Modern.az

Ekologiya ilinin boynunu bükmüş ağacları

Ekologiya ilinin boynunu bükmüş ağacları

14 İyul 2010, 18:23
 Qurumaq təhlükəsilə üzləşən ağaclar haray diləyir

2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar respublika üzrə çoxaylı tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Ölkədə ekloji tarazlığın bərpa edilməsi məqsədilə paytaxt Bakı və regionlar üzrə yaşıllaşdırma tədbirləri həyata keçirilir. "Ekologiya ili" çərçivəsində bütövlükdə respublikanın qoşulduğu ağacəkmə kampaniyasının nəticəsi olaraq artıq yüz minlərlə yeni ağac əkilib. Təkcə Bakı və ətraf rayonlarda on minlərlə müxtəlif təyinatlı ağac basdırılıb.

Təbii ki, paytaxtın mərkəzi yollarının kənarında, eləcə də regionlar boyu salınan meşə zolaqları ölkədə ekoloji problemin aradan qaldırılmasında öz töhvəsini verəcək. Ancaq etiraf edilməlidir ki, bəzi hallarda əkilən ağaclara qulluq lazımi səviyyədə həyata keçirilmədiyindən çəkilmiş zəhmət hədər getmiş olur. Belə ki, milyonlarla manat vəsit hesabına xarici ölkələrdən gətirilmiş ağacların əkilməsinə səfərbər edilmiş insan əməyinin biganəlik hesabına hədər getməsi ağrılı haldır. Amma fakt odur ki, belə hallar var, özü də kifayət qədərdir.
Məsələn, Suraxanı rayonu ərazisində digər rayonlarla müqayisədə daha çox ağacın əkildiyini demək olar. Bu işdə rayon icra hikimiyyəti ilə bərabər ölkənin digər aidiyyatı orqanlarının əməyi danılmazdır. Çox təssüf ki, bu kampaniyaya qoşulan təşkilatlar işlərini yalnız ağac əkməklə bitmiş hesab edirlər. Əkilmiş ağaclara qulluq məsələsi isə heç kimi maraqlandırmır. Daha doğrusu, müxtəlif idarə və müəssisələr bu işə məsul olmadıqlarını əsas gətirərək yaxalarını kənara çəkmiş olurlar. Elə yerli icra strukturları və bələdiyyələr də eyni fikri əsas tutaraq baş verənlərə biganəlik nümayiş etdirirlər. Nəticədə elə sadalanan qurumların gözü qarşısında böyük zəhmət hesabına əkilmiş ağacların quruması prosesi baş verir.

Konkret olaraq Suraxanı dairəsindən Bakıxanov qəsəbəsinə gedən yolun kənarında salınmış meşə zolağı məhv olmaq təhlükəsi ilə üzləşib. İki yol qovşağında yerləşən ərazidə əkilən on minlərlə ağac insanların biganəliyi ucbatından məhv olub gedir. Bu ağaclara əkildiyi gündən indiyə qədər heç bir qulluq göstərilməyib. İsti yay günlərində nəinki gündə, heç həftədə də bir dəfə sulanmayan ağacların əksəriyyəti boynunu büküb insanlardan fəayad diləyirlər.

Məlumat üçün qeyd edək ki, həmin ağaclar xarici ölkələrdən gətirildiyindən dərhal bizim təbiətə alışa bilmirlər. Bunun üçün müəyyən qədər vaxt və ayaq üstə durmaqdan ötrü onlara qulluq gərəkdir. Ancaq bu qulluğu görməyən ağaclar sanki dilə gəlib insanlardan kömək diləyirlər. Mütəxəssislərin fikrincə, ağacəkmə kampaniyasında əkilmiş ağacların 70 faizinin bitməsini normal hal kimi qəbul etmək olar. Bu nəticəni isə yalnız onlara yüksək səviyyədə qulluq nəticəsində əldə etmək mümkündür. Təssüf ki, yol kənarında əkilmiş ağaclara qulluq nəinki yox səviyyəsindədir, hətta onlar su üzünə həsrət qalıblar. Məhz bunun nəticəsidir ki, əkilən ağacların əksəriyyəti bitməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, bu qurum tərəfindən  əkilən  ağaclara normal səviyyədə qulluq göstərildiyindən əksəriyyəti bitir. Təəssüf ki, ayrı-ayrı təşkilatların əkdikləri ağaclar var ki, onlara lazımi qulluq göstərilmədiyindən istənilən nəticəni əldə etğmək mümkün olmur. Məlumat üçün onu da qeyd edək ki, respublikada əkilmiş ağaclara qulluq göstərəcək hər hansı rəsmi təşkilat və ya servis qurumu yoxdur.

Bu sahəyə ayrı-ayrı təşkilatların aidiyatı olsa da qulluq məsələsində konkret səlahiyyət və ya vəzifə bölgüsü aparılmayıb. Elə bunun nəticəsidir ki, heç bir təşkilat özbaşına əkilmiş ağaclara qulluq məsələsini öz üzərinə götürmək istəmir. Nəticədə isə böyük zəhmət hesabına əkilmiş ağaclar göz görə-görə məhv olub gedir. Daha dəhşətli məqam ondan ibarətdir ki, biganə məmurlar ağacları sulamaq adı altında aylarla əhaliyə içəmli su verilişini dayandırır və həmin suyun əlaltdan maşınla satışını təşkil edirlər. Bu isə o deməkdir ki, artıq bizim məmurlar vətəndaşlara qarşı olduğu kimi təbiətə qarşı da amansız olaraq hər ikisinin qanına susayıblar.    

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı