Modern.az

"Elələri var ki, namizədliyini irəli sürür ki, əsas namizədlərdən pul alsınlar..."

"Elələri var ki, namizədliyini irəli sürür ki, əsas namizədlərdən pul alsınlar..."

Parlament

23 İyul 2010, 18:21

Modern.az saytı və Parlament Jurnalistləri Birliyinin (PJB) başladığı layihə çərçivəsində parlament jurnalistlərinin Milli Məclisin komitə sədrləri ilə görüşləri davam edir.

İndiyədək parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüşən PJB üzvlərini iyulun 23-də Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qəbul edib.

Açıq diskussiya şəklində keçirilən bu görüşdə də üçüncü çağırış Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibəti öyrənilib, komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat əldə olunub, digər məsələlər barədə jurnalistləri maraqlandıran suallara cavab alınıb.  

Görüşdə Eldar İbrahimov Dağlıq Qarabağ münaqişəsini Azərbaycan siyasəti üçün əsas və yeganə problem adlandırıb. Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətində təmsil olunduğunu xatırladan E.İbrahimov deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyəti onu qane etmir. Eldar İbrahimov deyib ki, o, ATƏT PA-nın sədri seçilən yunanıstanlı Petros Eftimiou ilə qurumun iqtisadiyyat komitəsində birlikdə fəaliyyət göstərib və dost münasibətləri var. “Azərbaycana münasibəti yaxşı olan insandır və sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib. Əvvəlki sədrlərdən fərqli olaraq yeni sədrin bizə münasibətinin daha yaxşı olacağını düşünürəm. O mənə Eldar qardaş deyir. “Qardaş” sözünü ona öyrətmişəm. Məncə hər bir məsələni fərdi münasibətlər həıll edir. Fərdi münasibət olmayan yerdə heç nəyə nail olmaq mümkün deyil”.

Komitə sədri Metyu Brayzanın ABŞ-ın Azərbaycana səfir göndərilməsini müsbət qiymətləndirib: “Brayza Dağlıq Qarabağ münaqişəsi barədə tam məlumatlıdır və belə bir məlumatlı şəxsin səfir olması bizim xeyrimizədir”. Eldar İbrahimovun sözlərinə görə, parlament seçkisinə hələ xeyli zaman qaldığından siyasi arenada heç bir canlanmanın olmamasına normal baxmaq lazımdır.

E.İbrahimov YAP rəhbərliyinin eyni dairədən ikinci namizədlərlə bağlı kəskin qərarını düzgün hesab edir. Millət vəkili bildirib ki, YAP seçkilərdə hər bir dairədən vahid namizəd irəli sürəcək: “YAP hər hansı dairədən namizəd irəli sürürsə və ora hər hansı başqa bir üzv gəlib namizədliyini irəli sürsə, bu düzgün olmaz. O zaman həmin adam çağırılır və ona deyilir ki, namizədliyini geri götür. Götürmürsə, partiyadan çıxarılır, seçilmir və biabır olur”.

YAP-ın namizəd siyahısına gəldikdə, E. İbrahimov bildirib ki, hakim partiyadan olan deputatların hamısının yenidən namizədliyini irəli sürmək daha yaxşı olar: “Onların hamısı fəal iş görüblər. Heç kim partiyanın rəhbərliyinin irəli sürdüyü təkliflərin əleyhinə çıxmayıb. İndi 61 deputatımız var. Mənim fikrimcə, bu dəfə partiyanın deputatlarının sayı artacaq, çünki elektoratımız genişlənib”. E.İbrahimovun fikrincə, elələri var ki, namizədliyini irəli sürür və əsas namizədlərin yanına gedir ki, “sənin xeyrinə namizədliyimi geri götürə bilərəm, mənim üçün nə edə bilərsən?”: “Yəni prosesə pul qazanmaq üçün qatılanlar da var və biz bunların qarşısını da alacağıq. Yaranmış atmosfer elə olacaq ki, kimsə prosesə alver üçün qatıla bilməyəcək”. Ötən dəfəki seçkidə heç kimin onunla seçki alverinə girişmədiyini deyən Eldar İbrahimov bunu siyasi keçmişi ilə əlaqələndirir: “Allaha şükür, hüquq-mühafizə orqanlarında işləməmişəm ki, kimisə tutum, pislik edim. Mənim seçki kampaniyam zamanı bukletlərimi evlərə paylayanda elə olmuşdu ki, kimisi həmin adamlara qalstuk, şokolad hədiyyə etmişdi. Çünki sevinirdilər ki, nə yaxşı Eldar müəllim kimi adam namizədliyini verir”. Millət vəkili hesab edir ki, qarşıdakı seçkidən sonra parlamentdəki YAP-çıların saynı artacaq.

Bəzi partiyaların YAP-a birləşdirilməsi ilə bağlı səslənən təkliflərə gəldikdə, E. İbrahimov deyib ki, buna ehtiyac görmür: “YAP-ın buna ehtiyacı yoxdur. Mən hansısa patiyanın YAP-a yapışmasına ehtiyac görmürəm. Artıq elə bir kley yoxdur. Mən qəbul edirəm ki, Xalq Cəbhəsində olanlar Elçibəyi lider kimi görüb, mən də Heydər Əliyevi. Onlar kişi adamdılar ki, inamlarını dəyişməyiblər. Amma öz partiyasından qopub gəlib başqasına birləşəni qəbul etmirəm. Çünki nə vaxtsa burdan da qopa bilər”.

Eldar İbrahimov naxçıvanlı olmağının ona nə verməsindən, naxçıvanlıların yaşayışından, Naxçıvan rəhbərliyinin yerli əhaliyə dair çıxardığı qeyri-adi qırarlarından, habelə öz uşaqlığında kasıblıqla yaşamasından, çox korluq çəkməsindən də danışıb: “Mən şoferlərin, kino mexanikinin yanında işləmişəm. Amma mənə xeyri də olub”. Komitə sədri onu da deyib ki, bu vaxtadək ona qarşı qərəzli davranan media nümayəndəsi olmayıb. Parlament jurnalistlərinin deputat Eldar İbrahimovla görüşündən geniş reportajı Modern.az-da sabah oxumaq mümkün olacaq. Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!