Modern.az

II qrupun imtahan nəticələri açıqlandı

II qrupun imtahan nəticələri açıqlandı

25 İyul 2010, 15:51

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqladı.

Komissiyadan Modern.az-a verilən məlumata görə,

imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini //www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilər.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 28072 abituriyent ərizəsini təsdiq etdirmişdi. Onlardan 27395 nəfəri imtahanda iştirak edib.

 

II  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

- ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər.

- II ixtisas qrupu üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

- II ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlər iştirak edə bilər.

 

İmtahanının nəticəsinə əsasən 9069 abituriyent  müsabiqədə iştirak etmək hüququ qazanıb. Abituriyentlərdən iki nəfəri maksimal nəticə - 700 bal toplayıb. 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 518 nəfərdir.

Müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 9069 abituriyentdən 7680 nəfəri Azərbaycan bölməsinin, 1389 nəfəri isə rus bölməsinin  məzunudur.                         

II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.

II   ixtisas qrupu üzrə plan yerlərinin ümumi sayı 7348-dir. Onlardan 2050-si  dövlət sifarişi ilə qəbul aparılan yerlərdir. Azərbaycan bölməsi üzrə yerlərin sayı 5041, rus bölməsi üzrə 1200, birgə müsabiqə aparılan yerlərin sayı isə 1107-dir.  

Qeyd edək ki, iyulun 25-dən I, III, IV qruplar üzrə müsabiqəyə buraxılan abituriyentlər ixtisas seçiminə başlayıblar. II qrupdan olan abituriyentlər isə iyulun 26-dan ixtisas seçə biləcəklər. Hər bir abituriyent dövlət sifarışı və ya ödənişli əsaslarla olan 15 ixtisas seçə bilər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidirlər. İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdirlər. Abituriyent ixtisas koduna daxil edərkən onun dövlət sifarışı və ya ödənişli əsaslarla olmasını mütləq qeyd etməlidir. Əgər daxil edilmiş ixtisas kodunun qarşısında dövlət sifarışı və ya ödənişli əsaslarla olması barədə qeyd olmazsa, məlumatlar yadda saxlanlmır. İxtisas kodu iki dəfə daxil edilə bilər.

"Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləyənədək öz ərizəsinə təkrar müraciət etməklə seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər.

İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək aparılacaq.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar