Modern.az

Sıxıntılar içərisində bayram təmtərağı...

Sıxıntılar içərisində bayram təmtərağı...

21 İyul 2010, 17:08

Düz 135 il bundan öncə - 1875-ci il iyulun 22-də böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin «Əkinçi»si ilə özünə ilk cığır açan Azərbaycan mətbuatı fədakar qələm sahibləri Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin, Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir bəy Hacıbəylinin, Məmmədhüseyn Şahtaxtlının və onların yaratdıqları «Molla Nəsrəddin», «Açıq söz», «Şərqi-Rus» kimi mətbu orqanların simasında uzun, keşməkeşli, eyni zamanda şərəfli bir yol keçib. Təqib və repressiyalarla dolu olan bu yolda neçə-neçə qüdrətli qələm sahibi Azərbaycan mətbuatının inkişafının bu günü və sabahı üçün hələ uzun müddət sözün əsl mənasında nümunə ola biləcək bir məktəbin əsasını qoydu. Elə bir məktəb ki, ilk növbə də Azərbaycan xalqının maariflənməsində, mill varlığının, adət-ənənələrinin qorunub-saxlanılmasında göstərdiyi müstəsna xidmətlərinə görə Azərbaycan tarixinin mühüm bir mərhələsini təşkil edir.

Bünövrəsi sağlam milli ideoloji əsaslar üzərində qurulduğuna görə, Azərbaycan mətbuatı 70 illik sovet imperiyası dövründə müəyyən aşınmalara məruz qalsa da, bütövlükdə öz potensialını qoruyub saxlaya bildi.

20-ci əsrin sonunda Azərbaycanın ikinci dəfə müstəqilliyini qazanması mətbuatı da öz azadlığına qovuşdurdu. Bu gün müstəqilliyimizin qazanılmasında, onun qorunub-saxlanılmasında müstəsna xıdmətlər göstərmiş, bu yolda təqib və represiyalarla üzləşmiş Azərbaycan mətbuatı özü də daim axtarışda, yeniləşməkdə və inkişafdadır. Azad, demokratik, dünyəvi cəmiyyət quruculuğu istiqamətində fəaliyyət göstərən mətbuatın müstəqil ictimai fikrin, düşüncə tərzinin formalaşmasında da özünəməxsus xidmətləri var.

Bu gün Azərbaycan Milli Mətbuatının ad günüdür. Və bu ad gününü laiqincə qeyd etməyə Azərbaycanın laiqli, peşəkar, öz qələmi ilə tanınan jurnalistləri var. Amma sual edək ki, həmin peşəkar jurnalistlər özlərinin peşə bayramını laiqincə qeyd edə bilirlərmi? Əksər qələm adamına bu sualı versən, mütləq şəkildə «xeyr» cavabı alacaqsan. Çünki ictimaiyyətin, vətəndaşların maarifləndirilməsində, insanların informasiya ilə təmin olunmasında müstəsna xidmətlər göstərən və bunun üçün alın təri tökən əksər jurnalistlərimizin öz peşə bayramlarını qeyd etmək üçün maliyyə imkanları yoxdur. Yayın bu isti dönəmində bilgisayar arxasında əyləşib informasiya, məqalə yazan və onun müqabilində qəpik-quruş alan, dolanışığını təmin edə bilməyən jurnalist hansı üzlə peşə bayramını təntənə ilə keçirmək haqqında fikirləşsin? Bəzən deyirlər ki, indiki jurnalistlərdə peşəkarlıq səviyyəsi yoxdur, ortalığa peşəkar yazılar, analizlər, araşdırmalar, reportajlar çıxmır. Bəlkə də bununla razılaşmaq olar. Düzdü bəzi hallarda qəzet səhifələrində peşəkar yazılara, araşdırmalara rast gəlmək olar. Amma bir araşdırma mövzusu işlənir, çap olunur və ona ən uzağı 20 manat qonarar yazılırsa, həmin jurnalistdən peşəkarlıq tələb etmək nə dərəcədə doğrudur. Hansı ki, bir araşdırmanı dəqiq aparmaq üçün jurnalistə bir neçə həftə lazım olur. Başqa bir misal: əgər bu gün Mətbuat Şurasının «reket» elan edərək «qara siyahı»sına saldığı hansısa üç ayda bir dəfə nəşr olunan qəzetin əməkdaşı, gündəlik olaraq insanların informasiya tələbini yerinə yetirən sözün həqiqi mənasında əsl jurnalistdən yaxşı yaşayırsa, həm maddi həm də mənəvi cəhətdən hörməti varsa, onda hansı peşəkarlıq haqqında dəm vurmaq olar?

Düzdü, bu gün jurnalistlərin peşə bayramıdır. Və doğrdan da bu ən gözəl peşə bayramlarından biridir. O mənada ki, jurnalistlik həqiqətən də şərəfli bir peşədir, şərəfli bir sahədir. Qələmi ilə bir strukturun işini bir jurnalist görə bilirsə, demək ki, jurnalistika doğrudan da böyük sahədir. Amma nə yazıq ki, bu böyük sahə son zamanlar böyük sıxıntılar içərisindədir. Mənəvi və psixoloji cəhətdən də düşünəndə görmək asandır ki, sıxıntılar içərisində bayramı təmtəraqla qeyd etmək çətinləşir.

Amma bütün bu çətinliklərə, məhrumiyyətlərə rəğmən bu gün fədakar Azərbaycan jurnalistləri fədakarcasına öz işlərini laiqincə yerinə yetirirlər. Bayram günündə çətinliklərimizi yada salıb qan qaraltmaq niyyətindən uzağam. Sadəcə insanları maarifləndirməklə məşğul olan, insanların informasiya tələbatlarını ödəməyə çalışan jurnalistlərin vəziyyətinin hansı həddə olduğunu vətəndaşlarımızın bilməyini istəyirəm. Çatdırmaq istəyirəm ki, ey Azərbaycan insanı, görün sizə dolğun informasiya ötürən jurnalistlər öz peşə bayramlarını necə «qeyd» edirlər. Bütün həmkarlarımı peşə bayramımız münasibəti ilə təbrik edirəm.

Bayramınız mübarək əziz həmkarlar!

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir