Modern.az

Beş məhəlləli kəndin beş əsas problemi...

Beş məhəlləli kəndin beş əsas problemi...

Reportaj

5 Oktyabr 2009, 12:12

Maştağa kəndi Bakının ən böyük yaşayış məntəqələrindən biri hesab olunur. 6 min hektara yaxın əraziyə malik bu kənd qədim tarixə malikdir. Bu qədim yurdun özünəməxsus adət-ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı mövcud olub, bu gün də onlardan bəziləri yaşadılır, nəsildən-nəsilə ötürülür.

Maştağanın tarixi

“Maştağa” toponiminin qədimdə bu yerlərdə yaşamış massaget tayfasının adından yaranmasına dair məlumatlar var. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanovun "Gülüstan-i İrəm" əsərində də bu fikir qeyd edilib. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI-V əsrlərdə mövcud olub. Tədqiqatçılar bildirirlər ki, Maştağa yadelli işğalçıların basqınına məruz qaldığından dəfələrlə dağıdılıb. Sabunçu rayonunun ərazisinə daxil edilən Maştağa həm də Bakının memarlıq mərkəzlərindən biri olub. Kənd görkəmli ruhanilərin, elm, mədəniyyət və sənət adamlarının vətənidir. Maştağa qədim abidələrilə də məhşurdur.
Maştağa haqqında daha geniş bilgini vaxtilə babası bu kəndin sonuncu kəndxudası olmuş ağsaqqal Bəxtiyar Babayevdən alırıq. Bəxtiyar kişi hesab edir ki, “Maştağa” adı “Basqak” adının dəyişdirilmiş formasıdır: “Deyilənə görə, qədimdə Maştağanın yerində Basqak adlı yayaş məskəni olub. Əhalinin tərkibini də əsasən basqak, sak və bak tayfaları təşkil edib. Basqak çox böyük yer olub. Burda 3850 əhali yaşayıb. Əsrlər keçdikcə “basqak” adı Maştağa formasına düşüb. Keçmişdə burada qala divarları və su sistemi olub. Mağtağa eramızdan əvvəl v-vı əsrlərdə üç dəfə zəlzələdə batıb və sonralar bərpa olunub”.
Bəxtiyar Babayevin sözlərinə görə, maştağalılar 1918-ci ilin mart hadisələri zamanı böyük şücaət göstəriblər. Ermənilər Bakıya, o cümlədən Maştağaya hücum edərkən ilk növbədə qoçularla qarşılaşıblar. “Maştağadan olan Qoçu Nəcəfqulu, Qoçu Əziz, Mir İbrahim Ağa, Məşədi Cəbrayıl, Baloğlan, Hacı Abasqulu və digər qoçular türklər gələnə qədər qırğınların qarşısının alınmasında iştirak ediblər”-deyə müsahibimiz bildirir. B.Babayev deyir ki, o vaxtlar yerli əhali birləşərək  “Maştağa dəstəsi” yaradıb. Qafqaz İslam Ordusu Maştağaya daxil olduqdan sonra türklərin və yerli əhalinin birləşdiyi qüvvə Maştağa Qarnizonu adını daşıyıb.
Maştağada məscid, hamam, qəbirüstü abidələr, ovdanların mövcudluğu bu yaşayış məskəninin tarixinin çox-çox qədimlərdən başladığını göstərir. Kənd ağsaqqalları deyirlər ki, Maştağa əhalisinin 99%-i azərbaycanlılardır. Əvvəlki illərə nisbətən Maştağanın etnik tərkibi indi bir az dəyişib.
Sakinlərin sözlərinə görə, sonralar Maştağaya gəlib məskunlaşanlar yerli adət-ənənələri görüb-götürüblər. “Maştağalılar öz mentalitetlərini həmişə qoruyub-saxlayırlar”. Bunu da kənd ağsaqqalları deyir.
Kənddə qədimi evlər çoxdur. Onların üzərində tikilmə tarixi yazılıb.

“Qaniçənlər” məhəlləsi

Kəndin ərazisində 5 məhəllə var. Bunlardan biri Xonxar məhəlləsidir. “Xonxar” sözünün mənası “qaniçənlər” deməkdi. Yalan, ya düz deyilənə görə, keçmişdə bu məhəllədən keçənlərdən qan çıxarmamış buraxmazmışlar. Bu məhəllənin adı da elə o vaxtdan Xonxar qalıb.
Xonxar məhəlləsinin girişində yeni Mədəniyyət və istirahət parkı salınıb. Burada bağban işləyən Valeh Əliyev deyir ki, parkın açılışı hələ olmayıb: “Bu parkı maştağalıların deputatı Eldar Quliyev saldırıb. Parkda işlər hələ davam etdirilir. Parkın açılışı oktyabrın 5-nə gözlənilir”.
Məhəllədə “Əzizin tini” deyilən yer də var. Deyilənə görə, bu yer Qoçu Əzizin qərargahı olub. Sonradan həmin qərargahı onun nəvəsi Əzizağaya veriblər. Əzizağa da kasıb olduğu üçün bu qərargahı bərpa edə bilməyib. Qərargahı ondan alıb, yerində muzey yaratmaq üçün söküblər. Ancaq indi həmin yer boş sahə kimi qalır.
Maştağada çox qədim tarixi olan hamamlar da var. Bunlardan biri Xonxar məhəlləsindəki Şamxar hamamıdı. Kəndin yaşlı sakini Kəbilağa kişi bildirir ki, Şamxar hamamının nə vaxt tikildiyi dəqiq bilinmir: “Bu hamamın 100-dən çox yaşı var. Onu Maştağa sakini Şamxar tikdirib, hamam da elə onun adını daşıyır”.
Xanxor məhəlləsindəki Xoca Aydəmir Məscidinin üzərində tarixi yazıdan bilinir ki, onu XIX əsrdə maştağalı Hacı Aydəmir tikdirib.
Xanxorda qədim tarixə malik Pirşeyin qəbirstanlığı da var. Deyilənlərə görə, Pirşeyin qəbristanlığının keçmiş adı “Pirşəhid” olub. Bu qəbristanlıqda üzərində əski əlifba ilə sözlər yazılmış qəbirüstü abidələr çoxdur. Bu da qəbristanlığın qədim tarixə malik olmasını bir daha sübut edir.
Kənd sakini Alxas Əlimərdanovun sözlərinə inansaq, bu qəbristanlıqdan elə qəbirüstü daşlar aparılıb ki, onlar hazırda Sankt-Peterburqdakı məşhur Ermitaj muzeyində saxlanılır.
Xanxor məhəlləsində Qədim Cümə Məscidi də var. Məscidin axundu Hacı Elşən onun 400 ilə yaxın yaşı olduğunu bildirir: “Məscidin nə vaxt və kim tərəfindən inşa olunduğu məlum deyil. Onun üstündə ancaq təmir edildiyi tarixlər göstərilib”.

Seyid Məhəlləsi

Maştağanın ikinci məhəlləsi Seyid adlanır. Deyilənə görə, bu məhəllə vaxtilə seyidlər burada yaşadığına görə belə adlanır. Burada ərəb qarışığı olan sakinlərin də yaşadığı bildirilir. Seyiddə yaşayan camaatın digər məhəllələrdəkilərdən fərqli xüsusiyyəti buranın qadın sakinlərinin örtülü libaslar geyməsi ilə bağlıdır. Maştağadakı qədim hamamlardan biri də bu məhəllədə yerləşir. Bu Qum hamamıdır. Hamam əvvəllər qumun altında olduğu üçün ona belə ad verilib.
Məhəllədəki Cümə məscidinin 130-140 ilə yaxın yaşı olduğu deyilir. Bu məscidi Axund Mirqəni ağa tikdirib. Seyid İbad ağa ocağının isə 150 ilə yaxın yaşı var. Burada bi ocaq da var-8 qapı. Eyirlər onu Pəri xanım adlı maştağalı tikdirib.
Hacı Seyid Məhəmməd adlı sakin deyir ki, ürəyində hər hansı niyyət tutub bu 8 qapının hər birindən keçən şəxsin diləyi çin olur.
Qədim tarixə malik qəbristanlıqdan biri də Seyid məhəlləsindədir. Seyidlər qəbirstanlığı adlanan bu qəbirstanlığın da tarixi məlum deyil. Burada da qədim qəbirüstü abidələr var.

Keçənnər  məhəlləsi

Maştağanın üçüncü məhəlləsi Keçənnər adlanır. Onun belə adlandırılmasına səbəb buradan  gəlib-keçənin çox olması ilə bağlıdır.
Maştağa kəndinin əhalisi əsasən gülçülüklə məşğul olub. İlk dəfə kənddə istixananı  kənd sakini Heydər adlı şəxs tikdirib. Son illər kəndə təbii qazın fasilələrlə, həm də az verilməsi gülçülüyün tədricən tənəzzülə uğramasına səbəb olub. Kənd sakini İntiqam Seyidov deyir ki, Keçənnər məhəlləsinin camaatı keçmişdə daha çox gülçülüklə dolanırmışlar.

Tavaylığın quşbazları

Maştağanın Tavaylıq məhəlləsi qayalıq və təpəlikdə yerləşdiyi üçün belə adlanır. Bu məhəllədə Xanım Zəhra (Gövhər) məscidi var.
Quşbazlıq Maştağanın bəzi yerində populyar məşğuliyyət növü olub. Tavaylıq məhəlləsi bu sahədə xüsusilə fərqlənir. Məhəllə sakini 40 yaşlı quşbaz Rüstəm Mirzəyev 50-ə yaxın göyərçin saxladığını deyir: “Göyərçinin düşər-düşməzi yoxdur. Uşaqlıqdan məndə quş saxlamağa həvəs var. Göyərçin saxlamağın sirləri var. Hər kəs də bu sirri bilmir”.

Dərəqılınc məhəlləsində əsl İslam qaydaları

Dərəqılınc məhəlləsi Maştağanın düzənlik ərazisində yerləşir. Burada yaşayan sakinlər əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Maştağa kəndinin ağsaqalları deyirlər ki,  Dərəqılınc camaatı əsl İslam qayda-qanunları ilə yaşayırlar.
XIX əsr olmasına baxmayaraq Maştağa camaatı arasında köhnə düşüncələrlə yaşayanlar da var. 20 yaşlı gənc Həmid Quliyev deyir ki, onların ailəsində heç kim təhsil almayıb: “Ata-babalarımız necə olublarsa,  mən də elə olmalıyam. Biz oxumağa yaxşı baxmırıq”.
Maştağa kəndində qədim tarixə malik ovdanlar da var. Bu ovdanlar Şah Abbasın dövründə tikilib. Keçmişdə onların bir-birilə əlaqəsi olub. Sonradan kənddə əhali məskunlaşmasə genişləndiyindən bu ovdanların içinə su yığılıb. Ovdanlardan biri dəmiryolunun yaxınlığında, digəri Bilgəh yolunun üstündə, üçüncüsü Bağlar massivində yerləşir.

Maştağanın çətinlikləri

Maştağanın mərkəzindən keçən asfalt yola, yolboyu
yeni üslubda tikilən, rəngbərəng dam örtükləri olan evlərə baxdıqca adamda xoş təəssürat yaranır. Düşünürsən ki, bu kəndin poblemi azdır, camaatı yəqin yaxşı yaşayır. Ancaq bu, yalnız kənardan görüntüdür. Sakinlərilə söhbət zamanı məlum olur ki, illərlə yığılıb qalan sosial məsələlər-işsizlik, yol, işıq, qaz, su, kanalizasiya problemləri beş məhəlləli Maştağanın əzəli çətinliklərinə çevrilib.
Maştağanın bəzi yerində həyat şəraiti heç də ürəkaçan deyil. Sakinlərin çoxu quyu suyundan istifadə edir. Bakının bir çox kəndləri kimi Maştağanın da böyük bir hissəsində kanalizasiya xətti yoxdur. Kəndin bəzi yerində ötən əsrin 50-60-ci illərində çəkilən xətlər isə çoxdan sıradan çıxıb.
Maştağanın elektrik xətləri də sonuncu dəfə ötən əsrin 70-ci illərinin sonunda bərpa edilib. Kəndin mərkəzində yollar asfalt olsa da, qıraq məhəllələrin küçələri bərbad vəziyyətdədir.
Kənd sakinləri deyirlər ki, buradakı
293 saylı məktəb qışda qızdırılmadığından uşaqları dərsə göndərə bilmirlər. Son illər hökm sürən şəraitsizlikdən məktəbi qurtaran oğlanlar çörəkpulu dalınca xarici ölkəyə-Rusiyaya üz tuturlar. Kəndin ən işlək müəssisələri olan mərtəb və xəstəxanalarda yerli kadrların sayı çox azdır.



Maştağa buradan başlayır

 

Qışda bələdiyyə binasına da işıq və qaz fasilələrlə verilir


Deputat Eldar Quliyevin saldırdığı bağ

Maştağada belə ovdanlar çoxdur

Məktəb binası

Maştağadakı qədim məscidlərdən biri

 

Şamxar hamamı

 

"8 qapı" piri

 

Qədim qəbirüstü daş

 

Quşbaz Rüstəm

Çörəyi daşdan çıxan kənd sakini



Günay MUSAYEVA

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir