Modern.az

Gürcüstanın daxili işlər naziri Talibanın nə olduğunu bilmir – MÜSAHİBƏ

Gürcüstanın daxili işlər naziri Talibanın nə olduğunu bilmir – MÜSAHİBƏ

19 Sentyabr 2014, 16:18

Azər Süleymanov: “Gürcü Arzusu” Partiyası gürcüstanlıların arzularını yerinə yetirmir”    

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov Modern.az saytına müsahibə verib.    

- Keçmiş prezident Mixail Saakaşvili Gürcüstandakı milli azlıqlar vasitəsi ilə dövlət çevrilişi ssenarisini həyata keçirməkdə ittiham olunur. Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin bəyanatından aydın olur ki, Saakaşvili bu işlə bağlı əməlli-başlı canfəşanlıq nümayiş etdirir. Sizcə, nazir Gürcüstanda yaşayan azərbaycanlıları da milli azlıqlar qrupuna aid edibmi?  

- Saakaşvili, ümumiyyətlə, bu barədə kimləsə söhbətlər, müzakirələr aparmayıb. Nazir konkret azərbaycanlıların adını çəkməyib. Gürcüstanda yaşayan azərbaycanlılar heç vaxt təxribatlara yol verməzlər. Biz Gürcüstan vətəndaşı kimi bu dövləti sevirik. Bizi düşmən gözündə görmək lazım deyil. Çevrilişlə bağlı bəyanatı səsləndirən nazir və komandası hələ cavandır, təcrübəsi yoxdur. Ona görə də onun dediyini ciddi qarşılamaq lazım deyil. Bu insan hələ Talibanın terror təşkilatı, yoxsa insan adı olduğunu bilmir.  

- Saakaşvili xaricdədir və partiyaya o liderlik, sədrlik edir. Bəs Vahid Milli Hərəkat Partiyasının işinin koordinasiyasına Gürcüstanda kim rəhbərlik edir?  

- Partiyanın baş katibi Mixail Maçareaşveli işlərə rəhbərlik edir. Biz silahla, təxribatla mübarizənin tərəfdar deyilik və partiya rəhbərliyi də dəfələrlə bunu bəyan edib.  Bizim partiyada,  cəmiyyətdə dövlət çevrilişi ilə bağlı planlar yoxdur.  

- Saakaşvilinin ailəsi Gürcüstanda yaşayır. Gürcüstan hakimiyyəti Saakaşvilinin ailəsinə hər hansı bir təzyiq göstərirmi?  

- Mən Saakaşvilinin ailəsi ilə tez-tez görüşürəm. Onun xanımı Sandra Rulofs Gürcüstanın ictimai-siyasi həyatında çox aktivdir. Saakaşvilinin oğlu da Gürcüstanda orta təhsilini davam etdirir. Gürcüstan hökuməti onlara heç bir təzyiq göstərmir. Onların işi Saakaşvilinin özü ilədir.  Bu barədə Sandra xanım özü də mənə məlumat verib.  

- Gürcüstan rəhbərliyində səlahiyyət bölgüsü ilə bağlı prezident - baş nazir qarşıdurması açıq müstəvidə müşahidə olunur. Hətta Gürcüstanın Xarici İşlər Nazirliyi də açıq şəkildə baş nazir İrakli Qaribaşvilini müdafiə edir və BMT Baş Assambleyasına onun getməsi üçün təkid edir. Gürcüstan hakimiyyətindəki bu böhranı necə şərh edərdiniz?  

- Gürcüstan hakimiyyətindəki qanadlar səlahiyyətləri hərəsi öz tərəfinə çəkmək istəyir. Hakimiyyət daxilindəki mübarizədə prezident və baş nazirlə yanaşı, parlament də ayrıca tərəfdir. Öz aralarında heç bir razılığa gələ bilmirlər. Bir dövləti idarə edənlər arasında razılıq yoxdursa, onlardan dövlətçilik gözləmək də əbəsdir. Baş nazir və prezidentin atışması, Xarici İşlər Nazirliyinin prezidentə qarşı bəyanatları hakim “Gürcü Arzusu” Partiyasında böyük çatların yaranmasından xəbər verir. Xalq bunlara inandığından, yenilik istədiyindən onlara səs verdi. Lakin “Gürcü Arzusu” Partiyası Gürcüstan əhalisinin heç bir arzusunu yerinə yetirə bilmədi.  

- Keçmiş baş nazir Bidzina İvanaşvilinin siyasətə müdaxilə etmək imkanları varmı?  

- Əslində kənardan dövləti idarə edən elə İvanaşvilidir. Bu gün prezident də, baş nazir də onun iradəsinə tabedir. Bu proseslər heç kimə xoş deyil.  

Aqşin Kərimov

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir