Modern.az

“Yeni tədris ili bir sıra yeniliklərlə xarakterizə oluna bilər”

“Yeni tədris ili bir sıra yeniliklərlə xarakterizə oluna bilər”

19 İyul 2010, 16:34
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Modern.az-ın suallarını cavablandırır.  

- 2009-2010-cu tədris ili milli təhsil sistemimizin təkmilləşdirilməsi və yenidən qurulması baxımından əlamətdar olub. Birmənalı şəkildə deyə bilərik ki, yeni təhsil qanunu məktəbəqədər təhsil müəssisələrindən başlamış universitetlərə qədər bütün təhsil müəssisələrinin həyatında mütərəqqi dəyişikliklərin baş verməsini şərtləndirib. Xüsusu vurğulamaq lazımdır ki, təhsilin bütün pillərini və səviyyələrini əhatə edən bu dəyişikliklər həm forma, həm də məzmun baxımından yeniliklərin olması ilə xarakterizə olunur. Hər şeydən öncə, yeni təhsil qanunu təhsil sistemində baş verən bütün proseslərin tənzimlənməsi üçün vahid qanunvericilik bazasının yaradılması və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin hüquqi statusunun dəqiq müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni qanunun qüvvəyə minməsi ali təhsilimizin Boloniya prosesinə qoşulmasının sürətləndirilməsi və ali təhsil müəssisələrimizin bu prosesin tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin artmasına səbəb olub.
Ümumiyyətlə, 2009-2010-cu tədris ili ali təhsil müəssisələrində kredit sisteminin tətbiqinin genişlənməsi, orta məktəblərdə test üsulunun tətbiqi ilə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin daha da təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin yeni maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması və sair yeniliklər ilə xarakterizə oluna bilər.
Təhsil qanununun icrasının təmin edilməsi məqsədilə, Nazirlər Kabineti tərəfindən “Məktəbə hazırlığın təşkili Qaydaları”nın, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın, “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın, “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq qərarlar qəbul edilib və bu istiqamətdə işlər davam etdirilir.
- Ötən ay Prezident yanında Təhsil Komissiyası ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirdi. Bu məsələ ilə bağlı sizin nə kimi təklifləriniz var?
- Öncə vurğulamaq lazımdır ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçən müşavirə vaxtında keçirilmiş çox faydalı bir müzakirə kimi qiymətləndirilməlidir. Müşavirədə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə keçidi, bununla əlaqədar yarana biləcək problemlər və görülməli olan işlər müzakirə olundu. Təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi və əslində tamamilə yenidən qurulması “Təhsil haqqında” qanunun 38-ci maddəsində nəzərdə tutulub. Yeni maliyyələşdirmə mexanizminin ən sadə anlamda məzmunu təhsil müəssisələrinin hər bir təhsilalana düşən xərc norması üzrə maliyyələşdirilməsindən ibarətdir. Başqa sözlə, maliyyələşdirmə əvvəlcədən aparılmır və təhsilalanın arxasınca onun seçdiyi təhsil müəssisəsinə gedir. Bu ildən başlayaraq sözügedən mexanizmin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaq.
Artıq bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə Nazirliyi, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir.
Hesab edirəm ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəbləri arasında ayrı-seçkiliyin aradan qaldırılmasına və bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Fikrimizcə, yeni maliyyələşdirmə mexanizmi “Təhsil haqqında” qanunun tələblərinə tam uyğun olmalıdır. Hesab edirəm ki, universitetlər ixtisaslar üzrə qəbul planlarını müəyyən edərkən dövlət sifarişi və ödənişli təhsil üzrə yerləri ayırmamalıdırlar. Universitetlər, ümumiyyətlə, hər bir ixtisas üzrə nə qədər mütəxəssis hazırlanmasının mümklünlüyünə dair potensial imkanlarını bildirməlidirlər. Eyni zamanda, ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilana düşən xərc normalarının düzgün hesablanması yeni sistemin özünü doğrultmasında mühüm rol oynayacaq. Məhz belə olan şəraitdə tələbənin azad seçim etməsi mümkün olacaq və əvvəldə də qeyd etdiyimiz kimi, dövlət və özəl ali məktəbləri arasında sağlam rəqabət mühiti yaradılacaq.
Təkliflərimizə gəlincə, məlum olduğu kimi, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, bir qrup vətəndaş ali təhsil müəssisələrində təhsil haqqlarının ödənilməsindən azad olunublar. Yeni maliyyələşdirmə mexanizminin tətbiqi zamanı qeyd olunan vətəndaşların təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi məqsədəuyğun olardı.
Məlumat üçün bildirim ki, İqtisad Universitetində bu kateqoriyadan olan 1300-dən çox tələbə var. Bu tələbələrin ödəməli olduğu təhsil haqqının kifayət qədər yüksək məbləğ olduğunu təsəvvür etmək mümkündür. Digər bir məsələ kimi, iqtisadyönümlü ixtisaslar üzrə təhsil haqqının 1500 manat məbləğində müəyyən edilməsi narahatlıq doğurur.
Hesab edirəm ki, bu məbləğin təxminən iki dəfə artırılmasına ehtiyac var. Bu məsələ tərəfimizdən sözügedən müşavirədə də qaldırılıb. Xüsusilə, magistratura təhsilinin lazımi səviyyədə həyata keçirilməsi üçün daha çox vəsaitə ehtiyac olduğu nəzərə alınmalıdır. Bundan başqa, Elm Fonduna ayrılmış dövlət büdcə vəsaitlərinin xərclənməməsi və bu vəsaitlərin növbəti illər üçün həmin Fondun saxlanılması xərclərinə daxil edilməsinin zəruriliyi xüsusi qeyd edilməlidir. Eyni zamanda, 2009-cu ildə doktoranturaya qəbul prosesinin aparılmamısından narahatçılığımızı bir daha bildiririk və 2010-cu ildə aparılacaq qəbul zamanı 2009-cu ilin qəbul planının da nəzərə alınmasının məqəsədəuyğun olmasını vurğulamaq istəyirik.
- Akademik Ramiz Mehdiyev ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı olduğunu bildirib və bəzi problemləri ali məktəb rəhbərlərinin diqqətinə çatdırıb. Bu problemlərdən çıxış yolu nədir, hansı addımlar atılmalıdır?

- Bəli, müşavirədə ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı olduğu xüsusi vurğulanıb və bu sahədə mövcud olan problemlər ətrafında müzakirələr aparılıb. Əsas məqsədin ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsindən, bütövlükdə tədris prosesinin şəffaflığının artırılmasından, neqativlərin aradan qaldırılmasından və hazırlanan mütəxəssislərin müasir bazar iqtisadiyyatının və əmək bazarının tələblərinə cavab verməsindən ibarət olması diqqətə çatdırılıb. Ali təhsilin magistratura səviyyəsində təhsilin təşkili və onun modernləşdirilməsi əsas müzakirə mövzularından biri olub. Magistratura təhsili üçün yeni standartların və tədris proqramlarının hazırlanmasının vacibliyi xüsusi vurğulanıb. Konkret olaraq bir sıra ali məktəblərdə magistr hazırlığının səviyyəsinin çox aşağı olması bildirilib və bunun tez bir zamanda aradan qaldırılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verilib. Yeri gəlmişkən, təhsil qanununda magistratura təhsilinin təşkilinə dair ümumi tələblər və beləliklə də, onun harada təşkil edilməsinin mümkünlüyü qəti müəyyən olunub. Hesab edirəm ki, Boloniya prosesinə keçidin başa çatdırılması bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müvafiq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsini, milli iqtisadiyyatın yüksək ixtisaslı kadrlara olan ehtiyacının tam ödənilməsini və ali təhsilimizn Avropa ali təhsil məkanına səmərəli inteqrasiyasının təmin edilməsini şərtləndirəcək.
- Elm və ali təhsil haqqında qanunların hazırlanması ilə bağlı yeniliklər nədən ibarətdir? Bu qanunların qəbulu sadalanan problemlərin həllinə nə dərəcədə kömək edə bilər?
- “Təhsil haqqında” qanun çərçivə qanunu olduğu üçün təhsilin ayrı-ayrı pillələri və səviyyələri üzrə bir sıra sahəvi qanunların da qəbul edilməsi nəzərdə tutulub. Bununla əlaqədar olaraq, “Təhsil haqqında” Qanunun qəbulundan dərhal sonra “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin hazırlanması məqsədilə Elm və təhsil komitəsinin nəzdində müvafiq İşçi qrupları yaradılıb. Hazırda hər iki qanunun ilkin layihəsi hazırdır və onların Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Əsas məqsədi Azərbaycan elminin inkişafını sürətləndirmək olan “Elm haqqında” qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin təmin olunmasına xidmət edəcək. Qanun layihəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması və sair bu kimi məsələlər təsbit edilib. Elmin nəticəliliyinin yüksəldilməsi, azərbaycan elminin dünya elmindəki çəkisinin artırılması və elmi yeniliklərin praktikada tətbiqinin genişləndirilməsi sözügedən qanun layihəsinin ən ümdə keyfiyyətləri kimi qeyd oluna bilər. “Ali təhsil haqqında” qanun layihəsi də öz növbəsində sahəvi qanun olmaqla ali təhsil sferasında olan münasibətlərin tənzimlənməsi üçün hüquqi baza rolunu oynayacaq.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı