Modern.az

Gürcüstanın yeni birinci ledisi - Prezidentin dünən evləndiyi rəssam xanım hamilədir - FOTOLAR

Gürcüstanın yeni birinci ledisi - Prezidentin dünən evləndiyi rəssam xanım hamilədir - FOTOLAR

Ölkə

11 Sentyabr 2014, 10:33

Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda birinci xanım statusunu dünən rəsmiləşdirən Gürcüstan prezidentinin həyat yoldaşından - Maka Çiçiuadan bəhs edirik.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili uzun müddətdir vətəndaş nikahı ilə yaşadığı rəssam və aktrisa Maka Çiçiua ilə nəhayət evləndi. Onların nikah mərasimi Gürcüstanın şərqindəki Duşeti şəhərində, prezidentin öz evində baş tutub. Nikah mərasiminin digər detalları haqda hələ ki məlumat verilmir. İndiki prezidentin ailə vəziyyəti ilə bağlı məsələ ötən ilin payızında keçirilən seçki ərəfəsi gündəmə gəlib. O zaman Marqvelaşvilinin hələ də subay olması ailə ənənəsinin tərəfdarı olan bir çox seçicinin xoşuna gəlmirdi.

Buna cavab olaraq Georgi Marqvelaşvili bəyan etmişdi ki, seçicilərin qarşısında yalnız əla vəziyyətdə görünmək üçün evlənmək niyyətində deyil, ancaq sevgi qarşılığında nikah bağlaya bilər:

- Mən piara görə evlənə bilmərəm, bu, hislərin təhqir olunması deməkdir. Mən yalnız sevgi əsasında ailə qura bilərəm, çünki güclü və dayanıqlı ailədə yaşamışam, istəyirəm ki, mənim də ailəmin təməli piar yox, sevgi əsasında qoyulsun.

Birinci ledi çoxdan hamilədir



Bu, Gürcüstan prezidentinin ikinci evliliyidir. Adı heç yerdə çəkilməyən əvvəlki həyat yoldaşından 21 yaşlı Anna adlı qızı var. Anna Moskvadakı 1331 saylı gürcü orta məktəbini bitirib. Bundan sonra Moskva Aviasiya İnstitutunun iqtisadçı-mühəndis fakültəsinin axşam şöbəsinə qəbul olunub. Lakin sonradan Anna Tbilisiyə köçüb və hazırda təhsilini burada davam etdirir. Ötən il keçirilən prezident seçkiləri kampaniyasında da daim atasının yanında olub.

Çiçua ilə münasibətlərini rəsmiləşdirən Marqvelaşvilinin ailəsində növbəti uşaq dünyaya gələcək. Bir müddət əvvəl 46 yaşlı prezidentin rəfiqəsi Maka Çiçuanın hamilə olması haqda məlumat yayılıb. Dövlət başçısı və onun vətəndaş nikahında olan həyat yoldaşı bununla bağlı heç bir şərh verməsələr də, Makanın hamilə olmasını Marqvelaşvilinin adının çəkilməsini istəməyən sinif yoldaşı və dostu təsdiqləyib. O qeyd edib ki, bu haqda ona prezidentin anası Mziya danışıb: “Bir neçə gün əvvəl xanım Mziya mənə dedi ki, Maka hamilədir. Maka və Georgi bu haqda ailə daxilində söhbət ediblər”.

Onu da qeyd edək ki, yeni birinci ledinin də əvvəlki evliliyindən bir övladı var.

Birinci ledi kim olacaq?

Marqvelaşvili ötən il oktyabrın 27-də keçirilən prezident seçkilərində qalib gələndə Gürcüstanda çoxları “Yeni birinci ledi kim olacaq” sualına cavab axtarırdı.

Marqvelaşvili seçkidən sonra jurnalistlərin “Gürcüstanın yeni birinci ledisi nə vaxt olacaq” sualına cavabında deyirdi: “Mənim çox ciddi əlaqələrim var, onu dəyişməyi planlaşdırmıram”.

Elə o vaxt “ciddi əlaqə” deyəndə aktrisa və rəssam musiqiçi Maka Çiçuadan söhbət getdiyini çoxları bilirdi. Çünki Marqvelaşvili onunla ictimai yerlərdə tez-tez görünürdü. Çiçua səsvermə gününün axşamı da onunla bir yerdə seçki qərargahında olmuşdu.

Makaya gəldikdə, onun haqda çox məlumat yoxdur. O, PİK televiziya şirkətində vizajist işləyib, onun oxumaq təcrübəsi də var - bir neçə il əvvəl “Maestro” televiziyasının efirində Maka Çiçuanın müasir tərzdə ifa etdiyi “Elektrovolnı” video-roliki fırladılıb.



Bidzina İvanişvilinin elan etdiyi birinci ledi

Gürcüstanın birinci ledisi kimdir? Maka Çiçua - Georgi Marqvelaşvilinin dostu, yoxsa Nuna Qaribaşvili - yeni baş nazir İrakli Qaribaşvilinin rəsmi arvadı? Bu sual da ötənilki seçkidən sonra çox aktual idi

O zaman müxtəlif versiyalar səslənirdi. Konstitusiyaya görə dövlət başçısı prezident hesab olunur, ancaq 2013-cü ilin noyabr ayında baş nazir səlahiyyətlərini icra edən Bidzina İvanişvili dövlət başçısı kimi öz varisi İrakli Qaribaşvilini, birinci ledini isə onun arvadını elan edib.

Maka Çiçuaya gəldikdə, onun vətəndaş nikahında olduğu əri Marqvelaşvili Bidzina İvanişvilini hökumətində təhsil naziri və vitse-nazir olana qədər Gürcüstanda tanınmırdı. Bəli, o, televiziyada işləyib, bir neçə gürcü bədii filminə və klipə də çəkilib, rəssamlıqla məşğul olub. Ancaq nazirin rəsmi, yaxud qeyri-rəsmi arvadı olmaq bir işdir, Gürcüstanın yeni qüvvəyə minən Konstitusiyası ilə səlahiyyətləri məhdudlaşdırılsa belə, prezidentin arvadı olmaq tamamilə başqa bir şeydir. Ona görə Marqvelaşvili oktyabrın 27-də keçirilən prezident seçkilərində qalib gələn kimi onun sevgilisi xüsusi maraq obyektinə çevrilib. O vaxt Gürcüstanın pravoslav kilsəsi də dövlət başçısının şəxsi həyat vəziyyəti ilə maraqlanıb. Təsadüfi deyil ki, səsvermənin nəticələri elan olunan kimi Marqvelaşvili Çiçua ilə birlikdə Gürcüstanın katolik keşişi II İlya ilə görüşüb. Bu görüşdə söhbətin nədən getdiyi məlum deyildi. Bəzi mənbələr isə iddia edirdi ki, keşişlə yeni prezident Marqvelaşvili arasındakı söhbət sevgilisinin münasibətlərini rəsmiləşdirməsindən gedib. Bununla belə, Gürcüstan prezidenti Çiçua ilə rəsmi ər-arvad statusunda yaşamaqla bağlı dərhal qərar vermədi.

Marqvelaşvilinin prezident kimi inauqurasiyası ərəfəsi də çoxlu söz-söhbət gedirdi. Həmin söhbətlərdə birinci ledinin, daha doğrusu, qeyri-rəsmi arvadın həmin tədbirdə prezidentlə yanaşı dayanıb-dayanmayacağı xüsusi vurğulanırdı. Mərasimə az qalmış bütün suallara inauqurasiyaya hazırlıq üzrə komissiyanın rəhbəri, Gürcüstanın xarici işlər naziri Maya Pandjikidze son qoydu. O dedi ki, Çiçua mərasimdə fəxri qonaqların sırasında yox, prezidentlə yanaşı olacaq, çünki inauqurasiya prezidentin yalnız özünə aiddir, onun ailə üzvlərinə yox.













Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir