Modern.az

İbadət yerlərinin inşası və bərpası Şuranın ilk iclası keçirilib

İbadət yerlərinin inşası və bərpası Şuranın ilk iclası keçirilib

Təhsil

23 İyul 2010, 16:10

İyulunun 23-də dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğunu daha obyektiv araşdırmaq üçün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında yaradılmış Şuranın ilk iclası keçirilib.

Modern.az-ın məlumatına görə, Şuraya rəhbərlik edən Dövlət Komitəsinin sədri Hidayət Orucov öncə qurumun yaradılmasının səbəblərini açıqlayıb. Hidayət Orucov bildirib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən, Dövlət Komitəsi dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verir. Həmin rəyin verilməsinin mexanizmini özündə ehtiva edən müvafiq Təlimat hazırlanıb və Ədliyyə Nazirliyində normativ hüquqi sənəd kimi təsdiqlənib. Eyni zamanda, həmin Təlimata uyğun olaraq Dövlət Komitəsinin sədri yanında Şura yaradılıb. Şuranın Əsasnaməsi və İş planı hazırlanıb və tərkibi müəyyənləşib.

Qurumun fəaliyyətinin spesifikliyi və önəmi nəzərə alınaraq, onun tərkibinə Dövlət Komitəsinin ixtisaslı əməkdaşları ilə yanaşı, tikinti-memarlıq sahəsinə aidiyyəti olan təşkilatların mütəxəssisləri də cəlb olunub. Bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Zülfüqar Məmmədov, Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” Elimi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli və Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Fərhad Mollazadədir.

İclasda H.Orucov Şuranın üzərinə düşən vəzifənin öhdəsindən uğurla gələcəyinə əminliyini bildirib. Qeyd edib ki, belə bir qurumun fəaliyyət göstərməsi dini ibadət yerlərinin tikintisi və yenidən qurulması işində peşəkarlığın artmasına və gələcəkdə möhtəşəm dini məbədlərin meydana çıxmasına təkan verəcək.

Şuranın yaradılmasını və onun işinə mütəxəssislərin cəlb olunmasını müsbət qiymətləndirən  Z.Məmmədov  qurumun fəaliyyəti ilə bağlı təkliflərini verib.  O qeyd edib ki, dini ibadət yerlərinin tikintisi zamanı təkcə tikinti-memarlıq xüsusiyyətlərinin deyil, həm də onların inşa olunduğu ərazidə yaşayanların sayı nəzərə alınmalı, həmin sayla ibadət evinin parametrləri uzlaşdırılmalıdır.

İclasın gündəliyə uyğun olaraq dini ibadət yerlərinin tikintisi və yenidən qurulması ilə bağlı Dövlət Komitəsinə daxil olmuş müraciətlərə də baxılıb. Şuraya təqdim olunmuş sənədlər öyrənilib və gərəkli müzakirələr aparılıb. Sənədləri təqdim olunmuş ibadət yerlərindən “İçərişəhər Məhəmməd” məscidinin bərpası ilə bağlı layihəyə müsbət rəy verilməsi haqqında qərar qəbul edilib. Z. Məmmədov, T. Kərimli və başqaları qeyd ediblər ki, “Məhəmməd” məscidinin bərpası layihəsi yüksək səviyyədə hazırlanıb. Digər bir neçə məscidlə bağlı isə Şura üzvləri lazımi tövsiyələrini veriblər. Qərara alınıb ki, həmin tövsiyələr nəzərə alınması üçün müraciət müəlliflərinə çatdırılsın. Sonda Şuranın cari il üçün İş planı təsdiqlənib. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!