Modern.az

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əhaliyə vərəqələr paylayıblar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əhaliyə vərəqələr paylayıblar

Təhsil

24 İyul 2010, 18:50

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yay mövsümü ilə əlaqədar əhalinin böyük bir hissəsinin bağ evlərində  istirahət etdiyini nəzərə alaraq Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğına qarşı təbliğat xarakterli tədbirlər keçirib. Modern.az xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin məlumatına görə, bağ massivlərindəki evlərdə yanğına qarşı təbliğat xarakterli söhbətlərdə baş vermiş yanğın  hadisələrinin böyük əksəriyyətinin elektrik qurğularının istismarı, elektrik avadanlıqları  və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması üzündən baş verdiyi, artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və s. yanğın təhlükəsizliyinə zidd halların yanğınların baş verməsinə şərait yaratması açıqlanıb. Bildirilib ki, elektrik qurğularının istismarı, elektrik avadanlıqları  və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün yanğın təhlükəsizliyi qaydalarına əməl olunması vacibdir.    

Sakinlərlə yanğına qarşı təbliğat xarakterli söhbətlərdə qeyd olunub ki, hər bir  evdə cürbəcür məqsədlər üçün  müxtəlif kimyəvi maddələrdən, tezalışan mayelərdən istifadə olunur. Bütün bunlar isə mənzillərdə yanğın təhlükəsizliyinə ciddi əməl olunmasını tələb edir. Vətəndaşların diqqətinə çatdırılıb ki, evlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması, qaz və elektrik cihazlarından düzgün istifadə olunmaması, uşaqların odla dəcəlliyinə etinasız münasibət insan itkisi, külli miqdarda maddi ziyanlarla nəticələnən böyük yanğınlara səbəb olur. Həmçinin bildirilib ki, siqaret çəkilərkən etinasız davranışlar xüsusilə təhlükəlidir.  Belə ki, siqareti alışdırarkən kibrit çöpünü və ya siqaretin qalığını yana-yana hara gəldi atmaq, yaxud taxta üstünə, hətta od ilə azacıq təmasda alışa bilən şeylərin yaxınlığına qoymaq böyük yanğınlar törədir.

Yanğına qarşı təbliğat xarakterli söhbətlərdə evlərdə qızdırıcı sobalardan istifadə edərkən yanğın təhlükəsizliyinə xüsusilə ciddi diqqət yetirilməsi,  yanar maddələrin sobadan ən azı 60 sm aralıda  yerləşdirilməsi sakinlərin nəzərinə çatdırılıb. Bildirilib ki, evlərdə yanğın hadisələri tonqaldan da baş verə bilər.  Yanğına qarşı təbliğat xarakterli söhbətlərdə qaz təsərrüfatında  təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin uşaqlara həvalə  edilməsi, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz   cihazlarından istifadə olunması  və s. kimi halların yanğın, partlayış, zəhərlənmə kimi təhlükə yaratması diqqətə çatdırılıb.

Bağ massivlərində yanğına qarşı təbliğat xarakterli maarifləndirici söhbətlərdə  uşaqların od ilə dəcəlliyi xüsusilə diqqət mərkəzində olmuş,  vətəndaşlara bir daha xatırlanıb ki, evdə və ya mənzildə tək qalmış uşaq kibriti götürə bilər, böyüklərin etdiyi kimi, kağız yandırar, qızdırıcı elektrik cihazını şəbəkəyə qoşar, hətta bir vaxt meşədə,   başqa yerlərdə gördüyü kimi, tonqal da yandıra bilər.  Bağ massivlərində yanğına qarşı təbliğat xarakterli tədbirlər çərçivəsində ticarət obyektlərinin işçiləri ilə də yanğına qarşı təbliğat xarakterli maarifləndirici söhbətlər aparılıb, bir daha vurğulanıb ki, müvafiq icazə olmadan qazdan istifadə  edilməsi,  standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə  olunması, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması kimi hallar   çox vaxt insan  tələfatı ilə nəticələnən partlayış, yanğın,  zəhərlənmə kimi bədbəxt hadisələrə səbəb olur.

Bağ massivlərində yanğına qarşı təbliğat xarakterli tədbirlərin səmərəsini artırmaq məqsədilə əhali arasında yaddaş vərəqələri paylayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğına qarşı təbliğat xarakterli tədbirləri davam etdirir.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu ilin 6 ayında respublikada 2426 yanğın hadisəsi baş verib, bu hadisələrdə 25 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır