Modern.az

"Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır"

"Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır"

Ölkə

14 İyul 2010, 09:33



“…ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına əlavə 1 milyard yarım manat vəsait qoyulmalıdır. Biz çalışmalıyıq ki, bu vəsaitdən maksimum səmərə ilə istifadə edək ki, Azərbaycanda ilin sonuna qədər daha da böyük həcmdə işlərin görülməsinə nail olaq”.
Modern.az-ın məlumatına görə, bunu iyulun 13-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında söyləyib.
İlham Əliyev deyib ki, həmin vəsaitin bir hissəsi hərbi potensialımızın gücləndirilməsinə xərclənəcək, bir hissəsi iqtisadi infrastruktur layihələrinə, bir hissəsi isə sel və daşqınlar nəticəsində öz evlərini itirmiş insanların yaşayış səviyyəsinin qaldırılmasına yönəldiləcək.

Prezident deyib ki, gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. “Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə, o qədər də böyük imkanlara malik olmayan insanlar.
Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşür. Son altı ildə yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfə aşağı düşmüşdür. Ancaq buna baxmayaraq, hazırda ölkə əhalisinin 11 faizi yoxsulluq şəraitində yaşayır. Bu insanlara dövlət öz qayğısını göstərməlidir və ünvanlı sosial yardım, eyni zamanda, minimum əməkhaqqı və pensiyanın qaldırılması sosial müdafiə işlərində çox mühüm addım olacaqdır”.

İlham Əliyev deyib ki, bu il 100 milyon manatdan çox kreditlər veriləcək. Gələn il yəqin ki, bu məbləğ artacaq. “Əsas odur ki, konkret, real layihələr, yəni ciddi layihələr təqdim olunsun və onlar tezliklə, keyfiyyətlə icra olunsun”.

2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edildiyini xatırladan dövlət başçısı deyib ki, ilin birinci yarısında bu sahədə görülən tədbirlər öz nəticəsini verir. “Artıq Azərbaycanda bu il bir neçə milyon ağac əkilibdir. Təkcə Bakı və Abşeron yarımadasında 800 min ağac əkilibdir və bu proses payızda davam etdiriləcəkdir. Beləliklə qarşımıza qoyduğumuz vəzifə icra olunacaqdır.
Ancaq bununla bərabər bu tədbirləri biz ancaq “Ekologiya ili”ndə görməməliyik. Bu, daimi proses olmalıdır və Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu ay biz artıq Avro-2 standartına keçdik. Bu da hesab edirəm ki, çox vacib və əlamətdar hadisədir. Bu, birinci addımdır, bu, bizim bu məsələyə nə qədər ciddi yanaşmağımızı göstərir. Ancaq bu addımdan sonra əlavə başqa addımlar da atılmalıdır. Yəni Avro-2 bizim son hədəfimiz deyil, ondan sonra Avro-3, Avro-4, Avro-5 var, yəni görülən bütün işlər bu istiqamətə yönəldilməlidir. Avro-2 standartlarına keçid artıq çox ciddi bir addımdır, yəni birinci addımdır.
Bakıda bildiyiniz kimi, məişət tullantıları zavodu tikilir. Balaxanı poliqonunda görülən işlər artıq ekoloji vəziyyətin yaxşılaşmasına gətirib çıxarıbdır. Artıq o bölgədən ənənəvi tüstülər qalxmır. Hamımız yaxşı xatırlayırıq ki, vaxtilə oradan qalxan tüstülər bütün şəhəri bürüyürdü və insanların sağlamlığına böyük ziyan idi. Artıq bu məsələ də öz həllini tapıbdır. Yəni, bu, onu göstərir ki, ciddi yanaşma olan halda və konkret tədbirlər görüldüyü halda hər bir məsələ öz həllini tapa bilər. Bəziləri hesab edirdi ki, Balaxanı poliqonu elə orada bizə əbədi problem yaradacaq, bunun qabağını almaq heç cür mümkün deyil və bu, böyük bir fəlakətdir, orada yığılan tullantılar elə yavaş-yavaş yanacaq və tüstü şəhəri bürüyəcəkdir. Amma biz göstərdik ki, əgər iradə varsa və ciddi yanaşma varsa, hər şeyi etmək mümkündür. Beləliklə, ekoloji vəziyyətin, xüsusilə Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bu tədbirin görülməsi xüsusi əhəmiyyət daşıyır”.

İlham Əliyevin sözlərinə görə, bütün bölgələrdə təmizləyici qurğular, içməli suyun verilməsi, kanalizasiya qurulması prosesi davam etməlidir.

“Hesab edirəm ki, qısa müddət ərzində bu sahədə də ciddi tədbirlər görülməlidir. Birinci addımlar atılır və artıq təklif verilmişdir ki, rayon icra hakimiyyətləri bu işlərə qoşulsunlar. Azərbaycan dövləti vəsait ayıracaqdır ki, yerlərdə onlar bu işləri özləri görsünlər. Bir halda ki, bu sahədə bizim planlarımız hələ ki, həyatda öz əksini tapmır. Bu məsələ öz həllini təcili surətdə tapmalıdır və qısa müddət ərzində bütün rayon mərkəzlərində, o cümlədən Bakıda içməli su, kanalizasiya sistemi yaradılmalıdır. Bakıda müəyyən işlər görülübdür, daha da böyük işlər görülməlidir. Elə etməliyik ki, Azərbaycan vətəndaşları hər bir yerdə, ölkəmizin istənilən nöqtəsində Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində içməli su ilə təmin oluna bilsin”.
İlham Əliyev deyib ki, Oğuz-Qəbələ-Bakı su kəməri bu il istifadəyə verilməlidir. “Bu kəmərin tikintisi artıq bir neçə ildir ki, uzanıbdır. Düzdür, bunun müəyyən təbii səbəbləri vardır, çünki bu, bizim üçün yeni bir layihədir. Yəqin ki, bəri başdan hər şeyi hesablamaq çətin idi. Ancaq kəmərin tikintisi zamanı qarşıya çıxan texniki məsələlər bu işin yubanmasına gətirib çıxardı. Eyni zamanda tikinti zamanı lazım olan vəsaitin də çatmayacağı üzə çıxdı, yəni layihə bahalaşdı. Elə etməliyik ki, qısa müddət ərzində, ilin sonuna qədər Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilsin. Beləliklə, Bakı sakinlərinin içməli su ilə təchizatı yaxşılaşsın. Əsas məqsəd budur.
Bu, çox böyük layihədir, bunun həm çox praktiki əhəmiyyəti var, eyni zamanda, o, rəmzi xarakter daşıyır. Neft kəmərindən əldə edilmiş gəlirləri biz su kəmərinin tikintisinə yönəltdik. Yəni, böyük bir layihədir, daim diqqət mərkəzində olan bir layihədir. Bu layihənin ilin sonuna qədər uğurla başa çatdırılması tələb olunur”.

Prezidentin sözlərinə görə, “Əsrin kontraktı”ndan artıq 16 il vaxt keçməsinə baxmayaraq, Azərbaycan xarici investorlar üçün maraqlı ölkə kimi cəlbedicidir və ölkəmizlə iş görmək istəyən şirkətlərin sayı artır.

İlham Əliyevin sözlərinə görə, yaxın zamanlarda, gələn ilin dövlət büdcəsi ilə bağlı konkret işlər başlanacaq. “Artıq ilin birinci yarısı arxada qaldı. Biz gələn ilin büdcəsi haqqında fikirləşməliyik. Bilirəm ki, Maliyyə Nazirliyində bu məsələlərlə bağlı işlər gedir. Ümumiyyətlə, artıq Azərbaycanın dövlət büdcəsi oturuşmuş büdcədir. Biz çalışmalıyıq ki, büdcəmizi maksimum dərəcədə vergilər, rüsumlar hesabına təmin edək. Çalışmalıyıq ki, Neft Fondundan transfertləri çox da şişirtməyək. Ancaq bu da lazımlı vəsaitdir, Azərbaycanın sürətli inkişafını təmin edir.
Mən bayaq qeyd etdiyim kimi, bizim valyuta ehtiyatlarımız artır. İlin sonuna qədər daha da artacaqdır. Ancaq biz bu ehtiyatlardan çox qənaətlə istifadə etməliyik. Biz resursları maliyyə resursları, kreditlər, investisiyalar şəklində ölkə iqtisadiyyatına qoymalıyıq ki, həmin layihələr də öz növbəsində milli gəlir gətirsin və bunun hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Əgər biz çox böyük investisiyaları qoymasaydıq, əgər biz bəzi beynəlxalq məsləhətçilərə qulaq assaydıq və ehtiyatları sadəcə olaraq yığsaydıq, bu gün Azərbaycan iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi. Biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri-neft sektoru hesabına iş yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz demək olar ki, ərzaq məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirik. Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı. Bizim indi bəlkə də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə proseslər mənfi istiqamətdə gedəcəkdi. Məhz o vaxt biz bax bu “Holland xəstəliyi” ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz ehtiyatları da yığdıq - bax bu il artan valyuta ehtiyatlarımız onu göstərir ki, bu artım gedir - eyni zamanda, lazım olan sahələrə investisiyaları böyük həcmdə yönəldə bildik”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir