdir. Bunun da bir çox səbəbləri var. Regionların əksəriyyətində televiziya kanalları 2007-ci ildən yaranmağa başlayıb. Düzdü o vaxta kimi bir çox regionlarda TV kanalları olub, amma onlarında maddi və texniki imkanları çox zəif olub. Amma qısa müddət keçməsinə baxmayaraq biz öz işinin öhdəsindən gələn, peşəsini sevən insanlardan ibarət komanda formalaşdıra bilmişik. Kollektivimiz əksəriyyəti gənclərdən ibarətdir. Müxtəlif vaxtlarda əməkdaşlarımızın xarici ölkələrdə təcrübələrə göndəririk. Hazırda artıq biz bu problemin böyük əksəriyyətini həll etmişik.


- Bəs bu gün hansı problemlərlə üz üzəsiniz?

- Bu gün bizim bir neçə il bundan qabaq yaşadığımız problemlər həll olunub. Deyə bilərəm ki, maddi texniki bazamız, avadanlıqlarımız ən müasir tələblərə cavab verir. Hazırda elə də ciddi problemlərimiz yoxdur. Gündəlik yaranan problemləri də həll etməyə çalışırıq.

- Regionda auditoriyanın marağını hansı üsullarla qazana bilirsiniz?

- Tamaşaçılarımızın məişətinə daha yaxın olduğumuzdan onların üstünlük verdiyi dəyərləri, tamaşaçının maraq oriyentasiyasını daha tez müəyyənləşdirə bilirik. RTV regionu göstərir, tamaşaçılarımız televiziyamızın ekranında özlərini görürlər. Bu üzdən RTV tamaşaçılarla daha tez doğmalaşmağı bacardı. Bu gün televiziyanın şüarı – “Özünüzə baxın!”dır.

Bundan əlavə, mütəmadi şifahi və yazılı sorğular həyata keçirir, tamaşaçıların efirimizdə görmək istədiyi proqramları öyrənir, efir siyasətimizi bu dəyərlərə uyğunlaşdırmağa çalışırıq. Ümumrespublika yayımçılarından fərqli olaraq regionda fəaliyyət göstərən televiziyaların regionları göstərmək imkanları daha çoxdur. Rayonlarda televiziyaların yaranması bu baxımdan çox önəmlidir. Bu gün Azərbaycanın regionları da sürətlə inkişaf edir. Regionlarda müasir standartlara cavab verən televiziyaların yaranması da bu inkişafın göstəricisidir.

- Regiona daxil olan başqa rayon və şəhərlərdə ayrı bürolarınız fəaliyyət göstərirmi?

- Bildiyiniz kimi RTV Azərbaycanın şimal regionunda yerləşir. Bu region rayonların sıxlığı ilə seçilir. Məsələn Xaçmaz ilə Quba rayon mərkəzlərini 25 dəqiqəlik məsafə ayırır. Quba ilə Qusar arasındakı məsafə isə cəmi 11 km-dir. Xaçmaz şimal regionunun mərkəzində yerləşir və regionun digər rayonları olan Siyəzən, Şabran, Quba Qusarla əhatələnib. Bu üzdən regionda baş verənləri işıqlandığımız zaman operativliyi qoruya bilirik. Nüanslar nəzərə alındıqda regionun digər rayonlarında ayrı-ayrı büroların fəaliyyətinə ehtiyac duyulmur. Efirimizdə demək olar ki, hər gün regionun bütün rayonlarına aid proqramlar, informasiyalar yer alır.

- Televiziya kanalına gənc kadrları cəlb etmək sizin üçün nə dərəcədə çətindir?

- Az öncə qeyd etdiyim kimi bu çətinlik özünü daha çox televiziyanın fəaliyyətə yeni başladığı zaman daha qabarıq görünürdü. Qısa zamanda kadr çatışmazlığı problemini həll etmək üçün bir sıra addımlar atdıq. Paytaxtdan dəvət etdiyimiz peşəkar televiziya mütəxəssisləri ilə yanaşı regionun gənc, istedadlı şəxsləri də televiziyamıza cəlb etdik. Onlar həm televiziya daxilində, həm də, müxtəlif seminarlarında işə hazırlandı. Bir sıra müsabiqələrdə uğurlu çıxışlarına görə, televiziyanın əməkdaşları ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniyada təcrübə keçdi. Hazırda RTV gənc kadrların yetişməsində məktəb rolunu oynayır. Televiziyamızda peşəkarlaşmış əməkdaşlarımız digər media qurumlarında görürük. Bu çox qürurverici mənzərədir .

- Kadr çatışmazlığı problemi hiss edirsinizmi?

- Hazırda kadr çatışmazlığı ilə bağlı ciddi çətinliklərlə rastlaşmırıq. Hər mövsüm televiziyamızda keçirilən işçi müsabiqələrində regionda yaşayan 10-larla istedadlı gənci televiziya işinə cəlb edirik. Təbii ki, bu hadisə onların istedadlarının üzə çıxarılması, arzuladıqları işlə təminatı ilə yanaşı RTV kollektivini də mütəmadi gəncləşdirir, heyətə yeni nəfəs gətirir.

- Modern.az-ın timsalında operativ xəbər portalı ilə sizin televiziya hansı ortaq layihəni həyata keçirə bilər?

- Niyə də yox. Biz tamaşaçılar üçün çalışırıq. Əgər iki media qurumunun həyata keçirəcəyi layihə tamaşaçılar üçün faydalı olacaqsa, biz bu əməkdaşlıqdan ancaq məmnun olarıq. Modern.az saytı daim izlədiyimiz və xəbərlərinin doğruluğuna inandığımız bir neçə saytlardan biridir.

- Bölgələrlə paytaxt arasında qarşılıqlı informasiya mübadiləsi sizin üçün nə dərəcədə önəmlidir?

- Biz təkcə regionda baş verən xəbərləri deyil, ölkədə baş verən ictimai, siyasi, mədəniyyət xəbərlərini yayımlayır. Bakıda keçirilən mühüm tədbirlərin hamısını efirimiz vasitəsilə yayımlanır. Bilirsiz,  indi nəinki paytaxt Bakı ilə, dünyanın istənilən media qurumu ilə ölkəmizin maraqları, regionumuz tanıdılması, eləcə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəmizi verməyə çalışırıq. Bizim vasitəmizlə Qubada baş verən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə bir neçə KİV-də məlumatlar yer alıb. Biz işimizlə dövlətə və dövlətçiliyimizə xidmət edirik.

Ulduz İbrahimova
Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi