Modern.az

Jurnalistikada həmkarlar təşkilatlarının normal fəaliyyəti ən böyük mükafatlandırma olar

Jurnalistikada həmkarlar təşkilatlarının normal fəaliyyəti ən böyük mükafatlandırma olar

Media

22 İyul 2010, 13:04

Azərbaycanda Milli Mətbuat günü müxtəlif təşkilatların jurnalistləri   mükafatlandırmaları ilə yadda qalır.  Əslində   mediaya   göstərilən  diqqət,  verilən dəyər müsbət haldır.  Çünki  KİV-də   cəmiyyəti tərkib hissəsidir. Ancaq  bir  vacib  məqam  var. Bu addımlarla,  yəni mükafatlandırmalarla bərabər  mətbuatın  digər  problemlərinin   həllində   bəzi işlər  görmək mümkün idi.  Məsələn, jurnalistika sahəsində  həmkarlar   ittifaqlarının yaradılması  istiqamətində  praktik addımlar atmaq olardı. 

Bəlkə  müasir jurnalistikamızın problemlərinin həllini  başqa  məkanlarda axtarmaqdansa,  Azərbaycanda  axtarıb tapmaq mümkündür. Mənə belə  gəlir ki,  media sahəsində effektli  fəaliyyət üçün  sadəcə imitasiyadan uzaqlaşıb  problemlərin  çözülməsinə ürəkdən girişmək  lazımdır.

Hazırda az-çox  Müşfiq  Ələgərlinin rəhbərlik etdiyi  Jurnalistlərin  Həmkarlar  İttifaqının  səsi-sorağı gəlir,  fəaliyyət  göstərir.  Bu reallıqdır ki, istər,  elektron mediada  istərsə də, çap  mətbuatında sahə  həmkarlar  təşkilatının  yoxluğu  hiss olunur. 

Demokratik  institutlar sırasında  olan həmkarlar  ittifaqlarının   Azərbaycanın media sistemində  yaradılması ilə bağlı  ötən il   təkliflər səsləndi,  müzakirələr   aparıldı.   Prinsip  etibarı ilə    belə işlərin    gerçəkləşməsi  müasir    jurnalistikamız   üçün  səmərəli ola bilər.   Amma    belə qurumları   inzibati  resurslar hesabına    yaratmaq   mümkün deyil.  Əgər  bu  iş süni  şəkildə  gerçəkləşsə   onun  effekti olmaz.    Çünki    həmkarların  mahiyyətində    azad  fəaliyyət  istiqaməti,  sosial  ədalət   prinsipi   və  başqa   dəyərlər durur.  

 Media  quruluşlarının  böyük əksəriyyətində  demək olar ki, həmkarlar təşkilatlarının    yaradılması  real görsənmir.  Bu  fikir  dəfələrlə səslənib ki,  Azərbaycanın  indiki  iqtisadi  inkişaf tempinə   medianın maddi  texniki  bazası,   reklam bazarı      adekvat deyil.    Nəticə budur ki,  mətbuat    bir sıra iqtisadi amillərdən, müxtəlif  sahələrə yatırılan  sərmayələrdən  faydalanıb   öz halal  iqtisadiyyatını  yarada bilməyib.

Maddi texniki  bazası  zəif olan  media qurumlarında  müstəqil  həmkarlar  təşkilatlarının   mövcudluğu    sual  doğurur.  Burada  bir sualda yaranır, əgər  bu iqtisadi çətinlik varsa  bəs, onda  çox hörmətli  media qurumunun rəhbərləri, redaktorları  bahalı avtomobilləri  necə ala bilirlər?   Rahat yaşayış  tərzlərini   hansı vəsaitlə yarada biliblər? 

Bir məsəni də qeyd etmək istərdim ki, əmək haqqının bölgüsü məsələsində  Azərbaycan  Respublikası Əmək  Məcəlləsinin   və  digər hüququ sənədlərin   tələbləri   gözlənməlidir. Yəni qanunun müvafiq  tələblərinə uyğun olaraq  redaksiya əməkdaşı ilə müqavilə imzalanmalı,   rəhbərlə onun  işçisinin  maaşları arasında  fərq  fantastik həddə çatmamalıdır. Təəssüf ki,   əmək  bölgüsündə  bir  çox hallarda  disbalans  yaranır. Bu  da  jurnalistlərin  sosial  durumuna  mənfi   təsir  göstərməklə  bərabər  peşəkarlığın aşağı düşməsinə  gətirib çıxarır.   Sosial təminatsızlıq,   ümumilikdə   jurnalistika   üçün    yaxşı heçnə vəd etmir.   Bu  yol,  belə davranış tərzi   medianın prinsiplərinə     sədaqətlə xidmət edən   şəxslərin    sayını azaldır.

Azərbaycanda   həmkarlar  hərəkatının  yaşı    bir  əsr ötüb.  Hər   quruluşun tələblərinə, reallıqlarına  uyğun olaraq   bu qurumlar  fəaliyyət göstərib. Araşdırıb öyrəniləsi  və bu gün tətbiq ediləsi  məqamlar var.   Sovetlər  birliyi  dönəmində   həmkarlar komitələri   idarə rəhbərlərinin   nəzarətində olan     qurum  idi.  Həmin  illərdə    bu stuktur    yuxarıdan aşağı  yaradılıb,   elə şaquli  istiqamətdə də   vəzifəsini yerinə yetirirdi.

Müasir Azərbaycanda  isə  müstəqil  həmkarlar     institutunun  formalaşmasına ehtiyac var.  Yəni    bu stuktur    göstərişlə  deyil,  daha çox  kollektivin  təşəbbüsü  ilə  yaradılıb   rəhbərliklə  üfüqi  əlaqələrlə  münasibətlərini   tənzimləməlidir.   

Media sistemində həmkarların   müstəqil fəaliyyəti  yalnız  qanunun  mükəmməliyi  ilə, iqtisadi inkişafla bağlı deyil.  Burada  insanların   bu institutun fəlsəfəsəni necə dərk etməsi ilə,  iddialı şəxslələrin   təfəkkür tərzi,  qanuna hörmətlə yanaşması  və digər məsələlərlə  ilə  bağlı  məqamlardır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi