Modern.az

Azərbaycanın 6 aylıq makroiqtisadi göstəriciləri açıqlanıb

Azərbaycanın 6 aylıq makroiqtisadi göstəriciləri açıqlanıb

14 İyul 2010, 15:30

Dövlət Statistika Komitəsi 2010-cu ilin birinci yarısında Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. Modern.az komitəyə istinadla xəbər verir ki, 2010-cu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,7 faiz, yaxud müqayisəli qiymətlərlə 561,4 milyon manat artaraq 19,7 milyard manata çatıb. ÜDM-in 67,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 57,2 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 3,4 faizi kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,2 faiz, o cümlədən nəqliyyatda 6,3 faiz, ticarət və pullu xidmətdə 7,8 faiz, rabitədə 1,6 faiz, sosial və qeyri-formal xidmətlərdə 10,5 faiz təşkil etmişdir. ÜDM-in 6,3 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Keçən ilin birinci yarısına nisbətən adambaşına ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 2210,6 manat (2751,5 ABŞ dolları) olub.

Əlavə dəyər istehsalı neft sektorunda ötən illə müqayisədə 2,4 faiz, qeyri-neft sektorunda isə 4,7 faiz artıb.

Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin birinci yarısı ilə müqayisədə 3,5 faiz çox və ya 14,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsulun 77,5 faizi mədənçıxarma bölməsində, 17,2 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub. 2009-cu ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 2,1 faiz, emal bölməsində 5,2 faiz, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 2,9 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 3,1 faiz artıb.

Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 2,1 faiz artaraq 25,3 milyon ton, əmtəəlik qaz hasilatı isə 3,6 faiz azalaraq 8,5 milyard kub metr təşkil edib.

Emal sektorunda qida məhsulları istehsalı 2,5 faiz, içki istehsalı 9,2 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 3,0 faiz, neft məhsulları istehsalı 9,7 faiz, kimya sənayesi məhsulları istehsalı 55,2 faiz, rezin və plastik məmulatlar istehsalı 15,5 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 39,4 faiz, hazır metal məmulatları istehsalı 1,0 faiz, elektrik avadanlıqları istehsalı 36,4 faiz, maşın və avadanlıqların istehsalı 98,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 42,4 dəfə artıb.

İlin ilk yarısında 9,1 milyard kv.saat elektrik enerjisi istehsal olunub.

Sənayenin neft sektorunda məhsul istehsalı 2,4 faiz, qeyri-neft sektorunda 15,3 faiz artıb.  

Aqrar bölmədə yaz tarla işləri başa çatıb. İyun ayının 21-nə kimi 375,7 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 31,2 min hektar sahədə dənli və dənli paxlalılar, 29,5 min hektar sahədə dən üçün qarğıdalı, 81,1 min hektar sahədə tərəvəz, 66,1 min hektar sahədə kartof, 30,5 min hektar sahədə pambıq, 32,5 min hektar sahədə bostan bitkiləri, 8,6 min hektar sahədə şəkər çuğunduru, 1351 hektar sahədə tütün və s. əkilib. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 18,6 min hektar, o cümlədən pambığın əkin sahəsi 9,3 min hektar, tərəvəzin əkin sahəsi 1,2 min hektar, bostan bitkilərinin əkin sahəsi 1,3 min hektar, tütünün əkin sahəsi 162 hektar, şəkər çuğundurunun əkin sahəsi 1,1 min hektar artıb.

Havaların kənd təsərrüfatı işlərinin aparılması üçün əlverişsiz keçməsi və sel sularının əkin sahələrinin bir qismini basaraq məhsullara ziyan vurmasına baxmayaraq kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 543,9 min hektarın taxılı biçilib və həmin sahələrdən 1118,7 min ton məhsul toplanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 44,5 min hektar çox sahənin taxılının biçilməsinə baxmayaraq 169,9 min ton az məhsul toplanı, məhsuldarlıq 5,2 sentner aşağı düşərək 20,6 sentnerə bərabər olub.

Yığım başlanandan tarlalardan 245 min ton kartof, 280,1 min ton tərəvəz, 61,5 min ton meyvə və giləmeyvə, 16 min ton bostan məhsulları, 28,7 ton tütün, 256,9 ton yaşıl çay yarpağı toplanıb. 2009-cu ilin analoji dövrü ilə müqayisədə tərəvəz istehsalı 8,9 min ton, yaxud 3,3 faiz, bostan məhsulları istehsalı 4,0 min ton (33,2 faiz), tütün istehsalı 4,7 ton (19,6 faiz) artıb, kartof istehsalı 14,8 ton və ya 5,7 faiz, meyvə və giləmeyvə istehsalı 7,9 min ton (11,3 faiz), yaşıl çay yarpağı istehsalı 2,0 ton (0,8 faiz) azalıb.

Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1,7 faiz artaraq 2627,8 min başa, qoyun və keçilərin sayı 0,9 faiz çoxalaraq 8519,6 min başa çatıb. Bu dövrdə 1,3 faiz çox və ya diri çəkidə 149,2 min ton ət, 5,6 faiz çox, yaxud 739,7 min ton süd, 0,5 faiz az və ya 610,7 milyon ədəd yumurta, 1,4 faiz çox, yaxud 13,2 min ton yun istehsal edilib.

Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 5,8 faiz azalıb, heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artıb, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 1 faiz azalıb.

İlin əvvəlindən inşaat kompleksində 3,8 milyard manat məbləğində vəsaitdən istifadə edilib. İstifadə edilmiş vəsaitin 65,9 faizi və ya 2,5 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 2009-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 10,9 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 5,3 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 78,7 faizini və ya 3,0 milyard manatını daxili vəsaitlər təşkil edib və 5,9 faiz artıb.

Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilib. Altı ay ərzində ümumi sahəsi 705,5 min kv.metr yaşayış evləri, 260 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 40 nəfərə xidmət göstərə bilən ambulatoriya-poliklinika müəssisəsi, 135 çarpayılıq xəstəxana, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində “Dalğa Plaza” İş və Sərgi mərkəzləri, Naxçıvanda Avtomobil zavodu, Gəncə şəhərində “Ramada Plaza” mehmanxanası, Qəbələdə “Gilan” Piano fabriki, “Qafqaz Resort” mehmanxanası, “Fitnes” Sağlamlıq mərkəzi, Avtovağzal binası, Meyvə-tərəvəz soyuducu anbarı, Biləsuvarda Konserv zavodu, Reqional Ana və Uşaq Mərkəzi, Cəlilabad rayonunda Müalicə-diaqnostika Mərkəzi, Şahmat məktəbi, Göytəpə Su anbarı, Şərab emalı sexi, Salyanda Soyuducu anbar kompleksi, Lənkəranda Konserv zavodu, Çay fabriki, Reqional Boks Mərkəzi, Dondurma fabriki, Göyçay və Ağdaşda Olimpiya İdman kompleksləri, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilib. Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 3549,0 milyon manat vəsaitin 1158,8 milyon manatından istifadə edilib.  

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 94,2 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çox yük, 656,6 milyon nəfər və ya 3,5 faiz çox sərnişin daşınıb. Yüklərin 11,4 faizi dəmir yolu nəqliyyatı, 50,5 faizi avtomobil nəqliyyatı, 5,8 faizi dəniz nəqliyyatı, 32,3 faizi boru kəmərləri ilə, sərnişinlərin 85,3 faizi avtomobil, 14,2 faizi metropolitenlə daşınıb.

Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 514,0 milyon manat dəyərində və ya ötən ildə olduğundan 28,2 faiz çox rabitə xidməti göstərib. Xidmətlərin 74,3 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 79,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Mobil telefonları abonentlərinin sayı son bir il ərzində 1,4 milyon nömrə və ya 19,0 faiz artaraq 8,5 milyona çatıb.

2010-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,7 faiz artaraq 11,5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8,4 faiz artaraq 1290 manata (orta hesabla ayda 215,0 manata) çatıb. Gəlirlərin 70 faizi son istehlaka, 9,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyun aylarında 5,0 faiz artaraq 315,2 manata çatıb. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 457,5 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 497,3 manat təşkil edib.  

Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 6,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz çoxalaraq 2,0 milyard manata çatıb. Realizə olunmuş əmtəələrin 65,7 faizini ərzaq məhsulları, 34,3 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı, müvafiq olaraq, 7,6 və 11,1 faiz artıb.

2010-cu ilin yanvar-may aylarında 126 ölkə ilə aparılmış xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,5 faiz artaraq 10,6 milyard dollar təşkil edib, 85,0 faizi və ya 9,0 milyard dolları uzaq xarici dövlətlərlə, 1,6 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılıb.

Beş ay ərzində ölkəmizdən xarici ölkələrə 8,2 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilib, onun 7,4 milyard dolları uzaq xarici dövlətlərə, 821,5 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunub.

Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 2,4 milyard dollar təşkil edib. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 1,6 milyard dollar, MDB üzvü dövlətlərindən isə 763.2 milyon dollar olub.

Xarici ticarət əlaqələrinin 55,9 faizi Avropa, 36,4 faizi Asiya, 6,2 faizi Amerika, 1,4 faizi Afrika qitələrinin ölkələri ilə aparılıb.

Beş ay ərzində 5,8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 5,7 milyard dollar, MDB üzvü dövlətləri ilə isə 58,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.

İdxalın 75,9 faizi, ixracın 94,5 faizi sərbəst dönərli valyuta ilə həyata keçirilib.

İyun ayında may ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,1 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri may ayının səviyyəsində qalmış, xidmət tarifləri isə 0,1 faiz bahalaşıb. Eyni zamanda qiymət və tariflər altı ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,8 faiz, xidmət tarifləri 8,1 faiz bahalaşıb.  

Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-may aylarında dövlət büdcəsinə 4,1 milyard manat həcmində, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 2,5 faiz çox vəsait daxil olub, bu vaxt ərzində büdcədən 3,6 milyard manat və ya 2009-cu ilin müvafiq dövrünə nisbətən 2,7 faiz az vəsait xərclənib, 537,1 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 3,3 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 38,7 faizi və ya 1378,1 milyon manatı iqtisadiyyatın inkişafına, 14,9 faizi, yaxud 531,9 milyon manatı sosial müdafiə və sosial təminata, 11,6 faizi və ya 412,9 milyon manatı təhsilə yönəldilib. Büdcə xərclərinin 33,8 faizi və ya 1203,8 milyon manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilib.  

Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği iyun ayının 1-i vəziyyətinə 8,7 milyard manata çatıb və ötən ilin müvafiq dövrünə nisbətən 37,4 faiz artıb. Verilmiş kreditlərin 6,4 milyard manatı uzunmüddətli olub, 383,6 milyon manatının ödəmə müddəti ötüb.

Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artaraq iyun ayının 1-nə 2,5 milyard manata çatıb. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 1061,7 milyon manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1420,0 milyon manat olub.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 1 Avroya 0,98 manat, 100 Rusiya rubluna 2,57 manat, yanvar-iyun aylarında isə müvafiq olaraq 0,80, 1,07 və 2,67 manat təşkil edib. Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!