Modern.az

“Sevinc Osmanqızı ilə bağlı yadımda üç xüsusiyyət qalıb” - Aynur Sofiyeva və Təranə Mahmudova “Məşhur tələbə yoldaşı” haqda danışır

“Sevinc Osmanqızı ilə bağlı yadımda üç xüsusiyyət qalıb” - Aynur Sofiyeva və Təranə Mahmudova “Məşhur tələbə yoldaşı” haqda danışır

13 Sentyabr 2014, 13:47

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki müsahibləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Təranə Mahmudova və keçmiş şahmatçı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevadır. Onlar tələbə yoldaşları, jurnalist, televiziya aparıcısı Sevinc Osmanqızı haqqında danışırlar:

Təranə Mahmudova: “Qrupda hamı Sevinci məşhur jurnalistin qızı kimi tanıyırdı”

“1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşuq. Qrupumuz çox maraqlı, səviyyəli qrup idi; elə bil say-seçmə uşaqları bir yerə yığmışdılar. Müəllimlərimiz hələ də bizim qrupu xoş sözlərlə xatırlayırlar. Yəni fakültənin tarixində yaddaqalan qruplardan biri olmuşuq. Qrupumuzda həm də bir neçə məşhur jurnalistin uşaqları oxuyurdu. Biz universitetə daxil olan il qəbul qaydalarında maraqlı bir dəyişiklik edildi. Həmin ilə qədər məktəbi qurtaran kimi Jurnalistika fakültəsinə sənəd vermək mümkün deyildi. Ən azı iki il təcrübən, iş stajın olmalı idi. Ancaq biz daxil olan il qaydaları dəyişdilər. Dəyişikliyə görə, Jurnalistika fakültəsinə qəbul olunacaq abituriyentlərin 20-30 faizi məktəbi həmin il bitirən gənclər ola bilərdilər. Bu qərar bizim üçün hədiyyə oldu. Çünki məzunların çoxu Jurnalistika fakültəsinə sənəd vermək istəyirdi, amma mövcud qayda onları çəkindirirdi - hamı istəyirdi ki, məktəbi qurtardığı il universitetə qəbul olsun. Ona görə də məzunların çoxu jurnalistikadan yan keçirdi. Dəyişiklik nəticəsində çox adam Jurnalistika fakültəsinə sənəd verdi. İş elə gətirdi ki, həmin il məktəbi qurtarıb Jurnalistika fakültəsinə sənəd verən və tələbə adı qazananların əksəriyyəti qızlar oldu. Sevinc Mirzəyeva və mən də onların arasında idik. Müəllimlərimiz arasında tanınmış ziyalı və alimlərdən Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Yalçın Əlizadə, Nəsir Əhmədli, Cahangir Məmmədli,  Zeynal Məmmədli və başqaları var idi.

Qabiliyyət imtahanı vaxtı Sevinci uzaqdan-uzağa görmüşdüm, amma ünsiyyətimiz olmamışdı. Təbii ki, qəbul olunandan sonra bir-birimizi daha yaxşı tanımağa başladıq. Yaxın rəfiqə deyildik, amma münasibətlərimiz çox yaxşı olub, bir-birimizə hörmətlə yanaşmışıq. Mənə elə gəlir ki, hər ikimizdə bir-birimiz haqqında yaxşı xatirələr qalıb. Sevinc daha çox məşhur şahmatçı Aynur Sofiyeva ilə yaxın rəfiqə idi.

Sevinc gülərüz qız idi. Əlbəttə ki, hər bir kollektivdə toqquşmalar, böyük-kiçik münaqişələr olur. Bəzən bu qruplaşmalara gətirib çıxarır. Sevinc belə şeylərə qarışmazdı, kənarda durardı.  

Əvvəl-əvvəl qrupda hamı Sevinci daha çox məşhur jurnalist Osman Mirzəyevin qızı kimi tanıyırdı. Amma o, göstərdi ki, öz adı və qabiliyyəti ilə də tanına bilər. Ümumiyyətlə, Sevinc öz üzərində işləməyi sevən insan idi. Yadımdadır, hələ o vaxtlar Sevinc bizim qrupdan ilk olaraq ingilis dilini öyrənməyə başlamışdı. Halbuki, Sovet İttifaqının çox güclü olduğu vaxtlar idi, ingilis dilinə həvəs bugünkü kimi yayğın deyildi, beynəlxalq aləmə çıxmaq heç kimin ağlına gəlmirdi. Sevinc tələbə ola-ola gənclər üçün nəzərdə tutulmuş bir proqramla Amerikaya səfərə də getmişdi. O, rusca da çox yaxşı danışırdı. Sevinc tələbə ikən öz inkişaf yolunu seçmişdi – hara, hansı yönə gedəcəyini yaxşı bilirdi”.

“Sevinc, sən ləhcə ilə danışırsan”

“Sevinc əsl şəhər qızı idi. Şəhərin mərkəzindəki məşhur 190 nömrəli məktəbi qurtarmışdı və məncə, bununla fəxr edirdi. Yadımdadır, bir dəfə nitq mədəniyyəti və ya oxşar dərslərdən biri idi. Birdən müəllim Sevincə dedi: “Sevinc, sən ləhcə ilə danışırsan”. Sevinc buna çox təəccübləndi: “Mən ləhcəylə danışıram? Mən?” Müəllim dediklərini bir də təkrarladı: “Hə, sən ləhcəylə danışırsan. Bakı ləhcəsiylə.” Məncə, o an “Bakı ləhcəsi” ifadəsi Sevincin xoşuna gəldi. O, xaraktercə rahat insan idi, hər şeyi axarına buraxmağa üstünlük verər, situasiyanı çox dramatikləşdirməz, münaqişələrə getməzdi, yan qaçmağa çalışardı. Bir az da rəfiqəsi (Aynur Sofiyeva) ilə daha çox vaxt keçirməyi, imtahanlara onunla birlikdə hazırlaşmağı, bir yerdə nələrsə etməyi sevərdi. Ümumiyyətlə isə, zənnimcə, Sevinc fərdiliyə daha meylli idi.

Tələbəlik vaxtından hiss olunurdu ki, Sevinc həyatını jurnalistikaya bağlayacaq. İkinci kursda oxuyanda tələbə-jurnalistlərə proqram hazırlamaq həvalə olunmuşdu. Biz bu verilişi Zeynal müəllimin rəhbərliyi ilə hazırlayırdıq. Bunun üçün şəhərin müxtəlif yerlərində çəkilişlər aparmaq üçün ssenarilər hazırlamışdıq. Tələbələr iki-iki qruplaşaraq süjet hazırlayırdılar. Hərə öz dostu, rəfiqəsi ilə, təbii ki. Sevinc də Aynurla bir yerdə süjet hazırlayırdı. O çəkilişlər zamanı gördük ki, Sevinc necə maraqlı ideyalar verir, kamera qarşısında özünü necə rahat hiss edir. Yəni onda jurnalistliyə olan sevgi o vaxtdan duyulurdu. Bir neçə dəfə hiss etmişdim ki, Sevincdə güclü müşahidə qabiliyyəti də var. Bu da jurnalistlər üçün çox vacib keyfiyyətdir”.

“Atasını dəhşətli dərəcədə çox istəyirdi”



“Universiteti bitirdikdən sonra qrup olaraq bir də 2006-cı ildə görüşmüşük. Ancaq hər şey o qədər yaxşı yadımdadır ki, elə bil dünən olub. Sevinc də daxil olmaqla, bir çox qrup uşaqlarını həmin toplantıda gördüm. Sevinci həm də müxtəlif tədbirlərdə görürdüm. Sonuncu dəfə də bir tədbirdə rastlaşdıq, bir az söhbət elədik. Təxminən bir il sonra eşitdim ki, o artıq Amerikaya gedib, orada işləyir.

Sevinc atasını dəhşətli dərəcədə çox istəyirdi. Onun həyatında atasının xüsusi yeri var. Yadımdadır ki, atası rəhmətə gedəndə qrupdan bir neçə nəfər yığışıb Sevincgilə başsağlığı verməyə getmişdik. Mən Sevinci heç vaxt o vəziyyətdə görməmişdim. Özünü itirmişdi, çox çaşqın bir halda idi. Sarsılmışdı. (Osman Mirzəyev 20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub).

Sevincin CNN üçün hazırladığı reportajları yaxşı xatırlayıram, çox xoşuma gəlirdi,   maraqlı, canlı və qeyri-ənənəvi idi. Artıq dediyim kimi, o hələ tələbəlik vaxtından beynəlxalq jurnalistikaya maraq göstərirdi və sonradan jurnalist kimi fəaliyyət göstərərkən bu bilik, təcrübə öz sözünü deyirdi. Sevinc Qərb standartlarını mənimsəyib, materialı necə təqdim etmək lazım olduğunu bilirdi. Üstəlik də dil biliyi güclü idi deyə, bunun öhdəsindən asanlıqla gəlirdi. Kamera qarşısında özünü həmişə rahat, sərbəst hiss edir, gördüyü işin məsuliyyətini və gərəkliliyini yaxşı anlayırdı.

Sevincin Azərbaycan jurnalistikasında öz yeri var. Ən azı beynəlxalq aləmlə, xüsusilə Qərb jurnalistikası ilə sıx əlaqələri olan, xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən və öz üzərində daim işləməyi, yenilənməyi sevən bir insan kimi bundan sonra da biz onu yeni layihələrdə görəcək, yeni axtarışlarının şahidi olacağıq. Bu baxımdan mən onu daha yüksək zirvələrdə görməyə ümid edirəm. Əlbəttə, çalışdığı, yaşadığı yad bir ölkədə bunları etmək daha çətindir, nəinki öz ölkəndə. Bu işdə ona uğurlar arzulayıram”.

Aynur Sofiyeva: “Bir-birimizlə dil tapmışdıq”


“Sevinclə tanışlığımız tələbəlik illərində olub. Elə o vaxtdan da dostluğumuz başladı. Sadəcə həmin illərdə daha çox şahmat yarışlarında olduğumdan tələbəliyimi o qədər də keçirə bilməmişəm. Sevinc də, mən də məktəbi qızıl medalla bitirmişdik. Bizim qrupda üç-dörd nəfər var idi ki, məktəbi qızıl medalla bitirdiyinə görə elə bitirən kimi universitetə daxil ola bilmişdi. Çünki o vaxt jurnalistika fakültəsinə qəbul üçün bu sahə üzrə iki il təcrübə tələb olunurdu.

Sevinci çox yaxşı dost kimi, yaxşı xüsusiyyətlərlə xatırlayıram. Xaraktercə fərqli insanlar olmağımıza baxmayaraq, bir-birimizlə yaxşı dil tapmışıq. Mən daha sakit xarakterli idim, amma Sevinc tamam fərqli idi, elə arayır, axtarır, nəsə yollar düşünürdü. Mənim sevdiyim bir işlə məşğul olduğum üçün xoşbəxt olduğumu deyirdi və özü də gələcəkdə professional mütəxəssis olmaq üçün yollar arayırdı. Düşünürəm ki, qarşısına qoyduğu məqsədə çatdı. Peşəkar jurnalist olaraq bu gün Sevincin özünəməxsus yeri var. Axırıncı dəfə onunla təxminən bir il öncə işlə bağlı təsadüfi görüşümüz oldu, bir də anası rəhmətə gedəndə getmişdim”.

“Tələbəlik illərimiz 90-cı illərin hadisələrinə düşdü”



“Sevinclə bağlı yadımda üç ən vacib xüsusiyyəti qalıb. Biri, Sevincin əzmli olmağı idi ki, qarşısına nə məqsəd qoysa, mütləq ona çatmalı idi. O vaxt ingilis dilini elə o əzmi sayəsində öyrəndi. İkincisi, atasına həddindən artıq bağlılığı var idi. Hamı yaxınlarını itirəndə o mərhələni ağrılı keçirir, amma yadımdadır ki, Sevinc atasını - Osman müəllimi itirəndə tamam başqa bir vəziyyətə düşmüşdü. Üçüncüsü də onun vətənpərvərliyi ilə bağlı bir fakt yadımdadır. Tələbəlik illərimiz 90-cı illərin hadisələrinə düşdü. Elə dərsdən çıxırdıq, bəlkə dərsdən qaçırdıq, meydana gedirdik ki, xalq arasında biz də olaq. 20 Yanvar faciəsindən sonra informasiya blokadası var idi. Bizim və daha yaşlı nəsil bunu yaxşı xatırlayırıq. Biz də tələbə olaraq maksimum nə etmək mümkündürsə, onun yollarını axtarırdıq. Mən şahmat yarışları ilə bağlı xaricə gedirdim, orada tanışlarım var idi. Yadımdadır ki, Sevinc mənə deyirdi ki, onların telefon nömrələrini xatırla, oxşar nömrələri yığaq, bir, iki, üç nəfərlə də olsa danışaq, o da öz ətrafına Sovet İmperiyası tərəfindən Azərbaycana qarşı törədilən bu qırğın haqda məlumat versin. Doğrudan da zənglər oldu.
Sevinc istedadlı jurnalistdir və mən düşünürəm ki, onun potensialından istifadə etmək lazımdır”.












Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı